Məhkəmə qərarları › İş №2(103)-3034/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3034/2020

05.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3034/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X7, cavabdehin özünün və vəkili (nümayəndəsi) X5 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlə onun arasındakı nikahdan doğulmuş övladının – xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə, hər ay, cavabdehin aylıq gəlirinin və başqa qazancının 1/4 hissəsi miqdarında və 150 manat sabit pul məbləğində alimentin, həmçinin uşağın müalicəsinə çəkmiş olduğu xərcin əvəzi olaraq 128,90 manat pulun, habelə uşağın müalicəsinə tələb olunan əlavə xərclər üçün hər ay 100 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan onların 1 uşaqları var: xx.xx.2016-cı il təvəllüdlü Aynur. Nikahdan uşağın olmasına baxmayaraq iş üzrə tərəflərin ər-arvad münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Uşaq iddiaçının yanında qalmışdır. Uşağın səhhətində problemlər var. Uşaq mütəmadi olaraq müalicə alır. Cavabdeh uşağın saxlanılması və müalicəsinə görə iddiaçıya köməklik etmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddia ərizəsi məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə 1 uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 160 manat sabit pul məbləğində alimentin, habelə uşağın müalicəsi üçün hər ay 100 manat əlavə xərcin tutulmasını, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni uşağın müalicəsi üçün hər ay 100 manat əlavə xərcin ondan iddiaçının xeyrinə tutulması barədə hissəsinin ləğv edilməsi və həmin tələbin rədd edilməsi, habelə ondan iddiaçının xeyrinə tutulmalı olan alimentin 80 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmundan görünür ki, o, uşağın saxlanılmasına görə ondan iddiaçının xeyrinə alimentin tutulması barədə Rayon Məhkəməsinin nəticəsi ilə razıdır, amma hesab edir ki, Rayon Məhkəməsi alimentin məbləğini 160 manat müəyyən etməklə işin hallarını nəzərə almamışdır. Çünki, ona 460 manat məbləğində əmək haqqı hesablansa da, bütün sosial və vergi tutmalar çıxdıqdan sonra o, cəmi 425,70 manat alır. Bundan başqa, onun birinci nikahından olan 2 övladı onun yanında yaşayırlar və uşaqların xərcini o qarşılayır. Göstərdiyi səbəblərdən onun iddiaçıya ayda cəmi 80 manat məbləğində aliment ödəmək imkanı var. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın bir hissəsini təmin etməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də, qətnamənin həmin hissəsini mübahisələndirmir. O, yuxarıda artıq qeyd edildiyi kimi, hesab edir ki, uşağın müalicəsi üçün ondan iddiaçının xeyrinə hər hansı məbləğdə pul tutulmamalı, yalnız uşağın yetkinlik çatana kimi aliment tutulmalı və alimentin məbləği 80 manat müəyyən edilməlidir. Odur ki, Məhkəmə, qeyd edilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan şəhadətnamələrdən görünür ki, iş üzrə tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan onların 1 övladları var: xx.xx.2016-cı il təvəllüdlü X11. “Baku Clinic” Tibb Mərkəzinin xx.xx.2016-cı il tarixli “Ultrasəs müayinə protokolundan”, “Andromed” Tibb Mərkəzinin xx.xx.2016-cı il tarixli “Neyrosonoqrafiya protokolundan”, X2 xx.xx.2019-cu il tarixli arayışından, “X19 xx.xx.2019-cu il tarixli arayışından və işdə olan digər tibb sənədlərindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Aynurda kəllə daxili təzyiqindən, beynində trombdan, gözündə çəplikdən əziyyət çəkir, mütəmadi müalicəyə ehtiyacı var. İş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, nikahdan uşağın olmasına baxmayaraq iş üzrə tərəflərin ər-arvad münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Uşaq iddiaçının yanında qalmışdır. Uşağın səhhətində problemlər var. Uşaq mütəmadi olaraq müalicə alır. Cavabdeh uşağın saxlanılması və müalicəsinə görə iddiaçıya köməklik etmir. Bakı Dövlət Sosial-İqtisadi Kollecinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, iş üzrə iddiaçı həmin Kollecdə mühasib vəzifəsində işləyir və 375 manat məbləğində əmək haqqı alır. “xxxx” MMC-nın xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli arayışlarından görünür ki, cavabdeh həmin MMC-də sürücü vəzifəsində işləyir və 460 manat məbləğində əmək haqqı alır. Yuxarıda qeyd edilən sənədləri və iş üzrə tərəflərin bildirdiklərini nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X3 “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda göstərilənlər ilə yanaşı Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunundan görünür ki, Rayon Məhkəməsi tərəfindən hazırki işə baxılan zaman, yəni 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alınaraq, işə baxmış Rayon Məhkəməsi uşağın yetkinlik yaşına çatana kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğini 160 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Cavabdehin təklif etdiyi qaydada, yəni alimentin 80 manat məbləğində müəyyən edilməsi üçün əsas yoxdur. Qətnamənin “əlavə xərclərə, yəni uşağın müalicəsinə görə 100 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə” hissəsinə münasibət bildirərək Məhkəmə qeyd edir ki, cavabdehin iddia ərizəsinə qarşı verdiyi etiraza əlavə etdiyi “Doğum haqqında şəhadətnamələrin” surətlərindən görünür ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh ilə (əvvəlki nikah üzrə arvadı) X1 iki övladı var: xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2005-ci il təvəllüdlü X9. X1 notarial qaydada verdiyi xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2005-ci il təvəllüdlü Rahilənin atası Cavabdeh yaşamasına razılıq vermişdir. Bunlara və cəmi 460 manat məbləğində əmək haqqı almasına əsaslanan cavabdeh hesab edir ki, o, iddiaçı ilə onun nikahından doğulmuş uşağın müalicəsi ilə bağlı əlavə xərclərə cəlb olunmamalıdır. Bununla bağlı Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən tibb sənədlərindən görünür ki, iş üzrə tərəflərin nikahından doğulmuş uşağı səhhətində problemlər var və onun mütəmadi müalicəyə ehtiyacı var. Əvvəlki nikahdan doğulmuş uşaqların cavabdehin yanında yaşaması və onun az məbləğdə əmək haqqı alması onu uşağın müalicəsindən ibarət əlavə xərclərə cəlb olunmasından azad etmir. Belə ki, Ailə Məcəlləsinin 56-cı maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, valideynlərin uşağa münasibətdə hüquq və vəzifələri bərabərdir. Valideynlərdən hər biri məhkəmə tərəfindən uşaqla bağlı yaranmış əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bunu və işin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, iddianın “əlavə xərclərə görə pulun tutulması barədə” hissəsi və bu tələb ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən hissəsinə aid dəlili əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar