Məhkəmə qərarları › İş №2(103)-2957/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2957/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2957/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 02 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2021ci il təvəllüdlü X5 adında övladları vardır və uşaqlar hazırda anaları İddiaçı yanındadırlar. Tərəflər arasında rəsmi nikah xx.xx.2020-ci il tarixdə bağlanmışdır.

2. Yasamal Rayon Məhkəməsinin 16(004)-69/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından müəyyən edilir ki, müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilərək 09 iyul 2010-cu il təvəllüdlü X4, 30 yanvar 2013-cü il təvəllüdlü X6 və 16 oktyabr 2021-ci il təvəllüdlü X1 üçün müvəqqəti olaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4275 nömrəli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh aylıq əmək haqqı bütün növ vergilər tutulduqdan sonra 689,8 manat təşkil edir.

4. Həmçinin cavabdeh vətən müharibəsi iştirakçısı olaraq 80 manat pensiya alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində və xx.xx.2021-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək əlavə xərclər üçün hər ay 100 manat məbləğində alimentin və mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2009-cu il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuş, faktiki nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bundan sonra xx.xx.2021-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Ailə quran zaman münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Hazırda cavabdehlə faktiki birlikdə yaşamırlar. O, övladları ilə birlikdə ünvan 1 ünvanında valideyninin yanında yaşayır. Cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. Özü isə heç bir yerdə işləmir. Uşaqlarını çox çətinliklə böyüdür. O, dəfələrlə cavabdehdən uşağının saxlanılması üçün maddi kömək tələb etsə də, nəticəsi olmamışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 yanvar 2023-cü il tarixli 2(004)-279/2023 saylı qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(004)- 69/2022 qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən hesablanması, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 85, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 100.2, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apelyasiya şikayətində iddia ərizəsində sadalanan göstərilməklə qeyd edilmişdir ki, hazırki zamanda üç uşağı 360 manat necə saxlamaq olar. Özü işləmir. Məhkəmə cavabdehin xeyrinə qətnamə çıxarmış, üç azyaşlı uşağı nəzərə almamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

14. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

15. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Göründüyü kimi cavabdehin aylıq əmək haqqı bütün növ vergilər tutulduqdan sonra 689,8 manat təşkil edir. Bundan başqa Elektron Sistemdən çıxarışdan müəyyən edilir ki, vətən müharibəsi iştirakçısı olaraq 80 manat pensiya alır.

25. Qeyd olunan halları nəzərə alan Kollegiya hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay hər uşaq üçün 120 manat olmaqla 360 manat aliment məbləği ağlabatan məbləğdir.

26. İddiaçı daha yüksək məbləğdə aliment ödənilməsini tələb etsə də, cavabdehin daha yüksək gəlirə malik olması halını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İş materialları ilə isə bu hal təkzib edilir.

27. Apelyasiya şikayətində iddia ərizəsində göstərilənlər sadalanmış, hər hansı konkret dəlil göstərilməmişdir, şikayət formal xarakter daşıyır.

28. Üç yaşı tamam olanadək cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində alimentin tutulması hissəsində də məhkəmə haqlı olaraq iddianı rədd etmişdir, çünki cavabdehin həmin alimenti ödəməsi üçün zəruri vəsaitə malik olması da müəyyən olunmur.

29. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2023 saylı iş üzrə 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar