Məhkəmə qərarları › İş №2(103)-2959/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2959/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2959/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh Xalidə Bəkirova ilə birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü Fatimə Qəfərzadənin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddia ərizəsində işsiz olduğunu, onun himayəsində 2, cavabdehin himayəsində isə 1 uşaq olduğunu bildirsə də, məhkəmə ədalətlilik prinsipini təmin etməmişdir. Halbuki, valideynlər uşaqlarını saxlamaqda bərabər məsuliyyət daşıyırlar, uşaqların saxlanılması üçün alimentin tutulması da hər iki valideynə münasibətdə tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının himayəsində 2 uşaq var və bundan əlavə cavabdehin himayəsində olan uşaq üçün də aliment ödəyir. Bundan başqa, himayəsində olan uşaqlardan biri xx.xx.2002-ci il təvəllüdlü Elvina Qəfərova yetkinlik yaşına çatmışdır və iddiaçı onun günbəgün artan tələbatlarını belə çətinliklə qarşılayır. Digər tərəfdən məhkəmə cavabdehin qadın olduğunu nəzərə almış və 170 manat alimentin tutulmasının onu çox əlverişsiz vəziyyətə salacağı qənaətinə gəlmişdir. Məhkəmənin belə mövqeyi isə cavabdehin valideynlik borcunu icra etməsindən boyun qaçırmasına, öz valideynlik hüquqlarından sui-istifadə etməsinə şərait yaradır. Cavabdehin himayəsində olan qızı xx.xx.2005-ci il təvəllüdlü Aysu Qəfərzadənin 15 yaşı tamam olmuşdur, artıq azyaşlı olmadığından cavabdehin işləməsi üçün heç bir maneəçilik yaratmır. Məhkəmə iddianın təmin edilməmə əsaslarından biri kimi, iddiaçı tərəfindən cavabdehin iş yeri və zəruri vəsaitə malik olması barədə sübutların təqdim edilməməsini göstərilmişdir. Halbuki, ailə qanunvericiliyi valideynin maddi imkanının olub-olmamasından asılı olmayaraq uşaqların saxlanılması ilə bağlı onların üzərinə öhdəlik qoymuşdur. Valideynin maddi imkanının aşağı və yüksək olması, alimentin təyin edilib-edilməməsinə deyil, yalnız alimentin məbləğinin (yüksək və ya aşağı olmasına) müəyyən edilməsinə təsir göstərə bilər. Odur ki, cavabdehin maddi imkanının vaxşı olmaması, işləməməsi onun uşağını saxlamaq vəzifəsindən azad edilməsinin əsası kimi çıxış edə bilməz. Bu halda da cavabdehin zəruri vəsaitlərinin olması, işləməsinin sübut edilməsi vəzifəsi də yalnız iddiaçının üzərinə qoyula bilməz. Bundan başqa, məhkəmə, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən sonra hər hansı dəyişiklik baş vermədiyi qənaətində olmuşdur. Halbuki, məhkəməyə təqdim edilmiş sosial arayışdan da görünür ki, istinad olunan qətnamənin qəbul edildiyi vaxtdan sonra xx.xx.2020 ci il tarixdən etibarən iddiaçının əmək müqaviləsinə xitam verilmiş və hazırkı vaxtadək işsizdir. Həmçinin nəzərə alınmalıdır ki, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində kəskin bahalaşma gedir. Uşaqların günbəgün artan təlabatlarının ödənilməsində çətinlik yaranır. Odur ki, xx.xx.2009-cu il təvəllüdlü Fatimə Qəfərzadənin saxlanılması üçün alimentin tulması zəruridir. Məhkəmə iclasında iştirak edən cavabdeh, apelyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, haızrda işsizdir, buna görə də aliment ödəməyə maddi vəziyyəti imkan vermir. İddiaçının isə taksi fəaliyyəti ilə yanaşı, məşğul olduğu əlavə işləri də var. Ona görə də, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehi dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X5 Bəkirovanın, xx.xx.2002-ci il təvəllüdlü Elvina Qəfərova və xx.xx.2009-cu il təvəllüdlü Fatimə Qəfərzadənin isə İddiaçı yanında qalması və xx.xx.2005-ci il təvllüdlü Aysu Qəfərzadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutlması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra, İddiaçı, Xalidə Bəkirovaya qarşı “aliment ödəməkdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və eyni Məhkəmənin xx.xx.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə iddiası rədd olunmuşdur. İşdə olan sosial arayışdan görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında xx.xx.2019cu il tarixdə bağlanılmış əmək müqaviləsinə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi əsaslarla xx.xx.2020-ci il tarixdə xitam verilmiş və xx.xx.2020-ci il tarixdən qüvvədən düşmüş hesab edilmişdir. Hazırda iddiaçı, ondan cavabdehin xeyrinə qızı xx.xx.2005-ci il təvllüdlü Aysu Qəfərzadənin saxlanılması üçün aliment tutulduğunu, hazırda işsiz olduğunu və birgə nikahdan doğlumuş uşaqların saxlanılmasının maddi vəziyyətlərindən asılı olmayaraq hər iki valideynin borcu olduğunu bildirərək, cavabdehdən onun himayəsində olan 0xx.xx.2009-cu il təvəllüdlü Fatimə Qəfərzadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, heç yerdə işləmədiyindən maddi durumunun aliment ödəməyə imkan vermədiyini, iddiaçının isə maddi durumunun kifayət qədər yaxşı olduğunu bildirir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Kollegiya vurğulayır ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016- cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Göründüyü kimi, qanunverici, valideynlərin uşaqlarını saxlamağa borclu olmasını müyyən etməklə, valideyn(lər)indən ayrı ayaşayan uşaqlar üçün aliment tutulmasının əsas meyarı kimi, əvvəlcə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, daha sonra isə valideynin ailə və maddi durumunun müsaitliyini müəyyən etmişdir. Başqa sözlə, baxılan işin hallarından uşaqdan ayrı yaşayan valideynin ailə və maddi vəziyyətinin aliment ödəməyə imkan verməməsi ilə bağlı diqqətəlayiq halların olduğu və aliment ödənilməməsinin uşağın əvvəlki təminat səviyyəsinin aşağı düşməsinə səbəb olmadığı müəyyən olunarsa, məhkəmə aliment ödəməli olan şəxsi bu öhdəliyindən azad edə bilər. Bunun üçün isə məhkəmə, yalnız aliment ödəməli olan şəxsin deyil, hər iki valdieynin ailə və maddi vəziyyətini öyrənməlidir. Təsadüfi deyil ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd edilmişdir, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu baxımdan, Kollegiya hesab edir ki, alimentlə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Baxılan işin hallarından görünür ki, saxlanılması üçün aliment tələb edilən xx.xx.2009-cu il təvəllüdlü Fatimə Qəfərzadə atası İddiaçı himayəsindədir. İddiaçı cavabdehlə münasibətləri kəskinləşərək faktiki ayrıldıqları vaxtdan (nikahın pouzlması və xx.xx.2009-cu il təvəllüdlü Fatimə Qəfərzadənin onun himayəsinə verilməsi barədə xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinin qüvvəyə mindiyi tarixdən əvvəl) hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi xx.xx.2020-ci il tarixədək uşağın saxlanılması xərclərini təkbaşına çəkmişdir. Hazırkı məqamda isə onun maddi vəziyyətində hər hansı dəyişiklik olması müəyyən olunmur. Belə ki, İddiaçı hazırda işsiz olduğunu bildirsə də, Kollegiya nəzərə alır ki, X.Bəkirovanın tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların kimin yanında qalması və aliment tələbinə baxılarkən, İddiaçı, həmin iddia tələbinə yalnız birgə nikahdan doğulmuş uşaqların hər üçünün ananın himayəsinə verilməsi hissəsində etiraz etməklə, uşaqlardan ikisinin onun himayəsinə verilməsini xahiş etmiş və rəsmi iş yeri olmasa da, süd məhsulları istehsal edən fabrikdə işlədiyini, qazancının kifayət qədər yaxşı olduğunu və uşaqlarının tələbatlarını qarşılaya bildiyini qeyd etmişdir. Həmin iş üzrə xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqlardan ikisi (xx.xx.2002-ci il təvəllüdlü Elvina Qəfərova və xx.xx.2009-cu il təvəllüdlü Fatimə Qəfərzadə) onun, biri (xx.xx.2005-ci il təvəllüdlü Aysu Qəfərzadə) isə X.Bəkirovanın himayəsində verlmiş və ondan X.Bəkirovanın xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Tərəflərdən heç biri, o cümələdən İddiaçı qətnaməni mübahisələndirməmişdir. Sözügedən qətnamənin qəbul edilməsindən bir gün sonra, yəni xx.xx.2020-ci il tarixdə onunla “xxxx” MMC arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, İddiaçı, Xalidə Bəkirovaya qarşı “aliment ödəməkdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və eyni Məhkəmənin xx.xx.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə iddiası rədd olunmuşdur. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçı İddiaçı ondan aliment tutulan zaman da sabit qazanca malik olmamışdır. Həmçinin, iddiaçı cavabdehin işləməsini və qazanca malik olmasını bildirsə də, buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa isə, iddiaçı ondan aliment tutularkən malik olduğu vəsaitə hazırda malik olmamasını, yaxud maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Halbuki, iddiaçı mövcud qətnamə ilə tutulan alimentin məbləği ilə narazı olduğu halda apelyasiya şikayəti vermək hüququna malik olsa da, lakin həmin hüququndan istifadə etməmişdir. Bu qətnamənin qəbul edilməsindən 10 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə isə həmin iş üzrə iddiasını əsaslandırdığı eyni hallara istinad etməklə hazırkı aliment tələbini irəli sürmüşdür. Kollegiya, onu da vurğular ki, iddiaçı təqdim etdiyi sosial arayışa istinad edərək, “xxxx” MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verildiyini bildirsə də, məhkəməyə həmin tarixdən hal-hazıra kimi heç yerdə işləməməsi, yəni işsiz olması barədə arayış təqdim etməmişdir. Bu hallar (xronoloji ardıcıllıq da nəzərə alındıqda) ona dəlalət edir ki, İddiaçı maddi durumu himayəsində olan uşağın cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. dair xərcləri onun mənafeyinə uyğun şəkildə qarşılamağa imkan verir. Cavabdeh Xalidə Bəkirova isə, heç yerdə işləmir. Belə olan halda, Kollegiya hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü Fatimə Qəfərzadənin yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabdeh X6 Qəfərovun xeyrinə aliment tutulması, cavabdehin maddi durumu baxmından mümkün deyil və bu, xx.xx.2009-cu il təvəllüdlü Fatimə Qəfərzadənin maraqlarının pozulmasına əsas təşkil etmir. Beləliklə, qeyd olunanlara əsasən, Kollegiya, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddanı rədd edərkən düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı pelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5539/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar