Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2967/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazilriyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ,İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1642/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 500000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-cü il tarixdə Naxçıvan MR-nın Culfa rayon Qızılca kəndində doğulmuş, İddiaçı, Naxçıvan şəhərində H.Əliyev adına Hərbi Liseyi 2009-cu ildə bitirdikdən sonra həmin ildə H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2013-cü ildə Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi almış və 1 il müddətinə Silahlı Qüvvələrin Təlim-tədris mərkəzində dinləyici kursunda olmuşdur. Kursu bitirdikdən sonra 2014-cü iyun ayında N nömrəli hərbi hissənin 5-ci tabor, 13-cü bölüyünün, 2ci tağımına komandir vəzifəsinə, 2014-cü ilin oktyabr ayında N nömrəli hərbi hissənin 4-cü tabor, 10-cu bölüyə tağım komandiri, 2014- cü ilin dekabr ayının 20-də düşmənlə təmas xəttinə yəni, N nömrəli hərbi hissənin 2-ci tabor, 5-ci bölük, 2-ci tağımın komandiri vəzifəsinə təyin edilmişdir. 2017-ci aprel ayının 20-də 15 günlük məzuniyyətə çıxaraq Naxçıvan MR-nın Culfa rayonuna yaşadığı Qızılca kəndinə getmiş və məzuniyyətdə olduğu dövrdə 2017-ci ilin may ayının əvvəllərində Bakı şəhərinə geri dönmüşdür. Adını xatırlamadığı, xidmət etdiyi 2-ci tabor komandirin maddi-texniki təminat üzrə müavini ermənilər tərəfindən açılmış atəş nəticəsində avtomobildə hərəkət edən zaman yaralandığından Baş Klinik Hospitala gedərək həmin zabiti ziyarət etmişdir. Onun yanında olan zaman söhbət əsnasında həmin şəxs N nömrəli hərbi hissənin 2-ci tabor 4-cü bölüyündə bəzi şəxslərin ermənilərlə əlaqələri olması müəyyən edildiyini, hazırda buna görə geniş araşdırma aparıldığını bildirmiş, lakin o müalicə aldığı üçün bu məsələdən geniş məlumatı olmadığını bildirmişdir. O, bir neçə gün də Bakı şəhərində qaldıqdan sonra 2017-ci ilin may ayının 6-da məzuniyyəti bitdiyi üçün xidmət yerinə yollanaraq bölük komandiri Amil Hüseynova zəng etdikdə ona bölüyün şəxsi heyəti ilə birlikdə “Goran” təlim mərkəzində təlimdə olduqlarını və bölükdəki xidməti otağın açarının onda olduğunu qeyd etdi. O, hərbi geyimlərini götürmək üçün ilk öncə “Goran” təlim mərkəzinə gedərək orada Amil Hüseynovdan xidməti otağın açarını götürüb xidmət etdiyi bölüyə yollanmış və bölüyə çatan zaman orada əvvəllər görmədiyi başqa hərbi qulluqçuları görmüş və onu bölüyün ərazisinə buraxmamışlar. Onlara özünü təqdim edib bölükdə olan hərbi səhra geyimlərini götürməyə gəldiyini dedikdə N nömrəli hərbi hissə komandirinin müavini, polkovnikleytenant Fəqan Əliyev ora gəlmiş və kim olduğunu, nə məqsədlə gəldiyini soruşduqdan sonra sonuncu onun bölüyün ərazisinə daxil olmağına icazə vermiş və o, xidməti otağa daxil olaraq orada hərbi səhra geyimini geyinmişdir. Bölüyə daxil olduqdan təxminən yarım saat sonra Fəqan Əliyev ona yaxınlaşaraq Uaz markalı avtomobilə əyləşməyini tapşırdıqda o, avtomobilin arxa oturacağına əyləşmiş,orada olan hərbi hissənin kəşfiyyat bölünün tağım komandiri Məmmədəli Mirzəyev də avtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra bir qədər yol getdikdən sonra N nömrəli hərbi hissənin Tərtər rayonunun Şıxarx kəndində yerləşən köhnə qərargah binasına çatmaqlarına bir neçə dəqiqə qalmış Məmmədəli Mirzəliyev ona “kitelini çıxart başına keçirt, belə göstəriş veriblər bizə problem ola bilər” sözlərini dedikdə nə olduğunu anlamadan sonuncunun dediklərini etmişdir. Avtomobil bir neçə dəqiqə getdikdən sonra köhnə qərargah binasının qarşısında avtomobil dayandıqda O, avtomobildən düşdükdə Məmmədəli Mirzəliyev həmin vaxt onu köhnə qərargah binasının içərisinə salmışdır. Həmin vaxt kitelini normal geyinmiş, əlləri və gözləri açıq olmuşdur. Binanın içərisinə daxil olan zaman ikinci mərtəbədən bir nəfər hərbi səhra geyimində, başında qara maska olan şəxs əlində 70-80 sm uzunluğunda kauçuk turba tutaraq pilləkənlərlə aşağı düşərək onun qarşısında dayanıb istehza ilə “xoş gəlmisən” sözlərini deyərək əlindəki turba ilə onu vurmaq istədikdə müqavimət göstərərək turbanı onun əlindən alıb yerə atdıqda həmin şəxs “bu qudurub” sözlərini dedikdə ona “quduran özünsən” sözlərini demişdir. Həmin şəxs onun qollarından tutub burmuş, başını aşağı əyərək pilləkənlərlə ikinci mərtəbəyə qaldırmışdır. Həmin vaxt bir nəfər arxadan onun gözlərinin üstünə parça qoyub skoçla bağlayıb ikinci mərtəbədə başını aşağı əyərək onu bir otağa salaraq bir nəfər “danış” demişdir. Həmin şəxsin səsindən hərbi hissə komandirimi olduğunu bilmiş və sonuncuya məzuniyyətdə olduğunu, heç nədən xəbəri olmadığını bildirmişdir. Həmin vaxt Teymur Məmmədovdan başqa otaqda başqa bir nəfərdə olmuş, gözləri bağlı olsa da başını aşağı əyən vaxt yuxarı baxmaqla görərək həmin şəxsin İ Ordu birləşməsi komandirinin müavini Ruslan Ağasiyev olduğunu görmüşdür. O, Teymur Məmmədova heç nədən xəbəri olmadığını dedikdə sonuncu onu gətirən qara maskalı hərbi qulluqçulara müraciət edərək “aparın göstərin” sözlərini dedikdə qara maskalı şəxslər də onu başqa otağa apararaq gözlərini açaraq həmin qara maskalı şəxslər arxa tərəfində duraraq başından tutub otaqda olan şəxslərə baxmağını tələb etmişdir. Həmin vaxt otağa baxanda orada üzü divara 4-5 nəfər tanımadığı şəxsin tam lüt şəkildə ayaq üstdə durduğunu, onların hər birinin işgəncə verilərək kürək və ayaqlarında çoxsaylı qançırlar olduğunu görmüşdür. Qara maskalı şəxslər həmin şəxsləri göstərdikdən sonra yenidən gözlərini bağlayıb başını aşağı əyərək yenidən Teymur Məmmədovun olduğu otağa aparmış, həmin otaqda qara maskalı hərbiçilər onu dizləri üstdə yerə oturdub başını aşağı əydikdə Teymur Məmmədov ona müraciət edərək “gördün onları?” və “indi danış” sözlərini dedikdə T.Məmmədova heç nədən xəbəri olmadığını, məzuniyyətdən həmin gün qayıtdığını bildirmişdir. Teymur Məmmədov da xidmət etdiyi bölükdə guya ermənilərə “işləyən”lərin olduğunu və onuda ermənilərlə əlaqədə olduğunu deyərək etiraf etməyini tələb etmişdir. O belə bir halın olmadığını dedikdə Teymur Məmmədov qara maskalı hərbiçilərə “bunu aparın” sözlərini dedikdən sonra qara maskalı hərbiçilər müxtəlif nahiyələrindən vuraraq dəhlizə çıxarıb dəhlizin baş hissəsinə gətirib ayaq üstdə gözləməyini tapşırmışlar. Həmin vaxt əlləri və gözləri bağlı vəziyyətdə bir qədər ayaq üstdə gözlədikdən sonra heç kim onu çağırmadığından dəhlizdə yerdə oturub orada yuxulamışdır. Səhəri gün, onu ayaq üstdə durquzduqdan bir qədər sonra bir otağa salaraq təpiklə vurub yerə uzatmış və üstünə su tökmüşlər. Üstünə su tökdükdən sonra gözlərinə bağlanmış skoç bir qədər açıldığı üçün otaqda iki nəfər qara maskalı hərbiçi, bir nəfər isə kostyum geyinmiş mülki şəxsi görmüşdüm. Kostyum geyinmiş mülki şəxs onu təhqir edərək ermənilərlə əlaqədə onu ittiham edərək etiraf etməyini tələb edən zaman O, təkzib etdikdə qara maskalı bir nəfər onun üstünə çıxaraq baş hissəsinə, ayaqlarına naqil qoyub 2-3 dəfə elektrik cərəyanı vermişlər. Cərəyanın təsirindən halım pisləşdiyindən onları təhqir etdiyi üçün onu bir neçə dəqiqə təpik, yumruq və kauçuk turba ilə döymüşlər. Təxminən iki saat işgəncələrə məruz qalmış və həmin vaxt qara maskalı şəxslərin və mülki geyimli şəxsin kim olmasını bilməmişdir. Bundan əlavə köhnə qərargah binasında xidmət etdiyi bölükdə sürücü işləyən “maxe” Allahverdiyev Rusifin qara maskalı hərbi qulluqçular tərəfindən tam lüt şəkildə uzadılaraq kauçuk turba ilə döyüldüyünü görmüşdür. 2017-ci ilin may ayının 7-də gecə saatlarında Şıxarx kəndindəki köhnə qərargah binasında onunla birlikdə saxlanılan şəxslər əlləri və gözləri bağlı şəkildə “Kamaz” markalı hərbi avtomobillərlə N nömrəli hərbi hissənin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən köhnə yataqxana binalarına apararaq onları vura-vura, təhqir edərək əvvəllər ferma kimi istifadə edilmiş köhnə yataqxana binasına yerləşdirmişlər. Həmin yataqxana binasının geniş otağında divar boyu müxtəlif şəxslər yerdə əlləri və gözləri bağlı şəkildə oturdulmuşdur. Onuda divara söykənmiş vəziyyətdə yerdə oturtmuş və onlara nəzarəti artıq hərbi geyimi digər hərbi qulqulluqçulardan fərqlənəni və üzlərində qara maska olan Hərbi Dəniz Qüvvələrinin “SAT” deyə adlanıdırılan xüsusi təyinatlıları həyata keçirmişdir. Orada saxlanılan zaman ilk günlər yemək üçün gün ərzində 1 və ya 2 dəfə yalnız boyat çörəklər verilmiş, hərəkət etməyə, otağı tərk etməyə və danışmağa icazə verilməmiş, daim “SAT”ın qara maskalı hərbi qulluqçuları gəzişib əllərində olan kauçuk turba, rezin dəyənək və təpik, yumruq zərbələri ilə otaqdakı şəxslərə zərbələr endirib təhqir etmişlər. “SAT”ın qara maskalı hərbi qulluqçuları dəfələrlə ona kauçuk turba ilə, təpik və yumruq zərbələri endirmişlər. N nömrəli hərbi hissədə bir neçə gün əlləri və gözləri bağlı saxlandıqdan sonra yataqxananın qarşısında olan sıra meydanında sıra hazırlığı və fiziki hazırlıq elətdirilmiş, günün altında saatlarla ayaq üstdə durmaqla işgəncələr verilmiş və həmin sıra hazırlığını N nömrəli hərbi hissənin leytenantı Ruslan Mikayılov həyata keçirərək əziyyət vermişdir. Sıra hazırlığında olan zaman ərazidə dəfələrlə İ Ordu birləşməsi komandirinin hüquq məsələləri üzrə köməkçisi Fuad Ağayevi görmüş, sonuncu belində tapança olmaqla daim ərazidə gəzmiş və ya oradakı “besetka” da oturmuşdur. İ Ordu biləşməsi komandiri Hikmət Həsənovu da həmin yerdə besetka da gömüş və bir dəfə Hikmət Həsənov onlara yaxınlaşaraq uca səslə yanında olan tanımadığı zabitlərə müraciət edərək “bunların saçlarını keçəl qırxın” sözlərini demiş və onların saçları keçəl qırxılmışdır. Hikmət Həsənov və Fuad Ağayevin göstərişləri əsasında onlarla dustaq kimi davranılmış, “xainlər” deyə müraciət edilərək təhqir edilmişlər. 2017-ci ilin iyun ayının 20-dək əlləri və gözləri bağlı şəkildə N nömrəli hərbi hissənin köhnə yataqxana binasında saxlanılmışdır. Onunla birlikdə N nömrəli hərbi hissənin giziri Babək Əliyev, N nömrəli hərbi hissənin zabitləri Turan Əbdüləzimov, bölük komandirim Amil Hüseynov, Anar Sadıqov, N nömrəli hərbi hissənin tabor komandiri Pərviz Pirməmmədov N nömrəli hərbi hissənin köhnə yataqxana binasında saxlanılmış və işgəncəyə məruz qalmışlar. Onun əlləri və gözləri açılaraq N nömrəli hərbi hissənin yeni yataqxana binasına aparılmış, orada yuyunmuş və normal qaydada yataqxanada qalmışdır. Səhəri gün, onu və digər şəxsləri N nömrəli hərbi hissənin köhnə yataqxanalarının qarşısında olan “besetka”da Hikmət Həsənov təktək olmaqla qəbul etmiş, sıra ona çatdıqda Hikmət Həsənov xidmətinə davam etmək istəyib-istəmədiyini soruşduqda ona xidməti ə davam etmək istədiyini qeyd etdikdə onun yanında olan X3 Həsənova müraciət edərək “cənab general mənə elə gəlir ki, bu xidməti ə davam edə bilməz” sözlərini demişdir. Hikmət Həsənov ona yenidən müraciət edərək “qalmaq istəyirsən ya getmək?” sözlərini soruşduqdan sonra həmin gün O, N nömrəli hərbi hissənin İsmayılbəyli kəndindəki qərargahına aparılmışdır. Orada sərəncamda qaldıqdan sonra 2017-ci ilin iyun ayında N nömrəli hərbi hissənin 4-cü tabor, 10-cu bölüyə tağım komandiri vəzifəsinə təyin edilərək xidmətini davam etdirmişdir. Bundan başqa o, həmin vəzifədə xidmət edərkən qeyd edilən məqsədlə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 6 may 2017-ci il tarixdə axşam saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 2-ci tabor 5-ci bölük 2-ci tağım komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binasında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixi zor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 6 may 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək, cəmi 45 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bundan başqa iddiaçı əsassız azadlıqdan məhrum olduğundan haqqında çox ciddi ittihamlarla onun nüfuzuna xələl vurulmuşdur. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. İşin ictimailəşdirilməsi nəinki onun hətta onun ailəsinin nüfuzuna ciddi xələl gətirmişdir. Ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması, yaddaş pozğunluğu və s. nəticəsində dəymiş mənəvi zərərə görə 500000 manat məbləğində mənəvi zərərə uğramışdır. Hal-hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə ödənilməsini xahiş edir.
2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, onun təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia predmentinin əsasını təşkil edən hallar «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən əsasları özündə ehtiva etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək hüquqlarının pozulduğunu və bu əsasla da ona dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsini məhkəmədən tələb etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində təsbit edilmiş əsasların mövcud olması (bəraətverici hökm,cinayət təqibinə xitam verilməsi və inzibati xəta haqqında işə xitam verilməsi haqqında qərar) nə iddia ərizəsində, nə də işə əlavə edilmiş sənədlərdə görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə müvafiq olaraq, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1642/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 23000 manatın ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir . Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3, 1096, 1100, 1101.1, 1101.2; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6, 7, 12; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə; Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı 45 gün müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvlərinin mənəvi iztirablar yaşaması, yaxınlarının mənəvi-psixoloji hallar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə görə 500 000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Qeyd olunanları nəzərə alaraq, iddiaçının məruz qaldığı rəftara görə ona hər günü üçün 500 manat olmaqla 22500 manat məbləğin ödənilməsi məntiqəuyğun olmasına baxmayaraq, işin diqqətəlayiq hallarını nəzərə alaraq, vurulmuş mənəvi ziyanın məbləğini 23000 manat müəyyən edilməsi ədalətli və ağlabatan hesab olunur. Odur ki, iddia qismən təmin edilməli, iddiaçının xeyrinə 23000 manat tutulmalıdır . Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
4. Birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki: Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)- 7/2024 saylı hökmü ilə müəyyən edilir ki, 06 may 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək, cəmi 45 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. (hökmün 1- 3, 126-127, 918-932, 933, 934, 1157-1190 səhifələri). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1232/2025 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına; “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17- ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçünQanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Hazırda yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1000 manat, (“Tərtər işləri” üzrə isə bəzi hallarda 1500 manat) müəyyən edilir. Hazırkıişin hallarına əsasən İddiaçı azadlıqdan məhrum etmə yerlərində cəza çəkməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən dəymiş zərərin məbləği 45 gün üçün 23.000 manat məbləğində müəyyən edilmişdir. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımdan tərəflərindən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin, habelə Avropa məhkəməsinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir. Belə ki, iddiaçı barəsində azadlıqdan məhrum etmə cəzası və ya hər hansı həbs qətimkan tədbiri tətbiq olunmadığı halda onun üçün müəyyən edilən kompensasiya qeyd edilən cinayət-hüquqi xarakterli tədbirlərə məruz qalmış və beləliklə, iddiaçıdan daha ağır mənəvi zərər çəkmiş şəxslərin kompensasiyasından daha artıqdır. Burada nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində azadlıqdan məhrum olunmuş şəxslərə dəymiş zərərlə bağlı kompensasiya məbləğləri zərərçəkmiş şəxslərin məruz qaldığı fiziki və mənəvi məhrumiyyətlər, habelə zərərin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilmişdir və hazırda müvafiq iddia tələblərinə dair işlərdə məhkəmələr tərəfindən tətbiq olunmaqdadır. Həmçinin diqqətdən qaçırılmamalıdır ki, həmin məbləğlər müəyyən edilərkən zərərin vurulma müddəti (1 aya görə) nəzərə alınmışdır. Belə olan halda şəxsə daha qısa müddətdə zərər vurulduğu indiki iş üzrə zərərin kompensasiyasının bu baxımdan adekvat olmasına diqqət edilməlidir. Bununla yanaşı, hazırkı qətnamə ilə müəyyənləşdirilmiş kompensasiya məbləği oxşar tipli işlər üzrə artıq kompensasiya ödənilmiş şəxslər tərəfindən yeni iddiaların irəli sürülməsinə, beləliklə, dövlət büdcəsi üzərində yeni əsassız öhdəliklərin yaranmasına gətirib çıxaracaqdır. Göstərilən halları və pozuntuları nəzərə alaraq, təmin edilmiş kompensasiya məbləği ilə bağlı etirazlarını bildirir və qeyd olunan əsaslar nəzərə alınmaqla qətnamənin ləğv edilməsini zəruri hesab edirlər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini qeyd etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 7.Məlumatlandırlması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin və mübahisə premdeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1097, 1100, 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibinin əsassız həyata keçirilməsi, şəxsin azadlığının məhdudlaşdırılması və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir. Cavabdeh tələbin ona yönəlmiş cavabdehliyi mübahisələndirərək kompensasiyanın düzgün hesablanmadığını qeyd edir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri isə özüözlüyündə də ziddiyyət təşkil edir. Belə ki, bir tərəfədən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə zərərin məbləğinin düzgün müəyyən edilmədiyinə yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlərə görə, habelə Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi məhkəmələrin vəzifələrinə aid deyildir. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır. 11.Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
12. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 13.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər;5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur. 14.Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respulikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1642/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.