Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2923/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2923/2025 (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 586/2025 nömrəli 03 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZ-İİ seriyalı, 996931 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
2. AZ-İİ seriyalı, 996750 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
3. MŞB/8/2024-02325 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 60 manat manat mediasiya xərci ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.
4. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 04 aprel 2011-ci il tarixdə doğulmuş X1 və 06 may 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün sabit məbləğində 300 manat olmaqla, 600 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə nikahı rəsmi olaraq qeyd etdirmədən faktiki olaraq ailə qurub ər-arvad münasibətinə daxil olmuşlar. Həmin nikahdan 2 övladı olmuşdur: X3 - xx.xx.2011 və X6 - xx.xx.2012. Cavabdeh onu iki uşaqla tək qoyaraq getmişdir, onunla əlaqə saxlamır, uşaqlara maddi yardım götərmir, iki uşaqlarla birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdeh uşaqlara maddi cəhətdən köməklik etmir, hər iki övladı məktəbdə oxuyur. Uşaqları geyimlə, məktəb ləvazimatları ilə təmin etməkdə çətinlik çəkir. Bildirir ki, o, Sabrabad rayonunun Xəlifəli kəndində qeydiyyatda olsa da, iki azyaşlı övladı ilə birlikdə faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, İlham Müzəffər oğlu küçəsi 1 saylı binanın 10 saylı mənzilində yaşayır. Bu barədə Bakı şəhəri, Nizami rayon Mənzil Kommunal Təsərrüfat tərəfindən xx.xx.2024-cü il tarixi, arayış vermişdir. Cavabdeh Abbasov X4 rayonunun Xəlfəli kəndində qeydiyyatdadır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-586/2025 nömrəli 03 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbi üzrə ödənilməli olan 18 manat Cavabdeh İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2011-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Uşaqlar ananın yanında qalırlar və tərəflər hazırda birlikdə yaşamırlar.
9. Məhkəmə aliment məbləğinin həcmini müəyyən edərkən uşaqların və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə almışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehdən, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia həmin hissədə qismən təmin edilməlidir.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir və iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzini iddiaçı tələb etmədiyinə görə onun özünə aid edilməlidir. İddia tələbi üzrə ödənilməli olan 18 manat cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən – aliment məbləğinin təyin edilməsi hissəsində ləğv edilməsini və alimentin məbləğinin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən aidiyyət qaydaları pozulmuşdur. Bundan əlavə məhkəmə işə baxarkən onun gəlirlərini, məhkəmədə verdiyi ifadələri nəzərə alınmamışdır. Hazırda o, çalışır ki, övladlarının saxlanması üçün maddi dəstəyini əskik etməsin. Digər tərəfdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yüksək aliment məbləği gələcəkdə onun məhkəmə qərarının icra edilməsində çətinliklər yaradacaqdır. Bu da qanunvericiliyin tələblərinə əsasən məsuliyyət yaradacaqdır. Məhkəmə tərəfindən müəyyən edilmiş yüksək aliment məbləği və hər il artımlar bu günki həyat şəraiti, kənd şəraitində yaşayan şəxs üçün mülkiyyətində torpaq sahəsi olmayan, iş tapmaqda çətinlik çəkən, adına hər hansı bir əmlakı olmayan şəxs tərəfindən ödənilməsi ciddi çətinliklər yaradacaqdır. Artıq bir neçə ildir ki, ƏƏSMN-in məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. İl ərzində bir neçə dəfə işlə təmin olunmağı ilə əlaqədar müraciət edir. Qeyd edilənləri nəzərə alaraq, uşaqlarının saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment məbləğinin ödənilməsini təmin edə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
17. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
20. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur.
23. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
24. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 27.Maddə 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 28.Maddə 36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə iddiaçı tərəfindən mübahisələndirilmir, cavabdeh isə qətnaməni yalnız uşaqların himayəsi və aliment hissəsində mübahisələndirmişdir.
35. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göründüyü kimi tərəflərin faktiki nikahlarından iki övladı var və hazırda uşaqlar analarının yanındadır.
38. Hazırda tərəflər arasındakı mübahisə alimentin məbləği ilə bağlıdır.
39. Kollegiya cavabdehin dəlillərini və ondan minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutulması barədə təklifini əsassız hesab edir.
40. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən görünür ki, Cavabdeh aktiv əmək müqaviləsi aşkar edilməsə də, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Fəaliyyət istiqaməti paxlalı bitkilərin becərilməsidir.
41. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
42. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
43. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
44. Göründüyü kimi tərəflər arasında alimentlə bağlı hər hansı saziş mövcud deyil, eyni zamanda cavabdehin müntəzəm gəliri barədə mötəbər məlumat olmadığından, kollegiya hesab edir ki, iddiaçıdan cavabdehin xeyrinə sabit məbləğində aliment tutulmalıdır.
45. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
46. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndinə əsasən, Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
47. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.”
48. Kollegiya qeyd edir ki, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 400 manat olduğundan 0,5 mislində (400 x 0,5 = 200 manat) alimentin, yəni uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
49. Ərazi aidiyyətinin pozulmasına dair cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 50.Hazırki halda iddiaçı yaşayış yeri barədə müvafiq arayış təqdim etmiş, himayəsində azyaşlı uşaqlar olduğundan və o, cavabdehdən aliment tələb etdiyindən, aidiyyət məsələsi iddiaçının seçiminə görə baş tutmuşdur.
51. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir, apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi üçün yetərli saymır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-586/2025 nömrəli iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.