Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2955/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik payından imtinaya dair ərizənin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, reyestr çıxarışının ləğv edilməsi, mənzildə miras payın müəyyən edilməsi, mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-272/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı və Cavabdeh2 keçmiş ər-arvaddır, Cavabdeh1 isə Cavabdeh2 anasıdır. İddiaçı və Cavabdeh2 nikahı xx.xx.2006-cı ildə bağlanıb, xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulub. Onların 2 uşağı var: xx.xx.2010-cu il təvəllüdlü Əli Şərifli və xx.xx.2019-cu il təvəllüdlü Aysel Şərifli. Nikahın pozulması barədə qətnamədə qət olunub ki, uşaqlar ananın yanında qalsın. Mübahisə Yasamal rayonu, Şərifzadə küçəsi, ev № 6-da yerləşən 4 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. Əvvəl mənzil Cavabdeh1 əri Bəkir Şərifovun mülkiyyətində olub. Mənzil 1996-cı ildə Bəkir Şərifovun adına özəlləşdirilib. Bəkir Şərifov özünə məxsus bütün əmlak oğlu Cavabdeh2 vəsiyyət etməsi barədə xx.xx.2020-ci il tarixli vəsiyyətnamə verib. O, xx.xx.2022-ci il tarixdə ölüb, lakin Cavabdeh2 mirası vəsiyyət və ya qanun üzrə qəbul etməkdən imtina edərək bu barədə notarusa xx.xx.2022-ci il tarixli ərizə verib. xx.xx.2022-ci ildə mənzilə dair Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib. xx.xx.2022-ci ildə mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ reyestrdə qeydə alınıb və reyestr çıxarışı verilib. Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub: 1) Cavabdeh2 mirasdan imtina barədə ərizəsi və Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin; 2) mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququna dair reyestr qeydi və onun adına verilmiş reyestr çıxarışı ləğv edilsin; 3) mənzildə vərəsəlik hüququ əsasında Cavabdeh2 çatası pay müəyyən edilsin; 4) mənzilin Cavabdeh2 payına aid hissəsinə iddiaçının istifadə hüququ tanınsın və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 5) iddiaçı iki uşağı ilə birlikdə mənzilə köçürülsün və onların mənzildə yaşamasına cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçının mənzildən istifadə hüququ yaranmayıb. İddiaçı 2006-cı ildə, yəni mənzil qayınatasının mülkiyyətində olarkən mənzilə köçüb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, istifadə hüququnun yaranması üçün iddiaçı ilə qayınatasının arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalı idi, lakin bağlanmayıb. İddiaçının qayınatasının ölümündən sonra iddiaçının əri mənzilin mülkiyyətçisi olmaq imkanına malik olub, lakin o, mirası qəbul etməkdən imtina edib və imtina notariat qaydasında rəsmiləşdirilib. Vərəsənin mirası qəbul etməkdə imtina hüququ var. Bu hüquq Mülki Məcəllənin 1256-cı maddəsində müəyyən edilib. Mirasdan imtinanın etibarsız sayılması üçün əsas yoxdur. Buna müvafiq olaraq, iddiaçının keçmiş qayınanasının adına verilmiş vərəsəlik şəhadətnaməsinin də etibarsız sayılması üçün əsas yoxdur. İddiaçı iddia edir ki, qayınatası ölən zaman əri ilə onun nikahı hələ pozulmamışdı, əri faktiki olaraq mirası qəbul etmiş, lakin sonradan iddiaçının (öz arvadının) mənzilə istifadə hüququ əldə etmək imkanının qarşısını almaq məqsədilə mirasdan imtina barədə ərizə vermişdir. Məhkəmə iddiaçının ərinin mirasdan həqiqətən belə məqsədlə imtina edib-etmədiyini araşdırmır, çünki mirasdan belə məqsədlə imtina qanuna zidd deyil, heç kəs iradəsi ziddinə mirası qəbul etməyə məcbur edilə bilməz. Hər bir vərəsinin mirasdan imtina etmək hüququ var, yalnız fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin mirasdan imtinasına məhkəmənin icazəsi ilə yol verilir (Mülki Məcəllə, maddə 1268.2). İddiaçının iki uşağının mənzildən istifadə hüququna dair məsələ hazırkı qətnamə ilə həll edilmir. Çünki uşaqların anası ilə birlikdə mənzilə köçürülməsi barədə iddia verilib, ananın isə mənzilə köçürülməsi mümkün deyil. Nikahın pozulması barədə qətnamədə uşaqların ananın yanında qalması qət edilib. Əgər ana mənzilə köçürülmədən uşaqların mənzilə köçürülməsi barədə iddia verilərsə, uşaqların mənzildən istifadə hüququna dair məsələ həll edilə bilər. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 272/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2955/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2955/2024
17.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver