Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2997/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mağazasına qarşı “pozulmuş istehlakçı hüquqlarının müdafiəsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 fevral 2023-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X1 və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, alıcı olaraq satıcı olan cavabdeh MMC-yə məxsus Cavabdeh2 mağazasından 820 manata aldığı gödəkcənin ondan alınaraq satıcıya, gödəkcəyə görə ödədiyi 820 manat pulun isə cavabdehlərdən alınaraq ona qaytarılması, keyfiyyətsiz malın ona satılması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 500 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün hüquqi yardımın alınması üçün çəkdiyi xərcin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 mağazasından 775 manat dəyərində “Outwear A06284 01DAP FW22/23 Diesel” modelli gödəkcə almışdır. Həmin gödəkcənin pulunu nağd olaraq ödəmişdir. İddiaçı, evə getdikdən sonra həmin gödəkcənin ona yaraşmadığını görüb, dərhal həmin mağazaya qayıtmış, gödəkcəni mağazaya qaytarmış, əlavə olaraq 45 manat mağazaya ödəmiş və dəyəri 820 manat olan “Outwear A06285 0AEAİ FW22/23 Diesel” modelli gödəkcəni almışdır. İddiaçı evə qayıtdıqdan sonra (yeni) gödəkcəyə diqqətlə baxış keçirmiş və gödəkcənin tikişlərinin keyfiyyətsiz olmasını aşkar etmişdir. Bu gödəkcəni mağazaya qaytarmaq və ödədiyi 820 manat məbləğində pulu geri almaq istəsə də, mağazanın satıcıları bundan imtina etmişlər. Bununla bağlı olaraq, iddiaçı, onun istehlakçı hüquqlarını pozulması barədə İqtisadiyyat Nazirliyinin “Çağrı mərkəzinə” məlumat vermişdir. Bir neçə gündən sonra Nazirlikdən iddiaçıya cavab olaraq bildirilmişdir ki, onun müraciəti əsasında aparılmış araşdırma zamanı MMC, qeyd edilən məsələni onunla izah etmişdir ki, iddiaçı, gödəkcəni mağazadan aldıqdan sonra gödəkcənin yarlığını çıxararaq gödəkcəni geyinib mağazanı tərk etdiyi, növbəti tarixdə isə gödəkcəni qaytarmaq üçün mağazaya gəldikdə gödəkcə iddiaçının əynində olduğu üçün gödəkcənin geri qaytarılması qeyri-mümkündür. Bu səbəbdən də, Nazirlik, iddiaçıya tövsiyə etmişdir ki, məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət etsin. Bundan sonra, iddiaçı, məhkəməyə müraciət etmək qərarına gəlmiş, bu məqsəd üçün hüquqi yardım almaq və hüquqi yardıma görə 60 manat xərc çəkmək məcburiyyətində qalmışdır. İddiaçı həmçinin bildirir ki, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində ona mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh MMC-dən onun xeyrinə 500 manat məbləğində pul tutulmalıdır. b) cavabdeh MMC-nin iddia tələbinə münasibəti barədə məlumat
3. MMC-nin nümayəndəsi Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı, mağazadan ilk dəfə aldığı və qiyməti 775 manat olan gödəkcəni mağazaya qaytarmış və əlavə olaraq 45 manat ödəyərək, qiyməti 820 manat olan digər gödəkcəni almışdır. Bundan sonra iddiaçı (yeni) gödəkcənin yarlığını çıxarmış və gödəkcəni bir gün ərzində geyinmişdir. Bu səbəbdən də gödəkcənin geri qaytarılması qeyri-mümkündür. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, “Outwear A06285 0AEAİ FW22/23 Diesel” modeli gödəkcənin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 820 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya, həmin gödəkcənin isə iddiaçıdan alınaraq cavabdehə verilməsini, bu hərəkətlərin eyni vaxtda icra edilməsini, iddia tələbinin qalan hissədə və Cavabdeh2 mağazasına münasibətdə təmin edilməməsini, dövlət rüsumu olaraq 30 manat məbləğində pulun cavabdeh MMC-dən dövlət nəfinə tutulmasını qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, satılmış malın bəyənilməmə səbəbi ilə onun dəyişdirilməsi və dəyərinin geri qaytarılması barədə alıcıya müraciət etmək iddiaçının müstəsna hüququ olduğundan, cavabdeh tərəfindən onun müraciəti müsbət həll edilmədiyindən, imtina barədə gətirilən dəlillər isə əsassız olduğundan, iddia tələbi iddiaçı tərəfindən alınmış gödəkcənin qaytarılması və gödəkcəyə görə ödənilmiş pul məbləğinin tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Həmin pul məbləği cavabdehlərdən biri olan MMC-dən tutulmalıdır. Belə ki, MMCyə məxsus olan və cavabdeh kimi göstərilmiş Cavabdeh2 mağazası iddiaya cavab verməli olan şəxs deyil. İddianın təmin edilməyən hissəsi ilə bağlı isə Rayon Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərərin sırf qeyri əmlak xarakterli olması birmənalı olaraq qeyd edilmişdir. Hazırki iddia tələbinin əsasını isə iddiaçı əmlak hüquqlarının pozulması ilə əlaqələndirdiyindən, məhkəmə hesab edir ki, bu halda mənəvi zərərin olması istisna olunur. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı hüquqi yardım xərcinə görə 60 manat məbləğində pulun tutulmasını tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən hüquqi yardım xərcinə görə 60 manat məbləğində pulun tutulması hissəsində tələb təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı malı bir gün geyindikdən sonra qaytarmaq istədiyi üçün mal istifadə olunmuş mal hesab edilir və həmin malın satışa çıxarılması və yeni kimi istehlakçılara təqdim edilməsi doğru deyil. İstehlakçılar haqlı olaraq istifadə edilmiş malı almaqdan imtina edəcək və bununla da MMC-yə maddi ziyan vurulmuş olacaq. Məhkəmənin “bir gün geyinilmiş mal istifadə olunmuş sayılmır” qənaəti düzgün deyil. Lakin işin qeyd edilən hallarını nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi.
9. Apellyasiya baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa və iddianın təmin edildiyi hissədə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, Cavabdeh2 mağazasından ilk dəfə 775 manata aldığı gödəkcəni sonradan bəyənmədiyi üçün mağazaya qaytarmış, mağazaya əlavə olaraq 45 manat ödəmiş və qiyməti 820 manat olan digər gödəkcəni almışdır. Həmin vaxt yanında olan dostu ona müraciət edərək köhnə gödəkcənin ona verilməsini xahiş etmiş, o da köhnə gödəkcəni dostuna bağışlamışdır. Evdə o, (yeni) gödəkcəyə diqqətlə baxış keçirən zaman gödəkcənin tikişlərinin keyfiyyətsiz olmasını görmüş, onu bəyənməmiş və artıq gecə vaxtı olmasını, mağazanın işləməməsini nəzərə alaraq qərara gəlmişdir ki, növbəti tarixdə gödəkcəni mağazaya qaytarar. Növbəti tarixdə o, hava soyuq olduğundan və başqa isti geyimi olmadığından gödəkcəni, gödəkcənin yarlığını çıxarmadan geyinmiş və birbaşa mağazaya gedərək, gödəkcəni qaytarmaq istəmişdir. Lakin satıcılar gödəkcənin onun əynində olmasını görərək gödəkcəni geri götürməmişlər. f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən şikayət verməmiş, cavabdeh MMC isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, MMC qətnamənin yalnız iddianın bir qisminin təmin edilməsi barədə hissəsini mübahisələndirir.
11. Göstərilənləri nəzərə almış Məhkəmə qətnamənin əsaslılığı yalnız iddianın təmin edilməsi hissəsində yoxlamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-xi il tarixli məktubdan görünür ki, Cavabdeh2 mağazasından aldığı malın qaytarılmaması haqqında müraciəti ilə bağlı aparılan araşdırılma zamanı Cavabdeh2 mağazasının məxsus olduğu Cavabdeh1 MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 265 nömrəli məktubla xx.xx.2022-ci il tarixində gödəkcəni aldıqdan sonra geyinərək mağazanı tərk etdiyi, lakin bir saat sonra dəyişdirilməsi məqsədilə mağazaya müraciət etdiyi zaman müştəri məmnuniyyəti əsas götürərək 820 manat dəyərində olan digər malla dəyişdirildiyi, daha sonra həmin malın yarlığını çıxardaraq geyindikdən sonra mağazanı etdiyi qeyd edilmişdir. Həmçinin növbəti gün geyimin qaytarılması üçün mağazaya yaxınlaşdığı zaman mal istifadə edildiyindən qaytarılmasından imtina olunduğu bildirilmişdir. Məlumat üçün bildirirlər ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Əlavə olaraq bildirirlər ki, Cavabdeh1 MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə yaranmış mübahisə ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.
14. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Ödəniş çekləridən” görünür ki, iddiaçı, xx.xx.2022-ci il tarixdə, saat 20:12 radələrində “Outwear A06284 01DAP FW22/23 Diesel” modeli gödəkcəni almış və Cavabdeh2 mağazasına 775 manat məbləğində ödəniş etmişdir. Həmin tarixdə, saat 21:49 radələrində “Outwear A06285 0AEA1 FW22/23 Diesel” modeli gödəkcəni almış və Cavabdeh2 mağazasına 820 manat məbləğində ödəniş etmişdir.
15. İddiaçı bildirir ki, o, Cavabdeh2 mağazasından qiyməti 820 manat olan gödəkcəni aldıqdan sonra gödəkcəyə diqqətlə evdə baxış keçirmiş və gödəkcənin tikişlərinin keyfiyyətsiz olmasını görərək gödəkcəni qaytarmaq qərarına gəlmişdir. Artıq gecə vaxtı olduğundan və mağaza bağlı olduğundan o, növbəti tarixdə gödəkcəni mağazaya qaytarmaq üçün mağazaya getmişdir. Həmin tarixdə hava soyuq olduğundan və o, özünə məxsus köhnə gödəkcəni bir gün əvvəl dostuna bağışladığından, başqa isti geyimi olmadığından gödəkcəni, gödəkcənin yarlığını çıxarmadan geyinmiş və birbaşa mağazaya gedərək, gödəkcəni qaytarmaq istəmişdir. Lakin satıcılar gödəkcənin onun əynində olmasını görərək gödəkcəni geri götürməmişlər.
16. Cavabdeh MMC-nin iddiaçıya satılmış gödəkcənin geri götürülməsi və iddiaçının ödədiyi pulun geri qaytarılmasına etdiyi etirazın əsasını o hal təşkil edir ki, iddiaçı gödəkcəni geyinmiş və gödəkcənin yarılığının sökmüşdür.
17. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olması, malların (işlərin, xidmətlərin) təhlükəsizliyi, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımı keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək hüquqlarına malikdirlər. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (isin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsındə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
18. Göründüyü kimi, alıcı (istehlakçı) 14 gün ərzində aldığı malın öz formasına, ölçüsünə, fasonuna, rənginə görə ona yaramadığını müəyyən edərsə, alıcının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. Satıcı isə lazımi keyfiyyətli mal istifadə olunmadığı, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanıldığı halda həmin malı dəyişməlidir.
19. Məhkəmə, mübahisəli gödəkcənin iddiaçı tərəfindən çox qısa zaman (evdən mağazaya gedənə qədər) geyinilməsini, apellyasiya baxışı zamanı gödəkcəyə baxış keçirilən zaman gödəkcənin görünüşündə dəyişikliyin olmamasını, gödəkcənin yarlığının sökülməməsini (yerində olmasını), adi qaydada geyim əşyalarının alınaması zamanı həmin malların elə mağazaların özündə müştərilər tərəfindən dəfələrlə geyinilməsini nəzərə alaraq MMC-nin iddiaçıya satılmış gödəkcənin geri götürülməsi və iddiaçının ödədiyi pulun geri qaytarılmasına etdiyi etirazın əsaslarını, habelə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir.
20. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur
21. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
24. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
25. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 384, 392, 393 və 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 fevral 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.