Məhkəmə qərarları › İş №2(103)-3000/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3000/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3000/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu,Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1490/2022 saylı mülki iş üzrə 24 fevral 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanından cavabdehə məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh elektron kabineti vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, onun rəsmi qeydiyyat və faktiki yaşayış yeri Ağdaş rayonudur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(001)-1490/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 39.1, 40.1, 45.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, daşınmaz əşyanın olduğu yer üzrə məhkəmə tərəfindən baxılmalıdır, iddiaçı Binəqədi rayonu ərazisində yerləşən evindən cavabdehə məxsus cehiz əşyaların çıxarılmasını tələb edir. Göründüyü kimi, iddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan iddiaçının hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Belə olan halda, hazırki mübahisəyə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Ağdaş Rayon Məhkəməsində deyil, daşınmaz əmlakın olduğu ərazi üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1490/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəlləsinin 35, 39.1, 44.2, 44.2.2, 269.2, 269.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, o, Ağdaş şəhəri, Məşəd küçəsində rəsmi qaydada qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ona görə də işə aidiyyati üzrə Ağdaş rayon Məhkəməsində baxılmalıdır, iddia ərizəsində iddiaçı cavabdeh tərəfdən özünə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etmişdir. İddiaçı kimi ona məxsus cehiz əşyaları daşınmaz əmlak yox, daşınar əşyalardan ibarətdir. Məhkəmənin qənaətinə əsaslansaq istənilən iddianı daşınmaz əmlakla əlaqələndirib daşınmaz əmlakın olduğu yerin məhkəməsinə müraciət etmək olar. Bu isə Mülki Prosessual Məcəllənin aidiyyatla bağlı konkret və birmənalı tələblərinin pozulması ilə nəticələnər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1490/2022 nömrəli 05.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33-45, 385 və 387-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki: “...Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur:-daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; -daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi;sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil,yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir....” Diqqətə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və hüquqtətbiqetmə ilə bağlıdır, habelə iddiaçının hüquqları mübahisələndirilmir.Birinci instansiya məhkəməsinin müstəsna aidiyyətlə bağlı qənaətini, yəni (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmasını istisna edən hallar müəyyən edilmir. Bununla belə, işin məhkəmə araşdırılması zamanı iddiaçının sahiblik və mülkiyyət hüquqları nəzərdən keçirilməli, və onun nəticəsindən asılı olaraq prosessual hərəkətlər, o cümlədən işin ərazi aidiyyəti üzrə digər məhkəməyə göndərilməsi üzrə səlahiyyətlər məhkəməyə mənsubdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,. q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1490/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar