Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3041/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), İxoğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sm oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-524/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının ikinci nikahı pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir.
3. İddiaçı 2022-ci il üçün illik gəliri 13.087,22 manat təşkil etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X1 üçün həy ay tutulan qazancının dörddə bir miqdarında olan alimentin dəyişdirilməsi, aliment miqdarının hər ayda onun aylıq qazancının altıda biri miqdarında və ya ayda 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək alimentin sabit pul məbləğinə dəyişdiriləcəyi halda miqdarının aylıq 220 manat müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (005)-6554/2016 saylı qətnaməsi ilə oğlu Mehdi yetkinlik yaşına çatanadək ondan hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvədədir. O, qətnaməni könüllü icra edir. Onun ikinci nikahından xx.xx.2017-ci il tarixdə övladı X6 doğulmuşdur. 2(001)-5136/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il qətnaməsi ilə ikinci nikahı da pozulmuş, oğlu Eldarın yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş uşaqla ünsiyyət hissəsində apellyasiya və kassasiya baxışlarının predmeti olmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1715/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə və Ali Məhkəmə 2(102)-3441/2022 saylı, xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Övladı Mehdi üçün ondan aliment tutularkən təkcə həmin övladı olduğu halda, vəziyyət, şərait dəyişmişdir və hazırda ikinci övladı üçün də aliment ödəyir. Mehdi üçün qazancının dörddə biri miqdarında aliment müəyyən edilməsindən cavabdehin ailəsi ona qarşı təzyiq vasitəsi kimi istifadə edir.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 524/2023 saylı qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia təmin edilməmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinə, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. Eyni zamanda, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Hər bir halda alimentin təyin edilməsi məsələsi uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu zaman uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə yol verilməməli, məsələyə uşağın mənafeyinin daha yaxşı təmin edilməsi nöqteyi nəzərindən yanaşılmalıdır. Eyni zamanda ailə qanunvericiliyi uşaqlarla yanaşı, aliment ödəyən şəxsin də hüquqlarını qoruyaraq uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarını müəyyən etmişdir.
9. Məhkəmə hesab etmişdir ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin hazırkı mübahisəyə iddiaçının tələb etdiyi qaydada tətbiqi qeyri-mümkündür. Belə ki, həmin maddə alimentin aliment ödəyən şəxsin aylıq qazancından (başqa gəlirlərindən) hissələr üzrə tutulmasını tənzimləyir. Hazırki işdən isə müəyyən olunur ki, cavabdehə münasibətdə iddiaçıdan aliment onun əmək haqqının (gəlirlərinin) ¼ hissəsində tutulsa da, digər ikinci nikahından olan keçmiş arvadına münasibətdə Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğində müəyyən olunmuşdur.
10. Həmçinin, iddiaçının gəlirinin müxtəlif aylar üzrə əhəmiyyətli şəkildə azaldığını və artdığını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, mövcud vəziyyətdə alimentin altıda bir hissədə müəyyən edilməsi bəzi aylarda uşaq üçün minimum dolanacaq xərclərindən də az miqdarda aliment ödənilməsinə səbəb olacaqdır, bu isə uşağın Konstitusiya və beynəlxalq aktlarla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnə bilər.
11. Məhkəmə qeyd etmişdir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə iddiaçının işləməsini, iddiaçının maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas götürür. Bu baxımdan tərəflərin birgə nikahından olan uşaqlar anaları ilə qaldıqlarından, iddiaçı ata kimi öz borcunu yerinə yetirərək, uşaqlarının saxlanılmasında iştirak etməli və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuş aliment məbləğlərini ödəməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsi, BMT Baş Məclisinin xx.xx.1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 56.1, 58.2, 60.1, 60.2, 75.1, 76.1.2, 112.1-ci maddələri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2, 8.7 və 8.13-cü bəndləri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və aliment miqdarının dəyişdirilərək aylıq qazancının 1\6 miqdarında və ya aylıq 220 manat sabit pul şəklində tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladı Mehdi üçün ondan aliment tutularkən o təkcə övladı olduğu halda vəziyyət şərait dəyişib və hazırda ikinci övladı üçün də aliment ödəyir. O, hər iki övladına qarşı ədalətli olmalı olduğunu hesab edir, ikinci övladına da aliment ödədiyi halda birinci üçün qazancının 1\4 hissəsinin tutulması ədalətsizdir, ayrıseçkilikdir, qanunauyğun deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırki işdə iddia təmin edilmədiyindən və apellyasiya şilkayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, ailə qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə mümkündür. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı bu tələblə çıxış edə bilməz.
26. Bundan başqa, Ailə Məcəlləsinin 76.1-ci maddəsində nəzərdə tutulan payların miqdarının məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
27. İşdən görünür ki, iddiaçının gəliri qeyri-müntəzəmdir, müxtəlif aylar üzrə əhəmiyyətli şəkildə dəyişir.
28. Bunu nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, mövcud vəziyyətdə alimentin altıda bir hissədə müəyyən edilməsi bəzi aylarda uşaq üçün minimum dolanacaq xərclərindən də az miqdarda aliment ödənilməsinə səbəb olacaqdır, bu isə uşağın Konstitusiya və beynəlxalq aktlarla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnə bilər.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, bu səbəbdən də, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
30. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 524/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.