Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2907/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: “məlumatın təkzib edilməsi və mənəvi zərərin ödənilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məlumatın təkzib edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-927/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh tərəfindən İddiaçı işgüzar nüfuzuna vurulmuş ləkənin təkzib olunması və Cavabdeh mənəvi zərərə görə 8000 manat məbləğində kompensasiyanın tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-927/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “məlumatın təkzib edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndinə; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 46, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23.1, 23.2, 23.4; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının iş yerinə ünvanlanan müraciətdə qeyd edilən məlumat doğru olmaqla yanaşı həmin məlumatın əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəyin yaratması mötəbər sübutlarla təsdiq edilmədiyindən həmin məlumat iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumat hesab edilə bilməz. Həmçinin iddiaçı həmin müraciətdən sonra iş yerində, əmək münasibətlərində hər hansı zərərə məruz qaldığı ilə bağlı sübutları da məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən İddiaçı işgüzar nüfuzuna ləkənin vurulması və bunun nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübutlarla təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Cavabdeh tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Ceyhun Bayramova ünvanlanmış ərizəyə əsasən, Cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Ceyhun Bayramova ərizə ilə müraciət etmiş, ərizədə aşağıdakılar göstərilmişdir: “Hörmətli Ceyhun müəllim! Bununla bildirmək istərdim ki, uzun illərdi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, Azərbaycan Respublikasına mərmər daşlarının idxal edilərək pərakəndə satışının təşkil edilməsi həyata keçirdirəm. Təxminən 3 il bundan öncə mənimlə qonşuluqda yaşayan İddiaçı satış məntəqəsinə yaxınlaşaraq mərmər daşı almaq istədiyini bildirdi. Söhbət əsnasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məsul vəzifədə çalışdığını bildirərək özünə etibar qazandı. Tərəfimdən İddiaçı istədiyi bütün mərmər daşları verildi. Satışı həyata keçirilmiş mərmər daşlarının ümumi dəyəri 23620.00 (iyirmi üç min altı yüz iyirmi) manat təşkil edir. Sözügedən pul vəsaiti bu günədək İddiaçı tərəfindən ödənilmir. Dəfələrlə borclu olduğu pul vəsaitinin ödəməsini xahiş etsəm də, İddiaçı uzun illərdi qərəzli olaraq ödəniş etməkdən yayınır. Xarici İşlər Nazirliyində işləməsini əsas gətirərək ona qarşı hüquqi təsir tədbirlərinin görülməsinin qarşısını alır. Artıq əlacsız qaldığım üçün sizə müraciət edərək xahiş edirəm ki, İddiaçı barəsində müvafiq araşdırmanın aparılmasını və mənə borclu olduğu 23620.00 (iyirmi üç min altı yüz iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsində köməklik göstərəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm”; - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 25 dekabr 2023-cü il tarixli məktuba (sorğuya cavaba) əsasən, Azərbaycan Respublikası vətəndaşı Cavabdeh Nazirliyə ünvanladığı müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmış, müraciətdə qeyd olunan məsələnin bilavasitə Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmadığı, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinə əsasən, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduğu vətəndaşın nəzərinə çatdırılmışdır; - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Qaimə Fakturaların surətlərinə əsasən, “İlham Rafail – Malik Elşən” arasında müxtəlif tarixlərdə Vyetnam istehsalı olan mərmərlərin satışı həyata keçirilmişdir. (iş səh.19, 51, 68-70). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 2(001)-927/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. X1rşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarına; «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 41-ci maddəsinə; Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cıil 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlarına; Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarına; Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarına; Ali Məhkəmənin Plenumunun xx.xx.2018-ci il tarixli qərarı; “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiyanın 125, 127, 129; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 23.1, 23.2, 23.4; 1096.1, 1096.2; Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 217.1, 217.3cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh İddiaçı barəsində Xarici İşlər Nazirliyinə ünvanlanmış şikayət ərizəsi reallığı əks etdirməyən məlumatlardan ibarət olmuşdur. Belə ki, İddiaçı Cavabdeh heç bir zaman tanınmamış, aralarında heç bir zaman hər-hansısa mal-materialın alğı-satqısı baş tutmamışdır. Bu fakt cavabdeh özü tərəfindən məhkəmə prosesində etiraf edilərək ondan İddiaçı tərəfindən hər-hansısa malın alınmadığını bildirmişdir. Cavabdeh yazmış olduğu şikayətin mətnindəki məlumatların yalan olduğunu və onu təsdiq edəcək hər-hansısa bir sübutun olmadığını bildiyindən, məhkəmə prosesində malların İddiaçı tərəfindən deyil, atası mərhum Məmməzadə Malik tərəfindən alındığını iddia etmişdir. Halbuki həmin fakt da həqiqətə uyğun deyildir. Çünki şikayət ərizəsinin mətnindən aydın olur ki, malların 3 il əvvəl alındığı qeyd edilir. Həmin zaman, yəni 2020-ci ildə Məmmədzadə Malik artıq vəfat etmişdi.Eyni zamanda iddiaçının həmin malların İddiaçı və ya Məmmədzadə Malikə satıldığına dair hər-hansısa təsdiqedici sübutu: müqavilə, məhkəmə qətnaməsi və ya ləğv olunmamış hüquq-mühafizə orqanın qərarı mövcud deyildir. Cavabdehin şikayəti tamamilə uydurma olmaqla reallığı əks etdirməyən məlumatlardır. Bundan başqa şikayətin mətnində İddiaçı öz vəzifəsindən sui-istifadə etməsi də qeyd olunur. Bu fakt da heç bir zaman real olmamışdır. Malların iddiaçı tərəfindən alınmadığı təsdiq olunduğundan və bu fakt həqiqətə uyğun olmadığından qeyd edilən sui-istifadə də həqiqətə uyğun olmayan hesab edilir. Göründüyü kimi İddiaçı barəsində Xarici işlər Nazirliyinə göndərilmiş şikayət ərizəsindəki faktlar reallığı əks etdirməyindən onun işgüzar nüfuzuna xələl gəlmişdir. Qeyd edilən ərizə ilə bağlı ondan izahat alınmış və işin detalları soruşulmuşdur. Qeyd edilən şikayət ərizəsinə görə İddiaçı rəhbərlik və iş yoldaşları tərəfindən birmənalı yaxşı fikir formalaşmamışdır. Məhkəmə qeyd edilən halları və maddi normaları düzgün tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatlar şikayət ərizəsində qeyd edildiyindən və işlədiyi kollektiv və rəhbərlik qarşısında nüfuzdan düşdüyündən mənəvi sarsıntı keçirmişdir. Mənəvi sarsıntı birbaşa olaraq qeyd edilən şikayətin mətnindəki yalan məlumatlardan yaranmışdır. Yəni aralarında səbəbli əlaqə mövcuddur. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki həmin məlumatlar reallığı əks etdirməmişdir, həqiqətə uyğun deyildir. Məhkəmə bu faktı təsdiq etmədiyinən təbii haldır ki mənəvi sarsıntını da təmin etməmişdir. Halbuki həqiqətə uyğun olmayan məlumatları məhkəmə görüb təsdiq etsə idi, aralarında səbəbli əlaqə olan mənəvi zərəri də təmin edərdi. Nəinki məhkəmə iddiaçıdan mənəvi sarsıntının növünü tələb edərdi. Məhkəmə öz qətnaməsində qeyd edir:.” ...iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir” Mənəvi sarsıntının növləri mövcud deyildir. Mənəvi sarsıntı kənarda baş verən mənfi hadisələrə görə daxildə formalaşan iztirabdır. Məhkəmə qeyd edilən halları və maddi normaları düzgün tətbiq etməmişdir. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək və sadəcə mülahizələrə əsaslanan qərar qəbul etmişdir. Şikayət ərizəsinin mətnindən aydın olmuşdur ki, cavabdeh malların iddiaçı tərəfindən alındığını qeyd edir. Lakin məhkəmə prosesi zamanı verdiyi ifadələrdən və eyni zamanda cavabdehin icraata qəbul edilməyən qarşılıqlı iddiasından aydın olur ki, malların iddiaçı tərəfindən alınması barədə şikayət ərizəsində yazdığı məlumatlar yalan olmuşdur. Yuxarıda həmin məlumatların yalan olması barədə kifayət qədər geniş bildirilmişdir. Bundan başqa məhkəmə heç bir təsdiqedici sübut olmadan malların iddiaçının atası tərəfindən alındığını təsdiq edir. Bütün bunlar onu deməyə əsas verir ki, məhkəmə işdə olan sübutlara səthi yanamış və düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunda izahat vermiş, Xarici İşlər Nazirliyinə cavabdeh tərəfindən göndərilən ərizədə qeyd edilən məlumatların həqiqəti əks etdirmədiyini, iddiaçının cavabdehdən hər hansı şəkildə mal almadığını, ərizədə qeyd edilən məlumatlara dair cavabdeh tərəfin hər hansı mötəbər sübut təqdim etmədiyini bildirmiş, nazirliyə ünvanlanan ərizə əsasında daxili araşdırılma aparıldığını, iddiaçının izahatı alındığını, araşdırma nəticəsində iddiaçıya qarşı hər hansı töhmət və sair bu kimi tədbirlər görülməsə də, kollektiv arasında onun işgüzar nüfuzuna xələl gəldiyini, barəsində mənfi rəy formalaşdırdığını qeyd etmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh nümayəndəsi Vəkil2 Xarici İşlər Nazirliyinə ünvanlanan ərizə nəticəsində iddiaçının işgüzar nüfuzuna hər hansı ləkə vurulmadığını, əksinə iddiaçının vəzifəsinin artırıldığını bildirməklə, cavabdehin iddiaçının atasına ümumi dəyəri 23620 manat təşkil edən mərmər daşlar verdiyini, daha sonra iddiaçının atasının vəfat etdiyini, lakin vəfat etməmişdən qabaq oğluna zəng edərək "Range Rover” markalı avtomobili satmasını və cavabdehə olan borcu ödəməsini bildirdiyini qeyd etmişdir. İddiaçının isə atasının ölümündən üç il keçsə də, borcu qaytarmaqdan yayındığını bildirmişdir. Nazirliyə təqdim edilmiş ərizədə yalan məlumatın olmadığını, iddiaçının atasının borcunun iddiaçının borcu olduğu qənaətində olduqlarını, hətta iddiaçının da atası ilə birgə mal almaq üçün cavabdehin yanına gəldiyini,onun da iştirakının olduğunu qeyd etmişdir.
7. Apellyasiya icraatı zamanı iddiaçı Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin Təşkilat-nəzarət idarəsinin rəisi Həsən Məmmədzadə tərəfindən Azərbaycan Respublikasının İraq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nəsir Məmmədova göndərilmiş Azərbaycan Respublikasının İraq Respublikasındakı müşavirə İddiaçı tərəfindən AR xarici işlər naziri cənab Ceyhum Bayramova yazılmış izahatın surətini məhkəməyə təqdim etmişdir. İzahatda qeyd edilmişdir: yazıb sizə bildirirəm ki, haqqımda Nazirliyə ərizə ilə müraciət etmiş Cavabdeh tanımıram. Ərizədə mənə qarşı səsləndirilən ittihamların böhtan və iftira xarakteri daşıdığını bildirir və bununla əlaqədar işgüzar nüfuzuma vurulan zərbəyə görə dərhal məhkməyə müraciət edəcəyimi və müraciətim haqqında sənədin surətini Nazirliyə təqdim edəcəyəm. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə-yəni ilkin iddia tələbi üzrə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Konstitusiyasının 46 və 57-ci maddələrinə əsasən : İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 57. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
10. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır. 12.5. Müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən: 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir; 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; 23.3.Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır; 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li 14 may 1999-cu il tarixli qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Məhkəmələrə izah edilsin ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. 3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. 12. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqiqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. 2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin. 3. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
14. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən: 1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 3. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. 5. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmaması Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
15. Diqqətə çatdırılmalıdır ki, iddiaçı iddianın əsası üzrə irəli sürdüyü dəlilləri iddiaçı barədə həqiqətə uyğun olmayan cavabdehin müraciəti nəticəsində onun barəsində mənfi rəy yaratması və işgüzar nüfuzunun ləkələnməsi olmuşdur. Şikayətin əsaslandırılmasında qeyd edilmişdir ki, iddiaçı barəsində Xarici işlər Nazirliyinə göndərilmiş şikayət ərizəsindəki faktlar reallığı əks etdirməyindən onun işgüzar nüfuzuna xələl gəlmiş, ərizə ilə bağlı ondan izahat alınmış və işin detalları soruşulmuş, rəhbərlik və iş yoldaşları tərəfindən birmənalı yaxşı fikir formalaşmamış, barəsində həqiqətə uyğun olmayan məlumatlar şikayət ərizəsində qeyd edildiyindən və işlədiyi kollektiv və rəhbərlik qarşısında nüfuzdan düşdüyündən mənəvi sarsıntı keçirmişdir. Lakin birinci instansiya məhkəməsində məlumatların yayılma dairəsi, habelə yayılan məlumatın əmək kollektivində onun barəsində mənfi rəy yaratması və işgüzar nüfuzuna zərər vurması barədə dəlillər sübuta yetirilməmişdir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 76, 77, 80-82, 88, 106.2, 119.1, 217, 220, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, vətəndaşların müraciəti barədə qanunvericilik məlumatların yayılmasını və müraciətə görə vətəndaşın təqib edilməsini qadağan edir.
18. Kollegiya əsassız apellyasiya şikayətləri üzrə ödənilən dövlət rüsumuna (məhkəmə xərclərinə) dair məsrəflərin onu ödəyən şəxsə aid olması qənaətindədir.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-927/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.