Məhkəmə qərarları › İş №2(103)-2917/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2917/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2917/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinə dair "Cavabdeh1" ASC-nin ipoteka yüklülüyünə xitam verilməsi və ona məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-524/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən “xxxx” MMC-dən “xxxx” ASC-nin xeyrinə cəmi 37.545,05 manat borcun tutulması, tələbin İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və s. qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-524/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Binəqədi rayonu İcra şöbəsinin xx/xx-6482-10 saylı, xx.xx.2017-ci il tarixli sifarişinə əsasən müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləği olmaqla açıq hərracdan satılması üçün Hərrac təşkilatçısı “xxxx” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli bildirişlərdən müəyyən edilir ki, mənzilin açıq hərracdan satılması məqsədilə ilkin satış qiyməti 80.000 manat olmaqla xx.xx.2017-ci il tarixində 11:00-da ilkin hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli bildirişlərdən müəyyən edilir ki, mənzilin açıq hərracdan satılması məqsədilə təkrar hərracda satış qiyməti 68.000 manat olmaqla xx.xx.2017-ci il tarixində 11:00-da ilkin hərrac keçirilmişdir. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı “Birja Yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən Sifarişçi Binəqədi rayon İcra şöbəsinə (həmçinin məlumat üçün "İpoteka qoyan"a, "İpoteka saxlayan"a) göndərilmiş xx.xx.2017-ci il tarixli, 01/3714 saylı məktubda qeyd edilir ki, "Tərəfimizdən xx/xx-3582/10 saylı, xx.xx.2017-ci tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmişBakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinin satışı ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə "Birja yenilikləri" qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir.Həmçinin qeyd edilmişdir ki,Azərbaycan Respublikası İpoteka Haqqında Qanununun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq bildiririk ki, ipoteka qoyan və ipoteka saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya vasitəsi ilə məlumat verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, A/4054 saylı məktubunda qeyd edilir ki, Sizin 10/01 saylı, 24.10,2019-cu il tarixli sorğunuza əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinin icra sənədi üzrə keçirilmiş hərraclarla bağlı sənədlərin kserosurətləri sizə göndərilir. Eyni zamanda hərraclar baş tutmadığından və tələbkar tərəfindən əmlak əldə edilmədiyinə görə sifariş Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılmışdır. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə əsasən bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsinə üçün əsas yaradır. İddia ərizəsinə əlavə edilmiş və yuxarıda sadalanan təkzibedilməz sübutlardan aydın olur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gününün axımı xx.xx.2017-ci il tarixdən başlamış və xx.xx.2017-ci il tarixdə bitmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-941/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 62 saylı mənzilə dair ipotekaya xitam verilməsi, ünvan 2 ünvanında yerləşən 62 saylı mənzil barəsində ipotekaya yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi vəzifəsinin ləğv prosesində olan "Cavabdeh1" ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnamə qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, iş tam, obyektiv və hərtərəfli araşdırılmamış, işin faktiki halları nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən hesab edirlər ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-941/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 3761/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 3761/2020 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-941/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilməsinə yönəldildiyindən, qətnamə tam yoxlanılmalıdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, tərəflərin izahatlarını və apelyasiya icraatında təqdim edilmiş sənədləri qiymətləndirib, kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri nəzərə alıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü iltarixli, 2(001)-524/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, «xxxx» MMCdən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29997.80 (iyirmi doqquz min doqquz yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas,7397.25 (yeddi min üç yüz doxsan yeddi manat iyirmi beş qəpik) manat faiz, 100 (bir yüz) manat dəbbə pulu, 50 (əlli) manat dəyərində ekspertiza təhqiqatının dəyəri, ümumilikdə 37,545,05 (otuz yeddi min dörd yüz doxsan beş manat beş qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulmalı, tələb ipoteka ilə yüklü olan və cavabdeh İddiaçı məxsus ünvan 3 evin 62 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29997.80 (iyirmi doqquz min doqquz yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 7397.25 (yeddi min üç yüz doxsan yeddi manat, iyirmi beş qəpik) manat faiz, 100 (bir.yüz) manat dəbbə pulu, 50 (əlli) manat aparılmış ekspertiza təhqiqatının dəyəri, ümumilikdə 37.545.05 (otuz yeddi min beş yüz qırx beş manat beş qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilməli, satışdan əldə olunan qalan vəsait cavabdeh İddiaçı qaytarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən “xxxx” MMC-yə, İddiaçı, «xxxx» Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə ünvanlanan xx.xx.2017-ci il tarixli sifariş məktubunun surətindən görünür ki, ünvan 3 evin 62 saylı ünvanının dəyəri qiymətləndirici tərəfindən 80.000 manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinin (ilkin satış qiyməti 80.000 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtları (xx.xx.2017-ci il tarixində) barədə məlumat verilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, sifarişçiyə, tələbkara və borcluya İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinin (ilkin satış qiyməti 68000 manat olmaqla) satılması üçün açıq hərracın keçirilməsinin vaxtları (xx.xx.2017-ci il tarixində) barədə məlumat verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən ünvan 1 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinə dair keçirilmiş hərraclar baş tutmadığından və tələbkar tərəfindən əmlak əldə edilmədiyinə görə sifariş Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılmışdır. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 25-xx xxxxxx 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 10 saylı evin 62 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxxxx 2017-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 13-xx xxxxxxx 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 10 saylı evin 62 saylı mənzilin ilkin satış qiyməti 68.000 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxxx 2017-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 03 noyabr - xx xxxxxx 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 54 saylı evin 66 saylı mənzilin açıq hərracı baş tutmamışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Binəqədi rayon icra şöbəsi, "Cavabdeh1" ASC və “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 01/3714 saylı məktubun surətindən görünür ki, MMC tərəfindən xx/xx-6482-10 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 10 saylı evin 62 saylı mənzilinin satılması ilə bağlı mövcud qanunvericiliyə üyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Azərbaycan Respublikası «İpoteka haqqında» qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq bildirilmişdir ki, ipoteka qoyan və saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya orqanları vasitəsilə məlumat verilmişdir. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 43.1.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-cu maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunun 48.1.1-48.1.5-ci maddələrində ipotekaya xitam verilmə əsasları nəzərdə tutulmuşdur. Bu hallar sırasına ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-524/2013 saylı icra vərəqəsinə əsasən «xxxx» MMC-dən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29997.80 manat əsas, 7397.25 manat faiz, 100 manat dəbbə pulu, 50 manat dəyərində ekspertiza təhqiqatının dəyəri, ümumilikdə 37,545,05 (manat borc və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü olan və cavabdeh İddiaçı məxsus ünvan 3 evin 62 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29997.80 manat əsas, 7397.25 manat faiz, 100 manat dəbbə pulu, 50 manat aparılmış ekspertiza təhqiqatının dəyəri, ümumilikdə 37.545.05 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan qalan vəsait cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Göründüyü kimi, xxxx” MMC tərəfindən təkrar hərracın alıcı olmadığından baş tutmamış elan edildikdən sonra ipoteka müqaviləsi üzrə ipoteka saxlayan qismində çıxış edən "Cavabdeh1" ASC-yə xx.xx.2017-ci il tarixli bildirişin göndərilməsinə və göndərilmiş bildirişdə ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış etmələrini xahiş etməsinə baxmayaraq "Cavabdeh1" ASC ipoteka predmetini (İddiaçı məxsus ünvan 3 evin 62 saylı mənzil) əldə etməmişdir. Beləliklə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra Qanunda müəyyən edilmiş 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsinə əsas olmasına baxmayaraq ipoteka predmetini əldə etmək təklifi ilə müraciət etməmişdir. Belə olan halda ipoteka saxlayanın öz hüququndan vaxtında istifadə etməməsi, yəni ipoteka saxlayanın hərəkətsizliyi, qanunvericiliyin tələblərinə əsasən ipoteka qoyana ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” qərarında əks olunan mövqeyinə əsasən “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.... “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla xitam verilməsinin prosedura ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddia tələbi cavabdeh LPO "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə haqlı olaraq rədd edilmişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi tələb təkcə hüquqi şəxsə, yəni ləğv prosesində olan "Cavabdeh1" ASC-yə qarşı deyil, həmçinin onun ləğvedicisi, yəni qanuni nümayəndəsi kimi fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüşdür. Halbuki ləğvedici yalnız bankın qanuni nümayəndəsi kimi onun işlərini idarə edir, onun adından məhkəmədə çıxış edir və onun məhkəmə qərarına əsasən gələcəkdə digər bir ləğvedici ilə əvəz olunması istisna olunmur. Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan "Cavabdeh1" ASC-nin qanuni nümayəndəsi (ləğvedicisi) olmasına baxmayaraq onun öhdəlikləri üzrə məsuliyyət daşımır və onun üzərinə banka aid vəzifələr qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Həmin Məcəllənin 60.4-cü bəndində isə təsbit olunmuşdur ki, ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. Cavabdeh Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Bankın hərrac keçirilməsi barədə məlumatlı olmamış, nə “X1 Mərkəzi” MMC tərəfindən, nə də ki, Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən banka hər hansı təklif məlumatı daxil olmamışdır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, işin yuxarıda qeyd edilmiş və birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardan, həmçinin hazırki apelyasiya icraatı zamanı hərracın keçirilməsi barədə təqdim edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017-ci il tarixli bildirişlərlə hərracın keçirilməsi barədə tərəflərə, o cümlədən tələbkar banka məlumat verilmiş və həmin bildirişlər bankın məsul işçisi tərəfindən poçt qəbzinə imza etməklə qəbul edilmişdir. (xx.xx.2017-ci il tarixli bildiriş bankın məsul işçisi Kərimov tərəfindən xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixli bildiriş bankın məsul işçisi Kərimov tərəfindən xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixli bildiriş bankın məsul işçisi Kərimov tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir.) Həmçinin hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elanın dərc olunması və “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq, ipoteka saxlayana ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatının tanış edilməsi barədə xx.xx.2017-ci il tarixli məktub cavabdeh banka göndərilmiş və həmin məktub xx.xx.2017-ci il tarixdə bankın məsul işçisi Kərimov tərəfindən qəbul edilmişdir. Qeyd edilən xüsusatlar hazırki apelyasiya icraatı zamanı bankın nümayəndəsi tərəfindən etiraf edilmişdir. Lakin apelyator cavabdehin nümayəndəsi xx.xx.2017-ci il tarixli məktubun ipoteka predmetinin banka təklif edilməsini özündə ehtiva etmədiyinə əsaslanaraq, şikayəti müdafiə etdiyini bildirmişdir. Bununla yanaşı Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin apelyasiya məhkəməsinin sorğusuna verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda xx.xx.2017-ci il tarixli məktubun Banka əmlakın alınmasına dair təklifi özündə əks etdirmədiyi bildirilmişdir. Kollegiya cavabdeh Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin məktubunda və onun nümayəndəsinin apelyasiya icraatında qeyd edilən mövqeyi ilə razılaşmır və qeyd edir ki, “xxxx” MMC xx.xx.2017-ci il tarixli məktubunda “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə istinad edərək, həmin məktubu tərəflərə göndərmişdir. İpoteka saxlayan qeyd edilən Qanunun tələblərinə uyğun olaraq ipotekanı əldə etmək istəməsinə münasibət bildirməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək, Ali Məhkəmənin Qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar