Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2939/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 3942/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən ayda 170 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olana kimi özünün maddi cəhətdən saxlanılması üçün ayda 100 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-3942/20) iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2019-cu ildə X4 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ailə başçısı kimi ailənin heç bir qayğısı ilə maraqlanmır və uşağın saxlanması üçün maddi yardım göstərmir. O özü işləmir, uşağı valideynlərinin köməyi ilə saxlayır və uşaq onun himayəsindədir. Cavabdeh fərdi əməklə məşğul olur, aylıq qazancı ona məlum deyildir. Cavabdehdən xx.xx.2019-cu ildə anadan olmuş X2 saxlanılması üçün yetkinlik yaşına çatana kimi ayda 170 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olana kimi özünün maddi cəhətdən saxlanılması üçün ayda 100 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini Ailə Məcəlləsinin 84.2-ci maddəsi ilə əsaslandırmış və göstərmişdir ki, məhkəmə iddiaçının maddi vəhətdən saxlanması üçün cavabdehdən 100 manat pul tutulması tələbini əsassız saysa da, bununla bağlı faktiki halları aydınlaşdırmamış, gəldiyi nəticəni əsaslandırmamış, iş üçün əhəmiyyətli olan halları sübut etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin sonunda qətnamənin tam ləğv olunmasını xahiş etsə də, faktiki olaraq qətnaməni iddianın təmin olunmayan hissəsində, yəni uşaq 3 yaşına çatana kimi özünə görə alimentin tutulması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: - birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən ayda 170 manat sabit pul məbləğində alimentin tutulması; - uşağın 3 yaşı tamam olana kimi özünün maddi cəhətdən saxlanılması üçün ayda 100 manat vəsaitin tutulması. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tutulmasını qət etmiş, iddianın qalan hissəsini, yəni uşağın 3 yaşı tamam olana kimi iddiaçının maddi cəhətdən saxlanılması üçün cavabdehdən ayda 100 manat vəsait tutulması tələbini isə rədd etmişdir. Məhkəmə iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin bunun üçün zəruri vəsaitə malik olmasını və yüksək gəlirlərini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85-ci maddəsinə əsaslanaraq cavabdehdən onun xeyrinə 100 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında olan nikah pozulmadığından hazırkı tələb Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinin təsir dairəsinə düşür. Həmin maddəyə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, qanunverici ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın ərdən öz xeyrinə aliment tutulmasının, ərin zəruri vəsaitə malik olması halında mümkünlüyünü nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən də qeyd edildiyi kimi, iddiaçı məhkəməyə cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəfindən edilmiş xx.xx.2021-ci il tarixli elektron sorğunun nəticələrindən məlum olur ki, Cavabdeh cari iş yeri “X1” MMC, vəzifəsi kənd təsərrüfatı fəhləsi, istisaslı/şitillikdir. Əmək haqqı 662.15 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, 662.15 manat məvacib aliment tutulduğu da nəzərə alınarsa, əlavə aliment ödənilməsi üçün zəruri vəsait hesab edilə bilməz. Göründüyü kimi, Cavabdeh uşaq 3 yaşına çatana qədər arvadın xeyrinə aliment ödəməsi üçün müvafiq imkana malik olması halı sübut edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni uşağın 3 yaşı tamam olana kimi iddiaçının maddi cəhətdən saxlanılması üçün cavabdehdən ayda 100 manat vəsait tutulması tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2939/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2939/2021
31.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver