Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2938/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının pulunun alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsində sadaladığı və hazırda Bakı şəhəri, Nizami rayonu, Məşədihilal Kazımov küçəsindəki 38 «C» saylı evdə olan 23.833 manat məbləğində cehiz əşyalarının pulunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmiş və iddiaçıya özünəməxsus cehiz əşyalarının qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia ərizəsində qeyd etdiyi 40 adda 23.833 manat və şikayətində qeyd etdiyi x xxxx 4300 manat, cəmi 28.133 manat məbləğində cehiz əşyalarının pulunun cavabdehdən alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı 7 ay cavabdehlə birlikdə Bakı şəhəri, Nizami rayonu, Məşədihilal Kazımov küçəsindəki 38 «C» saylı evdə yaşamış, 2020-ci ilin fevralın 15-də isə atası evinə qayıtmışdır. Həmin ünvanda olan bütün qeyd etdiyi cehiz əşyalarından cavabdehin özü və ailəsi: atası, anası, qardaşı, bacıları, bacılarının uşaqları iddiaçı evdən çıxandan sonra, yəni 2020-ci ilin fevralın 15-dən indiyə kimi istifadə etmiş, bəzi cehiz əşyalarını sındırmış, qalanlarını isə istifadəyə yararsız vəziyyətə gətirmişlər. Ona görə də, cehiz əşyalarının pulu cavabdeh tərəfindən ona qaytarılmalıdır. Bundan başqa, məhkəmə tərəfindən Bakı şəhəri, Nizami rayonu, Məşədihilal Kazımov küçəsindəki 38 «C» saylı evdə cehiz əşyalarına yerli baxış keçirilərkən də sübut edildi ki, cavabdehin özü və ailə üzvləri ona məxsus cehiz əşyalarından istifadə edirlər. Yerli baxış keçirilərkən ona məlum oldu ki, atası evindən apardığım Elce markalı televizoru (kreditlə 1300 manata alınmışdır) və gəlinlik qab servisi (qiyməti 3000 manat) orada yoxdur. Həmin 2 adda cehiz əşyasını məhkəməyə iddia ərizəsi verərkən unutmuşdur. Eyni zamanda, yerli baxış keçirilərkən iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarının 50 faizi yararsız vəziyyətə düşmüş, qab dəstləri, xurustal stəkanları sınmış, 4 qazan dəsti və bütün mebelləri isə yararsız vəziyyətdə idi. Birinci instansiya məhkəməsi isə qətnaməsində göstərmişdir ki, məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə yerli baxış keçirilmiş və cehiz əşyalarının istifadəyə yararlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı Cavabdehla xx.xx.2019-cu il tarixdə nikaha daxil olaraq və cavabdehə məxsus Bakı şəhəri, Nizami rayonu, Məşədihilal Kazımov küçəsindəki 38 «C» saylı evə gəlin köçmüş, ona hədiyyə edilmiş cehiz əşyalarını həmin evə aparmışdır. Sonradan tərəflərin ailə münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. xx.xx.2020-ci il tarixdə iddiaçı həmin evi tərk edərək, atasının evinə getmiş, lakin cehiz əşyaları orada qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə sözügedən evə yerli baxış keçirilmiş və cehiz əşyalarının mövcudluğu və istifadəyə yararlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı, iddia ərizəsində sadaladığı cehiz əşyalarının cavabdehin və onun ailə üzrvlərinin istifadəsində olmaqla yararsız vəziyyətə düşdüyünün bildirərək, həmin əşyaların alınması üçün ödənilmiş pul məbləğlərinin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, bildirir ki, iddiaçı ona məxsus cehiz əşyalarının müəyyən hissəsini aparmış, qalanı isə birlikdə yaşadıqları həmin evdədir və bu cehiz əşyalarından heç kim istifadə etməmiş, onlar sındırılmamış, yararsız hala salınmamışdır. Həmin əşyaları götürməsinə isə heç bir etirazı yoxdur. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı, cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlı deyil. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı bu tələbi irəli sürərəkən, sadaladığı cehiz əşyalarının ona məxsus olmasına, lakin hazırda cavabdehin və onun ailə üzvlərinin istifadəsində və sahibliyində qalmasına istinad edir. Göründüyü kimi, iddiaçının haızrda tələbdə qeyd olunan məbləğdə pula yox, cehiz əşyalarına mülkiyyət hüququ vardır. Mülkiyyətin müdafiəsini təmin edən MM-in 157.2-ci maddəsinə əsasən isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın da məzmunundan göründüyü kimi, iddiaçının tələb hüququ ilk növbədə həmin əşyalara münasibətdə, bu mümkün olmadıqda isə onların əldə edilməsi üçün ödənilmiş pula yaranır. İddiaçıya məxsus cehiz əşyalarının isə cavabdehə məxsus evdə olması işin mübahisəsiz halıdır. Kollegiya, apelyasiya şikayətində qeyd olunmuş 2 adda (televizor və qab servisi) 4300 manat məbləğində cehiz əşyalarının pulunun ödənilməsi ilə bağlı isə bildirir ki, bu məsələ birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışının predmeti olmadığından məhkəmə kollegiyası həmin hissə ilə bağlı hər hansı hüquqi dəyərləndirmə aparmamışdır. Ona görə ki, Mülki Prosessual Məcəllənin 374.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3346/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2938/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2938/2021
07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver