Məhkəmə qərarları › İş №2(103)-2962/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2962/2025

28.07.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2962/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə Açar sözlər: müqavilənin ləğvi, pulun qaytarılması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pulun bir hissəsinin qaytarılması” tələbinə iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-372/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə cavabdeh "xxxx" MMC (bundan sonra cəmiyyət) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 014 nömrəli “Təmir xidmətinin göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçı (sifarişçi) ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işlərinin göstərilməsini sifariş verib cəmiyyətə (icraçıya) razılaşdırılmış xidmət haqqı ödəməyi, cəmiyyət isə iddiaçının müəyyən etdiyi qaydada həyət evində təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi). Eyni zamanda, iddiaçı ilkin ödəniş olaraq müqavilənin ümumi dəyərinin 10.000 manat hissəsini müqavilə imzalandığı anda (1.3-cü bənd), digər qalıq məbləğin 6.000 manat hissəsini xx.xx.2023-cü il tarixdə, hər ayın müqavilə bağlandığı tarixə əsasən isə 1.600 manat olmaqla 10 ay ərzində (1.4-cü bənd) ödəməyi, cəmiyyət isə muqavilədə nəzərədə tutulan təmir xidmətini işə başlanılan gündən 3 ay müddətində həyata keçirməyi öhdəsinə götürmüşdür (5.2-ci bənd). İddiaçı həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 6.000 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat və xx.xx.2023-cü il tarixdə 1.720 manat məbləğində ödəniş etmiş və bu ödənişlərin təsdiqi olaraq iddiaçıya kassa mədaxil orderləri təqdim edilmişdir. Həmin orderlər iddiaçı və cəmiyyətin direktoru, yəni digər Cavabdeh1 tərəfindən imzalanmış və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cəmiyyətə pretenziya məktubu ünvanlayaraq aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 014 nömrəli müqavilənin ləğv edilərək faktiki görülmüş və təhvil alınmış işin dəyərindən artıq ödənilmiş 10.920 manat pulun 10 iş günü müddətində geri qaytarılmasını xahiş etmiş, əks halda müqavilənin ləğvi və əvvəlcədən ödənilmiş, lakin müvafiq öhdəliyin icra edilmədiyi məbləğin geri qaytarılması tələbi ilə aidiyyəti məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən Cavabdeh2 MMC-nin (VÖEN: **********) hüquqi ünvanı: ünvan 1 xx.xx.2023-cü il tarixdən Cavabdeh1dur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 qarşı iddia, sonradan isə "xxxx" MMC-ni də cavabdeh qismində müəyyən etməklə, iddia tələbinin həcminin artırılması barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsindəki 50 “c” saylı evin 3 otaqlı 16-cı mənzilində aparılması nəzərdə tutulan təmir işləri ilə bağlı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 014 saylı “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ləğv edilməsi, müqavilə üzrə qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 10.920 manat pulun, o cümlədən ödənilmiş 131 manat dövlət rüsumunun, cəmi 11.051 manat pulun Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə istinad edərək iddianı onuna əsaslandırmışdır ki, müqavilə imzalanan vaxt ilkin olaraq onun tərəfindən cavabdehə 10.000 manat, xx.xx.2023-cü il tarixdə 6.000 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat, xx.xx.2023-cü il tarixdə 1.600 manat, xx.xx.2023-cü il tarixdə isə 1.720 manat, cəmi 20.920 manat məbləğində pul ödəmişdir. Hər ayın sonuna kimi o, 1.600 manat olmaqla 10 ay müddətində vəsaiti cavabdehin hesabına köçürməli idi. Kassa mədaxil orderi "xxxx" MMC-nin adına tərtib olunsa da o, pulu şəxsən cavabdehin özünə ödəmişdir. Lakin cavabdeh işə başlasa da, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, işi yarımçıq saxlamış, göstərdiyi bütün cəhdlər nəticə verməmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək işi başa çatdırmaqdan yayınmışdır. Müqavilə üzrə ödənilmiş 20.920 manat vəsaitdən cavabdeh cəmi 10.000 manatlıq iş görmüş, ya işi başa çatdırmağı, ya da qabaqcadan ödədiyi və işin yerinə yetirilmədiyi 10.920 manatın geri qaytarılmasını cavabdehdən tələb etmişdir. Lakin nə iş davam etdirilmiş, nə də ki, ödədiyi 10.920 manat geri qaytarılmışdır. Halbuki, pulun geri qaytarılmasına dəfələrlə cavabdeh söz vermişdir. Bununla bağlı whatsapp mesajları mövcuddur. Həmin mesajlarda cavabdeh ona olan borcunu etiraf edərək, yaxın vaxtlarda qeri qaytarmağa söz vermiş, lakin vədinə əməl etməmişdir. Hazırda onun müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyə görə ona 10.920 manat məbləğində borcu yaranmışdır. Cavabdehin təqsiri ucbatından yarımçıq qalmış təmir işlərini o, başqa usta - Qəşəm Əliyevin vasitəsi ilə başa çatdırmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 372/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 9.877 manat məbləğində pulun və 119 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X5).

5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında yazılı podrat müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işlərinin xidmətinin göstərilməsini sifariş edib razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə 20.920 manat ödəniş edilmişdir. Lakin cavabdehlər tərəfindən təmir işləri tam yerinə yetirilməmiş, 11.043 manat dəyərində iş görülmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturalara əsasən iddiaçı tərəfindən 6.563 manat məbləğində material üçün xərc çəkilmiş, şahid ifadəsinə əsasən ona Cavabdeh1 tərəfindən 3.480 manat məbləğində pul verilmiş, iddiaçının izahatına əsasən isə təmir ilə bağlı zibillərin daşınması üçün fəhlələrə 1000 manat ödəniş cavabdeh tərəfindən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mənzilinin təmir işlərinin tam yerinə yetirilməmiş, ümumilikdə 11.043 manat dəyərində iş görülmüşdür. Lakin iddiaçı cavabdehə 20.920 manat ödəniş etmişdir. İddiaçının ödədiyi 20.920 manatdan 11.043 manat dəyərində iş görülmüş, 9.877 manat dəyərində iş isə görülməmiş, həmin vəsait cavabdehlər tərəfindən iddiaçıya qaytarılmamışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, iddia tələbinin qalan hissəsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən bu hissədə idda tələbi təmin edilməməlidir.

6. Məhkəmə iddianın “müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə xəbərdarlıq ünvanlayaraq işi tam yerinə yetirmədiyi üçün artıq ödənilmiş pulun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciətlə bağlı xəbərdarlıq etmişdir. Bununla da xidmətlərinin göstərilməsi haqqında müqavilədən birtərəfli qaydada imtina etmişdir. Beləliklə tərəflər arasında bağlanmış xidmətlərinin göstərilməsi haqqında müqavilə artıq ləğv edilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi təsbit edilməlidir.

7. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 131 manat məbləğində dövlət rüsumundan 119 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385- 387-ci, 390-cı, 398-399-cu, 442-ci, 752-753-cü, 759-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci, 119-cu, 217-ci, 218-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən iddianın ona münasibətdə təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

10. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təmir xidmətinin göstərilməsi haqqında müqavilənin İddiaçı (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanması müəyyən edildiyi halda, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olaraq onun maddi məsuliyyətə cəlb etməsi qanunvericiliyə görə yolverilməzdir. Çünki, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Hazırki, işdə də mübahisələndirilən müqavilə üzrə o, müqavilənin tərəfi olmamışdır. Bu səbəbdən "xxxx" MMC-nin üzərinə götürdüyü öhdəliyə görə onun üzərinə məsuliyyət qoyulması istisna edilməlidir. O, "xxxx" MMC-nin qanuni təmsilçisi kimi, MMC-nin adından müqaviləni imzalamış və müəssisənin möhürü ilə təsdiqləmişdir. O, təmir xidmətinin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, 014 nömrəli müqaviləni şəxsən deyil, hüquqi şəxsin təmsilçisi adından imza etmiş və iddiaçı qarşısında şəxsən hər hansı bir öhdəlik götürməmişdir. "xxxx" MMC-nin adına tərtib olunsa da, iddiaçı pulu şəxsən ona ödəməsi barədə dəlili əsassızdır. Həmin qəbzlərdən də aydın görünür ki, ödənişlər MMC-nin kassasına daxil olmuş və təmsilçi kimi onun tərəfindən qanuna müvafiq qəbzlər tərtib edilmişdir. Bu cür işlərdə ödənilən məbləğdən xərclərin çıxılması ilə kifayətlənmək ədalətli deyildir. Çünki, müqavilə fiziki şəxslə deyil, hüquqi şəxslə bağlanmışdır. Belə olduğu halda isə hüquqi şəxsin də bu cür müqavilədən gəlir əldə etmək kimi maraqları vardır. Bununla yanaşı, görülən işlərin həcmi müvafiq ekspertiza keçirilmədən müəyyən edilə bilməzdi. Buna baxmayaraq, məhkəmə ona verilən prosessual imkanlarından tam istifadə etmədən görülmüş işləri müəyyən etməmiş, nəticədə öz mülahizəsinə uyğun qətnamə qəbul etmişdir. Ümumiyyətlə qətnamənin əsaslandırıcı hissəsində "xxxx" MMC-nin üzərinə götürdüyü öhdəliyə görə hansı səbəbdən onun üzərinə məsuliyyət qoyulması barədə heç bir məlumat yoxdur. Nəticədə qanunsuz olaraq MMC-nin qanuni təmsilçisi kimi maddi məsuliyyətə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək onun müqavilənin tərəfi olmamasına baxmayaraq, MMC-nin qanuni təmsilçisi olmasını və MMC-nin adından hərəkət etməsini nəzərə almadan, onu müqavilənin tərəfi kimi kimi nəzərə alıb qətnamə qəbul etmişdir. Məhkəmənin nəticəsinə görə sözü gedən müqavilənin ümumi məbləği 20.920 manat təşkil edir. Halbuki, iddiaçı müqavilənin qiymətinin 32.000 manat olduğunu özü qeyd edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, müqavilə üzrə bütün məsuliyyəti əslində Cavabdeh1 daşıyır. Belə ki, bütün danışıqlar onunla aparılmış, ödənişlər nağd şəkildə ona edilmiş, o da ödənişləri əlbəəl qəbul etmiş, lakin ödənişləri cəmiyyətin hesabına mədaxil etməmiş, cibinə qoymuş, bütün məsuliyyəti özünün daşıdığını bildirmişdir. Müqavilə formal olaraq aldatmaq məqsədilə bağlanılmışdır. Apellyator ona olan borcunun etiraf etmiş, bununla bağlı yazışmalar da birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrıayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh2 MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər; 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir; 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir; 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır; 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırki apellyasiya şikayətində qətnamənin Cavabdeh1 münasibətdə iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən, yəni pulun Cavabdeh1 tutulması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “pulun və dövlət rüsumunun Cavabdeh1 tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cəmiyyəh arasında iddiaçıya məxsus olan mənzilin təmir işlərinin həyata keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Apellyator cəmiyyətin, yəni iş exrə digər cavabdehin qanuni təmsilçisi, yəni direktorudur.

22. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 20.920 manat ödəniş həyata keçirdiyini, lakin cəmiyyət tərəfindən cəmi 10.000 manat məbləğində təmir işlərinin yerinə yetirildiyini bildirmiş, həmin müqavilə üzrə öhdəliklərin pozulması əsası ilə müqavilənin ləğv edilməsini, müqavilə üzrə artıq ödənilmiş 10.920 manat məbləğində pulun və buna müvafiq olan dövlət rüsumunun müştərək qaydada hər iki cavabdehdən, yəni həm cəmiyyətdən, həm də onun qanuni təmsilçisindən tutulmasını tələb edir. İddiaçı pulun digər Cavabdeh1dan (qanuni təmsilçidən) da tutulması ilə bağlı mövqeyində ödənişlərin şəxsən ona edilməsinə, pulun onun tərəfindən əlbəəl qəbul edilməsinə, danışıqların birbaşa onunla aparılmasına istinad edir. Bu cavabdeh isə iddianı qəbul etmir, müqavilənin cəmiyyətlə bağlanıldığına, onun müqaviləni cəmiyyətin adından, onun qanuni təmsilçisi kimi imzalanmasına istinad edir və cəmiyyətin öhdəlikləri üçün heç bir məsuliyyət daşımadığını bildirir.

23. Bununla bağlı məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarına istinad edərək qeyd edir ki, Mülki Məcəlləninin 52-ci, 87-ci və 359-cu maddələrinin imperativ qaydada müəyyən olunmuş tələbləri qanuni nümayəndə və təsisçinin üzərinə hüquqi şəxsin iştirak etdiyi müqavilə üzrə icra edilməyən öhdəliyə görə məsuliyyət qoyulmasını istisna edir. Hüquqi şəxsin öhdəliyi üçün onun təmsil edən şəxsin və ya təsisçisinin üzərinə öhdəlik qoyulmasını mümkün edən istənilən əsaslandırma yolverilməz hesab edilir.

24. Bu prizmadan yanaşaraq məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi podrat müqaviləsi "xxxx" MMC ilə bağlanılmış, müqavilə üzrə öhdəliklər də məhz həmin cəmiyyət tərəfindən pozulmuşdur. Apellyator həmin mübahisə predmetini təşkil edən müqaviləni cəmiyyətin adından, onun qanuni təmsilçisi və nümayəndəsi olaraq imzalamışdır. Başqa sözlə, Cavabdeh1 müqavilənin tərəfi olmamış və müqavilədə ona münasibətdə hər hansı hüquq və vəzifələr müəyyən edilməmişdir. O, bu münasibətlərdə cəmiyyəti təmsil etmiş və onun adından hərəkə etmişdir. Bu baxımdan qeyd edilən müqavilə üzrə yaranmış öhdəliklərin cəmiyyət tərəfindən icra edilməməsinə görə həmin şəxs məsuliyyət daşıya bilməz. Həmin müqavilə üzrə iddiaçı tərəfindən aparılmış ödənişləri təsdiq edən kassa mədaxil orderləri də bu şəxs tərəfindən yenə də cəmiyyətin qanuni təmsilçisi (direktoru) kimi imzalanmış və nəticədə cəmiyyətin möhürü ilə təsdiq edilmişdir.

25. Məhkəmə kollegiyası 23-24-cü bəndlərdə qeyd edilənləri rəhbər tutaraq birinci instansiya məhkəməsinin cəmiyyətin qanuni təmsilçisi olan şəxsdən də cəmiyyətin öhdəlik daşıdığı müqavilə üzrə pulun tutulması ilə bağlı mövqeyini əsassız hesab edir və həmin hissədə qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın həmin hissədə rədd edilməsi qənaətinə gəlir.

26. Bununla yanaşı məhkəmə kollegiyası tutulmuş pulun məbləğinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsi və iş üzrə ekspertiza keçirilməsinin labüdlüyü ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddia tələbi artıq apellyatora münasibətdə əsassız hesab edildiyindən və ümumiyyətlə apellyatorun iddiaya cavab verməli şəxs olmadığı qənaətinə gəlindiyindən həmin dəlillərə ayrıca hüquqi qiymət verilməsinə hər hansı zərurət qalmır. Hüquqi nəticə etibarı ilə tutulmuş pulun məbləği müqavilənin tərəfi olan və müqavilə üzrə öhdəlik daşıyan "xxxx" MMC tərəfindən mübahisələndirilə bilər. Cavabdeh1 öz adından bu dəlillərdən ümumiyyətlə çıxış edə bilməz.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1un apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “pulun və ödəilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Cavabdeh1 aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-372/2025 saylı qətnaməsi “pulun və ödəilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar