Məhkəmə qərarları › İş №2(103)-2933/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2933/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2933/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2021 saylı iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakı və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 21.12.2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından övladları 03.09.2009-cu il təvəllüdlü Sabir və 25.03.2013-ci il təvəllüdlü Səid anadan olmuşdur. Tərəflərin nikahı Binəqədi Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçı cavabdehlərin yaşadığı evə gəlin göçmüş, valideyləri tərəfindən ona verilən cehiz əşyalarını ünvan 1 ünvana gətirmişdir. Cavabdehlərin evini tərk edərkən iddiaçıya məxsus cehiz əşyaları cavabdehlərin yaşadıqları evdə qalmışdır. Həmin əşyaları iddiaçı götürmək istəsə də, cavabdehlər buna imkan verməmiş, yalnız məhkəmə tərəfindən boşanma haqqında qətnamə qəbul olunduqdan sonra əşyalarını götürə biləcəyini demişlər. Məhkəmənin qətnaməsi qəbul olunduqdan sonra iddiaçı qeyd olunan ünvana gedərək cehiz əşyalarını tələb etmiş, həmin əşyaların bir hissəsi iddiaçıya qaytarılmışdır. İddiaçıya qaytarılmayan cehiz əşyaları aşağıdakılardır: ziyafət geyimləri 150 manat dəyərində, toxunma bordo rəng mont 70 manat dəyərində, qara nazik mont 50 manat dəyərində, 2 ədəd yun toxunma jaketlər boz rəngdə 30 manat dəyərində, qəhvəyi rəngli 40 manat dəyərində, DVD player 50 manat dəyərində, kosmetik vasitələr, kremlər və yeni alınmış güllü kosmetika qabı 150 manat dəyərində, iddiaçıya və övladlarına məxsus 4 ədəd foto albom, süfrələr-işlədilmiş 5ədəd, atlas yaşıl güllü 40 manat dəyərində, kətan toxunma güllü 70 manat dəyərində, bej rəngli güllü 110 manat dəyərində, blumarin güpurlu yeni 120 manat dəyərində, yeni dəsmal dəstləri 12 rəngli 80 manat dəyərində, çay dəsmalları dəsti 12 manat, 25 manat, 30 manat dəyərində, göy güllü buludlar 2 ədəd 50 manat dəyərində, sadə çay stəkanları 10 manat dəyərində, nəlbəkilər 12 ədəd 50 manat dəyərində, boşqab dəstlərinin yarısı 80 manat dəyərində, masquralar zərli 4 ədəd, güllü 2 ədəd, rəngli narıncı 2 ədəd 40 manat dəyərində, kasalar rəngli narıncı 2 ədəd 20 manat dəyərində, bulud tarelka 2 ədəd 50 manat dəyərində, ərzaq qabları bambuk qapaqlı 3-lü dəst 45 manat dəyərində, rəngli qapaqlı 3-lü dəst 35 manat dəyərində, farfor dəmirli güllü qazan 30 manat dəyərində, farfor güllü qaşıq qabı 10 manat dəyərində, farfor 6-lı ağ ədəva dəsti 40 manat dəyərində, bambu 3-lü qab 45 manat dəyərində, bambu çörək qabı 45 manat dəyərində, qızılı güllü tarelka dəsti 80 manat dəyərində, güllü keramik bıçaq dəsti 25 manat dəyərində, toyuk qayçısı 10 manat dəyərində, alma soyan, tum çıxaran dəst 20 manat dəyərində, taxta qaşıq dəsti 25 manat dəyərində, taxta və silikon qaşıq, kəfkir, lapatkalar 40 manat dəyərində, soyuducu saxlama qablarının hamısı 50 manat dəyərində, qranit bej rəngli 2-li tava dəsti 125 manat dəyərində, qranit boz qazan dəsti 250 manat dəyərində, çüyün çuxurları 3 ədəd 15 manat dəyərində, plastik çuxurlar sarı, çəhrayı rəngli 12 manat dəyərində, dörtkünc şüşə qapaqlı qab 5 manat dəyərində, blender 20 manat dəyərində, mikser 170 manat dəyərində, tozsoran 250 manat dəyərində, ütü 78 manat dəyərində, fen 20 manat dəyərində, plet 2 nəfərlik qalın 120 manat dəyərində, nazik yun odcvallar 2 ədəd 20 manat dəyərində, uşaq yataq dəsti 40 manat dəyərində, 20-25 ədəd güllü və sadə qənd qabları 50 manat dəyərində, 3 paket balış üzü dəsti 50 manat dəyərində, mətbəx mebeli üstü 120 manat dəyərində, moyka 40 manat dəyərində, çəhrayı güllü keramik qənd qabı 2 ədəd 100 manat dəyərində, süfrə kənarı krujevalı 120 manat dəyərində, ağ qara mətbəx qabları (luminark), kasa, masqura, razetka 100 manat dəyərində, 4 künc gümüşü naxışlı razetka 10 manat dəyərində, mavi rəngli ağ tefal qazan kiçik 25 manat dəyərində, mavi rəngli ağ tefal 2 qulplu tava 35 manat dəyərində ağqranit xallı tək qulp qazan 20 manat dəyərində, göy güllü dəm çayniki 10 manat dəyərində, mişar bıçaq dəstinin yarısı 45 manat dəyərində, farfor yağ qabı 10 manat dəyərində. Cavabdehlər iddiaçının cəmi dəyəri 3597 manat olan əşyalarını qaytarmaqdan imtina etmişlər. Cehiz əşyaları iddiaçıya hədiyyə şəklində bağışlandığı üçün iddiaçının mülkiyyətində olmuş, bu əşyalar aşkar olunmadığı halda onların dəyəri cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Birgə nikah dövründə İddiaçı Cavabdeh1lə birlikdə müxtəlif adda əmlaklar əldə etmiş, birgə büdcələri hesabına yaşadıqları evdə təmir işləri aparmışlar. Həmin əşyalara dəhliz qarderobu 500 manat dəyərində, mətbəx mebeli davamı 300 manat (polkalar) dəyərində, 4 ədəd plastik pəncərə 520 manat dəyərində, 4 ədəd jalüz 280 manat dəyərində, şüşə qaz 850 manat dəyərində, aspirator 250 manat dəyərində, divan 1000 manat dəyərində, televizor 3000 manat dəyərində, televizor altı 250 manat dəyərində, kabel connect çəkilişi 80 manat dəyərində, jurnal masası 150 manat dəyərində, stul dəsti 1200 manat dəyərində, kondisoner 800 manat dəyərində, kombi çəkilişi 2500 manat dəyərində, ev təmiri üçün 3000 manat, hamam-tualet təmiri üçün 2500 manat, 2 mərtəbəli uşaq yatağı 850 manat dəyərində. Cavabdeh1 iddiaçı ilə birgə nikah dövründə, yəni 03.03.2014-cü il tarixdə alınmış BMW markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngdə minik avtomaşınını, iddiaçı faktiki olaraq onunla ayrıldıqdan, uşaqlarla birlikdə valideynlərinin evinə getdikdən, 10.09.2019-cu il tarixdə nikahın pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra, yəni 13.09.2019-cu il tarixdə iddiaçının məlumatı və razılığı olmadan sataraq pulunu özünə götürmüşdür. Həmin avtomaşının faktiki dəyəri 14000 manat olmuşdur. Cavabdeh tərəfindən müqavilədə qiymət formal olaraq göstərilmişdir. Bölgü aparılarkən iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayanların mənafeyi nəzə alınmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2021 saylı iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 5500 manat, dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 5531 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh1 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddia ərizəsinin rədd edilmiş hissəsi ilə bağlı məhkməyə təqdim edilən sübutlar təmin etməsinə baxmayaraq, 99GR337 dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobilin, iddiaçı ilə birgə nikahda olduqları vaxt, ona avtomobili satacağını bildirmiş, avtomobilin mühərriki və sürətlər qutusu yararsız vəziyyətə düşdüyündən dəyərindən daha ucuz qiymətə satmalı olduğunu bildirmişdir. İddiaçı da bu hala şifahi razılığını vermişdir. Avtomoblili Azərbaycan Respublikası DİN BDYPİ-də alqı-satqı yolu ilə 4.000 (dörd min) manata satmışdır. Məhkəmə həmin alqı-satqı müqaviləsini DİN BDYPİ-dən sorğu ilə tələb etmiş, müqavilə məhkəməyə təqdim edilmişdir. Dediklərinin həqiqət olmasına baxmayaraq məhkəmə heç bir əsaslandırma etmədən avtomobilin qiymətləndirilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ekspert də heç bir əsas olmadan avtomobili görmədən və onun vəziyyətini qiymətləndirmədən 11.000 manat qiymət qoymuşdur. Baxmayraq ki, alqı-satqı müqaviləsi qüvvədədir, onun etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə hər hansı məhkəmə qətnaməsi yoxdur, məhkəmə dövlət orqanının qüvvədə olan alqı-satqı müqaviləsini heçə sayaraq ekspertizanın rəyini mötəbər sübut kimi qiymətləndirmiş və qanunsuz qərar qəbul etmişdir. Həmin avtomobil 4.000 manata satılması həmin alqı-satqı müqaviləsində rəsmi qeydə alınmışdır və müqavilə hələ də qüvvədədir. Bundan başqa, avtomobilin satılmasından iddiaçının xəbəri və razılığı olduğundan həmin hissədə də iddia ərizəsi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında cvabdeh Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmyaraq iş üzrə digər cavabdeh məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə iş üzrə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə qəbul edilmiş qətnaməni cavabdeh qeyd edilən hissədə mübahisələndirmiş, iddiaçı tərəf isə qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2021 saylı iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsində şahid Kərimova Xatirə Əfqan qızı ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən Cavabdeh2 ilə qonşudur. Cavidan ona zəng edərək Xuramangilin əşyalarını götürmək üçün onlara şərait yaratmalarını deməsini xahiş etmiş, o, da bu barədə Xuramana demişdir. Bundan sonra Cavidan gəlib bütün əşyalarını Xuramanın mənzilindən götürmüşdür. Cavidan əşyalarını götürərkən o, da Xuramanın mənzilində olmuş, Cavidan fəhlələrə stol, stulları götürməməyi, həmin əşyaların Xuramana məxsus olmasını demişdir. Mənzildə yalnız Xuramana aid olan əşyalar qalmışdır. Xuramanın gəlini Cavidan təmirli mənzilə gəlin gəlmiş, Xuramangildə dəhliz mebeli olmamış, mənzildə kombi Cavidandan əvvəl qurulmuş, Cavidan mətbəx mebelini, mətbəx moykasını da söküb aparmışdır. Birinci instansiya məhkəməsində şahid Məmmədov Firuz Bala Soltan oğlu ifadəsində göstərmişdir ki, Cavidan onun dayısı nəvəsidir. Onun furqonlu maşını olduğundan dayısı oğlu ondan Cavidanın əşyalarını götürmək lazım olmasını ona demişdir. Əşyaları götürərkən o, mənzilə girməmiş, dayısı oğlu İlqarla birlikdə həyətdə dayanmışdır. Həmin vaxt səs eşitmiş və Cavidanın qaynanasının otağın qapısını açmadığından mübahisə olmasını bilmişdir. Cavidan əşyalarının bir hissəsinin olmadığını, Xuraman isə bütün əşyaları götürməsini demiş, Cavidan Xuramandan qablarını soruşmuş, Xuraman qabların olmadığını demişdir. Birinci instansiya məhkəməsində şahid Camalova Fəridə Qasım qızı ifadəsində gğstərmişdir ki, o, qızı Cavidanın əşyalarını götürərkən Xuraman əşyaların bir hissəsini öz otağına yığıb qapısını bağlamış, Cavidan əşyaların bəzilərinin harda olduğunu soruşmuş, xalçasını istəmiş Xuraman isə verməmişdir. Cavidan 12 il əri və qaynanası ilə bir mənzildə yaşamış, mənzili birlikdə təmir etmişlər. Namiqin əmək haqqından əlavə iki mağazası vardır. Xuraman cehiz əşyalarını öz otağında gizlədərək qapını bağlamışdır. Mənzilə kombinin kim çəkməsini isə bilmir. Birinci instansiya məhkəməsində şahid Hacıyev Faiq Əliqulu oğlu ifadəsində göstərmişdir ki, o, qonşusu Xuramanın həyətində səs eşitdiyindən qoşusunun evinə gəlmiş Cavidanın öz əşyalarını aparmasını görmüşdür. Həmin vaxt əşyalar qablaşdırılıb həyətə yığılmış, mənzildə heç nə qalmamış, hər şey yığmışdır. Sonra mənzilə polis çağırılmış, polisin çağırılmasının səbəbi ona məlum deyildir. Birinci instansiya məhkəməsində şahid Tanrıverdiyev İlham Şahbala oğlu ifadəsində göstərmişdir ki, o, Namiqin qohumudur. Cavidan əşyalarını aparmaq üçün 116 yük daşıma maşını çağırmış, əşyaları içərdə paketləyib maşına yığılmışdır. Sonra səs-küy düşmüş, Cavidan həmin qazanı yoxdur demişdir. Sonra Cavidan 102-yə zəng vurmuş və polis gəlmişdir. O, da polis bölməsinə getmişdir. Həmin gün evdə olan əşyaların 70-80% Cavidan tərəfindən götürülmüş, ev boşalmışdır. Birinci instansiya məhkəməsində şahid Süleymanov Dəyanət Zakir oğlu ifadəsində göstərmişdir ki, o, Namiqin iş yoldaşıdır. 2020-ci ilin payızında Namiq ona 4-5 ağır paltarla dolu çanta verib Cavidana verməyini xahiş etmiş, o da həmin çantaları Cavidanın atasına vermişdir İş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı K.Ələsgərovun 23.10.2020-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı keçmiş əri və qaynanasının ona məxsus 9000 manat dəyərində əmlakını oğurlamasına dair şikayəti əsasında aparılan araşdırma zamanı tərəflərin yaşadıqları ünvanda izahatları alınmış, baxış barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, Cavabdeh1 və Cavabdeh2 izahatlarında yaşadıqları ünvanda İddiaçı məxsus hər hansı bir əşyanın olmadığını bildirmiş, material üzrə cinayətin yaranması üçün kifayət qədər sübutun və cinayətin predmetinin olmaması müəyyən edilərək tərəflərə mübahisənin mülki xarakterli olması bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli 2(001)-454\2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 arasında 21.12.2008-ci il tarixdə Bakı Nikah evində bağlanmış və nikah bağlanması haqqında akt qeydləri kitabında 4406 nömrə ilə qeydə alınmış nikahın pozulması, 03.09.2009-cu il təvəllüdlü Quliyev Sabir Namiq oğlunun və 25.03.2013-cü il təvəllüdlü Quliyev Səid Namiq oğlunun İddiaçı yanında saxlanması, 10.09.2019-cu il tarixdən hesablanmaqla hər bir uşağın saxlanması üçün hər ay 160 manat olmaqla cəmi 320 manat alimentin Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AC N 214353 saylı 03.03.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, BMW 320i markalı ** GR *** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Satıcı Cavabdeh1 ilə alıcı Quliyev Pərviz Əlikram oğlu arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan BMW 320İ markalı ** GR *** qeydiyyat nişanlı avtomobili 4000 manat alıcıya satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.08.2021-ci il tarixli 9\3890 saylı rəyindən müəyyən olunur ki, BMW 320İ markalı, 2002- ci il buraxılışlı normal vəziyyətədə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 11000 manat müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə kollegiyası qeyd edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. (AM-nin 32.1, 32.2, 32.3, 36.2, 36.3) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə, yəni 03.03.2014-cü il tarixdə əldə etdikləri BMW 320i markalı ** GR *** qeydiyyat nişanlı avtomobili ailə nikah münasibətləri pozulduqdan sonra Cavabdeh1 İddiaçı razılığını almadan özünün müəyyən etdiyi qiymətə satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.4.-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1.-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək haqlı olaraq hesab etmişdir ki, BMW 320İ markalı, 2002-ci il buraxılışlı avtomobilin orta bazar qiyməti təxminən 11000 manat olması müəyyən olunduğundan həmin vəsaitin yarısı, yəni 5500 manat Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh nəqliyyat vasitəsini satarkən iddiaçının məlumatının olmasını qeyd etsə də, apellyasiya şikayətində istinad etdiyi bu halı təsdiq edə biləcək əsaslı sübutunu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı isə birgə nikah dövründə əldə edilməsi mübahisələndirilməyən nəqliyyat vasitəsinin iddiaçı yaşadığı evdən çıxdıqdan, tərəflərin nikahlarının pozulmasına dair mülki işə məhkəmədə baxıldığı ərəfədə, iddiaçının razılığı alınmadan satılması müəyyən olunmuşdur. Cavabdeh apellyasiya şikayətində həmçinin nəqliyyat vasitəsini ucuz qiymətə satılmasına dair Azərbaycan Respublikası DİN BDYPİ-də satıcı Cavabdeh1 ilə alıcı Quliyev Pərviz Əlikram oğlu arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə istinad edir və hesab edir ki, alqı-satqı müqaviləsi qüvvədə olduğundan məhkəmə avtomobilin qiymətini məhz müqaviləyə uyğun müəyyənləşdirməli idi. Kollegiya hesab edir ki, həmin müqavilədə göstərilən məbləğlə avtomobilin real bazar qiymətini müəyyənləşdirilə bilməz. Belə ki, cavabdehin istinad etdiyi müqavilədə avtomobilin istifadəyə yararsız vəziyyət olmasına dair ümumiyyətlə hər hansı qeyd edilməmişdir. Həmçnin cavabdeh iddiaçı ilə məhkəmədə mübahisəsinin olduğunu bilərək, iddiaçının razılığı alınmadan satmış olduğu avtomobili satacağı şəxslə daha aşağı məbləğdə razılaşmaqla və iddiaçının əldə edəcəyi paydan məhrum edə bilərdi. Ona görə də, məhkəmə haqlı olaraq avtomobilin qiymətini müqavilədə göstərilən məbləğdə deyil, məhz iş üzrə keçirilmiş ekspert rəyində göstərilən məbləğdə, yəni 11000 manat müəyyən etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2021 saylı iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2021 saylı iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar