Məhkəmə qərarları › İş №2(103)-3018/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3018/2023

31.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3018/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Abdullayev Tofiq Şahin oğlunun və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-194/2023 saylı 26 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və iddiaçı Abdullayev Tofiq Şahin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 4 aya (avqust-noyabr 2021-ci il) görə ödənilməmiş əmək haqqı olaraq (1000 manat x 4 ay) 4000 manat əmək haqqı borcunun, ödəilməmiş məzuniyyət haqqı (dekabr 2021-ci il) borcu, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faiz məbləğində ödəniş gününə qədər hesablanmaqla, habelə ezamiyyət haqqı olaraq 2700 manatın, həmçinin mediasiya təşkilatına ödənilmiş 50 manat xidmət haqqının ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqda ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən 2020-2021-ci iş ilinə görə ödənilməmiş növbəti məzuniyyət haqqı borcunun, dekabr ayının 26 günü üçün boşdayanma günlərinə görə əmək haqqının 2/3 hissəsinin, əmək haqqının ödənmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş gününə qədər hesablanmaqla dəbbə pulu, habelə ezamiyyət haqqı olaraq 2700 manat və mediasiya təşkilatına ödənilmiş 50 manat haqqın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-194/2023 saylı 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən ezamiyyə xərclərinə görə 2700 manat və ödənilmiş mediasiya xərcinə görə 50 manat, cəmi 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. Həmin qətnamədən cavabdeh "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunması hissəsində ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən həmçinin İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Abdullayev Tofiq Şahin oğlu və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qismən müdafiə edərək, əmək haqqının ödənmədiyi müddət üçün dəbbə pulu hissəsində iddiadan imtina etdiklərini, yerdə qalan iddia tələblərini müdafiə etdiklərini bildirdilər. Əlavə olaraq iddiaçının verdiyi apelyasiya şikayətinin təmin edilməsini, məzuniyyət haqqı olaraq 1082,56 manat və 2021-ci ilin dekabr ayında 26 gün boşdayanmaya görə 891,22 manat əmək haqqının, cəmi 1973,78 manat cavabdehdən tutulmasını, cavabdehin verdiyi apelyasiya şikayətinin isə təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Abdullayev Tofiq Şahin oğlunun iddianın “əmək haqqının ödənmədiyi müddət üçün dəbbə pulu” hissəsində imtinası qəbul edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-194/2023 saylı 26 yanvar 2023-cü il tarixli qətnaməsi qismən, yəni “əmək haqqının ödənmədiyi müddət üçün dəbbə pulunun təmin edilməməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiasından qismən, yəni “əmək haqqının ödənmədiyi müddət üçün dəbbə pulu” hissəsində imtina etdiyini, qalan hissədə iddia tələblərinin qüvvədə qalıdığını, ezamiyyə xərci olaraq 2700 manat, mediasiya xərci olaraq 50 manat, məzuniyyət haqqı olaraq 1082,56 manat, 2021ci ilin dekabr ayında 26 gün boş dayanmaya görə 891,22 manat tələblərindən (cəmi tələb 4723,78 manat) son ikisi, yəni məzuniyyət haqqı və boş dayanma günləri üçün əmək haqqı qanunsuz olaraq təmin edilməmiş qalır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının verdiyi apelyasiya şikayətinin təmin edilməsi, məzuniyyət haqqı olaraq 1082,56 manat və 2021-ci ilin dekabr ayında 26 gün boşdayanmaya görə 891,22 manat əmək haqqının (cəmi 1973,78 manat) cavabdehdən tutulması, cavabdehin verdiyi apelyasiya şikayətinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarıda olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Abdullayev Tofiq Şahin oğlu Nümayəndə1 iddia tələbindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə nəzərdə tutulan hüquqlarını və xüsusi olaraq iddia tələblərindən tam və ya qismən imtina edilməsi etibar etmişdir. Həmçinin iddiaçı Abdullayev Tofiq Şahin oğlu apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak etmiş və iddia tələbindən qeyd edilən hissədə imtinanı müdafiə etdiyini və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Abdullayev Tofiq Şahin oğlunun iddianın “əmək haqqının ödənmədiyi müddət üçün dəbbə pulu” hissəsində imtinası qəbul edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-194/2023 saylı 26 yanvar 2023-cü il tarixli qətnaməsi qismən, yəni “əmək haqqının ödənmədiyi müddət üçün dəbbə pulunun təmin edilməməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Abdullayev Tofiq Şahin oğlunun iddianın “əmək haqqının ödənmədiyi müddət üçün dəbbə pulu” hissəsindən imtinası qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-194/2023 saylı 26 yanvar 2023-cü il tarixli qətnaməsi qismən, yəni “əmək haqqının ödənmədiyi müddət üçün dəbbə pulunun təmin edilməməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar