Məhkəmə qərarları › İş №2(103)-2958/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2958/2023

08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2958/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment təyin olunması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh, nümayəndəsi Ağayeva Natavan qızının iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-247/2023 saylı, 07 fevral 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh ilə X6 arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə nikah bağlanmış və 166 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2013-cü ildə X5 və xx.xx.2015-ci ildə X7 doğulmuşdur.

2. Mediator T.Məmmədovun MŞB/1-555 saylı xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbi üzrə xx.xx.2022-ci il tarixdə, 13:30-14:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment təyin olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə 166 nömrəli ilə qeyd edilmiş nikahının pozulması, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 onun yanında saxlanılması, hər uşağa görə 250 manat cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması, mediasiya prosesinin keçirilməsi üçün dövlət rüsümü kimi ödənilmiş 50 manat və əlavə olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, ailə həyatı qurandan sonra ilk vaxtlar ailə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar tamamilə pozulmuşdur. Bunun nəticəsində bir yerdə yaşamaları baş tutmamışdır və aralarında olan ailə-nikah münasibətləri faktiki olaraq 01 fevral 2022-ci il tarixdən kəsilmişdir. Nikahın qorunması və ailə münasibətlərinin bərpası qeyri mümkündür.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-247/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Rübabə Qafarova) ilə iddianın təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Xətai rayon Qeydiyyat şöbəsində 166 sayla qeydə alınmış xx.xx.2013-cü il tarixli nikahın pozulması; xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması; Suraxanı rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli e-16(010)- 40/2022 saylı və xx.xx.2022-ci il tarixli e-16(010)-40/2022 saylı qərardadı nəzərə alınmaqla, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxalanılması üçün hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulması; qətnamənin aliment tələbi hissəsində dərhal icra edilməsi; İddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 50 manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi; tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olmasının izah edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki,... tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə iddiaçıdan hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Cavabdeh iddia tələbinin aliment hissəsinə münasibətdə etirazının dəlili olaraq gözünün əməliyyat olunmasını göstərsə də, o, əmək qabiliyyətinin olmaması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də cavabdeh etiraf etmişdir ki, avtomobili taksi fəaliyyəti ilə məşğul olaraq uşaqlarını saxlamaq üçün almışdır. Suraxanı rayon məhkəməsinin qərardadı ilə İddiaçı Cavabdeh qarşı "nikahın pozulması, uşağların ananın yanında saxlanılması və aliment təyin olunması" tələbi barədə e-2(010)- 4733/2022 saylı mülki iş üzrə qətnamə qəbul edilib qüvvəyə minənədək müvəqqəti olaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni alimentin tutulması hissəsində ləğv edilməsini və hər uşağa görə ayda 75 manat olmaqla, cəmi 150 manat alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə yaşadıqları dövrdə 800 manat civarında hər ay qazanc əldə edib. Qazancı gözləri tutulana qədər taksi fəaliyyəti, dönərxanada olmuşdur ki, ondan da gəliri 400-500 manat təşkil edirdi. Nikahda olduqları dövrün son dövrünü isə ümumiyyətlə işləyə bilmədi, belə ki, 2021-ci ilin sentyabr ayından hər iki gözü kataraktaya görə tamam tutulmuşdu, ötən il ərzində hər iki gözündən kataraktadan əməliyat olunub, sonuncu əməliyyat 2022-ci ilin dekabr ayında baş tutdu. Hazırda sağlamlıq vəziyyətinə görə nə taksi fəaliyyəti, nədə başqa fəhləliklə məşğul ola bilmir, nəinki aliment ödəyə, hətta öz tələbatlarını ödəyə bilmir. Onun maddi tələbatlarını anası və qardaşı ödəyirlər. Məhkəmə qeyd edilən halları nəzərə alaraq yuxarıda qeyd edilən normaları tətbiq edərək iddianı alimentin tutulması hissəsində təmin etməməli olduğu təmin etmiş, bununla da yuxarıda qeyd edilən normaların tələbləri pozulmuşdur. Nikahının pozulmasının səbəbi iddiaçının ona xəyanət etməsi və gözlərinin tutulmasından istifadə edərək iki uşaq ilə onu tərk edib getməsi olmuşdur. Anası onlara sahib durdu, iddiaçı isə 10 gündən sonra gəlib uşaqları apardı və məhkəmədə iddia qaldırdı.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi ????? apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 22.2-ci və 22.2.1-ci və 22.2.2. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqdauşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutulur. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

12.«Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Qanun.

«Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

13. “Uşaq hüquqları haqqında” Konvensiya:

Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. 2. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

14. “Uşaq hüquqları haqqında” Qanun:

Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib getməməsi də nəzərə alınmalıdır. 8.6-cı bəndinə əsasən, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.

16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni alimentin məbləği (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işlə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, ona görə də iddia haqlı sayılırdı.

25. Cavabdehin şikayətində göstərdiyi dəlillər onu azyaşlı uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər alimentin tələb edilən məbləğdə təmin edilməməsi üçün əsas ola bilməz. Çünki, cavabdehin iddiaçı ilə olan şəxsi münasibətləri alimentin tələb edilən məbləğdə təmin edilməsini istisna etmir. Cavabdehin iddiaçı barədə səsləndirdiyi fikirlər, eləcə də sağlamlıq vəziyyətinə görə tələb edlən məbləğdə aliment ödəmək iqtidarında olmaması barədə gətirdiyi dəlillərə dair şikayətinə hansısa sübut əlavə etməməsinə baxmayaraq onlar həqiqi olsa belə buda alimentin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas deyil. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz.

26. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

27. Apellyasiya baxışı zamanı cavabdeh tərəf izahatlarında qətnamənin mübahisələndirdikləri hissəni deyil, daha çox uşaqların iddiaçının yanında qalması hissəsini mübahisələndirdilər. Düzdü, şikayətin nəticə hissəsində qətnamənin yalnız aliment hissəsinin qismən ləğv edilməsini və alimentin azaldılmasını xahiş ediblər. Ancaq işdə olan Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli 1/2019 saylı rəyində də tərəflərin nikahı ləğv edildiyi halda xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması yetkinlik yaşına çatmayanların mənafeyi baxımından Komissiya tərəfindən məqsədəuyğun hesab edilmişdir. Ona görə də cavabdeh tərəfə qətnamənin bu hissəsini də mübahisələndirməyə hər hansı bir maneə yox idi.

28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 247/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-247/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamənin alimentin tutulması hissəsindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar