Məhkəmə qərarları › İş №2(103)-2971/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2971/2023

24.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2971/2023 24.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment və əmlak) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment və əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Tərəflər 25 iyul 2016-cı il tarixdə nikaha daxil olmuş, onların birgə nikahdan 10 avqust 2017-ci il təvəllüdlü bir uşaqları vardır. 2.Hazırda iddiaçı övladı ilə birlikdə cavabdehdən ayrı yaşayır. 3.Tərəflər birgə nikahda olduqları dövr ərzində ünvan 1, 46 saylı mənzil və nəqliyyat vasitəsi əldə edilmişdir. Həmin nəqliyyat vasitəsi cavabdeh tərəfindən 11000 manata satılmışdır. 4.Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka münasibətdə payının müəyyən edilməsini, həmçinin birgə nikah dövründə əldə edilmiş və cavabdeh tərəfindən özgəninkiləşdirilmiş avtomobilin dəyərinin yarısının ona ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı nikahın pozulması, uşağın ananın yanında saxlanılması, aliment və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında xx.xx.2016-cı il tarixdə qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 ananın yanında saxlanılması, övladının yetkinlik yaşına qədər saxlanılması üçün cavabdehdən 193 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi, birgə nikah dövründə əldə edilmiş ünvan 1, 46 saylı mənzilin 1/2 hissəsinə pay hüququnun tanınması, birgə nikah müddətində əldə edilmiş “MERCEDES BENZ E 240” markalı nəqliyyat vasitəsi dəyərinin 1/2 hissədə pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat, 55 manat mediasiya xərcinin, 50 manat məbləğindən ödənilmiş dövlət rüsumunun, 20 manat məbləğində notariat qaydasında çəkilmiş xərclər və 30 manat daşınmaz əmlakın müəyyən edilməsi ilə köçürülmüş məbləğin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2017-ci il tarixdə X3 adlı övladları vardır. Ailə həyatı qurarkən mehriban ailə münasibəti şəraitində yaşamışlar. Əvvəllər münasibətləri normal olsa da, övladının anadan olmasından bir müddət sonra soyumağa başlamışdır. Dəfələrlə ailənin qorunub saxlanılması üçün cəhdlər etsə də, nəticəsi olmamışdır. Məcbur qalaraq 2021-ci ilin sentyabr ayından birgə nikah dövründə əldə etdikləri ünvan 1, mənzil 46-dan çıxaraq övladı ilə birlikdə valideynlərinin yaşadığı Göyçay rayonuna köçməli olmuşdur. Həmin vaxtdan hal-hazıradək faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh birgə nikahdan doğulmuş uşağının maddi təminatının ödənilməsinə heç bir köməklik göstərmir. O, hal-hazırda onlarla birlikdə deyil, başqa ünvanda yaşayır. Cavabdeh birgə nikahdan doğulmuş uşağın saxlanılmasında iştirak etməlidir. Nikahın bağlanması haqqında şəhadətnamə və övladının doğum haqqında şəhadətnaməsi cavabdehlə birlikdə yaşadığı evdə qalmışdır. Mübahisəni məhkəmədənkənar qaydada həll edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2021-ci ilin sentyabr ayından cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1, mənzil 46-dan çıxaraq övladı ilə birlikdə valideynlərimin yaşadığı Göyçay rayonuna köçdüyü tarixdən cavabdeh övladının saxlanılması üçün heç bir məbləğdə pul ödəməmişdir. Cavabdehlə birgə nikah dövründə ünvan 1, 46 saylı mənzili əldə etmişdir. Eyni zamanda birgə nikah dövründə cavabdehin adına xx.xx.2021-ci il tarixdə “MERCEDES BENZ E 240” markalı **- DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Göründüyü kimi, birgə nikah dövründə ümumi gəlirləri hesabına həm mənzil, həm də nəqliyyat vasitəsi əldə etmişlər. Cavabdehin adına qeydiyyatdan keçmiş “MERCEDES BENZ E 240” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun razılığı olmadan qeydiyyatdan çıxarılaraq alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə özgəninkiləşdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir.

7. Cavabdeh iddia tələbinin avtomobillə bağlı hissəsində razı olmadığını bildirərək, qeyd etmişdir ki, avtomobili 11000 manata öz qardaşına satmışdır və satışdan əldə etdiyi pul vəsaiti onların birgə nikah dövründəki borclarına ödənilmişdir, bu səbəbdən də iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-148/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov ) iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, cavabdehdən xx.xx.2022-ci il tarixdən hesablanmaqla uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, cavabdehdən birgə nikah dövründə əldə edilmiş və xx.xx.2022-ci il tarixdə 11000 manata satılmış "Mercedes Benz E 240" markalı, 99-DS159 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 5500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 55 manatın, vəkil tərəfindən hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 300 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə aid hissədə dərhal icra edilməsi qət olunmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi iddiaçının birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə 1/2 hissədə pay hüququ müəyyən edilməsi hissəsində əsaslıdır. İşin hallarından və tərəflərin izahatından aydın olur ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil məhz tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Bunun əksini sübut edəcək hər hansı dəlil yoxdur. Cavabdeh də izahatında qeyd edilən əmlakın birgə nikah dövründə əldə edildiyini bildirir. Bu baxımdan həmin mənzilə münasibətdə iddiaçının ½ hissədə pay hüququ müəyyən edilməlidir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi cavabdehdən birgə nikah dövründə əldə edilmiş və özgəninkiləşdirilmiş "Mercedes Benz E 240" markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslıdır. İş materialları və tərəflərin izahatından aydın olmuşdur ki, həmin avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və daha sonra cavabdeh həmin avtomobili 11000 manat məbləğinə özgəninkiləşdirmişdir. Məhkəmə tələbin bu hissəsi ilə bağlı şahid ifadəsinə qiymət verərkən nəzərə alır ki, şahidin cavabdehlə dostluq münasibətləri vardır. Digər tərəfdən də, nəzərə alınmalıdır ki, şahid ifadəsi sübut əhəmiyyəti baxımından iddia tələbinin mübahisələndirilən hissəsinə münasibətdə əhəmiyyətli halı müəyyən etmir. Yəni, həmin avtomobilin məhz ailə xərclərinin qarşılanması üçün satıldığı və satış pulunun da bu məqsəd üçün istifadə edildiyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, hazırki avtomobil tərəflərin birgə nikah dövründə əldə olunduğundan iddiaçının həmin avtomobilə pay hüququ mövcuddur. Cavabdeh tərəf avtomobilin ailə xərcləri üçün satıldığını bildirsə də, bu halın əsaslılığına dəlalət edən hallar müəyyən edilmir.

11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 44.3, 45.1, 75.1, 78.1, 78.2, 100.2, Azərbaycan Respublikası Konstitusiyasının 17.2, 34 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddia tələbinin ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə ½ hissədə pay hüququnun müəyyən edilməsi və xx.xx.2022-ci il tarixində 11.000 manata satılmış “Mercedes Benz E 240” markalı, 99-DS159 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının 5500 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qətnamənin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti - qətnamənin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı tərəfindən cavabdehlə nikaha daxil olduqdan sonra 4 ay müddətində ümumi gəlirlər hesabına mənzil alınmasını sübut edən mötəbər faktların, sübutların məhkəməyə təqdim olunmaması, iddiaçının yeganə arqumentinin mənzilin nikaha daxil olduqdan sonra əldə edilməsidir ki, bu halın iddianınn əsaslı olmasının sübutu kimi nəzərə alınmalı olmaması, avtomobilin satılmasından iddiaçının məlumatının olması, şifahi razılıq bildirməsi, həmin vaxtı birdlikdə yaşamalı və s.kimi əsaslandırmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 32.1-ci və 32.3-cü maddələrinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir.

19. AM-in 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

27. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

Apelyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qismən (“tərəflərin birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, cavabdehdən birgə nikah dövründə əldə edilmiş və xx.xx.2022-ci il tarixdə 11000 manata satılmış "Mercedes Benz E 240" markalı, 99-DS159 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 5500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissələrində) mübahisəndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən – tərəflər xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuş, birgə nigahlarından bir azyaşlı uşaqları (xx.xx.2017-ci il təvəllüdlü X3) vardır.

33. Eyni zamanda işdə olan sübutlara və tərəflərin izahatlarına əsasən - tərəflərin birgə nikahları dövründə əvəzli əqd əsasında iki əmlak, yəni ünvan 1, 46 saylı mənzil və “MERCEDES BENZ E 240” markalı nəqliyyat vasitəsi əldə olunmuşdur.

34. ünvan 1, 46 saylı mənzil üzərində mülkiyyət hüquqları 10 noyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində, “MERCEDES BENZ E 240” markalı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqları isə 06 mart 2021-ci il tarixdə rəsmi qeyestrdə qeydə alınmışdır.

35. Qeyd edilən daşınmaz əmlak hazırda cavabdehin mülkiyyətdə qalsa da, nəqliyyat vasitəsi 17 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfindən özgəninkləşdirilmişdir

36. İşin mübahisəli olan halı ondan ibarətdir ki, cavabdeh ünvan 1, 46 saylı mənzilin birgə nikah dövründə əldə olunmasını təsdiq etsə də, onların birgə vəsaiti hesabına alınmamasını, mənzilin dəyərinin çox hissəsini, yəni 25000 manatdan təqribən 18000 manatını valideynlərinin verdiyini, qalan hissəsini borc aldığını, 5000 manat hissəsinin isə birgə nikah dövründə hissə-hissə ödənildiyini bildirmiş, bu səbəbdən də həmin əmlakla bağlı hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin avtomobillə bağlı hissədə etirazı isə, avtomobilin satılmasından iddiaçının məlumatının olması, əldə olunmuş pul vəsaitinin bir hissəsinin borclanının bağlanması, bir hissəsinin isə ailə ehtiyaclarına sərf olunması ilə bağlı olmuşdur.

37. İddiaçının apellyaisya baxışı zamanı bildirdiklərinə əsasən, ünvan 1, 46 saylı mənzilin birgə nikah dövründə 25000 manat əldə olunmuş, həmin pulun çox hissəsi onun və cavabdehin valideynlərinin köməkliyi ilə ödənilmiş, qalan 5000 manat hissəsi isə birgə nikah dövründə tərəflərindən hissə-hissə ödənilmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. AM-in 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu qayda ona söykənir ki, ər-arvad ailə şəkilində ümumi təsərrüfat apardıqları üçün onların qazandıqları əmlak ayrıca bir sübutetmə vasitəsinə gərək duyulmdan ümumi birgə əmlak sayılır.

40. Göründüyü kimi, qanunverici, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyət sayılmasına dair prezumpsiya müəyyən etmişdir. Prezumpsiya dedikdə, bəlli bir (əsas qaydanın təməlini təşkil edən) hadisədən hərəkət edilərək bəlli olmayan digər bir halın təsbit olunması başa düşülür. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Məsələn, AM-in 32.1-ci maddəsindəki prezumpsiya baxımından əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi kifayət edir ki, prezumpsiyanın nəticəsi kimi həmin əmlak ümumi birgə mülkiyyət kimi qəbul olunsun.

41. Bununla belə, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Belə ki, həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar verməklə prezumpsiyanı aradan qaldıra bilər.

42. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar AM-in 34.1ci maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir.

43. Göründüyü kimi, əgər hər hansı əmlak ailənin ümumi təsərrüfatı hesabına deyil, nikahdan əvvəl, bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd nəticəsində əldə edilmişdirsə, bu hal ümumi qaydanı (prezumpsiyanı) istisna edir. Yəni, əmlak üzərində ərin (arvadın) şəxsi mülkiyyət vəziyyəti (hüququ) tanınır.

44. O da nəzərə alınmalıdır ki, həmin halları sübut etmək yükü onları iddia edən tərəfin üzərinə düşür. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Ümumi qayda ondan ibarətdir ki, qanunda xüsusi bir hal nəzərdə tutulmamışdırsa, sübutetmə yükü iddia edilən faktın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq, sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür.

46. Bununla belə, ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.

47. AM-in müzakirə olunan normaları baxımından ümumi qayda ondan ibarətdir ki, cavabdehin adına olan daşınmaz əşya üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı təmin edir. Yəni, bu halda ər (arvad) borclu deyil ki, əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olubnmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirsin. Həmin prezumpsiya ilə əmlakın nikah dövründə qazanıldığını sübut edən ərin (arvadın) ümumi birgə mülkiyyətçi olduğu qanunən ehtimal edilir.

48. Bu ehtimalın əksini iddia edən ər (arvad) sübuta yetirməlidir ki, mübahisəli əmlakı bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd nəticəsində əldə etmişdir. Həmin hallar sübut edildiyi təqdirdə iddiaçının xeyrinə olan prezumpsiya aradan qalxır və əmlak üzərində cavabdehin fərdi mülkiyyət vəziyyəti təsbit olunur.

49. Göstərilən hüquqi mövqeləri hazırkı işə tətbiq etdikdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli mənzilin cavabdehlə birgə nikahı dövründə əldə olunduğunu sübuta yetirmişdir (bu halı mübahisə edilmir).

50. Belə olan halda, AM-in 32.1-ci maddəsinə əsasən, mübahisəli mənzil üzərində iddiaçının ümumi birgə mülkiyyət hüququ tanınır (ehtimal edilir). Ona görə də, iddiaçı, əlavə olaraq, həmin mənzili ailənin birgə təsərrüfatı (qazancı) hesabına aldıqlarını və bu səbəbdən özünün ümumi mülkiyyətçi olduğunu sübut etmək yükü daşımır.

51. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh sübuta yetirməyə borcludur ki, mübahisəli əşyanı əvəzsiz əqd əsasında (və ya şəxsi əmlakı hesabına) əldə etmişdir.

52. Cavabdehin etirazına görə, mənzilin dəyərinin böyük hissəsini (20000 manat hissəsini) valideynləri tərəfindən verilmiş pul hesabına ödəmiş, qalan 5000 manat hissəsini isə birgə nikah dövründə ümui qazancları hesabına ödəmişlər.

53. Göründüyü kimi, hətta cavabdehin bildirdiklərinə görə, mənzilin dəyərinin bir hissəsi tərəflərin birgə qazancı ilə ödənilmişdir ki, bu halın özü əmlak üzərində ümumi birgə mülkiyyətin yaranmasına kifayət edir.

54. İddiaçı isə birgə nikah dövründə alınmış mənzilin dəyərinin bir hissəsinin həm onun, həm də cavabdehin valideynlərini tərəfindən onlara verilmiş pul hesabına ödənildiyini, qalan 5000 manat pulun isə birgə nikah dövründə ümumi qazancları hesabına ödənildiyini bildirmişdir.

55. Belə olan halda, yəni işdə başqa hər hansı sübut olmasa da, tərəflərin özləri birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin dəyərinin bir hissəsinin valideynləri tərəfindən onlara verilmiş pul vəsaiti hesabına ödənildiyini bildirirlər.

56. Bu halın özü isə əmlakın tərəflərin ümumi birgə mülkiyyəti sayılmasını istisna etmir. Çünki, əksi sübut olunmayınca, ər-arvadın valideynləri tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlakın alınmasına görə köməklik məqsədilə ailəyə hədiyyə olunmuş pul vəsaiti ailənin ümumi gəlirlərinə daxil olur.

57. Bunun əksi, yəni işdəki mötəbər və kifayətedici sübutlarla ər-arvadın mübahisə predmeti olan əmlakının onlardan birinin şəxsi vəsaiti hesabına əldə olunduğuna dair tərəddüdsüz bir nəticəyə gəlmək mümkün olmalıdır.

58. Bu zaman məhkəmə öz qənaətini ehtimallarla yox, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair konkret sübutlara istinad etməklə əsaslandırılmalıdır.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisəli mənzilin cavabdehin fərdi mülkiyyəti hesab olunması, bölünməli olmamasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qətnamə qeyd edilən hissədə qanuni və əsaslıdır.

60. Bunun yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qətnamə “MERCEDES BENZ E 240” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı hissədə də əsaslıdır.

61. İlkin olaraq qeyd edilməlidir ki, mübahisəli nəqliyyat vasitəsinin tərəflərin birgə nikahı dövründə əvəzli qaydada əldə olunması, beləliklə ər-arvadın ümumi birgə mülkiyyəti olması işin mübahisələndirilməyən halıdır.

62. Həmçinin, işin mübahisə olunmayan digər halına əsasən həmin nəqliyyat vasitəsi cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 11000 manata satılaraq, özgəninkiləşdirilmişdir.

63. Cavabdehin etirazına (apellyasiya şikayətinin dəlilinə) əsasən, həmin avtomobilin birgə yaşadıqları dövrdə iddiaçının şifahi razılığı ilə satılmış, əldə olunan pul vəsaiti hesabına borcları ödənilmiş, bir hissəsi isə ailə ehtiyaclarına xərclənmişdir.

64. İddiaçı bu halı halı təkzib edərək, bildirir ki, aralarında olan ailə münasibətləri ilk vaxtlardan soyuq olmuş, 2021-ci ilin təqribən oktyabr ayından isə münasibətləri kəskinləşmiş, 2022-ci ilin yanvar ayının 7-də isə evdən çıxmış, ayrı yaşamışlar. Cavabdehin avtomobili satmasından məlumatı olmamış, yalnız hazırki iddia ilə bağlı vəkilin sorğusundan sonra bilmiş, cavabdeh əldə olunmuş pul vəsaitindən bir manat da olsun ailəyə sərf etməmişdir. Ayrı yaşadıqları dövrdə də cavabdeh nə onunla, nədə uşağı ilə maraqlanmamış, onlara maddi köməklik göstərməmişdir.

65. Cavabdeh etirazının əsası kimi, yəni avtomobil satıldığı vaxtı iddiaçı ilə birlikdə, bir ailə kimi yaşamasının sübutu kimi məhkəməyə votsap yazışmalarını təqdim etsə də, həmin yazışmalar 05 yanvar 2022-ci il tarixədək olmuşdur. Belə olan halda isə, iddiaçının evi 07 yanvar 2022-ci il tarixdə tərk etməsi ilə bildirdikləri həmin sübutlarla təkzib olunmur.

66. Bu və işin digər hallar cavabdehin birgə nikah dövründə əldə olunmuş avtomobili iddiaçının razılığı və məlumatı olmadan birtərəfli qaydada (yalnız özünün iradə ifadəsi əsasında) özgəninkiləşdirməsi nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda, cavabdehin avtomobili kənar şəxsə deyil, məhz qardaşına satması halı da nəzərə alınmalıdır.

67. Beləliklə, cavabdehin avtomobilin satılması nəticəsində əldə olunmuş pul 11000 manat pul vəsaitini ailənin zəruri ehtiyacları üçün xərclənməsi (və ya iddiaçıya verməsi) ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, etirazını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır.

68. Həmçinin, cavabdehin həmin pul vəsaiti hesabına şəxsi borcunu ödəməsi barədə bildirdikləri də vəziyyəti dəyişdirmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şahidin cavabdehlə dostluq münasibətləri vardır. Digər tərəfdən də, nəzərə alınmalıdır ki, şahid ifadəsi sübut əhəmiyyəti baxımından iddia tələbinin mübahisələndirilən hissəsinə münasibətdə əhəmiyyətli halı müəyyən etmir. Yəni, həmin avtomobilin məhz ailə xərclərinin qarşılanması üçün satıldığı və satış pulunun da bu məqsəd üçün istifadə edildiyi müəyyən edilmir.

69. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

70. Cavabdeh tərəfin izahatı isə özü-özlüyündə həmin hissədə etirazının əsası kimi yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

71. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

72. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi avtomobilin satış qiymətinin yarısını cavabdehdən tutmuqda haqlı olmuşdur.

73. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

74. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar