Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2983/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanuni sahib kimi hüquqların pozulmasının aradan qaldırılması) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsindəki 12 otaqlı, 206.79 kv.m yaşayış sahəsi, 305.89 kv.m ümumi sahəsi olan 25 nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 180 saylı reyestr kitabının 16553 nömrəli vərəqində xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-301/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(005)-877/2019 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməsi Bakı şəhəri, ünvan 1 evin həyətinə 27 saylı ünvandan açılan qapının bağlanması, həmin qapının yanında inşa edilmiş pilləkənin sökülməsi, qapının bağlanması və pilləkənin sökülməsi Cavabdeh hesabına həyata keçirilməsi qət edilmişdir.
3. İş materiallarında olan xx.xx.2016-ci il tarixli № 007/2/2099-ts nömrəli “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” Texniki şərtlərə dair sənəddən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən obyektin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulma şərtləri müəyyən edilmişdir.
4. Həmin Texniki Şərtin 1.1-ci bəndinə əsasən Təsərrüfat-məişət məqsədləri üçün əlavə olunan cizgiyə əsasən d50 mm su kəmərindən diametri 32 mm birləşmə qəbul olunmuş.
5. Həmin Texniki Şərtin 1.2-ci bəndinə əsasən birləşmə nöqtəsindən obyektə qədər sifarişçinin vəsaiti hesabına quraşdırılacaq d32 mm, L=9 m su borusunun materialı polietilen, tipi PE-100, təzyiq sinfi PN10, sdr 17 qəbul olunsun.
6. Həmin Texniki Şərtin 2.1-ci bəndinə əsasən obyektdə yaranacaq tullantı suları əlavə olunan cizgiyə əsasən d150 mm təsərrüfat-məişət kanalizasiya kollektoruna axıtmaqla kənarlaşdırılsın. Həmin Texniki Şərtin 2.2-ci bəndinə əsasən obyektə qoşulma quyusuna qədər kanalizasiya xəttinin diametri 150 mm qəbul edilsin.
7. Həmin Texniki Şərtin 3-cü bəndinə əsasən sifarişçi tərəfindən su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulma ilə bağlı razılaşmaya əsasən vəsaitin ödənilməsindən və qazıntı işlərinin aparılması üçün aidiyyati təşkilatların razılığı alındıqdan sonra qoşulmalar Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən yerinə yetirilməsi göstərilmişdir.
8. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-01/384 nömrəli məktubundan görünür ki, idarənin qəza-bərpa briqadası tərəfindən sözügedən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məhəllədaxili kanalizasiya xəttində və baxış quyularında heç bir tutulma aşkar edilməmişdir. Əlavə olaraq əməkdaşları “Nyumed Klinikasının rəhbərliyi ilə görüşərək klinikanın yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən ayırıb, həmin ərazi üzrə kanalizasiya kollektoruna qoşulması üçün rəsmi qaydada xəbərdarlıq təqdim edilmiş və bu işlərin görülməsi üçün konkret vaxt verilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3645 nömrəli ekspertiza rəyindən görünür ki, 1-ci sual üzrə Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin kanalizasiya - yağış xəttinin (çirkab sularının və yağış sularının axıdıldığı xətt) "xxxx" ASC-nin verdiyi iş materiallarında olan texniki şərtə uyğun çəkildiyi müəyyən edilir.
10. 2-ci sual üzrə "xxxx" ASC-nin verdiyi “texniki şərt”-in Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin təyinatına və həcminə münasibətdə mövcud standartlara uyğun olub-olmaması məsələsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı.
11. 3-cü sual üzrə "xxxx" ASC-nin verdiyi texniki şərt cavabdeh Sleymanov Qardaşxan Elxan oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin su ötürücü xətlərinin diametri 100mm olduğunu və kanalizasiya xətlərinin (iki xətt) hər birinin 150mm olduğunu nəzərə alaraq, "xxxx" ASC tərəfindən tərtib olunmuş texniki şərtdə göstərilən parametrlərin qeyriyaşayış tikilisinin həcminə uyğun gəldiyi müəyyən edilir.
12. 4-cü sual üzrə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin İddiaçı mülkiyyətində olan evi ilə üzbəüz divarındakı pəncərə boşluqlarının ölçüsü iş materiallarında olan memarlıq planlaşdırma layihəyəsində nəzərdə tutulmamışdır. Lakin həmin pəncərələrin ölçülərinin və sayının tədqiq olunan qeyri-yaşayış tikilisinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan göstəricilərə uyğun olduğu müəyyən edilmişdir.
13. 5-ci sual üzrə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış tikilisinin faktiki olaraq üç mərtəbə və mansard tikilisindən ibarət olduğunu nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin mərtəbəliyinin lahiyəyə uyğun gəldiyi müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh qarşı “pəncərənin bağlanması, yağış kanalizasiya xəttinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin iddiaçının həyətinə baxan pəncərə boşluqları daşla hörülərək bağlanması və Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən cavabdehin vəsaiti hesabına ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən ev 25 iddiaçının xüsusi mülkiyyətindədir, evin həyətyanı torpaq sahəsi və yerləşdiyi torpaq sahəsi istifadəsindədir. Həmin evin həyətində olan digər iki ədəd bir mərtəbəli ev cavabdeh tərəfindən satın alınmış, həmin evlər sökülmüş yerində isə 3 mərtəbəli tikili inşa edilmiş və iddiaçının evinin fasad hissəsinin qarşısındakı divarında çoxsaylı pəncərə boşluqları qoyulmuş, habelə qeyd edilən binanın yağış kanalizasiya xətti məhəllədaxili xəttə qoşulmuşdur ki, bunun da nəticəsində iddiaçının öz sahibliyində olan evdən istifadə, evə sahiblik etmək, evin sahibi kimi evində rahat yaşamaq, evindən təhlükəsiz və maneəsiz istifadə etmək hüquqları pozulmuşdur. Habelə cavabdehin tikilisinin yağış kanalizasiya xətti məhəllədaxili kanalizasiya xəttinə qanunsuz qoşulmuşdur. Bunu da "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 01- 01/384 nömrəli məktubu təsdiq edir. Həmin məktubda göstərilmişdir ki, klinikanın yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən ayırıb həmin ərazi üzrə kanalizasiya kollektoruna qoşulması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin bu günkü günə qədər cavabdehin mülkiyyətində olan binanın yağış kanalizasiya xətti ərazi üzrə kanalizasiya kollektoruna qoşulmamışdır ki, nəticədə yağış yağan kimi həyəti su basır, evdən çıxmaq mümkün olmur. Yağış yağanda həyətə yığılan suyun səviyyəsi 50 sm-ə qədər çatır. Cavabdeh iddiaçının evinə çox az məsafə saxlamaqla tikinti işləri aparmış, binalar arasında ara məsafəsinin saxlanılması üçün müəyyən edilmiş məsafələrə əməl etməmiş, bundan başqa da inşa etdiyi tikilidən tibb müəssisəsi kimi istifadə edir. Həmin klinikanın xəstələrinin yerləşdirildiyi palataların pəncərələri iddiaçının istifadəsində olan həyətə və evinin pəncərələrinə və qapısına açılır. Həmin pəncərələr daim xəstələr və işçi heyət tərəfindən açılır, nəticədə onun istifadəsində olan həyətindən, evindən şəxsi istifadə hüquqları pozulur, ailənin qadın olan üzvləri həyətdə nə bir iş görə bilirlər, nə də yay aylarında istirahət edə bilirlər. Hətta həmin pəncərə boşluğlarının 3-ü heç tikilnin layihəsində yoxdur. Klinikanın pəncərələrinin qanunsuz açılması həm Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, 05/06-PA/A-24/2-2867 nömrəli məktubu, həm də hazırda qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 301/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə də təsdiqlənir.
16. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hər iki tələb əsassız və qanunsuz olduğu ücün rədd edilməlidir. Belə ki, iddiaçının qeyd etdiyi kimi Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən ev 27-də yerləşən iki ədəd evlər cavabdeh tərəfindən satın alınmışdır və yerində 3 mərtəbəli tikili inşa edilmişdir. Yəni, cavabdehin qanuni əsaslarla evlərin alınması, onun mülkiyyətinə keçməsi və yerində tikili inşa edilməsi işin mübahisəsiz haldır. Bundan başqa iddiaçının iddia ərizəsində guya cavabdehin tilikinin onun yaşadığı evə maneələr törətməsi barədə dəlilləri tamamilə əsassızdır. Cavabdeh tikilinin iddiaçının yaşadığı evə heç bir aiddiyyəti olmamaqla yanaşı, onun həyətində yaşaması ücün heç bir maneəsi yoxdur. Bakı İnzibati Məhkəməsinin qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçünçü şəxs hazırda iddiaçı olan İddiaçı qarşı iddiası təmin edilərək və cavabdehin əmlakına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Eyni zamanda "xxxx" LTD MMC tərəfindən ona məxsus ünvan 2 ünvanda fərdi yaşayış evinin memarlıq planlaşdırmanın eskiz həlli də tərtib edilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması ücün texniki şərtlər barədə № 007/2/2099-ts sənəd də verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 182 saylı sərəncamı ilə ünvan 3 ünvanlarda yerləşən fərdi yaşayış evlərinin birləşdirilmiş şəkildə qeyri yaşayış sahəsinə çevrilməsinə icazə verilmiş və mövcud vəziyyətdə qeyri yaşayış kimi sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli S-57-159 nömrəli bildirişlə cavabdehə yaşayış sahəsindən qeyri yaşayış sahəsinə keçirilməsi barədə məlumat verilmişdir. xx.xx.2019-cu il tarixli Texniki rəydən də aydın olur ki, komissiya mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkün hesab etmişdir və xx.xx.2019-cu il tarixdən mübahisəli mənzilin qeyri yaşayış sahəsi kimi istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli İstehlakçının su təhcizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün 007/2/2019-ts nömrəli xx.xx.2016-cı il tarixli texniki şərt də vermişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin Nərimanov rayon Sukanal idarəsinin xx.xx.2021-ci il tarixli 01-01/384 saylə İddiaçı ünvanlanmış C15097 nömrəli xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq Nərimanov rayonu Ak.H.Əliyev ev25 ünvanında yerləşən “Nyumed” klinikasının kanalizasiya xəttinin məhəllədaxili kanalizasiya xəttinə qoşulması nəticəsində tez-tez tutulma hallarının baş verməsinə dair ərizəsinə əsasən sözügedən ünvana texniki baxış zamanı heç bir tutulma aşkar edilmədiyi göstərilmişdir. Göründüyü kimi, hüquqlarını müdafiə etdiyi şəxsə məxsus və onun mülkiyyətində olan obyektin bütün sənədləri qaydasındadır, mövcud tikinti norma və qaydalara uyğun həyata keçirilmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin təmin edilməməsi, İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Kosntitusiyasının 71ci maddəsinin İİ hissəsinə, Azərbaycana Respublikası Şəhərsalma və Tikiniti Məcələsinin 70.1-ci maddəsinə, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 1.4, 1.5, 3.3, 4.1-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi dəlilləri, istinad etdiyi hüquq normaları nəzərə alınmamışdır. Məhkəmə tərəfindən iş üzrə əlavə ekspertiza təyin edilməli idi, belə ki, məhkəmənin qətnamədə istinad etdiyi ekspertiza rəyi həm tam və aydın deyildir, həm də əsassızdır. Belə ki, Ekspert ikinci sual üzrə cavab verməmiş, göstərmişdir ki, kanalizasiya xətlərinin tikilinin təyinatına və həcminə münasibətdə mövcud standartlara uyğun olubolmaması tikinti-texniki ekspertin səlahiyyətlərindən kənardır. Halbuki, həmin sual elə bilavasitə tikinti-texniki ekspertinin səlahiyyətlərinə uyğundur, lakin ekspert suala cavab verməmişdir. Qərardadın 3-cü sualı üzrə sual qoyulmuşdur ki, "xxxx" ASC-nin verdiyi texniki şərt Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanovrayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin həcminə uyğundur? Ekspertin cavabı: "xxxx" ASC-nin verdiyi texniki şərtCavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanovrayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin su ötürücü xətlərinin diametri 100 mm olduğunu və kanalizasiya xətlərinin (iki xətt) hər birinin 150 mm olduğunu nəzərə alaraq "xxxx" ASC tərəfindən tərtibolunmuş texniki şərtdə göstərilən parametrlərin qeyriyaşayış tikilisinin həcminə uyğun gəldiyi müəyyən edilir. Ekspert texniki şərtin deyil, texniki şərtdə göstərilən parametrlərin qeyri-yaşayış tikilisinin həcminə uyğun gəldiyini göstərmişdir, yəni suala cavab verməmişdir. Məhkəmə iclasında ekspertə sual verilmişdir ki, hansı normativ sənədlər əsasında bu suala müsbət cavab verilmişdir, o isə cavabında yalnız texniki şərti əsas götürdüyünü, heç bir normativ sənədə əsaslanmadığını göstərmişdir. Halbuki məhz elə texniki şərtin tikilinin həcminə uyğun tərtib edilib edilməməsini ekspert müəyyən etməli olduğu halda, yəni texniki şərtin düzgünlüyünü yoxlamalı olduğu halda elə həmin texniki şərti əsas kimi qəbul etmişdir. Ekspert bu sualın cavabını dövlət standartlarını və digər normativ hüquqi sənədləri əsaslanaraq cavablandırmalı idi. 4-cü sual üzrə isə ekspert yenə də suala cavab verməmişdir. Belə ki, qoyulmuş sual: Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin İddiaçı mülkiyyətində olan evi ilə üzbəüz divarındakı pəncərə boşluqlarının sayının və ölçüsünün iş materiallarında olan memarlıq planlaşdırmasına (layihəyə) uyğundurmu? Uyğunsuzluq varsa nədə ifadə olunur? Cavabda isə nə pəncərə boşluqlarının sayı, nə də ölçüsü göstərilməmişdir. Şifahi suala isə ekspert məhkəmə iclasında təxminən bir pəncərə boşluğunun artıq olmasını çox böyük tərəddüdlə bildirmişdir. Yəni ekspert yenə də suala cavab verməmişdir. Belə halda məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməli idi. Bu barədə tərəfindən məhkəməyə vəsatət verilməsinə baxmayaraq məhkəmə əlavə ekspertiza təyin etməmiş, bununla da MPM-nin 87.2- ci, 102.1-ci maddələrinin tələbləri pozulmuş, məhkəmə işin bütün hallarının obyektiv və hərtərəfli araşdırılması üçün zəruri olan sübutu təmin etməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycana Respublikası Şəhərsalma və Tikiniti Məcələsinin:
25. Maddə 70.1. tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.
26. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 1.4-cü bəndinə əsasən, bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra – STTSAS) istifadə etmək hüququ vardır.
27. Həmin Qərarın -1.5-ci bəndinə əsasən istehlakçıların STTSAS-a qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir.
28. Həmin Qərarın 3.3.-cü bəndinə əsasən müəssisə istehlakçının su təchizatını texniki şərtlərə uyğun paylayıcı şəbəkəyə qoşulmuş diametri d-mm olan boru (birləşmə) vasitəsilə həyata keçirir.
29. Həmin Qərarın 4.1-ci bəndinə əsasən istehlakçı "xxxx" ASC tərəfindən verilmiş texniki şərtə əsasən su təchizatı və kanalizasiya sistemlərinə qoşularaq, tələbatına görə, keyfiyyət standartlarına uyğun içməli su ilə təmin olunmaq və tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasını (qəbulunu) Müəssisədən tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən ev 25 iddiaçının xüsusi mülkiyyətindədir, evin həyətyanı torpaq sahəsi və yerləşdiyi torpaq sahəsi istifadəsindədir. Hazırda iddiaçı xüsusi mülkiyyətində olan evin qonşuluğunda yerləşən Cavabdeh xüsusi mülkiyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən 27 saylı tikilinin pəncərələrinin onun həyətinə tərəf qoyulması eyni zamanda istismarda olan tikilinin yağış kanalizasiya sularının xəttinin məhəllə daxili xəttən qoşulmasını onun xüsusi mülkiyyətində olan əmlakından istifadəsinə maneə yaratmasını bildirərək, qeyd olunan halların aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir.
39. Göründüyü kimi hazırda iddiaçının tələbi iki hissədən ibarətdir. Tələbin birinci hissəsi “Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin iddiaçının həyətinə baxan pəncərə boşluqları daşla hörülərək bağlanması”, ikinci hissəsi isə “Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən cavabdehin vəsaiti hesabına ayrılması”-dır.
40. Məhkəmə kollegiyası ilk növbədə tələbin birinci hissəsinə münasibətdə qeyd edir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyətindədir. İnşa edilmiş qeyri-yaşayış sahəsi tikinti layihəsinə icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilməsi, eləcə obyektin razılaşdırılmış və icazə verilmiş layihəyə uyğun tikilməsi müəyyən edilmişdir. Tikinti obyektinə icazə və ya məlumatlandırma icraatı qaydasında razılıq verilməsi üzrə icraat çərçivəsində üçüncü şəxslərin hüquqlarının nəzərə alınması və qorunması Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nı ilə tənzimlənir.
41. Hazırda tələbin birinici hissəsi üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin tikilməsi və istismarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi müəyyən edilmiş qaydada həyata keçirildiyi təsdiq olunur. Belə olan halda iddiaçının qonşuluqda olan qeyri-yaşayış sahəsinin müvafiq mərtəbəsində yerləşən pəncərələrin onun mülkiyyət hüquqlarına mane olması halı əsassızdır.
42. Belə ki, yuxarıda istinad edilən maddi hüquq normasının tələblərini iddia tələbinin birinci hissəsi üzrə aparılmış məhkəmə araşdırmasının tətbiqi zamanı, cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin bu normalara cavab verməsi müəyyən olunur. Məhkəmə ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/3645 nömrəli ekspertiza rəyinin 4-cü sualı üzrə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin İddiaçı mülkiyyətində olan evi ilə üzbəüz divarındakı pəncərə boşluqlarının ölçüsü iş materiallarında olan memarlıq planlaşdırma layihəsində nəzərdə tutulmamışdır. Lakin həmin pəncərələrin ölçülərinin və sayının tədqiq olunan qeyri-yaşayış tikilisinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan göstəricilərə uyğun olduğu müəyyən edilmişdir.
43. Göründüyü kimi, hazırda iddiaçı tərəfindən tələbin birinci hissəsi üzrə pozulmuş hüquqları müəyyən olunmur. Belə ki, qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün həm qanunvericliklə, həm də tikinti quraşdırma sahəsi üzrə pozuntulara yol verilməmişdir.
44. Məhkəmə kollegiyası tələbin ikinci “Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yerləşən cavabdehə məxsus tikilinin yağış kanalizasiya xəttinin məhəllədaxili xətdən cavabdehin vəsaiti hesabına ayrılması” hisəsinə münasibətdə qeyd edir ki, iddiaçının tələbin bu hissəsi üzrə maddi sübut olaraq əsaslandırmasını "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-01/384 nömrəli məktubu təşkil etmişdir. Lakin cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün "xxxx" ASC-yə müraciəti zamanı ona təqdim edilmiş və "xxxx" ASC tərəfindən təsdiq olunmuş xx.xx.2016-ci il tarixli № 007/2/2099-ts nömrəli İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” Texniki şərt əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Qeyd olunan hal mülki iş üzrə təyin edilmiş məhkəmə ekspertizası zamanı verilmiş xx.xx.2022-ci il tarixli, 10/3645 nömrəli ekspertiza rəyində öz təsdiqini tapmışdır. Belə ki, qeyd olunan ekspert rəyində 3-cü sual üzrə "xxxx" ASC-nin verdiyi texniki şərt Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən qeyri-yaşayış tikilisinin su ötürücü xətlərinin diametri 100mm olduğunu və kanalizasiya xətlərinin (iki xətt) hər birinin 150mm olduğunu nəzərə alaraq, "xxxx" ASC tərəfindən tərtib olunmuş texniki şərtdə göstərilən parametlərin qeyri-yaşayış tikilisinin həcminə uyğun gəldiyi müəyyən edilir. Eyni zamanda cavabdehin müraciəti zamanı "xxxx" ASC tərəfindən təsdiq olunmuş Texniki Şərtin 2.1-ci bəndinə əsasən obyektdə yaranacaq tullantı suları əlavə olunan cizgiyə əsasən d150 mm təsərrüfat-məişət kanalizasiya kollektoruna axıtmaqla kənarlaşdırılması müəyyən edilmişdir.
45. Göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması ona təqdim edilmiş texniki şərtə uyğun olaraq qoşulmuşdur. Belə olan halda hazırda "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-01/384 nömrəli məktubu cavabdehə təqdim edilmiş Azərsu” ASC tərəfindən təsdiq edilmiş texniki şərtə ziddir. Qeyd olunan ziddiyyətli məqam üzrə tərəflər arasında yaranmış mübahisəyə uyğun aparılan hüquqi qiymətləndirmə zamanı cavabdeh tərəfindən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üzrə qanun pozuntusuna yol verilməməsi müəyyən edilmişdir.
46. Eyni zamanda məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi huquq normaların imperativ tələblərini nəzərə alaraq, hazırki halda təhlil olunmuş normaların cavabdehə alternativ hərəkət imkanı tanımadığı müəyyən etmişdir. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmasının yeganə usulu qanunvericliklə təsdiq olunmuş qaydada texniki şərtlə mümkün olması, iddia tələbinin ikinci hissəsini hüquqi qaydada əsassız edir.
47. Bu səbəbdən də qeyd olunan texniki şərti təsdiq edən qurumun əsas vəzifəsi istehlakçıya təqdim edilmiş qoşulma üzrə yeganə hərəkət imkanı tanıyan sənədin təsdiqi zamanı digər istehlakçılarla mübahisələrə yaranmasını nəzərə almasıdır.
48. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq olunmuş İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması qaydalarının 1.3-cü bəndinə əsasən bu Qaydaların heç bir müddəası sifarişçinin mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. Texniki şərtlərin verilməsi üçün müraciətlərə baxarkən, inzibati prosedurlar bu Qaydalara zidd ola bilməz. Texniki şərtlər və qoşulma nöqtələrinə dair tələblər bütün hallarda əsaslandırılmalıdır.
49. Göstərilən qaydalara əsasən məhkəmə kollegiyası hazırda tələbin ikinci hissəsi üzrə iddiaçının əsaslandırmasının yeganə maddi sübutu olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-01/384 nömrəli məktubun verilməsini hansı hüquqi baza və ya qaydaya əsaslanaraq iddiaçıya təqdim edilməsi müəyyən etməmişdir.
50. Bütün bu halları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış və yaranacaq münasibətlərin tənzimlənməsinin təmin edilməsi, hüquq institutunun əsasını təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında yaranmış qonşuluq münasibətləri zamanı iddiaçının hüquqlarının pozulmasına dair tələblərinin qiymətləndirilməsi zamanı cavabdehin qanunla qorunan hüquqlarının nəzərə alınması zəruridir.
51. Belə ki, Azərbaycan Respublikasının Kosntitusiyasının 71-ci maddəsinin İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
52. Qeyd olunan ali qanun üzrə nəzərdə tutulmuş bu prinsip şəxslər arasında yaranan hüquq və vəzifələrinin tənzimlənməsinin əsasını təşkil edir. Hazırda qeyd olunan bu prinsipi rəhbər tutan məhkəmə tələb üzrə cavabdehin qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirdiyini müəyyən edir. Eyni zamanda kollegiya onu da qeyd edir ki, hazırkı mülki iş üzrə əlavə ekspertizanın keçirilməsinə hər hansı lüzum yoxdur. belə ki, iş üzrə müvafiq ekspert rəyini vermiş ekspert Elmar Səidov keçirilmiş məhkəmə iclasında izahatında bildirmişdir ki, aparılmış ekspertiza zamanı cavabdehə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman məhkəmə tərəfindən qoyulmuş suallara dair hallar iş materiallarında olan rəsmi sənədlər əsasında yoxlanılaraq rəy verilmişdir. Həmin suallar üzrə cavabdehə məxsus qeyri-yaşayış sahəsində aşkar edilmiş bütün hallar rəsmi sənədlərə uyğun olması təsdiq olunmuşdur. Bu səbəbdən iddiaçının qanunla qorunan hüquqlarının pozulması ehtimalının təsdiq edilməməsi məhkəmə araşdırması zamanı tələbin hər iki hissəsinə tətbiq edilmiş hüquqi qiymətləndirmənin nəticəsidir.
53. İddiaçı tərəfindən tələbinin göstərilən halları üzrə məhkəməyə təqdim edilmiş sübutlar qiymətləndirilən zaman, məhkəmə tərəfindən cavabdehin qanunsuz hərəkətlərinin olmasına dair hər hansı halı müəyyən etməmişdir. Eyni zamanda məhkəmə çəkişməsi zamanı iddiaçı tərəfindən müəyyən edilmiş halları təkzib edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir.
54. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93)
55. Məhkəmə kollegiyası, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
56. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz
57. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2023 nömrəli iş üzrə 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.