Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3013/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-ə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: əmək haqqı, əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-151/2025 saylı iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024 il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2024 il tarixdə Cavabdeh MMC-də (işəgötürən) aparıcı mütəxəssis işləyir və 350 manat əmək haqqı alır.
2. Cavabdeh MMC üzrə xx.xx.2024-cü il tarixli 5№-li əmrdən çıxarışa əsasən, Cavabdeh bölməsində “aparıcı mütəxəssis” vəzifəsində işləyən İddiaçı Əyyub qızı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-in 68.2. “a”- tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilmiş, işçinin xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-44279/2024 nömrəli məktubuna əsasən, dövlət reyestr məlumatlarına əsasən bildirirlər ki, Cavabdeh MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
4. xx.xx.2023-cü il tarixdə vergi uçotuna alınması və hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin xx.xx.2024cü il tarixli 3-17-5/2-85058/2024 saylı məktubuna əsasən, Cavabdeh MMC-in (VÖEN: **********) Əlavə dəyər vergisinin bəyannaməsində xidməti fəaliyyətini dayandırması göstərilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xİdməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-K41448/2024 nömrəli məktubuna əsasən, müraciət ilə əlaqədar izahatının alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə ünvanına (AZ1110, ünvan 17-5/2-K-20823/2024 saylı xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuşdunr. Tərəfindən müvafiq izahat təqdim edilmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin ünvanlarına (AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ünvan 2 Bakı şəhəri, Ağşəhər, 2-ci Fəvvarələr, AZ1100, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 79, mənzil 30) 3-17-5/2-20830/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla (SS895323439AZ, SS895323425AZ, SS895323411AZ) müraciət olunaraq ona aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Tərəfindən təqdim edilmiş izahatda onun xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-də əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyin bildirmişdir. Bununla bağlı izahatda şahid qismində adını qeyd etdiyi X2 tərəfindən izahat təqdim edilmişdir. Tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən işə başlama tarixi xx.xx.2024-cü il tarixi qeyd edilərək elektron sistemə xx.xx.2024-cü il tarixində daxil edilmiş X2 ilə "xxxx" MMC arasında bağlanmış Əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixində, onunla eyni tarixlərdə bağlanmış əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə qüvvədən salındığı müəyyən edilmişdir. Bu səbəbdən şahidin izahatını sübut kimi qiymətləndirmək mümkün olmamışdır. Tərəfindən "xxxx" MMC-da xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işləməyi təsdiq edən hər hansı başqa sübut təqdim edilərsə müraciətinə yenidən baxılacaqdır. "xxxx" MMC tərəfindən X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən onun Cəmiyyətlə arasında bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqı 350 manat (üç yüz əlli manat) müəyyən edilməklə "aparıcı mütəxəssis" vəzifəsinə qəbul edildiyi, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində qanunvericiliyin tələbləri pozularaq işdənçıxma ərizə olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verildiyi məlum olmuşdur. Təqdim edilmiş məktubda "xxxx" MMC-nin 2024-cü ilin İ rübündə fəaliyyətinin olmadığı, bu səbəbdən ona işəgötürən tərəfindən 2000 manat (iki min manat) məbləğində əmək haqqının nağd şəkildə ödənildiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən işlədiyi aylar üzrə əmək haqqını və son haqqhesabını qanunvericiliyin tələblərinə uyğun hesablanıb ödənilməsinə münasibət bildirmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasınin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən xx.xx.2024-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixli MN0023320 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 5 nömrəli əmrin ləğv edilməsinin təmin edilməsi və nəticəsi barədə məlumat verilməsi məqsədilə "xxxx" MMC-yə tərəfindən müvafiq məktub ünvanlanmışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
6. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də (işəgötürən) aparıcı mütəxəssis işləyir və 350 manat əmək haqqı alır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki əmək fəaliyyətinə başladığı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş və məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh MMC-dən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixindən başlayaraq məhkəmə qətnaməsi icra olunanadək ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyəti ödənişinin və məcburi iş buraxma müddəti üçün əmək haqqının Cavabdeh MMC-dən tutulub ona verilməsi və onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin rəhbəri ilə əmək müqaviləsi bağlayıb adıçəkilən cəmiyyətdə aparıçı mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır. Cavabdehin rəhbəri ilə olan razılığa əsasən aylıq əmək haqqı 1000 manat təyin edilmişdir. Lakin cavabdeh ona razılaşdığı əmək haqqını verməmiş, bu azmış kimi xx.xx.2024-cü il tarixdə məlumatı və razılığı olmadan birtərəfli qaydada onunla əmək müqaviləsini pozmuşdur. Daha sonra ona məlum olmuşdur ki, cavabdeh onu xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2024-cü il tarixdən işə qəbul haqqında portala məlumat daxil etmişdir. İşə bərpa olunmağı və işlədiyi aylara görə əmək haqqının tam olaraq verilməsinə dair müraciətlərini cavabdeh cəmiyyətin rəhbəri dinləmiş və qısa müddətdə həll edəcəyini bildirsə də, sonda verdiyi vədlərini yerinə yetirməyərək əmək hüquqlarını bərpa etməmişdir. Pozulmuş hüquqlarının bərpası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Adıçəkilən dövlət qurumu şikayətini araşdırmış, əmək qanunvericiliyini pozduğuna görə cavabdeh barəsində inzibati xəta haqqında prorokol tərtib etmiş, həmçinin onunla olan əmək müqaviləsinin pozulmasına dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və onu işə bərpa olunmağı cavabdehdən tələb olunmuşdur. Bundan sonra "xxxx" MMC onu işə bərpa etmişdir, lakin bu barədə ona məlumat verməmişdir. İşə bərpa olunmağı portaldan ona məlum olmuşdur. Cavabdeh "xxxx" MMC Əmək müqaviləsinin bağlanması, daha sonra onu birtərəfli qaydada pozması barədə ona hər hansı sənəd təqdim etməmişdir. Qeyd etdiyi məlumatların çox hissəsini X3 Xidmətinin Bakı şəhər İdarəsində və onlar tərəfindən ona göndərilmiş cavab məktubundan əldə etmişdir. İdarənin məktubunun məzmunundan görünür ki, cavabdehin onlara təqdim etdiyi sorğuya cavab məktubunda cavabdeh aylıq əmək haqqının 1000 manat olmasını təsdiq etmişdir. Əmək haqqının 1000 manat məbləğində olması cavabdehin rəhbəri ilə apardığı whatsapp yazışmaları, habelə bank kartına edilmiş pul köçürməsi ilə sübuta yetir. Hal-hazırkı dövrədək cavabdeh tərəfindən formal olaraq işə bərpa olunsa da, faktiki olaraq işlə təmin edilməmiş, həmçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməmişdir. Odur ki, belə hesab edir ki, məcburi boşdayanmaya görə aylıq 1000 manat olan əmək haqqının "xxxx" MMC-dən tutulub ona verilməsinə dair məhkəmə qətnamə qəbul etməlidir. Məhkəməyə qədər mediasiya proseduru çərçivəsində mübahisəni həll etmək mümkün olmamış, cavabdehin nümayəndəsi mediator tərəfindən keçirilən ilkin mediasiya sessiyasına gəlməmişdir.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-151/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddianın qismən təmin edilməsi, İddiaçı ilə "ARG Kargo” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin İİ-İV hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.5, 3.5, 3.5-1, 9, 11, 42.1, 49.1, 54.1, 54.1, 83.4, 154, 131.1, 143.1, 143.2, 300.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 217.2, 217.4-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamənin 3.1.1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 yanvar 2006-cı il tarixli qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini, həmin hissədə, yəni xx.xx.2023cü il tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunanadək ödənilməmiş əmək haqqının və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh "xxxx" MMC-dən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə baxarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin tətbiqində səhv etmişdir. Bildirir ki, işəgötürənin günahı üzündən bu günədək hər hansı başqa yerdə işə düzələ bilməmişdir. Bütün bu müddət ərzində əmək kitabçası işəgötürəndə qalmaqla, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmədiyindən işsiz qalmışdır. Məhkəmə iddia tələbinin bir hissəsini təmin etməyən zaman mübahisənin bu halına diqqət yetirməmiş, əsassız olaraq məcburi işburaxma, boş dayanmaya görə əmək haqqının cavabdehdən tutulub verilməsi məsələsində səhvə yol vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsi digər məsələlərlə yanaşı məcburi iş buraxma müddəti üçün işçiyə əmək haqqı ödənilməsini nəzərdə tutmuşdur. İddia ərizəsində işə bərpa olunmasının xahiş olunmaması işçini məcburi iş buraxmaya və boş dayanmaya görə əmək haqqının tutulmasını iddia ərizəsinə daxil edilməsini qadağan edən norma mövcud deyil. Qeyd edilən maddi hüquq norması məhkəməyə imkan verir ki, məcburi iş buraxma müddəti üçün işçiyə əmək haqqı ödənilməsini təmin etsin. Əmək Məcəlləsinin istinad olunan 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əmək müqaviləsi üzrə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin pozulmasını nəzərdə tutmuşdur. Hazırkı əmək mübahisəsi üzrə əmək müqaviləsinin pozulması üçün təşəbbüs göstərən işəgötürən – cavabdeh "xxxx" MMC olduğundan onun tərəfindən işçinin əmək müqaviləsinə yuxarıda qeyd edilən maddi hüquq normasına uyğun xitam verilib-verilməməsini Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yoxlamaq zəruridir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Mülki işin materiallarında işəgötürən cavabdeh "xxxx" MMC məni Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş hansı faktiki əsasla işdən çıxarılmasına dair heç bir sübut yoxdur. İşəgötürən nəyə görə əmək müqaviləsinə xitam verdiyi məlum deyil. Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş hallar baş verməmişdir ki, cavabdeh işəgötürən əmək müqaviləsinə öz təşəbbüsü ilə birtərəfli qaydada xəbəri olmadan əmək müqaviləsinə xitam versin. Odur ki, belə hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndini və 70-ci maddəsini pozmuşdur. Şikayət olunan qətnamədən görünür ki, məhkəmə qətnaməsi prosessual qaydada tərtib edilməmişdir. Qətnamə iddia tələbi ilə deyil, məhkəməyə kimin təqdim etməsi məlum olmayan sənədlərin sadalanması ilə başlanır. Sadalanan sənədlərin məzmunu başa düşülməyən şəkildə qətnaməyə daxil edilmişdir. Məhkəmə mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilən məlumatları, həmçinin işə aid olmayan şəxs barədə məlumatı qətnaməyə başa düşülməyən şəkildə daxil edilmişdir. Məhkəməyə verdiyi izahatlarda, təqdim etdiyi sübutlarda, habelə işin faktiki hallarında işəgötürənin günahı üzündən aylarla məcburi iş buraxmaya və boş dayanmağa məcbur olmağı kifayət qədər təsdiqini tapır. Cavabdehin məhkəməyə gəlməməsi, məhkəməyə sübutlar təqdim etməməsi, sahibkarlıq fəaliyyətinin subyekti kimi cavabdeh "xxxx" MMC barəsində yoxlama aparıla bilməməsi iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Məhkəmə sübutlara qiymət verərkən səhvə yol vermiş, müəyyən etdiyi hal, yəni faktiki işləməməyi, işəgötürən tərəfindən əmək müqaviləsinin razılığı olmadan sonradan bərpa etməsi və s. iddia tələblərinin rədd edilməsinə əsas vermir, odur ki, belə hesab edir ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə xx.xx.2023-cü il tarixdən faktiki işə başlamağını, əmək haqqının faktiki olaraq 1.000 manat olmasını aydınlaşdırmamışdır. Halbuki, məhkəməyə təqdim etdiyi sübutlar qeyd etdiyi faktları təsdiq edir. Qeyd edilən hallar iddia tələbi üzrə məhkəmənin nəticəyə gəlməsi üçün mühüm əhəmiyyəti olsa da, məhkəmə heç bir araşdırma aparmadan hüquqlarımı pozmaqla nəticəyə gəlmişdir. İş materiallarında işin faktiki halları ilə bağlı sübutların - əmək fəliyyətinə xx.xx.2023-cü ildə başlamağına, əmək haqqının 1.000 manat olmasına dair sübutların olması, cavabdehin məhz bu səbəbdən mənə 1.000 manat əmək haqqı ödəməsi və s. sübutların olması məhkəmənin həmin məsələ ilə bağlı araşdırma aparmamasını sübut edir. Məhkəmə iş materiallarındakı mötəbər olmayan sübutlarla və aparmadığı araşdırma ilə müəyyən edilmişdir ki, o xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2024-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır və əmək haqqı 1.000 manat deyil, 350 manat olmuşdur. Məhkəmə mübahisənin faktiki halları ilə bağlı araşdırma aparmayıb, cavabdeh tərəf, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs bu barədə məhkəməyə izahat və sübut təqdim etməyiblər. Məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2024-cü ildən əmək fəaliyyətinə başlamış, əmək haqqı 350 manat olmuşdur və cavabdeh tərəfindən ona artıqlaması ilə əmək haqqı ödənilmişdir, odur ki, xx.xx.2023-cü il tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunanadək ödənilməmiş əmək haqqının və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. Mülki işin müəyyən edilmiş halları ilə təsdiq olunur ki, məhkəmənin belə nəticəyə gəlməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün cavabdeh "xxxx" MMC tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilən, həqiqətə uyğun olmayan məlumatlarla və s. ilə əlaqələndirmişdir. Lakin mülki işin materiallarında əmək fəaliyyətinə xx.xx.2024- cü il tarixdən başlamağı və əmək haqqının 350 manat olması ilə bağlı iş materiallarında mötəbər heç bir sübut yoxdur, yəni xx.xx.2024-cü ildə işə başlamağı və əmək haqqının 350 manat olması ilə bağlı hallar məhkəmə prosesində müəyyən etməmiş, bu isə məhkəmənin gəldiyi nəticənin işin halarına uyğun gəlməməsi nəticəsinə gəlməyə kifayət qədər əsas verir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçı Eyyub qızı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmənin iclasına gəlməmiş və gəlməmə səbəbləri barəsində hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
17. 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
19. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;
20. 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin hamin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
21. 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi..
22. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
23. 154-cü maddəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
24. 143-cü maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
25. 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti çərçivəsində, yəni, iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-151/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlaıan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
37. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
38. İşin məyyən edilmiş hallarından görünür ki, tərəflər arasında birinci əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış, işçinin əmək haqqının məbləği 350 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə həmin müqaviləyə xitam verilmişdir. Tərəflər arasında ikinci əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Belə ki, əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də (işəgötürən) aparıcı mütəxəssis işləyir və 350 manat əmək haqqı alır.
39. İddiaçının (əmək müqaviləsi üzrə işçi) bildirdiklərinə əsasən, o, cavabdeh MMC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işləmiş, əmək haqqı məbləği rəsmi olaraq 350 manat müəyyən edilsə də, faktiki olaraq 1000 manat müəyyən edilmiş, yanvar və fevral aylarının əmək haqqı işəgötürən müəssisənin rəhbəri tərəfindən onun debet kartına göndərilmiş, mart ayının əmək haqqı 1000 manat isə ödənilməmişdir.
40. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən "xxxx" MMC-da xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işləməyi, eyni zamanda əmək haqqının 1000 (min) manat təşkil etməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi qəbzlərdən görünür ki, onun aylıq əmək haqqından artıq məbləğ (rəsmi olaraq 350 manat) ona yanvar, fevral və mart aylarında göndərilmişdir. “ARG KARGO" MMC və İddiaçı tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən işçinin işlədiyi aylar üzrə əmək haqqını və son haqq-hesabını qanunvericiliyin tələblərinə uyğun hesablanıb ödənilməməsini müəyyən etmək mümkün olmamış, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Whatsapp proqramı vasitəsilə aparılan yazışmalar iddiaçının "xxxx" MMC-da xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işləməsini, eyni zamanda əmək haqqının 1000 (min) manat təşkil etməsini müəyyən etməyə əsas vermir. Belə ki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, işçinin aylıq əmək haqqının məbləği 350.00 manat təşkil edir. Bundan başqa, tərəflər arasında ikinci əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2024-cü il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də (işəgötürən) aparıcı mütəxəssis işləyir və 350 manat əmək haqqı alır. İddiaçı ikinci əmək müqaviləsinin formal bağlandığını, müəssisənin ofisinin olmadığını, özünün bir gün belə işə getmədiyini və əmək müqaviləsinin onun razılığı olmadan qanunsuz bağlandığını qeyd etdiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ikinci əmək müqaviləsinin bağlanmasında hazırkı qətnamə icra olunana qədər əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyəti ödənişinin ödənilməsi barədə iddiaçının tələbləri əsassızdır. Belə ki, həmin müddət ərzində işçi faktiki olaraq işə getməmişdir.
41. Apellyasiya şikayətinin məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin tələbin maddi hüquqi əsası qismində Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edə bilər. Həmin maddənin tələbinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Hazırkı halda isə işçi işə bərpa olunmaq deyil, əksinə əmək müqavilə bildirişinin elektron sistemdən silinməsi iddiası irəli sürmüşdür. Belə olan halda birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumundan azaddırlar.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-151/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.