Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2949/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X18 (sədrlik edən və məruzəçi), ğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-575/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilə Yuliya Buqayenko xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X30 Aqşinovna və xx.xx.2009-cu il təvəllüdlü X26 Aqşinovna doğulmuşlar. Nikah Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
2. X5 xx.xx.2022-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır.
3. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən İddiaçı “SOCAR X4” MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işkəyir və əmək haqqı 4.323 manat təşkil edir.
4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2015-ci il tarixindən "xxxx" ASC-də çalışır. O, hal hazırda Özəl Bankçılıq blokunun baş direktor vəzifəsini tutur. Aylıq əmək haqqı gross olaraq 15.896,09 manat və 12.936,07 manat net olaraq təşkil edir.
5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli digər arayışa əsasən Mirzə X14 Bugayenkonun “Bank of Amerika” bankındakı hesabına xx.xx.2020-xx.xx.2024 tarixlər arası ümumilikdə 69.000 ABŞ dolları məbləğində vəsait köçürmüşdür.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1593/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə maraqlı şəxs X15 arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilmişdir: 1.1 “Birgə nikahdan dünyaya gəlm iş övladları xx.xx.2008-ci il təvəllüdlü X30 Aqşinovna və xx.xx.2009-cu il təvəllüdlü Mirzə-zadə X32 yetkinlik yaşına çatanadək Birinci tərəfin (ananın) himayəsinə verilsin. 1.2 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları ilə ikinci tərəf (ata) görüşə və ünsiyyət yarada bilər. Birinci tərəf (ana) buna mane olmayacaqdır. 1.3 Bu barışıq sazişi bağlandıqdan sonra İkinci tərəf (ata) birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün hər birinə 1.500 ABŞ dolları olmaqla cəmi 3.000 ABŞ dolları aliment məbləğini hər ay Birinci tərəfə (anaya) nağd və ya köçürmə yolu ilə ödəyəcək. 1.4 Tərəflər razılaşdılar ki, biri-birinə qarşı birgə nikah dövründə əldə olunmuş hər hansı bir əmlak tələbləri və mübahisələri yoxdur”. Qətnamənin alimentlərlə bağlı hissədə dərhal icra olunması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi maraqlı şəxs X7 ərizəçi Cavabdeh xeyrinə tutulması qət etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh X13 qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.2022-ci il təvəllüdlü Mirzəzadə X1 üçün hər ay cavabdehin aylıq gəlirlərinin ¼ miqdarında alimentin, məhkəməyə müraciət üçün ödədiyi 850 manat məbləğində xərcin, 60 manat mediasiya xidmət haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə uzun müddətli birgə münasibətindən xx.xx.2022-ci il təvəllüdlü X5 dunyaya gəlmişdir. Cavabdehlə münasibətləri pozularaq ayrı yaşadıqları üçün ondan uşağın saxlanılması üçün aliment tələb etmək məcburiyyətində qalmışdır. Cavabdehin rəsmi iş yeri və müntəzəm aylıq gəliri vardır.
9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək bildirmişdir ki, uşağı saxlamaq yalnız cavabdehin vəzifəsi deyildir, bu həm də iddiaçının vəzifəsidir. İddiaçının uşağın saxlanması üçün maddi vəziyyəti kifayət qədər yüksəkdir. Belə ki, iddiaçı “SOCAR X4” MMC-də mühəndis vəzifəsində çalışır və aylıq əmək haqqı 4.323 manat təşkil edir. İddiaçının adına Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, ev 1, 63 nömrəli mənzil var və hazırda mülkiyyətindədir. Həmin ev böyük sahəyə malikdir. Bundan başqa, iddiaçı hazırki aliment tələbinə dair iddianın baxıldığı ərəfədə öz adına bahalı son model avtomobil almışdır. Cavabdeh daha əvvəl Buqayenko Yuliya ilə rəsmi nikahda olmuş, onların birgə nikahından iki qız övladları anadan olmuşdur. Hazırda birgə nikahlarından yetkinlik yaşına çatmayan qızları anaları Buqayenko Yuliya ilə qalırlar. İddiaçının cavabdeh barəsində bildirdiklərini əksinə olaraq cavabdeh tərəfindən hər ay uşaqların saxlanması üçün analarının hesabına yüksək məbləğdə aliment ödənilir. Cavabdehin bir valideyn kimi rəsmi nikahından olan həmin iki qız övladının saxlanması üçün aliment məsuliyyəti mövcuddur. Cavabdehin aliment öhdəliyi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1593/2024 saylı qətnaməsində öz əksini tapmışdır. Qətnaməyə əsasən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladlarının saxlanması üçün hər birinə 1.500 ABŞ dolları olmaqla, cəmi 3.000 ABŞ dolları aliment məbləğini hər ay X11 nağd və ya köçürmə yolu ilə ödəməlidir. Mərkəzi Bankın hələki dəyişməyən ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi nəzərə alındıqda aydın olur ki, hazırda Cavabdeh hər ay hər bir uşağa görə 2.550 manat olmaqla, cəmi 5.100 manat məbləğində aliment ödənişi vardır. Məhkəmənin nəzərinə çatdırılır ki, heç bir vergi, sığorta haqqı və.s çıxılmadığı halda cavabdehin aylıq əmək haqqı 15.896,09 manat təşkil etsə də o, aylıq olaraq 12.936,07 manat əmək haqqı alır. Bu barədə arayış iş materiallarına əlavə edilmişdir. Cavabdehin hazırda mövcud olan aliment öhdəliyi onun əmək haqqısının 1/3 hissəsindən də çoxunu, dəqiq desək 39.43 % təşkil edir. (12936.07:100=129.3607, daha sonra 5100:129.3607=39.43%). Bundan başqa, cavabdehin öhdəsində 73 yaşlı anası işləyə bilməyən təqaüdçü valideyni X17 var və onun da saxlanması bir övlad oğul kimi cavabdehin üzərindədir. Eləcə də, cavabdehin boşanmış bacısı X8 iki övladı - X16 və X9 təhsili, saxlanması və digər xərcləri də cavabdehin üzərindədir. Cavabdeh bacısı oğlu X10 hər il təhsil haqqını (2.200 Avro, yəni indiki məzənnə ilə hesablandıqda 4.026 manat) ödəyir və hər ay müntəzəm olaraq ona xaricdə təhsilini davam etdirmək, zəruri xərclərini qarşılanması üçün 500-600 Avro (yəni indiki məzənnə ilə hesablandıqda ***-**** manat) vəsait göndərir. Hazırki halda uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması ilə bağlı bildirilir ki, uşaq yenicə 2 yaşı tamam olmuşdur, o, hər hansı bir ödənişli və ya ödənişsiz təhsil almır, məktəbəqədər tərbiyə müəssisəsinə (bağçaya) və ya digər dərnəklərə getmir, idmanla, rəsmlə, rəqslə, musiqi ilə məşğul olmur. Sağlamlığı yerindədir, cavabdehin tibbi sığrotası olduğu üçün uşağın bütün tibbi xərcələri də pulsuzdur. Bir sözlə uşağın saxlanması üçün böyük məbləğlərdə aliment məbləğinə ehtiyacı yoxdur. Yuxarıda qeyd edilənlərdən başqa, iddiaçının məhkəmə müraciət etmək üçün çəkdiyi vəkil xərci tələbi də qanunsuz və əsassızdır. Belə ki, həmin xərcin təsdiq kimi iddia ərizəsinə “X36 Company” MMC-yə 106/23 saylı müqavilə üzrə 850 manat pulun mədaxil edilməsi barədə xx.xx.2023-cü il tarixli kassa mədaxil orderi əlavə edilmişdir. Lakin hazırkı mülki işdə iddia ərizəsini imza edərək məhkəməyə “Kiçibəyov və Partnyorları” Vəkil Bürosundan Vəkil1 təqdim etmişdir. Vəkil orderində olan qeydiyyata görə isə orderin verilməsinə əsas xx.xx.2023-cü il tarixli 389 saylı müqavilə olmuşdur. İddia ərizəsinə nə “X36 Company” MMC ilə bağlanmış müqavilə, nədə ki, vəkil ilə bağlanmış müqavilə əlavə edilməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı ona hüquqi yardımın göstərilməsi ilə bağlı “X36 Company” MMC ilə müqavilə bağladığını, ödənişi həmin MMCyə etdiyini və MMC isə onun əvəzindən Vəkil1 ilə müqavilə bağladığını bildirmiş, Vəkil1 də iddiaçı ilə müqavilə bağlamadığını, məhs həmin MMC ilə aralarında olan birgə əməkdaşlıq müqaviləsinə əsasən hazırkı işdə iddiaçının vəkili qismində iştirak etdiyini, iddia verdiyini bildirmişdir. Məhkəmə tərəfindən həmin müqavilələrin və vəkil qurumuna edilmiş ödəniş qəbzinin əslinin təqdim edilməsi onlara təklif edilmişdir. İcraatda olan iş üzrə iddia ərizəsini və s. iddiaçının adından Vəkil1 imzalamışdır. Fiziki şəxsin nümayəndəsi yalnız onun vəkili və yaxın qohumu ola bilər. Vəkil1 ilə İddiaçı və vəkil qurumu arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmamışdır. Belə olan halda Vəkil1 iddiaçının vəkili sayıla bilməz və onu təmsil edə bilməz. O, iddiaçının vəkili olmadığından iddia ilə məhkəməyə müraciət edilərkən iddiaçının adından iddia vermək, həmin iddianı imzalamaq səlahiyyəti olmamışdır. Qanunvericiliyin normalarından da aydın olduğu kimi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, yox əgər baxılacaqsa Cavabdeh əmək haqqısından 1/4 hissədə alimentin tutulması qanunsuz olduğundan, tutulacaq alimentin miqdarı onun əmək haqqısının daha az hissəsi olaraq müəyyən edilməli və ya sabit pul məbləğində müəyyən edilməlidir.
10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 575/2024 nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(004)-11/2024 nömrəli qərardadı nəzərə alınmaqla, hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin xx.xx.2023-cü il tarixdən tutularaq İddiaçı ödənilməsi, Cavabdeh mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi və qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin əvvəlki nikahından olan iki uşağı ilə bağlı uşaqların anası ilə barışıq sazişi (alimentin məbləği və forması ilə də bağlı) könüllü olaraq bağlanmış və barışıq sazişi xx.xx.2024-cü i tarixdə məhkəmə tərəfindən təsdiq edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almamışdır.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən təsdiq edilmiş barışıq sazişinin şərtlərinə uyğun olaraq ümumilikdə tutulan alimentin məbləği cavabdehin də razılığı ilə sabit məbləğdə və 3.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Sözügedən saziş bağlanan zaman cavabdeh tərəf məhkəmədə iddiaçı tərəfindən belə bir iddianın qaldırılmasından məlumatlı olmuşdur. Hazırki iş üzrə ¼ hissədə alimentin məbləği 3.974 manat təşkil edir. Beləliklə də müəyyən edilir ki, iddiaçı hər üç uşağına ümumilikdə (3.974+5.100) = 9.074 manat məbləğində aliment ödədikdən sonra ona qalan məbləğ 6.822 manat təşkil edir. Göründüyü kimi, iddiaçı faktiki olaraq maaşının yarısından çoxunu aliment ödəməyə sərf etsə də, onun üzərində həddindən artıq aliment yükü yaranmır.
13. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün atanın aliment öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilməsi zamanı uşaqların maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də bütün uşaqlarının tələbatını təmin etməlidir. Cavabdehin valideyninin və bacısının uşaqlarının saxlanılması və təhsili kimi qayğılarında iştirak etməsi bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsinin hər hansı bir formada azaldılması üçün əsas olmamalıdır.
14. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulması barədə iddiası əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə hüquqi xidmətə görə ödənilmiş 850 manat pulun qaytarılması tələbi ilə bağlı qeyd etmişdir ki, “X36 Company” ilə iddiaçı arasında müqavilə bağlanmış və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilə müqavilə şərtlərinə uyğun iddiaçının işi ilə əlaqədar hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlandığından, lakin müqavilə üzrə 120 manat ödənişin iddiaçının nümayəndəsi və vəkilinə ödənilməsi nəzərdə tutulsa da, həmin məbləğin ödənilməsi ilə bağlı qəbz əlavə edilmədiyindən, hüquqi xidmətə görə 850 manat pulun qaytarılması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir.
16. Məhkəmə 60 manat mediasiya xidmət haqqının ödənilməsi ilə bağlı qeyd etmişdir ki, mediasiya arayışında 50 manat mediasiya xərcinin ödənildiyi nəzərdə tutulduğundan, 50 manat mediasiya xərci cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, Ailə Məcəlləsinin 3.0.4, 100.2-ci maddəsinə, “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3, 4, 5, 8-ci maddələrinə, BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları bəyənnaməsi”nin 2 saylı və 4 saylı prinsiplərinə, «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin “cavabdehin əmək haqqından (başqa gəlirlərindən) ¼ hissədə alimentin tutularaq müəyyən edilməsi” hissəsində təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsi araşdırılmalıdır. Birinci instansiya məhkəməsi uşağın təminatının əvvəlki kimi yüksək saxlamalı olduğunu qətnaməsində formal olaraq qeyd etmişdir. Lakin bununla bağlı heç bir araşdırma aparmamışdır. Hazırki halda uşağın əvvəlki təminatının səviyyəsi ilə bağlı bildirilir ki, uşağın yenicə 2 yaşı tamam olmuşdur, o, hər hansı bir ödənişli və ya ödənişsiz təhsil almır, məktəbəqədər tərbiyə müəssisəsinə (bağçaya) və ya digər dərnəklərə getmir, idmanla, rəsmlə, rəqslə, musiqi ilə məşğul olmur. Sağlamlığı yerindədir, həm də cavabdehin tibbi sığrotası olduğu üçün uşağın bütün tibbi xərcləri də pulsuzdur. Bir sözlə, uşağın saxlanması üçün böyük məbləğlərdə aliment məbləğinə, 3.234 manat alimentə ehtiyacı yoxdur. Bundan başqa, iddiaçı tərəf uşağın əvvəlki və hazırkı təmin səviyyəsi ilə bağlı hər hansı bir sübutu nə iddia ilə məhkəməyə müraciət edərkən, nə də ki mülki işin gedişatında məhkəməyə təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi uşağın təhsili ilə bağlı, uşağın bağçaya, dərnəyə gedib-getməməsi, sağlamlığı və xərcləri ilə bağlı verilmiş suallara cavab verməmiş, qeyd edilənlər ilə bağlı məlumatının olmadığını bildirmiş, uşağın hazırda iki dayəsinin olduğunu bildiyini məhkəməyə demişdir. Bu il üçün minimum dolanacaq xərcləri 235 manat müəyyən edilmişdir. İddiaçının tələb etdiyi məbləğ isə həmin məbləğdən dəfələrlə - 1376 %, təxminən 13 dəfədən də çoxdur. Cavabdeh tərəfindən hər ay birinci nikahından olan iki qız övladının saxlanması üçün anaları Buqayenko Yuliyanın hesabına yüksək məbləğdə aliment ödənilir.
20. Cavabdehin nümayəndəsi və vəkili həmçinin yazılı vəsatət verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və vəsatətini belə əsaslandırmışdır ki, “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2023cü il tarixli, 389 saylı müqavilə Vəkil1 ilə iddiaçı arasında bağlanmamış, ona görə də Vəkil1 iddiaçının vəkili sayıla bilməz və onu təmsil edə bilməz. O, iddiaçının vəkili olmadığından etibarnamədə nəzərdə tutulsa belə, iddiaçının adından iddia vermək, həmin iddianı imzalamaq səlahiyyəti olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, maaşı cavabdeh tərəfin öz əmək haqqına münasibətdə hesabladığı kimi 4.323 manat yox, net olaraq 3.300 manatdır. Onun adına evin, maşının olması bu mübahisənin predmeti olmasa da, qeyd edilənlərlə bağlı bildirir ki, iddiaçının adına olan ev ona “bağışlanılmışdır”. Köhnə maşınını sataraq yeni maşın almışdır. Uşağın artıq 2 yaş yarımı tamam olmuşdur və o, bağçaya gedəcəkdir. Bununla bağlı tərəfindən müvafiq bağçaya müraciət edilərək uşağın iyun ayından bağçaya getməsi üçün yerin bron edilməsi xahiş edilmişdir. Bağçanın aylıq ödənişi 800 manat təşkil edir. Əlavə olaraq uşağın istirahəti, sağlamlığı üçün də vəsaitlər tələb olunur. Belə ki, məsələn uşaq İngiltərədə doğulduğu üçün onun qızılca və s. peyvəndləri də İngiltərədə olmalı idi. Bu cavabdehin özünə də məlumdur. Cavabdeh xərci qarşılamadığı üçün iddiaçının atası qarşıladığı vəsait hesabına uşaq İngiltərəyə aparılaraq orda peyvənd edilmişdir. Cavabdeh tərəf məhkəmə işini qəsdən uzadaraq birinci nikahından olan uşaqlarına alimentin ödənilməsini “təşkil etmişdir”. Belə ki, məhkəmə işi gedə-gedə “ortaya mediasiya sazişi çıxmış, həmin sazişdə cavabdehin aliment öhdəliyi yazılmış, sonra da cavabdehin özü tərəfindən məhkəməyə müraciət edilərək məcburi hüquqi qüvvə verilmişdir”. Əlavə olaraq bildirir ki, cavabdehin gəliri net olaraq 12.936 manat deyil, çünki o maaşının 46% hissəsini həyatın yığım sığortasına yönəldir ki, belə olan halda onun 15.896 manat gross əmək haqqının yalnız 7.353 manat hissəsindən məcburi dövlət sosial sığorta haqları tutulur, digər hissəsi isə tam şəkildə onun yığım sığortasına toplanılır. Cavabdeh tərəf qeyd edir ki, onlar 2 uşaq üçün gəlirinin 39.43% aliment ödəyir. Göründüyü kimi, cavabdeh tərəfin ödədiyi aliment gəlirinin hissəsi yox, sabit pul məbləğindədir. 2 uşaq anasının niyə 1/3 hissədə yox, sabit məbləğdə aliment tələb etməsi sual yaradır. Bundan başqa, cavabdeh tərəf həmin uşaqların xaricdə yaşayış yerini, təhsil xərclərini və s. özü könüllü təmin edir. Belə olan halda, sabit məbləğdə aliment istəməsi sadəcə onun uşağına haqqı olan alimenti verməkdən yayınmaqdır. Ailə Məcəlləsinə, İcra haqqında Qanuna görə alimentə görə maaşın 70%dək hissəsi tutula bilər. Bu hər hansı bir pozuntu hesab edilmir. “X36 Company” MMC 69100 fəaliyyət kodu ilə, yəni hüquq sahəsində fəaliyyət göstərən dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir. X36 Company MMC ilə iddiaçı arasında müqavilə bağlanılmış və iddiaçı X36 Company MMC-ə onun hüquqlarının müdafiəsi üçün "kiçikbəyov və partnyotrları vəkil bürosu və Vəkil1 ilə müqavilə bağlamağı sifariş vermişdir. İddiaçı olaraq özü də şəxsən məhkəmə hazırlıq iclasında iştirak etmiş, Vəkil1 etibarnamə verdiyini, vəkil kimi onu seçdiyini təsdiq etmişdir. Həmçinin, vəkilə verdiyi etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyəti qeyd olunur, beləliklə ona bu səlahiyyəti o verdiyi üçün iddia ərizəsi buna hüququ olan şəxs tərəfindən imzalanmışdır. Özü də məhkəmədə bunu təsdiq etmişdir. Apellyasiya şikayətində cavabdehin anasına, bacısının övladlarına baxdığı vurğulanır. Cavabdeh “bacısının artıq yetkinlik yaşına çatmış övladının xaricdə təhsil alması üçün küllli miqdarda xərci könüllü şəkildə ödəyir. Digərinin isə xaricdə təhsil almağa hazırlaşmasını vurğulayır”. Halbuki, həmin şəxsləri 18 yaşına çatanadək saxlamaq valideynlərinin, 18 yaşından sonra isə özlərinin öhdəliyidir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi, cavabdehin anasına dövlət tərəfindən pensiya ödənilməkdədir. Onun saxlamaq öhdəliyi yoxdur. Eyni zamanda, cavabdehin anası bununla yanaşı Dayaq patronaj mərkəzində çalışır, aylıq 700 manat məbləğində əmək haqqı alır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, qətnamənin ləğv edilməsini xahiş edir, belə ki, cavabdehdən gəlirlərinin ¼ hissəsi qədər aliment tutula bilməz. Çünki 50%-dən artıq olmamalıdır. İddiaçı tərəf uşağın əvvəlki təminat səviyyəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi icraatı dövründə sonuncu məhkəmə iclasında qarşı tərəf uşağın dayə tərəfindən saxlanıldığını bildirmişdir. Dayəyə ödənilmiş ödənişlər tərəflər ayrıldıqdan sonra iddiaçının xahişi ilə cavabdeh tərəfindən ödənilmişdir. İki nəfərdirlər, səhv etmirsə, onlardan birinə aylıq 800, digərinə 1.000 manat ödənilir. Hesab edir ki, bu xərclər zəruri xərclər deyil və alimentin qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən artıq tutulmasına əsas ola bilməz. Təmsil etdiyi şəxsin, habelə uşağın tam sığortası var. Belə ki, uşaq tam ödənişsiz Azərbaycan Respublikasının bütün dövlət və özəl tibb müəssisələrində, habelə Türkiyə Respublikasında müayinə və müalicə oluna bilər. Birinci instansiya məhkəməsində cavabdehin keçmiş həyat yoldaşına 2019-2020-ci ildən pul ödədiyinə dair arayış təqdim etmişik. Bu pullar ödəniləndə iddiaçı və cavabdeh birlikdə yaşayırdılar. Barışıq sazişinin tərtib olunmasının məqsədi, mövcud vəziyyətin fiksasiya olunması idi. Eyni zamanda, cavabdeh boşanmadıqları dövrdə keçmiş həyat yoldaşına pulu rahat göndərə bilsə də, boşandıqdan sonra göndərə bilmirdi. Sabit pul məbləğində olması isə Ailə Məcəlləsinin tələblərinə uyğun olmuşdur.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəfindən məhkəməyə müraciət edilən zaman digər iki uşağa aliment ödənilməsi məsələsi yox idi. Birinci instansiya məhkəməsi icraatı dövründə cavabdehin vəkili məhkəməyə bununla bağlı barışıq sazişi təqdim etdi. Hətta cavabdeh əvvəllər iddia ilə məhkəməyə müraciət edib, iddiada digər uşaqları qeyd etməyərək alimentdən yayınıb. Hazırki iddia ilə məhkəməyə müraciət edəndə barışıq sazişi bağlanılmamışdı. Belə olan halda ilk olaraq bu iddia nəzərə alınmalıdır. Gəlirlərin ¼ hissəsində aliment tələbi ilə müraciət etmişlər, cavabdehin isə digər iki uşaqla bağlı sabit pul məbləğində aliment ödənilməsi ilə bağlı barışıq sazişi bağlaması, onlara münasibətdə aliment məbləğinin azaldılması məqsədini daşıyır. Cavabdeh bacısı uşaqlarına baxması, onların təhsil haqqını ödəməsi ilə bağlı sübutlar təqdim etmişdir. Hesab edir ki, cavabdeh ilk növbədə öz övladını, daha sonra isə qohumlarını düşünməlidir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
25. Azərbaycan Respublikası Mərkəzi X23 xx.xx.2016-cı il tarixli, 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” Bənd 4.3. Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: 4.3.6. rezidentlərin və qeyri-rezidentlərin məhkəmə, arbitraj, notariat xərcləri, dövlət rüsumları, digər icbari ödənişləri, təqaüd, pensiya, aliment və oxşar ödənişlərin aparılması ilə bağlı köçürmələr, habelə qeyri-rezidentin miras üzrə məbləğlərinin (miras üzrə qəbul etdiyi və ya miras əmlakının satışından əldə etdiyi pul vəsaiti) köçürülməsi. Belə köçürmələr ödənişin əsasını və təyinatını əks etdirən sənədlər əsasında həyata keçirilir.
26. Azərbaycan Respublikası Vəkillər X12 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə: Bənd 1.5. Vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəd (1 nömrəli Əlavə).
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 66. Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni yalnız alimentin tutulması hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası tərəflərin nümayəndələri və vəkillərini dinləyib, apelyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilərək Cavabdeh əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçı ilə faktiki ailə münasibətlərindən dünyaya gəlmiş uşağın saxlanması üçün alimentin tutulması barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, ailə qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur.
33. İş materialları ilə müəyyən edilir ki, cavabdehin Yuliya Buqayenko ilə rəsmi nikahından iki, iddiaçı ilə faktiki ailə münasibətlərindən bir övladı var.
34. Beləliklə, cavabdehin üç övladı olduğundan məhkəmə tərəfindən ondan hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır. Belə olan halda, hazırki iş üzrə məhkəmə tərəfindən cavabdehdən hər övladı üçün qazancının 1/6 hissəsində aliment tutula bilər.
35. O da qeyd edilməlidir ki, ailə qanunvericiliyinə əsasən qeyd olunan payın miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
36. Lakin hazırki iş üzrə qeyd olunan payın miqdarının artırılması üçün əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı özü də yüksək məbləğdə əmək haqqı alır. Qanunvericiliyin tələblərinə əsasən uşağı saxlamaq hər iki valideynin vəzifəsidir.
37. İşdən həmçinin müəyyən edilir ki, cavabdeh xx.xx.2020-ci il tarixindən başlayaraq keçmiş həyat yoldaşı Yuliya Bugayenkonun “Bank of Amerika” bankındakı hesabına hər ay 2.000 - 4.000 ABŞ dolları məbləği aralığında vəsait köçürmüşdür.
38. Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr, o cümlədən aliment ödənişlərinin aparılması ilə bağlı köçürmələr ödənişin əsasını və təyinatını əks etdirən sənədlər əsasında həyata keçirilir. Kollegiya hesab edir ki, Yuliya Buqayenko ilə rəsmi nikahları pozulduğundan cavabdehin aliment ödənişləri üzrə xarici bankda olan hesaba köçürmələrinin qətnamə əsasında aparılması üçün məhkəməyə müraciət etməsi qanunvericiliyin tələblərindən irəli gəlmişdir.
39. Kollegiya həmçinin qeyd edir ki, tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş uşaq xx.xx.2022-ci il təvəllüdlüdür, digər uşaqlar isə xx.xx.2008-ci il və xx.xx.2009-cu il təvəllüdlüdülər. Cavabdeh tərəfindən yaşca dəfələrlə böyük uşaqların saxlanılması üçün könüllü olaraq qanunvericiliklə müəyyən edilmiş miqdardan artıq alimentin ödənilməsi ağlabatan hesab edilməlidir.
40. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin iddiaçının adından iddia vermək, həmin iddianı imzalamaq səlahiyyətinin olmamasına dair cavabdehin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən cavabdehin nümayəndəsinin səlahiyyətləri mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq etibarnamə ilə rəsmiləşdirilmiş, həmçinin, iddia ərizəsinə iddiaçı ilə vəkil arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəd – order əlavə edilmişdir. Mülki-prosessual qanunvericilikdə iddia ərizəsinə hüquqi yardımın göstərilməsi ilə əlaqədar müvəkkil ilə vəkil arasında bağlanmış müqavilənin iddia ərizəsinə əlavə edilməsi nəzərdə tutulmamışdır.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, ailə qanunvericiliyinə əsasən məhkəmə tərəfindən uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması həmin vəsaitin tutulmasını tələb edən şəxsin, yəni hazırki iş üzrə iddiaçının xahişi ilə həyata keçirilə bilər, alimenti ödəməli olan şəxsin xahişi ilə deyil. Bundan əlavə, cavabdeh tərəfindən yaxın qohumlarına maddi cəhətdən dəstək olması onu uşağının saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş miqdarda alimentin ödənilməsi vəzifəsindən azad etmir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 575/2024 nömrəli qətnaməsi alimentin miqdarı hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulmalı olan alimentin miqdarı onun əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR