Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3018/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4582/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alqısatqı müqaviləsinin ləğv edilməsi, avtomobilin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış, Bakı şəhəri 11 saylı Notariat Ofisində reyestrdə 3M-126 nömrə ilə qeyd edilmiş 01 fevral 2021-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilənin ləğv edilməsi, ona məxsus “Kia Picanto” markalı, **- VM-*** dövlət qeydiyyatı nişanlı avtomobilin ona qaytarılması və ödənilmiş dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan “Kia Picanto” markalı, **-VM-*** dövlət qeydiyyatı nişanlı avtomobili gələcəkdə 11.258 manata satılması barədə Cavabdeh ilə razılığa gəlmiş və hər ay 467 manat olmaqla 24 ay müddətində ödəmək şərti ilə satılması barədə 01 fevral 2021-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Ofisində təsdiq edilmiş avtomobilin alğı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin gün avtomobil və qeydiyyat şəhadətnaməsi cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, belə ki, 2 aydır ki, ödənişləri etməmişdir və öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh tərəfindən müqavilənin 2.3. bəndinin tələbləri pozulmuşdur. Belə ki, müqavilədə 5 gün gecikdirmə nəticəsində hər gecikdirilmiş gün üçün 10 manat ödənilməsi şərtləşdirlmişdir. Müqavilənin 2.6 bəndində ikinci tərəfin ödənişi 1 ay ödəməyəcəyi təqdirdə birinci tərəfin müqaviləni birtərəfli qaydada poza bilməsi qeyd edilmişdir. İddiaçı cavabdehdən dəfələrlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etmiş, lakin cavabdeh buna əhəmiyyət verməmişdir və ödənişləri yerinə yetirməmişdir. Bu da cavabdehin gələcəkdə müqavilə üzrə öhdəlikləri tam şəkildə yerinə yetirəcəyini şübhə altına alır. Cavabdeh artıq müqavilənin şərtlərini pozmağa başlamışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmış, dəfələrlə müqavilənin tələblərini yerinə yetirməsini tələb etsə də, imtina etmişdir. Cavabdehin razılaşdırılmış qaydada pulu ödəməməsi onu sübuta yetirir ki, cavabdehin razılaşmanın şərtlərini yerinə yetirmək niyyəti yoxdur. Cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozduğuna görə 01 fevral 2021-ci il tarixli müqavilə ləğv edilməlidir. O, müqavilənin ləğv edilməsi barədə təklifi cavabdehə 02.08.2021-ci il tarixdə göndərmiş, təklifə on gün münasibət bildirməsini tələb etmiş və cavabdeh bu təklifə heç bir münasibət bildirməmişdir. Ona görə də, müqavilə ləğv edilməli, cavabdehdən onun mülkiyyətində olan “Kia Picanto” markalı, **- VM-*** dövlət qeydiyyatı nişanlı avtomobil alınaraq ona qaytarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4582/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, “Kia Picanto” minik markalı, **- VM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X4 (İddiaçı əvəzinə) ilə Cavabdeh arasında 01.02.2021-ci il tarixdə bağlanmış ilkin alq-satqı müqaviləsinın ləğv edilməsi, Cavabdeh “Kia Picanto” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı qaytarılması, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlansa da, müqavilənin 2.3-cü bəndində göstərilir ki, Cavabdeh avtomobili müqavilə tərəfinə deyil, tərəf olmayan X3 qaytarmalıdır. Müqavilənin həmin bəndində göstərilmişdir ki, ödəniş 10 gün gecikdirildiyi halda, “İkinci tərəf” həmin vaxtadək ödəmiş olduğu məbləği tələb etməyəcək. Həmin müddəa mülki qanunverciliyə uyğun gəlmir və şəxsin konstitusion hüququnu məhdudlaşdırması baxımından etibarsızdır. Həmin müqavilənin 2.4-cü bəndində göstərilmişdir ki, müqavilə üzrə göstərilən məbləğ tam ödənilib qurtardıqdan sonra müqavilə üzrə tərəf olmayan X5, “İkinci tərəf”ə avtomobilin özgəninkiləşdirilməsinə dair etibarnamə verəcək. Yəni, ödəniş başa çatdıqdan sonra da alıcı əşya üzərində mülkiyyət hüququ əldə etmir, onun əşya barəsində sərəncam vermək hüququ müqavilə üzrə tərəf olmayan şəxsin hərəkətindən - etibarnamə verməsindən asılıdır. Əqd ləğv edildiyi halda tərəfin icra edilmiş öhdəliyin geri qaytaraılmasını tələb etmək hüququnu tənzimləyən norma olmadığı üçün, həmin hüquq münasibətləri analogiya üzrə əqdin etibarsız hesab edilməsi ilə bağlı hüquq münasibətləri tənzimləyən Mülki Məcəllənin 337.5-ci bəndinə uyğun olaraq tənzimlənməlidir. Həmin maddənin tələbinə görə isə, əqd etibarsız hesab edildikdə tərəflər əqd üzrə aldıqlarını bir-birinə qaytarmalıdırlar. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etdiyi halda, cavabdehin müqavilə üzrə ödədiklərini aydınlaşdıraraq, həmin ödənişlərin iddiaçı tərəfindən ona qaytarılmasını qət etməli idi. Cavabdeh 18.05.2021-ci il tarixdən 17.12.2021-ci il tarixədək Rusiyada olduğundan, obyektiv səbəbdən müqavilə üzrə ödənişi etmək imkanı olmamışdır. Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə qiymət verərkən, cavabdehin müqavilə üzrə iddiaçıya ödədiyi məbləğin qaytarılması məsələsinə münasibət bildirməmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh bir neçə ay ərzində iddiaçıya ödənişlər etmiş, iddiaçı yalnız müqavilə bağlanandan 7 ay sonra məhkəməyə iddia vermişdir. Bu müddət ərzində cavabdeh tərəfindən ödənilmiş vəsaitə isə qətnamədə qiymət verilməmişdir. Cavabdeh, 18.05.2021-ci il tarixdən 17.12.2021-ci il tarixədək Rusiya Federasiyasının ərazisində olmuş, bu səbəbdən hazırki mübahisənin birinci instandsiya baxışında iştirak etməmiş, prosesdən məlumatı olmamışdır. İddiaçı ilə bağlanmış ödənişlər barədə sübutlar apellyasiya instansiya məhkəməsinə təqdim ediləcəkdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4582/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia təmin olunacağı halda cavabdehin iddiaçıya ödəmiş olduğu məbləğin iddiaçı tərəfində ona qaytarılması öhdəliyinin iddiaçıya həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4582/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, AE seriyalı, 022377 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, 2007-ci il buraxılışlı “Kia Picanto” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xüsusi mülkiyyətindədir.(İ.vər. 5;6) İş materiallarında olan, X4 (İddiaçı əvəzinə) ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2021-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”ndən görünür ki, həmin müqavilə aşağıdakı şərtlərlə bağlanmışdır. Tərəflər 01.02.2023-cü il tarixə kimi AD022377 nömrəli 30.01.2021-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən “Satıcı”- İddiaçı məxsus olan KNA3A24337T412000 ban nömrəli,G4HG6M001345 mühərrik nömrəli, 2007-ci il buraxılışlı ** VM *** dövlət nömrə nişanlı KİA PİCANTO minik markalı avtomobili 11.258 (on bir min iki yüz əlli səkkiz) manat “İkinci tərəf - Cavabdeh satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. X1 avtomobil 11.258 (on bir min iki yüz əlli səkkiz) manata qiymətləndirir, avtomobili həmin qiymətə “İkinci tərəf - Cavabdeh satmağı, İkinci tərəf - Cavabdeh isə avtomobili 11.258 (on bir min iki yüz əlli səkkiz) manata almağı öhdəsinə götürür. “İkinci tərəf” Cavabdeh satış məbləğini 01.03.2021-ci il tarixindən etibarən hər ay 467 (dörd yüz altmış yeddi) manat olmaqla 24 (iyirmi dörd) ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 (əlli) manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. Satıcı daşınar əmlakı alıcıya işlək vəziyyətdə təhvil verir.(İ.vər. 4) İş materiallarında olan, İddiaçı tərəfindən Cavabdeh verilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, **-VM-*** dövlət qeydiyyat nişanlı “Kia Picanto” minik markalı avtomobil 01.02.2021-ci il tarixdə 2 il 1 ay müddətinə 01.03.2023-cü il tarixədək idarə etmək üçün Cavabdeh verilmişdir.(İ.vər. 5;6) Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 01.02.2021-ci il tarixdə bağlanmış “İlkin alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan “Kia Picanto” minik markalı, **- VM-*** dövlət qeydiyyat nişanlı avtomobili 11.258 (on bir min iki yüz əlli səkkiz) manata Cavabdeh mülkiyyətinə verməyi, cavabdeh isə 01.03.2021-ci il tarixindən etibarən hər ay 467 (dörd yüz altmış yeddi) manat olmaqla 24 (iyirmi dörd) ay ərzində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 2.1-ci bəndi). Bu Müqavilənin 2.9-cu bəndinə əsasən Satıcı daşınar əmlakı alıcıya işlək vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı aralarında bağlanmış müqavilənin tələblərinin cavabdeh tərəfindən pozulduğunu və ilkin alqı-satqı müqaviləsi üzrə ona ödənişlərin olunmamasını qeyd edir və müqavilənin ləğv edilməsi, avtomobilin geri qaytarılmasını ələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən: 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddia tələbinin “alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satış məbləğini 01.03.2021-ci il tarixindən etibarən hər ay 467 (dörd yüz altmış yeddi) manat olmaqla 24 (iyirmi dörd) ay ərzində ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə məbləğ ödənilmədiyindən və həmin müqavilənin ləğv edilməsi tələb edildiyindən, iddia tələbi 01.02.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, cavabdeh tərəf müqavilə şərtlərini pozduğundan iddiaçı avtomobili Cavabdeh sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, “İkinci tərəf - Cavabdeh ödənişi 10 (on) gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 (on) manat ödəniş edəcək. 10 (on) gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etmiyəcək və avtomobili “Birinci tərəf-İddiaçı nümayəndəsi X3 təhvil verməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh alğı-satqı müqaviləsinin şərtlərinə əməl etmədiyi üçün, iddiaçı alğı-satqı müqaviləsinin ləğv edilməsini və avtomobili geri tələb etməkdə haqlıdır. Ona görə ki, tərəflər arasından bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, “İkinci tərəf - Cavabdeh ödənişi 10 (on) gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 (on) manat ödəniş edəcək. 10 (on) gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etmiyəcək və avtomobili “Birinci tərəf - İddiaçı nümayəndəsi X3 təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin birinci instansiya məhkəməsi iddianı təmin etdiyi halda, cavabdehin müqavilə üzrə ödədiklərini aydınlaşdıraraq, həmin ödənişlərin iddiaçı tərəfindən cavabdehə qaytarılmalı olması barədə dəliləri əsassızdır. Belə ki, yuxarıda vurğulandığı kimi, tərəflər arasında bağlanmış 01 fevral 2021-ci il tarixli “İlkin alqı-satqı müqavilə”sinin 2.3-cü bəndinə əsasən, “İkinci tərəf - Cavabdeh ödənişi 10 (on) gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 (on) manat ödəniş edəcək. 10 (on) gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etmiyəcək və avtomobili “Birinci tərəf-İddiaçı nümayəndəsi X3 təhvil verməyi öhdəsinə götürür. Həmçinin, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin 18.05.2021-ci il tarixdən 17.12.2021-ci il tarixədək Rusiyada olduğundan, obyektiv səbəbdən müqavilə üzrə ödənişi etmək imkanı olmaması barədə dəlilərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin göstərdiyi səbəb əsaslı hesab edilmir və onun müqavilənin şərtlərini yerinə yetirməkdən azad etmir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4582/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4582/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3018/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3018/2022
10.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver