Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2967/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh1, həmçinin onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin təyin edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-6020/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birindən, hər ay üçün 200 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1951-ci ildə anadan olmuşdur, mərhum həyat yoldaşı Əliyev Abuzərlə birgə nikahda olmuşlar, iddiaçının həyat yoldaşı 2006-cı ildə vəfat etmişdir, birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir, 1976-cı il təvəllüdlü qızı Əliyeva Arzu, 1975-ci il təvəllüdlü oğlu Cavabdeh2 və 1980-ci il təvəllüdlü oğlu Cavabdeh1. İddiaçının həyat yoldaşının vəfatından sonra iddiaçı övladları, xususən cavabdehlər Azər və Fuad ona daima qulluq edərək, ona maddi və mənəvi dəstək verəcəklərini düşünmüşdür, lakin bu belə olmamışdır, əksinə cavabdehlər onunla maraqlanmırlar, onunla kobud davranaraq “ana” haqqını yerə vurmuşdurlar, iddiaçı cavabdehlərlə bir ünvanda yaşayır, lakin bir neçə il bundan öncə digər cavabdeh Fuad şəhərin başqa yerində əlavə ev alaraq ora köçmüşdür, cavabdehlər iddiaçıya heç bir zaman 1 manat da olsa maddi köməklik göstərməmişdirlər, özündə olan pul ehtiyatlarının hesabına o bu günə qədər dolana bilmişdir, həmin pul ehtiyatlarını iddiaçı qaldığı otaqda kiçik bir sandığçada saxlayırmış, cavabdehlər də bu pul haqda məlumatlı idilər, dəfələrlə müxtəlif bəhanələrlə pulu ilə maraqlanaraq yerində olub-olmadığını soruşurmuşlar, iddiaçı bu pulun hesabına özünün pisləşmiş səhhətinin bərpası istiqamətində müxtəlif müalicə prosedurlarını icra etdirmək istəmişdir, amma cavabdehlərin qərəzli, düşünülmüş cinayət əməllərinə görə o bu maddi təminatından həmişəlik məhrum olunmuşdur, bir neçə ay bundan öncə ürəyində olan ağrıları ilə əlaqədar həkimlərin göstərişi ilə iddiaçı ürəyində kiçik bir əməliyyat keçirtmişdir, bu əməliyyatdan sonra bir neçə gün keçdikdən sonra evə qayıtdıqda cavabdehlərin iddiaçıya qarşı törətdikləri quldurluq cinayətinin qurbanı olmuşdur, nəticə etibarı ilə cavabdehlər iddiaçıya məxsus olan və otağında saxladığı 30550 ABŞ dollarını zor tətbiq edərək ondan götürmüşdürlər, bu hadisədən sonra iddiaçı uzun müddətdir özünə gələ bilməmişdir, bəlkə vicdana gələrək iddiaçıdan zorla götürdükləri pulunu qaytarılacağına ümid etmiş, amma bir neçə vaxt keçdikdən sonra, anaları olmağına baxmayaraq quldurluq yolu ilə iddiaçıdan götürdükləri pulu heç qaytarmaq fikirləri olmadıqlarını başa düşmüşdür, bu hadisədən sonra iddiaçının səhhəti onda olan bir neçə xroniki xəstəliyin ağırlaşması səbəbi ilə bir az da pisləşmişdir, bu səbəbdən depressiyaya düşmüşdür, Allahın köməyi ilə özündə güc taparaq digər övladı olan qızı Arzudan həm maddi, həm də mənəvi övlad qayğısı tapa bilmişdir, cinayət hadisəsindən sonra, iddiaçı törədilmiş cinayət hadisəsi haqqında ərizə ilə həm polis bölməsinə, həm də prokurorluğa müraciət etsə də, cavabdehlər iddiaçını yalançı və dəli adlandıraraq ona qarşı törətdikləri cinayət hadisəsini inkar etmişdirlər, hal-hazırda iş üzrə qəbul olunmuş qərardan narazı qaldığına görə, yenə də hüquq-mühafizə orqanlara şikayətlə müraciət etmişdir, cavabdehlərin iddiaçıya qarşı törətdikləri cinayət səbəbindən, o maddi təminatsız qalaraq, yalnız pensiyasının ümidinə qalmışdır, qızı Arzu da iddiaçıya maddi və mənəvi kömək göstərir, amma yenə də bu iddiaçıya çatmır və zəif səhhətinin bərpası, eləcə də günlük təlabatlarının ödənilməsi üçün kifayət etmir. Vəkil2 həmçinin öz izahatında bildirdi ki, iddiaçının gözləri təcili cərrahiyyə əməliyyatı olunmalıdır, bunun üçün bir neçə min pul vəsaiti tələb olunur, amma cavabdehlərin iddiaçıdan zorla görürdükləri pul olmadığına görə, özünün ehtiyatda olan pulu yoxdur, yığdığı pulun ömrünün sonuna qədər bes edəcəyinə ümid etmiş, həmin pul əlindən çıxdığından alimentə ehtiyacı vardır, könüllü olaraq cavabdehlər tərəfindən heç bir qayğı, yardım, eləcə də diqqət göstərilmir, son aylarda iddiaçının hətta mağazalara borcu yaranmışdır, cavabdehlər pulunu ondan zorla götürdükləri üçün şəxsi ehtiyaclarının və gündəlik təlabatlarının ödənilməsi imkanı qalmamışdır, buna görə də, iddiaçı məcbur olaraq qida məhsullarını belə bəzi dükanlardan nisyə almağa başlamışdır, hətta buna görə borcu da yaranmışdır, ona görə də məhkəmə qaydasında aliment tələb etmək istəyir, iddiaçı ayda təxminən 210 manat pensiya alır, sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq əməliyyat üçün və yoxlanışlar üçün xərclər çəkilmişdir və bu xərclər cavabdehlər tərəfindən qarşılanmalı olduğu halda qarşılanmamışdır, ona görə də, alimentin miqdarının həddi hər ay üçün, hər birindən 200 manat olmaqla müəyyən edilməlidir. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-6020/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh1, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 30 manat sabit pul məbləğinbdə alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 20 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddiasının tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandıraraq məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, evin bütün xərclərini özü qarşıladığı, Cavabdeh2 aliment ödəməsi barədə heç bir qəbzin iş materillarına əlavə edilmədiyi, digər Cavabdeh1 isə əmək haqqının 360 manatdan daha çox olduğu arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, Binəqədi Rayon Məhkəməsinin qətnaməsini ədalətli hesab etmədiyini bildirərək qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, onun aylıq gəliri 300 manat civarındadır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5600/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh2 öz övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment ödəyir, anası ilə birlikdə yaşadığından o ev üçün zəruri olan hər şeyi alır və bütün xərcləri qarşılayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, həmçinin onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirmişlər ki, o, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda elmi işçi vəzifəndə işləyir, onun aylıq gəliri 360 manat təşkil edir, aylıq vəzifə maaşı onun xərclərini qarşılamaq üçün belə kifayət etmir, lakin, buna baxmayaraq, o, anası İddiaçı hər ay 30 manat aliment ödəməyə razıdır, bundan çox məbləğdə ödəniş etməyə imkanı çatmır, anasının buna ehtiyacı da yoxdur, çünki evin kommunal və digər xərcləri qardaşı tərəfindən qarşılanır, anası pensiya da alır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə apellyasiya şikayətində qətnamənin qismən ləğvini və iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu kontekstdə müzakirə edərək hesab edir ki, şikayət şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 82-ci maddəsi təşkil edir; həmin maddi hüquq normasına görə isə, “əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər”. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5600/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4458/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq Cavabdeh2 xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Vİİ ЖГ 285087 saylı, xx.xx.1980-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə, 1365 nömrə ilə qeyd aparılmışdır. Onun atası X3, anası İddiaçıdır. İş materiallarında olan İİİ ЖГ 429837 saylı, xx.xx.1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh2 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə, 1177 nömrə ilə qeyd aparılmışdır. Onun atası X3, anası İddiaçıdır. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il,1.11.2020-ci il tarixli qəbzlərdən görünür ki, işıq sərfiyyatına görə yaranmış borc üzrə müvafiq olaraq həmin tarixlərdə 8 manat, 2 manat, 10 manat və 6 manat həcmində ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş 098620 saylı, xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək televiziya xidməti üçün haqq kimi 10 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim edilmiş 381154 saylı, xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, xidmətlərin göstərilməsi üzrə 8 manat 89 saylı MKİS-ə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi publik hüquqi şəxsi 1 saylı DOST Mərkəzi tərəfindən verilmiş **********1 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi publik hüquqi şəxsindən yaşa görə əmək pensiyası alır, pensiyanın məbləği 234.46 manatdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 menecer (maliyyə) vəzifəsində 300 manat əmək haqqı müqabilində əmək müqaviləsi əsasında işləyir. İş materiallarında olan, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 41 saylı arayışdan görünür ki, Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda elmi işçi vəzifəsində 360 manat məvaciblə işləyir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar əslində onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamış, bununla belə birinci instansiya məhkəməsi cavabdehin könüllü şəkildə müəyyən məbləğdə aliment ödəməyə razılığını (iddianı qismən etirafını) nəzərə almaqla müvafiq nəticəyə gəlmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, özünün və ailəsinin saxlanması ilə bağlı gündəlik qayğıların cavabdehin üzərinə düşməsi və iddiaçının aldığı təqaüdün məbləği Ailə Məcəlləsinin 82-ci maddəsinin dispozisiya şərtləri baxımından əhəmiyyət kəsb edən faktor kimi nəzərdən keçirilməlidir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu pensiyaçılar üçün 154 manat məbləğində müəyyən edilmişdir; iddiaçının aldığı pensiya və ona təyin olunan aliment məbləği birlikdə götürüldükdə isə, onun qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olacaqdır. Kollegiya iddia tələbinin Cavabdeh2 münasibətdə qeyd edir ki, ondan aliment tutulması mümkünlüyü onun ailə və maddi vəziyyəti, iddiaçının aylıq gəliri, həmçinin digər diqqətəlayiq hallar baxımından qiymətləndirilməlidir. Belə olan halda kollegiya, Cavabdeh2 yetkinlik yaşına çatmayan övladının saxlanması üçün hər ay sabit pul məbləğində aliment öhdəliyi, anası ilə birlikdə yaşamaqla mənzil xərclərinin onun tərəfindən qarşılanması və aşağı əmək haqqı ona münasibətdə iddia tələbinin təmin olunmasını mümkün hesab etmir. Yuxarıda şərh olunanlara əsasən əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-6020/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2967/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2967/2021
10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver