Məhkəmə qərarları › İş №2(103)-3028/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3028/2023

20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3028/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı və Cavabdeh1 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 q̇arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək prospekti, ev 10 C, mənzil 24-də yerləşən cehiz əşyalarının cavabdehlərdən alınıb ona qaytarılması, həmin cehiz əmlaklar olmadıqda və istifadəyə yararsız olduğu halda bazar dəyərinin tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə qurduğu vaxt özünə məxsus cehiz və şəxsi əşyalarını Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək pr-ti, ev 10 C, mənzil 24-də yerləşdirməklə həmin mənzildə əri və uşaqları ilə birlikdə yaşamışdır. Tərəflər arasında ailə mübahisələri başlandığı vaxtdan cavabdeh iddiaçının iradəsi ziddinə onu yaşadığı mənzilə buraxmamış, cehiz əşyalarını qaytarmaqdan imtina etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3506/22 saylı iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia qismən edilmiş, Cavabdeh1 iddiaçıya məxsus böyük bakal-14 ədəd – 875 manat, boşqab 3 ölçüdə -36 ədəd, boşqab 3 ölçüdə - 48 ədəd, qaşıq -12 ədəd, stəkan – 10 ədəd-1250 manat, şam qabı (qızılı zərli)-2 ədəd-500 manat, saat (qara)-1 ədəd-600 manat, süfrələr – 3 ədəd, vaza güllü (Versace)-2 ədəd-2500 manat, buludlar (Versace)-3 ədəd - 1900 manat, kül qabı (Versace)-2 ədəd-1800 manat, vaza qara (Versace)-1 ədəd -800 manat olan cehiz əşyalarının alınaraq iddiaçıya verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməmiş, ödənilmiş 75 manat dövlət rüsumunun 40 manatının cavabdehdən alınaraq iddiaçıya verilməsi, qalan 35 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia ərizəsində göstərilən əmlakların bir qisminin cavabdehin saxlancında olması faktı öz təsdiqini tapmışdır. İddiaçı qalan cehiz əşyalarının cavabdehlərdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü, Mülki Məcəllənin 157.2, 225.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd olunduğu hissədə ləğv olunması və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzildə olan iri avadanlıqlar və mebel əşyaları satılmışdır və hal-hazırda mövcud deyildir. Mənzildəki xırda avadanlıqlar isə Qaradağ rayonunda yerləşən anbarda saxlanılır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

12. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

13. Maddə 34. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddiaçının apellyasiya şikayətinə əsasən iddianın təmin olunmayan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi və nəticədə iddiaçının mübahisələndirilən əmlaklar üzərində mülkiyyət hüququnun pozulması barədədir.

19. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır.

20. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Hazırkı iş üzrə iddiaçı mənzildə olan iri avadanlıqların və mebel əşyalarının satıldığını və hal-hazırda mövcud olmadığını iddia edir.

22. Cavabdeh isə həmin əşyaların iddiaçı tərəfindən aparıldığını bildirərək iddiaya etiraz edir.

23. Birinci instansiya məhkəməsi göstərilən hissədə iddiaçının öz tələbini sübuta yetirə bilmədiyi əsası ilə iddianı rədd etmişdir.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

25. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Hazırki mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların iddia etdiyi miqdarda, markada, qiymətdə və məbləğdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

29. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi əşyaların iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir.

30. Apellyasiya baxışı zamanı işə baxılarkən Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etdi. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 9/6962 saylı rəyi ilə iddia ərizəsində qeyd edilən əmlaklardan yalnız markası, modeli, texniki göstəriciləri və s. dəqiq göstərilmiş 15 adda əşyaların istifadədə olması nəzərə alınmaqla hal-hazırkı tarixə orta bazar qiyməti ilə ümumi dəyərinin nəzəri qaydada təxminən 5600 manat olduğu müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilməyən, iddia ərizəsində qeyd edilən 75 adda əşyalar ekspert baxışına təqdim edilmədiyinə, eləcə də həmin malların markası, modeli, texniki göstəriciləri, ölçüləri, orijinal olub-olmaması və s. müəyyən edilmədiyinə görə bu mallar üzrə tədqiqat və qiymətləndirmə aparmaq mümkün olmamışdır. Rəy verilərkən respublikada yerləşən ticarət obyektlərində, internet saytlarında mövcud olan qiymətlərdən və sadalanan əşyaların istifadədə olunduğu nəzərə alınmışdır.

31. MPM-ə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7).

32. Kollegiya Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, 9/6962 saylı ekspert rəyinin mötəbərliyini, rəy verilərkən respublikada yerləşən ticarət obyektlərində, internet saytlarında mövcud qiymətlərin və sadalanan əşyaların istifadə olunduğunun nəzərə alındığını rəhbər tutaraq belə qənaətə gəlir ki, ekspert rəyi ilə müəyyən edilmiş qiymət əmlakların real dəyəridir və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Məhkəmə kollegiyası iddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş və apellyasiya baxışı zamanı təqdim olunmuş xx.xx.2023-cü il tarixli ekspert rəyinin mötəbərliyini qəbul etmir. Belə ki, qiymətləndirilən əşyalar ekspert baxışına təqdim edilməməklə yanaşı onların markası, modeli, texniki göstəriciləri, ölçüləri, orijinal olubolmaması və s. də ekspertə məlum olmamışdır. Belə olan vəziyyətdə həmin rəyin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyil.

34. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin14 noyabr 2023-cü il tarixli, 9/6962 saylı ekspert rəyi ilə qiymətləndirilməsi mümkün olmuş 15 adda əmlaklara aid hissədə ləğv olunmalı və iddia tələbi həmin əmlakların, onlar mövcud olmadıqda isə dəyərinin Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi hissəsində təmin olunmalıdır.

36. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388).

37. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı apellyasiya qaydasında mübahisələndirdiyi qalan hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsi Cavabdeh1 qarşı iddianın təmin olunmayan hissəsində qismən – bir ədəd kombi, üç ədəd kondisioner, üç ədəd televizor, bir ədəd musiqi mərkəzi, iki ədəd soyuducu, bir ədəd qaz peçi, bir ədəd aspirator, bir ədəd qabyuyan, bir ədəd mikrodalgalı soba, bir ədəd ütüaltı, bir ədəd ətçəkən maşının, yaxud onların dəyərinin tələb olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. İddiaçıya məxsus 1 ədəd dəyəri 400 manat olan İtaliya istehsalı, Funditar 31 markalı kombi, 1 ədəd dəyəri 450 manat olan Yaponiya istehsalı, BTU, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 1 ədəd dəyəri 200 manat olan Yaponiya istehsalı, Sony markalı musiqi mərkəzi, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 2 ədəd hər birinin dəyəri 500 manat, cəmi dəyəri 1000 manat olan İtaliya istehsalı, Ariston markalı soyuducu, 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı qaz peçi (PHQ4İMSTVGH), 1 ədəd dəyəri 200 manat olan aspirator (HKQVQK/HA), 1 ədəd dəyəri 850 manat olan Yaponiya istehsalı kondisioner (BTU), 1 ədəd dəyəri 300 manat olan İtaliya istehsalı qabyuyayn maşın (LFT- M-28), 1 ədəd dəyəri 100 manat olan İtaliya istehsalı mikrodalğalı soba (SMV242XA), 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı soba (duxovka), 1 ədəd dəyəri 100 manat olan Türkiyə istehsalı ütüaltı, 1 ədəd dəyəri 60 manat olan İtaliya istehsalı, National markalı ətçəkən maşın, 1 ədəd dəyəri 400 manat olan Yaponiya istehsalı, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, həmin əşyalar olmadıqıda onların dəyərini təşkil edən 5600 (beş min altı yüz) manat pul Cavabdeh1 alınıb İddiaçı verilsin. Qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar