Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3030/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “aliment” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ alimentin tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1052/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1052/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının müddətinin xx.xx.2024-cü il tarixdən hesablanması, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Qətnamədə “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına; “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 100.2; “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 234.2.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2011-ci il təvəllüdlü X5 tərəflərin birgə nikahından anadan olmaqla hazırda iddiaçı (ana) İddiaçı yanında yaşayır. Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir və aylıq əmək haqqı 2841 manat təşkil edir. Cavabdehin aylıq əmək haqqı və digər gəlirlərinin 2841 manat olması əsas götürülməklə uşağın üstün maraqları nəzərə alınaraq 2841 manat əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi miqdarında tutulmalıdır. Belə ki, göstərilən hal ailə qanunvericiliyin tələblərinə uyğun olmaqla uşağın üstün maraqlarının qorunmasına xidmət edir, məhkəmə qərarının icrasında çətinliklərə səbəb olmamaqla aydın, anlaşılandır və “hüquqi müəyyənlik” prinsipinin tələblərinə cavab verir. Uşağın yaşı, təhsil, hazırlıq, geyim, mədəni xərcləri, həmçinin mövcud iqtisadi şərtlər, həyat standartları nəzərə alınır. Cavabdeh tərəf bildirir ki, Cavabdeh yenidən ailə qurmuş və həmin ailəsindən 1 uşağı vardır. Aliment təyin edilərkən bu hal nəzərə alınmalıdır. Sözügedən arqumentə münasibətdə qeyd edilməlidir ki, uşağın xərclərinin qarşılanmasının meyarları müəyyən edilərkən cavabdehin gəlirləri nəzərə alınır. Cavabdehin əmək haqqı əmək bazarına münasibətdə normal miqdar təşkil edir. Həmin əmək haqqı ilə digər uşağın xərclərinin qarşılanması da mümkündür. Aliment öhdəliyinin övladın saxlanılması üçün nəzərdə tutulması əsas götürülməklə həmin öhdəlikdən yayınmaq cəhdi qəbuledilən deyildir. Valideyn uşağın normal inkişafı üçün maksimal dərəcədə çalışmalı, uşağın normal fərd kimi yetişməsində və cəmiyyətə faydalı olmasında maraqlı olmalı, ailə qurarkən bu xərclər və öhdəliklər üzrə planlaşdırmalar aparılmalıdır. Əks halda, bu halların neqativ təsirlərinin uşağa yansıması yolverilməzdir. Məhkəmə qərar qəbul edərkən mövcud məhkəmə təcrübəsini, məhkəmə təcrübəsi üzrə vahidliyin, proqnozlaşdırıla bilinən qərarların qəbul edilməsi və “hüquqi müəyyənlik” prinsipinin təmin edilməsini əsas götürür. Eyni faktiki hallara sahib olan işlər üzrə fərqli qərarların qəbul edilməsi “hüquqi müəyyənlik” prinsipinə uyğun deyildir, dövlət nöqteyi-nəzərdən ümumi subyektlər üçün ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Ədalətli nəticə isə yalnız qanunun ədaləti çərçivəsində təmin edilə bilər. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Uşağın üstün mənafeyi əsas götürülməklə onun saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində müəyyən edilməsini məhkəmə əsaslı və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, uşağın valideynlərin birinin yanında saxlanılması digər valideynin uşaqlarla ünsiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsində müəyyən edilmiş hallar istisna olmaqla valideyn-övlad münasibətlərinə əsassız, qeyrilegitim məhdudlaşdırmaların tətbiq edilməsi yolverilməzdir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur; - Nikah haqqında şəhadətnamənin surətinə əsasən, X4 və Cavabdeh xx.xx.2022-ci ildə Balakən Asan Xidmət X1 nikaha daxil olmuşlar; - doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, xx.xx.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır ; - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir və aylıq əmək haqqı 2841 manat təşkil edir .
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4.Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76 –cı maddəsinə istinadən qeyd edilmişdir ki, iki uşağa görə alimentin miqdarı qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində müəyyən edildiyindən, belə halda bir uşaq üçün qazancın (başqa gəlirlərin) altıda bir hissəsindən artıq olmamalıdır. Qanunun mənası odur ki, əgər valideynin bir övladı varsa, qazancının dörddəbiri tutulur, əgər valideyn iki övlada baxmağa borcludursa, bu zaman bir uşaq üçün qazancın altıdabirindən çox tutula bilinməz. Bu həm də uşaqlar arasında aryıseçkilik olar. Başqa sözlə, iki uşaq varsa, bir uşağa bir uşağa görə ¼ miqdar aliment tutula bilməz, çünki o miqdar tək uşağa aiddir. Məhkəmə bu maddəni mübahisəyə tətbiq etməli olduğu halda, etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh atasının tək oğludur, atasının 71 yaşı var (şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir), pensiya yaşındadır, sağlamlığında problemlər var və cavabdehin himayəsindədir. Pensiya yaşına çatmış, əmək qabiliyyəti məhdudlaşmış, sağlamlığında problemlər olan valideyni təmin etmək də övladın borcudur. Məhkəmə həmçinin cavabdehin ikinci nikaha daxil olmasını, arvadının və ikinci övladının onun himayəsində olmasını nəzərə almamışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən, aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağının da olması nəzərə alınmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin atasının kifayət qədər sağlam olduğunu , hətta cavabdehin birinci instansiya məhkəməsində proseslərə atası ilə birgə gəldiyini, atasının onun himayəsində olması ilə bağlı arqumentinin həqiqəti əks etdirmədiyini, həmçinin cavabdehin ikinci dəfə ailə həyatı qurduğunu və arvadının da işlədiyini ,normal əmək haqqısının olduğunu, ikinci nikahdan olan uşaqlarına hər iki valideynin birgə baxdığını, tərəflərin 2020-ci ildə boşandığını və həmin dövrdə aralarında olan şifahi razılaşmaya əsasən birgə nikah dövründə tərəflərin ipoteka ilə aldıqları evdə iddiaçının və övladının qalmalı olduğunu, bunun qarşılığında iddiaçının cavabdehdən aliment tələb etməyəcəyini öhdəsinə götürdüyünü, bu səbəbdən də boşanma 2020-ci ildə olmasına baxmayaraq iddiaçının aliment tələbi ilə məhkəməyə gec müraciət etdiyini, çünki sonradan tərəflər arasındakı razılaşmanın cavabdeh tərəfindən pozulduğunu, həmin evin satıldığını, iddiaçının və övladının hazırda da kirayələrdə qaldığını, həmçinin uşağın sağlamlığında da problemlər olduğunu, belə ki uşağın kifoz skalyoz xəstəliyindən əziyyət çəkdiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
6. Cavabdeh nümayəndəsi Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, hər hansı səbəbdən məhkəmə iclasında iştirak edə bilməsələr, apellyasiya şikayətlərinə iştirakı olmadan baxılaraq təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Şəxsin (uşağın) yaşayışı yalnız minimum istehlak səbətinin təmin edilməsi ilə deyil, onun tərbiyə və inkişafında təhsil, mənzil, tibbi yardım və sair hüquqlarının, o cümlədən mənəvi inkişafın təmin edilməsinə aid məsrəflər də nəzəzərə alınmalıdır.Ona görə uşağın minimum təminat səviyyəsinə uyğun kollegiya hesab edir ki, minimum yaşayış həddi, uşağın saxlanılması üçün minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni əvvəlki səviyəyə müvafiq ona layiqli şəkildə baxılması, digər zəruri tələbatlarının təmin edilməsi ilə bağlı valideyn öhdəlikləri üzrə vəzifə bərabərliyi baxımından sübutetmə yükü tərəflərin üzərinə düşür. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını (və ya indeksasiyası) istisna etmir. 9.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 10.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
11. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. 13.Kollegiya iş materiallarını və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinə riayət etmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətinin birinci dəlili yenidən ailə həyatı qurması və həmin nikahdan da bir övladının olması v ə buna görə də aliment müəyyən olunarkən ailə məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq uşağa görə alimentin miqdarı qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində müəyyən edildiyindən, belə halda bir uşaq üçün qazancın (başqa gəlirlərin) altıda bir hissəsindən artıq olmaması, ikinci dəlili isə himayəsində yaşlı atasının olmasıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, ilk növbədə cavabdehin ikinci nikahından övladının olması, onu birinci nikahından olan övladı qarşısında öhdəliklərdən azad etmir və nəzərə alınmalıdır ki, cavabdeh ikinci nikahdan olan yoldaşından boşanmamış, həmin uşaq üçün hazırda aliment ödəmir, bunun əksinə ikinci nikahdan olan övladına iki valideyn birgə baxır. Digər uşağın aliment hüquqları müstəvisində cavabdehin vəzifələrinə müvafiq hazırki iddiaçı tərəfindən tələb edilən alimentin miqdarı və növünə yenidən baxılması mümkünlüyü istisna edilmir. 14.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. 15.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1052/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.