Məhkəmə qərarları › İş №2(103)-2968/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2968/2025

19.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2968/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna ("xxxx" MMC və X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“icra qeydinin ləğv edilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna ("xxxx" MMC və X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-438/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən çıxarılmış 81- 20438 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, Bakı şəhər 43 saylı notariat ofisinin 8İ-12648 nömrəli xx.xx.2022-ci il tarixli və Bakı şəhər 14 saylı notariat ofisinin 8İ-20438 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə ipoteka predmeli olan Bakı şəhəri, Nəsimi rayonu, O.Hüseynov küç. ev 5/7, mənzil 601 (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilib, ondan 24144.36 manat əsas borc, 4722.30 manat faiz borcu, 4750.00 manat dəbbə pulu olmaqla cəmi 33616.66 manat və 14746.68 manat əsas, 2647.38 manat faiz, 2580 manat dəbbə pulu olmaqla cəmi 19974.06 manat məbləğində borc pul və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq tələbkar "Kəpəz BOKT” MMC-nin hesabına tutulması müəyyən edilmişdir. İddiaçı ‘‘Kəpəz BOKT” MMC-nin Nəsimi rayon filialına borcunun bir hissəsini ödəmişdir. Lakin onun banka ödənişlərini nəzərə almadan icra qeydini vermişdir. Ödədiyi pullar da düzgün hesablanmayaraq borcunun əsassız şişirdilməsinə səbəb olmuşdur. Eyni zamanda hərraca yönəldilən zaman əmlakın dəyəri olduqca aşağı qiymətləndirilmişdir. Halbuki həmin mənzili o, təmirsiz şəkildə 240 000 AZN məbləğə almışdır. 100000 AZN-ə yaxın təmirinə pul xərcləmişdir. Mənzilin dəyəri 350 000 AZN dəyərindədir. Hazırda isə onun mənzili 220000 AZN-ə satışa çıxarılmaqdadır. Bunlara görə də icra qeydi ilə razı deyildir. Həmin icra qeydini Bakı şəhər Nəsimi rayon İcra şöbəsindən xx.xx.2023-cü il tarixdə almışdır. Hazırki iddia üzrə müraciəti əsasında Nəsimi və Yasamal rayon məhkəmələri iki qərardad qəbul edərək aidiyyətin Nəsimi rayon məhkəməsi olduğu qənaətinə gəlmişlər. Bundan sonra Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, bir müddət sonra isə Məhkəmə tərəfindən 2(006)-464/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardad qəbul edilərək mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə İ4 saylı və 43 saylı notariat ofislərinin vermiş olduqları icra qeydlərinin ləğvi tələblərini bir-biri ilə əlaqəli olmayan tələb kimi qiymətləndirmişdir. Tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilsə də, qərardad qüvvəsində saxlanılmışdır. Odur ki, hazırda həmin icra qeydlərinin ayrı-ayrı mübahisələndirilməsi üçün müraciət etmək məcburiyyətindədir. Yenidən məhkəməyə müraciət etsə də, bu dəfə məhkəmə işi baxılmamış saxlamışdır.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-438/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 10.5, 36.1, 36.2, 36.4, 36.5, 37.1, 37.3, 38.1, 38.2, “Notariat haqqında” Qanunun 76, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” Bənd 1-1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/2587 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən iddiaçıya 36 ay müddətinə illik 32 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixli 2022/2587-İP nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, 5\7 saylı evin 601 nömrəli mənzil "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan X3 nümayəndəsi, borcalan İddiaçı və ipoteka saxlayan Kəpəz BOKT" MMC tərəfindən imzalanmışdır. Müqavilə əsasında Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022- ci il tarixli icra qeydi verilmiş və həmin icra qeydi əsasında Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Hazırda İddiaçı Bakı şəhər 14 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-20438 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, borcunun bir hissəsini ödəməyinə baxmayaraq, MMC ödənişləri nəzərə almadan icra qeydini vermişdir, borc düzgün hesablanmayaraq əsassız şişirdilmişdir. Bundan başqa hərraca yönəldilən zaman əmlakın dəyəri olduqca aşağı qiymətləndirilmişdir. Məhməkə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı ilə "xxxx" MMC arasında borc münasibətləri olmuş, iddiaçı ödəniş cədvəlinə əsasən 2022-ci ilin may ayından başlayaraq 2025-ci ilin aprel ayınadək hər ay 653,32 manat ödəməyi öhdəsinə götürsə də, hesabdan çıxarışdan göründüyü kimi, o, yalnız bir dəfə - xx.xx.2022- ci ildə 654 manat ödəniş etmişdir. Digər aylar üzrə ödənişlərlə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş qəbzlərə münasibətdə məhkəmə qeyd edir ki, onlardan ikisi "Yelo Bank” ASC tərəfindən xəzinəyə mədaxil-məxaric edilməsi ilə bağlıdır ki, onların "xxxx" MMC-yə olan ödənişlərə aidiyyəti müəyyən olunmur. xx.xx.2023-cü il tarixli 1401 - ********** nömrəli qəbzdəki ödəniş isə iddiaçının digər - xx.xx.2022-ci il tarixli 1913/2022 nömrəli müqavilə üzrə apardığı ödənişi özündə əks etdirir. Bu baxımdan tələb olunan borc məbləği mübahisəsiz olmuş və MMC həmin borc üzrə icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etməkdə haqlı olmuşdur.Baxılan iş üzrə iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildiriş poçt xidmətinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur ki, belə olan halda Qanunun tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə bildiriş təqdim olunmuş sayılmışdır. Bildirişin məzmununda da iddiaçıya bu barədə xəbərdarlıq edilmiş, İpoteka haqqında Qanunun 36.1-ci maddəsinin tələbi izah olunmuşdur. İşdən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlayaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş və həmin bildiriş qeydə alınmışdır. Məhkəmə iddiaçının ipoteka predmeti olan mənzilin hərraca çıxarılarkən dəyərinin aşağı qiymətə müəyyən edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüquqununun ipoteka qoyanın mülkiyyətində olan əşyaya - ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Odur ki, ipoteka predmetinin hərracdan hansı qiymətə satılması əsas borclunun öhdəliyinin həcmi baxımından onun əleyhinə bir vəziyyət yaratmır, əmlak marağını pozmur. Ona görə də əsas borclu ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi baxımından maraqlı şəxs sayıla bilməz. Məhkəmə tərəfindən ipoteka qoyan X7 müstəqil tələb irəıi sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Elektron məhkəmə informasiya sistemində ipoteka qoyanın məhkəmə işləri nəzərdən keçirilərkən bildirişdən məhkəməyə şikayət verilməsi ilə bağlı iddia qaldırması müəyyən olunmamışdır. X1 rəsmi qeydə alındığı ünvana göndərilmişdir. İpoteka müqaviləsini imzalamış kredit alan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsinə gəldikdə isə məhkəmə iclasında iştirak edən iddiaçı iddiasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin ona çatdırılıb-çatdırılmamasını mübahisələndirməmiş, yalnız məhkəmənin verdiyi suala cavab olaraq ona hər hansı bildirişin çatdırılmadığını bildirmiş, verdiyi izahatında hazırkı iddianı qaldırmaqda əsas məqsədinin ödənişləri həyata keçirmək üçün müəyyən zaman qazanması olduğunu aşkar şəkildə ifadə etmişdir. İddiaçı eyni zamanda "Azəri Express” sürətli çatdırılma xidmətinin təqdim etdiyi qəbzdə göstərilən ünvanda yaşadığını və qəbzdə qeyd edilən mobil və şəhər telefon nömrələrinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, "İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin "çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Əksinə, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra artıq təqdim olunmuş sayılır.Təsadüfi deyildir ki, "Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin siyahısında, "ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ- 20438 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5\7, mənzil 601 (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nizami rayonu, Əbdülvahab Salamzadə küçəsindəki, 202, M3, m1) mülkiyyətçisi X5r. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022- ci il tarixli 2022/2587 nömrəli müqaviləyə əsasən, İddiaçı illik 32% olmaq şərti ilə, 36 ay müddətinə 15000 manat kredit verilmişdir. İddiaçı krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2022-ci il tarixli 2022/1913 nömrəli və xx.xx.2022-ci il tarixli 2022/2587 nömrəli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq X7 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, 5\7 saylı evin 601 nömrəli mənzil "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 2022/2587-İP nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən yülkü edilmişdir. İpoteka müqaviləsinə əsasən həmin əmlakın qiyməti 200.000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan X3 nümayəndəsi, borcalan İddiaçı və ipoteka saxlayan Kəpəz BOKT" MMC tərəfindən imzalanmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5\7, mənzil 601, (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nizami rayonu, Əbdülvahab Salamzadə küçəsi, 202, M3, m1) "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir; - Tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 19974.06 AZN (14746.68 AZN əsas borc, 2647.38 azn faiz borcu, 2580.00 AZN dəbbə pulu olmaqla) borc məbləği üzrə ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsi barədə xx.xx.2022-ci il tarixli 791 nömrəli bildiriş borc alan İddiaçı və ipoteka qoyan X6 göndərilmişdir; - "xxxx" MMC xx.xx.2022-ci il tarixli, 838 nömrəli məktubla DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5\7 saylı evin 601 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alındığı bildirilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 936 nömrəli ərizəsinə əsasən, MMC ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsi barədə notariat ofisinə müraciət etmişdir; - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq olunmuş 8İ-20438 saylı xx.xx.2022ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, "X13 Kredit Təşkilati" MMC-nin tələbi ilə ipoteka qoyan- ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan Yaşaması 1-cl kvart. 39 ünvaninda qeydiyyatda olan X2 ipoteka predmeti elan Bakı şəhəri, Nəsimi rayonu, Ənvor Hüseynov küçəsi, ev 5\7, mənzil 601 yeni qaydalarla ünvan 5 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi göstərilmişdir. Öhdəliyi müəyyən edən 2022/2587 müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 14746.68 AZN əsas borc, 2647.38 azn faiz borcu, 2580.00 azn dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 19974.06 AZN təşkil edir; - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025ciil tarixli, 2(006)-438/2025 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76; Mülki Məcəllənin 509.1; "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1; Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsində də qeyd etdiyi kimi hazırki mübahisə üzrə icra qeydinin verilməsi yanlış olmuşdur. Çünki borc mübahisəlidir. Məhkəmə tərəfindən isə mübahisəyə obyektiv hüquqi qiymət verilməmişdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması təsdiq edilmişdir. Həmin formaya əsasən, bildirişdə borcun 20 gün ərzində ödənmədiyi halda, notariusun icra qeydinin aparılması barədə xəbərdarlıq etməsi qeyd olunmalıdır. Hazırki işdə isə belə bildiriş göndərilməmişdir. Bununla da, iş üzrə iddia tələbinin əsasını təşkil edən yaranmış borcun ipoteka predmetinə yönəldilməsi barədə notariat ofisinə müraciət edilməsi barədə ipoteka saxlayan tərəfindən iddiaçıya və ipoteka qoyana məlumat verilməməsi tələbin əsaslı olmasına dəlalət edir. Həm də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana təqdim edilməmişdir. Hazırki işdə ipoteka qoyan hər nə qədər məhkəmə iclasında iştirak etməsə də, məhkəmə icra qeydinin ləğvini araşdırarkən işi hərtərəfli araşdırmalı və bildirirşlərin ona çatdırılıb-çatdırılmamasına da qiymət verməli idi. Məhkəmə iddiaçının ipoteka predmetinin qiymətləndirilməsində marağı olmadığını qeyd etmişdir. Lakin məhkəmə unutmuşdur ki, əgər ipoteka qoyulmuş əmlak aşağı dəyərdən qiymətləndirilsə, ipoteka qoyan iddiaçıya qarşı iddia qaldıraraq reqres qaydada dəymiş zərəri tələb edəcəkdir. Buradan da aydındır ki, iddiaçının ipotekaya qoyulmuş əmlakın qiyməti barəsində birbaşa marağı və bunu mübahisələdnirməyə subyektiv hüququ vardır. Qeyd edilən səbəbdən məhkəmənin bu mövqeyi də yanlış olmuşdur. İddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat’in 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısından və bildirişdən bəhs olunmuşdur. Qeyd edilən halın iddia ərizəsinə yazılması elə bildirişin çatdırılıb-çatdırılmamasının mübahisələndirildiyi məqsədi güdmüşdür. Həmçinin məhkəmə iclasında da iddiaçı ona bildiriş çatdırılmadığını bildirmişdir. Məhkəmə mobil telefon nömrəsi və ünvana istinad etsə də, qəbzdəki hər hansı soyadın və imzanın olması məsələsinə toxunmamışdır. Ümumiyyətlə, həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmasını ünvan və mobil telefon nömrəsi yox, əl yazısı ilə qeyd edilmiş ad soyad və imza təsdiq edə bilərdi. Göründüyü kimi, bu xüsusatların araşdırılmaması həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmadığını və dolayısı ilə icra qeydinin qanunsuz olaraq verildiyini təsdiq edir. Lap fərz etsək ki, iddiaçı iddia ərizəsində bildirişi mübahisələndirməyib. Lakin yenə də məhkəmənin vəzifəsidir ki, icra qeydinin ləğvinə əsas olmuş bütün halları hərtərəfli araşdırsın. Çünki iddiaçının tələbi də elə icra qeydinin ləğv edilməsi olmuşdur. Məhkəmə bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılıb-çatdırılmamasını araşdırmamışdır. Məhkəmə yalnız göndərilmə hissəsi ilə maraqlanmış və bununla kifayətlənmişdir. Halbuki iddiaçı məhkəmə iclasında ona heç bir bildirişin çatdırılmadığını bildirmişdir. Həmçinin məhkəmə ipoteka qoyana münasibətdə ümumiyyətlə araşdırma aparmamışdır. Baxmayaraq ki, ipoteka qoyan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur, lakin məhkəmə ona münasibətdə ümumiyyətlə bildirişin çatdırılıbçatdırılmamasını araşdırmamışdır. İş üzrə cavabdeh tərəfindən və notariat ofisindən də bu cür sənəd təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə işin obyektiv həllinə nail olmaq üçün bu kimi hallara özü qiymət verməli idi. İpoteka qoyanın hər hansı iclasda iştirak etməməsi, məhkəməni öz araşdırma vəzifəsindən azad etməməkdədir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

5. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

8. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən: notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır.

9. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

10. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-ci maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən: 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. 162. icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390 -cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin ziddiyyətli dəlilləri (cavabdehə münasibətdə aidiyyəti olmayan) formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, mübahisə edilən icra qeydi üzrə notarial hərəkətlərdən öncə bildirişin borcluya təsdiq etmək üsulu ilə çatdırılması vəzifəsinin sanki notariat orqanına aid olması kimi iddia edilmiş, lakin tələbkar və bildirişi qeydə alan orqan cavabdeh qismində təsbit edilməmişdir.

14. Göründüyü kimi, qeyd edilən və digər sahəvi qanunvericilik müddəaları müvafiq bildirişin təsdiqi formasında tələbkarın, habelə qeydiyyat orqanının vəzifələri üzrə hərəkətlərini əhatə edir və Notariat orqanının müvafiq bildirişi qeydiyyat orqanında təsdiqi formasında mövcudluğu və bildirişin (yönəldilmənin) qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində borclu tərəfindən mübahisələndirilməməsi icra qeydinin notarius tərəfindən verilməsi vəzifəsini müəyyən edir. Kollegiyada icraat zamanı kuryer sənədində qeyd edilən ünvanın fərqli olmadığı müəyyən edilmişdir. Şəxsə korrespondensiyanın çatmamasının səbəblərinin araşdırılması isə cavabdehin səlahiyyətlərinə aid olmamışdır. Ona görə, hazırki apellyasiya şikayəti hüquqlardan sui-istifadəyə yönəlmiş və onlara şərait yaradan müraciət kimi qiymətləndirilərək təmin edilməməli və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 438/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar