Məhkəmə qərarları › İş №2(103)-3040/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3040/2023

14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3040/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın qaytarılmas) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1052/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(004)-6132/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 20 iyul 2022-ci il tarixində 1507 nömrəli akt qeydi ilə bağlanmış- nikahın pozulması qət edilmişdir.

2. İş materiallarında olan borclunun əmlakı üzərinə həbsin qoyulması və siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzildə qızıl-zinət əşyası-komplekt aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh dəyəri 6500 manat olan 1 ədəd dəst boyunbağının alınaraq ona verilməsi barədə qətnamə qəbul barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 iyul 2022-ci ildə rəsmi olaraq Cavabdeh ilə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahları həmin tarixdə Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 1507 nömrə ilə qeyd edilmişdir. O, 9 həftəlik hamilədir. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan başa düşmüşlər ki, onlar tamamilə ayrı-ayrı adamlardır. Bunun nəticəsində aralarındakı münasibətlər dözülməz bir həddə çatmışdır. Faktiki olaraq aralarındakı ailə münasibətləri bitdiyindən bu şəraitdə bir yerdə yaşamaqları mümkün deyildir. Cavabdehlə barışmaq, eləcə də, onların gələcək birgə ailə həyatları və ailənin qorunub saxlanılması mümkün deyil. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6132/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Həmçinin cavabehə məxsus olan mənzildə ona məxsus olan cehiz əşyaları və bir ədəd qızıl zinət əşyası qaldığından, tərəfindən həmin əmlakların üzərinə həbs qoyulması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. İcra mərhələsində cavabdeh ona məxsus olan cehiz əmlaklarının götürülməsinə etiraz etməmişdir. Buna görə də Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin müvafiq aktı ilə icra vərəqəsində qeyd olunan cehiz əmlakları tərəfindən cavabdehə məxsus olan mənzildən götürülmüşdür. Lakin icra vərəqəsində qeyd olunmuş və cavabdehlə aralarında olan toy ərəfəsində ona hədiyyə edilmiş qızıl- zinət əşyası olan bir ədəd dəst boyunbağını cavabdeh ona verməmiş və bildirmşdir ki, həmin əşya yoxdur. Lakin tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də görünür ki, həmin dəst boyunbağı onda olmuş və cavabdehlə olan toylarında ondan istifadə etmişdir. Lakin cavabdehdən ayrılan zaman həmin boyunbağı cavabdehə məxsus olan və birlikdə yaşadıqları mənzildə qalmışdır.

5. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh 20 iyul 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı tərəfindən münasibətlərin gərgin və həyat şəraitinin dözülməz olması göstərilsə də, cavabdeh bunu tamamilə inkar edir və münasibətlərin və həyat şəraitinin normal olduğunu iddia edir. Hətta, cavabdeh iddiaçının hamilə olduğunu bildikdən sonra həm məhkəməyəqədər, həm məhkəmə zamanı nikahın pozulmaması üçün səylər göstərmişdir. İddiaçı cavabdehlə birgə yaşadıqları mənzildən 24 sentyabr 2022-ci il tarixdə normal şəkildə atasının evinə getmişdir ki, bir müddət orada yaşayacaq. Cavabdeh buna etiraz etməmişdir. İddiaçı atası evinə gedərkən, öz şəxsi əşyalarını və qızıl-zinət əşyalarını da götürmüşdür. Qızıl-zinət əşyalarının tam götürülməsini də cavabdeh mediasiya təklifini aldıqdan və əşyalara baxış keçirdikdən sonra müəyyən etmişdir. Hətta, iddiaçı cavabdehin anasının cavabdehə saxlanc məqsədləri üçün verilmiş 3 qızıl qolbağı da götürmüşdür ki, cavabdeh həmin qolbaqların qaytarılmasını tələb etsə də, iddiaçı həmin qolbaqları cavabdehə qaytarmamışdır. Həmçinin, boyunbağının dəyəri iddiaçının göstərdiyi kimi 6500 manat deyil və xeyli aşağıdır ki, iddiaçı iddia ərizəsində şişirdilmiş dəyər göstərmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Haqverdiyeva Səlbi Qiyas qızı ifadəsində bildirmişdir ki, cavabdeh onun oğludur. Toydan sonra iddiaçı və cavabdeh Türkiyəyə dincəlməyə getmişlər. Onlar oğlu ilə ayrı evlərdə yaşayırdılar. O, oğlugilin evlərinə getmirdi. Oğlugil özləri hərdən onlara gəlirdilər. Sonra iddiaçı getmək istədiyini bildirərək, bütün əşyalarını götürüb getmişdir. İddiaçı özü üçün 6500 manatlıq komplekt seçmişdi. Pulları çatmadığından 3000 manatlıq komplekt seçərək almışlar. 6500 manatlıq komplektlə onların aldıqları 3000 manatlıq komplekt bir-birinə bənzəyirdi. Whatsapp yazışmalarında 6500 manatlıq komplektin seçilməsi və qiymətinin aşağı salınması ilə bağlı bildirmək istəyir ki, həmin kompektə pul çatmadı. Toyun xərcləri də çox idi. Komplekti toydan qabaq almışlar. Qolbaqları nişandan sonra iddiaçıya vermişdi. İddiaçı ilə heç bir düşmənçililikləri olmamışdır. İddiaçı evdən sentyabr ayında çıxıb getmişdir. Onun evdən getmək istəməyinin səbəbini müəyyən etmək üçün Elçin özü iddiaçının ata-anasını çağırmışdır. Ata-anası onun işlərinə qarışa bilmədiklərini bildirmişlər. İddiaçı evdən gedəndə Elçin evdə olmuşdur. İddiaçı bütün əşyalarını yığıb çıxıb getmişdir. O, iddiaçı çıxıb getdikdən sonra onların evinə getmişdir. İddiaçının evdən getdiyi barədə Elçin ona məlumat vermişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1052/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cavabdeh və onun tərəfindən məhkəməyə şahid qismində dəvət olunan anası ifadələrində qeyd olunan qızıl zinnət əşyasını almadıqlarını əvəzində isə daha ucuz olan lakin həmin zinnət əşayasına bənzəyən zinnət əşyası aldıqlarını bildirmişdir. Qeyd olunmalıdır ki, iş materillarına əlavə olunmuş, iddiçıya məxsus olan, toy şənliyində çəkilmiş fotoşəkillərdəki, qızıl-zinnət əşayası, "Whatsapp" yazışmasında olan zinnət əşyası ilə eynilik təşkil edir. Məhkəmə buna nəzər yetirməmiş, işi bu istiqəmətdə araşdırmamışdır. Həmçinin məhkəmə, iddia predmeti olan qızıl-zinnət əşyasının cavabdeh tərəfindən götürülməsinə, satılmasına və və ya cavabdehdə olmasına dair tərəfimizdən sübut təqdim olunmadığını qeyd etmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı, təqdim olunmuş, tərəfələr arasında olan "Whatsapp" yazışmasının cavabdeh tərəfindən mübahisələndirilməməsi və həmin yazışmanın cavabdeh tərəfindən qəbul olunub, təsdiqlənməsi işin mübahisəsiz halıdır. Belə ki, qeyd olunan "Whatsapp" yazışması, məhz iddiaçının cavabdehlə birgə yaşadıqları mənzildən çıxıb getdikdən sonraya təsədüf edir. Həmçinin həmin yazışmada, cavabdeh mübahisə predmeti olan qızıl-zinət əşyasının onda olmasın etiraf edir. Lakin məhkəmə, qeyd olunan yazışma əsasında, mübahisə predmeti olan zinnət əşyasının cavabdehədə olması qənaətini istisna edir. Halbuki, məhkəmə araşdırıması zamanı, cavabdeh öz ifadəsində qeyd etmişdir ki, onlar Türkiyəyə gedərkən, qeyd olunan zinnət əşyası evdə qalmışdır. Həmçinin cavabdehin və məhkəmə iclasında dindirilmiş şahidin ifadəsində belə məlum olur ki, iddiaçı ilə cavabdeh Türkiyədən gəldikdən dərhal sonra, iddiaçı atasına məxsus olan mənzilə getmişdir. Hətta cavabdeh və onun tərəfindən məhkəməyə çağrılmış şahidin ifadəsində də, ziddiyyət müəyyən olunmuşdur. Belə ki, cavabdeh ifadəsində qeyd etmişdir ki, iddiaçı ilə birlikdə hava limanından evə gəlmiş. O, iddiaçıya atası və anasına baş çəkməyi təklif etmiş lakin iddiaçı bundan imtina edərək, evdə qalımş, o isə atası və anasına baş çəkmək üçün onlara məxsus olan evə getmişdir. Qayıtdıqda isə iddiaçını evdə görməmişdir. Məhkəmə araşdırılması zamanı ifadə vermiş, cavabdehin anası isə ifadəsində qeyd etmişdir ki, iddiaçı və cavabdeh hava limanından özlərinə məxsus olan mənzilə gəldikdən sonra onlar arasında mübahisə düşmüş və cavabdeh iddiaçınnı atası və anasını mənzilə dəvət etmiş. Lakin onlar iddiaçıya müdaxilə edə bilməmiş və bundan sonra iddiaçı atası və anası ilə mənzildən çıxıb getmişdir. Bu zaman cavabdeh mənzildə olmuşdur. Həmçinin cavabdeh məhkəmə iclasında ifadəsində qeyd edir ki, iddiaçı evdən gedərkən yalınz özü ilə gündəlik istifadə üçün olan paltarları aparmış qalan paltarlar isə evdə qalmışdır. Belə çıxır ki, cavabdeh, iddiaçının nəyi özü ilə aparıb aparmadığını dəqiq bilir. Həmçinin cavabdeh,"Whatsapp" yazışmasında qeyd olunanlarla bağlı, həmin yazışma zamanı, mübahisə predmeti olan zinnət əşyasının mənzildə olmamasını sonradan bilməsi barədə olan mövqeyi, inandırıcı deyil. Hesab edirik ki, qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış və işin əsl həqiqi halı müəyyən olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

15. Maddə 157.2 isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 225.2 nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1052/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

28. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

29. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

30. İddiaçı hazırkı iddia tələbində ona məxsus ümumi dəyəri 6500 manat olan qızıl-zinət əşyasının ona məxsus əmlak olduğu üçün cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyanın dəyərinin 6500 manat olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Whatsapp yazışmalarında komplektin qiymətinin 6500 manat göstərilsə də, əvvəla iddiaçı özü qiymətin aşağı salınacağını qeyd etmişdir. Bundan başqa, cavabdeh həmin qızıl-zinət əşyasının deyil, ona oxşar və qiyməti aşağı olan qızıl-zinət əşyasının alındığını iddia edir. İddiaçı isə məhz həmin dəyəri 6500 manat qızıl-zinət əşyasının alınması barədə məhkəməyə sübut təqdim etməmişdir.

31. Bundan başqa, iddiaçı sözügedən qızıl-zinət əşyasının cavabdeh tərəfindən götürülməsinə, satılmasına və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində cavabdehdən ayrılan zaman boyunbağının cavabdehə məxsus olan və birlikdə yaşadıqları mənzildə qaldığını bildirmişdir. Qeyd edilməlidir ki, iddiaçı mənzildə yalnız cavabdehlə birlikdə yaşamış, ona məxsus qızıl-zinət əşyaları onun istifadəsində və sərəncamında olmuş, evdən boşanma niyyəti ilə çıxıb getmişdir. İddiaçının evi birdəfəlik tərk edərək valideynlərinin evinə getməsi və geri qayıtmaması, bundan az müddət sonra nikahın pozulması ilə bağlı mediatora müraciət etməsi bu halı təsdiq edir. Belə olan halda, onun qızıl-zinət əşyalarının hamısını götürmək imkanı da olmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddia ərizəsinin məzmunundan görünür ki, qızıl-zinət əşyaları cavabdehdə deyil, birgə yaşaqdıqlar evdə olmuş, iddiaçının digər qızıl-zinət əşyaları ilə birlikdə dəstə daxil olan boyunbağını da götürmək imkanı olmuşdur.

32. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının evdən getdiyi şərait, habelə qızıllarından istifadədə və onlar üzərində sərəncam vermə məsələsində ona hər hansı maneə yaradıldığının müəyyən olunmaması qızıl-zinyət əşyaları ilə bağlı tələbinin inandırıcı olması qənaətinə gəlməyə imkan vermir.

33. Göründüyü kimi, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl-zinət əşyasının cavabdehdə olması barədə heç bir sübut təqdim edilməmiş, bununla da iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1052/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar