Məhkəmə qərarları › İş №2(103)-3045/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3045/2023

21.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3045/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-483/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.

2. MN serialı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X13, İddiaçı5, İddiaçı4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Cavabdeh MMC Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

3. MN serialı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X13, İddiaçı5, İddiaçı4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İddiaçı1, İddiaçı2, X7 əmək haqqı ödənilməmişdir. X2 tərəfindən AR İXM-nin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

4. MN serialı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X13, İddiaçı5, İddiaçı4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Nəticədə MMC-nin direktoru X10 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 4.000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir.

5. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.

6. X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış məktubuna əsasən İddiaçı5, İddiaçı4 2020-ci ilin oktyabr ayından xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmadan və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin (xidmətlərin) görülməsinə cəlb olunmuşdur. Həmçinin, İddiaçı1 və İddiaçı2 əmək haqqı "xxxx" MMC tərəfindən düzgün ödənilməmişdir.

7. X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubda İddiaçı1 və İddiaçı2 ödənilməmiş əmək haqqının 5 gün müddətinə ödənilməsinin təmin edilməsi və ödənişi (bank möhürü ilə) təsdiq edən sənədlərin surətlərinin X17 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunur.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş və düzgün hesablanmamış əmək ödənişlərinin əvəzi olaraq, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə ödənilməmiş əmək haqqı olan 3300 manat, məhkəmə və mediasiya xərclərinin əvəzi olaraq 200 manat, ümumi 3.500 manat vəsaitin alınaraq İddiaçı1, 3.300 manat və məhkəmə xərclərinin əvəzi olaraq 50 manat, ümumi 3.350 manat vəsaitin İddiaçı2, 3.300 manat və məhkəmə xərclərinin əvəzi olaraq 50 manat, ümumi 3.350 manat vəsaitin İddiaçı5, 3.300 manat və məhkəmə xərclərinin əvəzi olaraq 50 manat, ümumi 3.350 manat vəsaitin İddiaçı4 və 3.300 manat və məhkəmə xərclərinin əvəzi olaraq 50 manat, ümumi 3.350 manat vəsaitin İddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1, İddiaçı5, İddiaçı3, İddiaçı2 və İddiaçı4 və digərləri ilə, ümumi 10 nəfərdən ibarət briqada olmaqla, cavabdeh "xxxx" MMC-nin Nərimanov rayonu ərazisində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında fəhlə kimi işlərə cəlb olunmuş və işləmişlər. Bu zaman İddiaçı1, İddiaçı2 ilə əmək müqaviləsi bağlanmış, İddiaçı4, İddiaçı5 və İddiaçı3 ilə isə əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilmişdir. "xxxx" MMC-nin inşa etdiyi binalarda tərəflərindən - daş yunuyla izolyasiya, pəncərə kənarlarına termo aqlay vurulması, içəri balkonlara dekorativ mata vurulması, balkon kənarları karnizlərin işlənməsi və s. kimi işlər görülmüşdür. Lakin onlarla danışılan əmək haqqı ödənilməmişdir. Hazırda cavabdehin onlara bütün işçilərə 39.000 manat ödənilməmiş əmək haqqı borcu vardır. Bununla bağlı tərəflərindən Əmək Müfəttişliyinə, Baş Prokurorluğa, Azərbaycan Həmkarlar İttifaqları Konfiderasiyasına şikayətlər, çoxsaylı müraciətlər edilmişdir. X17 Xidmətinin Bakı şəhər İdarəsində aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, İddiaçı5 və İddiaçı4 2020-ci ilin oktyabr ayından 2021-ci ilin 05 sentyabr ayınadək onunla əmək müqaviləsi bağlanmadan və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin (xidmətlərin) görülməsinə cəlb edildiyi, İddiaçı1 və İddiaçı2 isə əmək haqqları düzgün hesablanaraq ödənilməmişdir. Nəticə olaraq, X17 Xidmətinin Bakı şəhər İdarəsində "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44 və 49-cu maddələrinin tələblərini pozaraq əmək müqaviləsi bağlamadan İddiaçı5 və İddiaçı4 işlərin (xidmətlərin) görülməsinə cəlb etdiyi üçün, həmçinin İddiaçı1 və İddiaçı2 isə əmək haqqlarının düzgün ödənilməməsi səbəbindən barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrinə əsasən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərar və "xxxx" MMC barəsində xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. Bundan əlavə, X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin barəsində əmək qanunvericiliyinin pozulmasına görə xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokollar da tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflər arasında xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə keçirilən mediasiya iclasları bir nəticə verməmişdir.

10. Cavabdeh MMC məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tamamilə əsassız olması ilə yanaşı, həm fə iddia müddəti də üzürsüz səbəbdən ötürülmüşdür. İddia həm də bu səbəbdən rədd olunmalıdır. Belə ki, iddiaçılar tərəfindən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan əmək haqqı məbləğləri cavabdehdən tələb edilsə də, iddiaçılar üzrsüz səbəbdən iddia müddətini ötürərək, 2022-ci ilin sentyabrında mediasiyaya, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə müraciət etmişlər. Bununla belə, iddiaçılar hüquqlarının pozulmasını aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduqları halda, 1 ildən də artıq müddətdən keçdikdən sonra məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən iddianın digər əsaslarla yanaşı, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.

11. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi və əlavə olunan sənədlərdən, həmçinin cavabdeh tərəfin özünün də məhkəməyə verdiyi izahatlardan və təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizənin məzmunundan müəyyən olunur ki, iddiaçılar 2021-ci ilin 05 sentyabr ayına kimi cavabdeh üçün işləyiblər, yəni aralarında əmək və digər münasibətlər davam edib və iddiaçılar cavabdehdən 2020-ci ilin oktyabr ayından 05 sentyabr 2021-ci il tarixədək olan dövr üzrə hesabalanmalı və ödənilməli olan əmək haqqı məbləğinə ekvivalent olan pul məbləğini tələb edirlər. İddiaçılar əmək müfəttişliyinə müraciət etdiyi zaman, Cavabdeh MTK bildirmişdir ki, onlarla olan əmək müqavilələrinə xitam verilmişdir. Lakin bununla bağlı iddiaçılara heç bir sənəd (əmək kitabçası, əmrin surəti və s.) nə də son haqq-hesab təqdim edilməmişdir. Bu günə kimi iddiaçılara "xxxx" MTK tərəfindən heç bir sənəd təqdim edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh MTK arasında əmək müqaviləsi bağlanmış, lakin əmək müqavilələrinə xitam verilməsi və bununla bağlı əmək qanunvericiliyinin tələb etdiyi sənədlər (əmək kitabçası, müvafiq əmrin surəti və s.) sonunculara təqdim edilmədiyi üçün iddia müddətinin axımı ümumiyyətlə başlamamışdır. Digər iddiaçılar – İddiaçı5, İddiaçı4 və İddiaçı3 ilə isə ümumiyyətlə əmək müqaviləsi bağlansa da, Əmək Məcəlləsinin 7-ci və 47-ci maddələrinin tələbləri kobud formada pozularaq rəsmiləşdirilməmiş və bu səbəbdən əmək münasibətləri yaranmamışdır. Belə olan halda, həmin iddiaçıların tələbi əmək-mülki xarakterli olduğu üçün tələb birbaşa pul tələbidir və burada iddia müddəti ən azı üç ildir. Göründüyü kimi iddiaçılar tərəfindən iddia müddəti ötürülməmişdir. Qeyd olunanlara əsasən hazırkı iddiaya iddia müddətinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-483/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə ödənilməmiş 3.300 manat məbləğində əmək haqqı, 50 manat mediasiya xərci və 150 manat hüquqi xidmət haqqı olmaqla, cəmi 3.500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə ödənilməmiş 3.300 manat məbləğində əmək haqqının tutularaq İddiaçı2 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 3.300 manat məbləğində maddi ziyan tutularaq İddiaçı3 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 3.300 manat məbləğində maddi ziyanın tutularaq İddiaçı4 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 3.300 manat məbləğində maddi ziyan, 50 manat mediasiya xərci olmaqla, cəmi 3.350 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı5 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X15)

13. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, hazırkı mübahisəyə iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə əmək qanunvericiliyinin normalarına əsasən hüquqi qiymət verilməlidir. Cavabdeh MMC ilə digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 arasında əmək münasibətləri yaranmadığından, sonunculara aid hissədə mübahisə mülki qanunvericiliyin normalarına əsasən həll olunmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 2020-ci ilin oktyabr ayından xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi əsasında Cavabdeh MMC-də işləmiş, müqaviləyə əsasən əmək haqqı 300 manat müəyyən edilmişdir. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əmək müqavilələrinə xitam verilsə də, Cavabdeh MMC-də işlədikləri 11 ay ərzində onlara əmək haqqı ödənilməmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Lakin iş materiallarında iddiaçılar İddiaçı1 və İddiaçı2 əmək haqqlarının ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçılara müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə ödənilməmiş əmək haqqı olan 3.300 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsini qanuni və əsaslı hesab etmişdir. İddiaçı3, İddiaçı4 və İddiaçı5 ilə Cavabdeh MMC arasında əmək müqavilələri yalnız kağız daşıyıcıda bağlanmış, əmək müqaviləsi bildirişləri elektron informasiya sistemində qeydiyyata alınmamış, bununla da əmək müqavilələri hüquqi qüvvəyə minməmişdir. Bu baxımdan onlarla Cavabdeh MMC arasında əmək münasibətləri yaranmamışdır. Lakin işin mübahisəsiz hallarına əsasən İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh MMC-də 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb olunmuş, görülən işlərin müqabilində isə kağız daşıyıcıda bağlanmış əmək müqaviləsində göstərilən aylıq 300 manat onlara ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr (11 ay) üzrə 3.300 manat maddi ziyan Cavabdeh MMC-dən tutularaq iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 ödənilməlidir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə münasibətdə isə qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab İddiaçı1 və İddiaçı2 rəsmi qaydada təqdim olunmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumiyyətlə əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) görülməsinə cəlb edilmələri müəyyən edilmiş, bununla da sonuncularla "xxxx" MMC arasında ümumiyyətlə əmək münasibətləri yaranmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Həmçinin, məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-dən 50 manat mediasiya cxərci və 150 manat hüquqi yardım haqqı olmaqla, cəmi 200 manat pul tutularaq, İddiaçı1, 50 manat mediasiya xərci isə tutularaq, İddiaçı5 ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 35-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci, 49.1-ci, 154.1-ci, 157.1ci, 157.3-cü, 172.4-cü, 288-ci, 296.2-ci, 296.3-cü, 296.4-cü, 301.1-ci, 301.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 385.1-ci, 425.1-ci, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci 121.1-ci və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsindən Cavabdeh MTK yalnız baxış iclasında xəbərdar olmuş, həmin ərəfədə Cavabdeh MMC MTK-ya çevrildiyindən elektron formada əmək müqaviləsinə xitam verilməsi bildirişini əldə edə bilməmişdir. İddiaçılar da, keçirilmiş bütün hazırlıq iclaslarında əmək müqavilələri ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən də, həmin sübutların əldə edilməsi üçün heç bir tədbir görülməmişdir. Onlar tərəfindən arxiv sənədlərinin axtarışı zamanı aşkar edilmiş əmək müqaviləsinə xitam bildirişindən də göründüyü kimi, İddiaçı1 ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş və iddiaçı 1 ildən daha artıq müddət keçdikdən sonra mediasiyaya müraciət edərək ödənilməmiş əmək haqqını tələb etmişdir. Məhkəmə onlar tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəyə düzgün qiymət verməyərək, əsassız olaraq iddia müddətini tətbiq etməmiş, hazırkı maddi hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bundan əlavə iddiaçılar Cavabdeh MMC-də minimal əmək haqqı ilə fəaliyyət göstərmiş və xx.xx.2021-ci il tarixədək onların əmək haqqısı 250 manat təşkil etmişdir. Lakin bütün işçilərə münasibətdə məhkəmə 300 manat miqdarında əmək haqqı hesablayaraq hazırkı normanın tələblərini düzgün tətbiq etməmiş və cavabdehin hüquqların kobud surətdə pozan qətnamə qəbul etmişdir. Hazırki apellyasiya şikayətinə əmək müqavilələrinə xitam bildirişləri əlavə edilmişdir ki, cavabdeh hazırkı iddiadan yalnız baxış iclasında xəbərdar olduğundan və həmin ərəfədə MMC MTK-ya çevrildiyindən həmin bildirişləri elektron formada əldə etmək mümkün deyildi. Onlar tərəfindən verilmiş vəkil sorğusuna cavab gec gəldiyindən hazırkı sübutlar bu mərhələdə təqdim edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə İddiaçı3 cəmiyyətdə işləməsini təsdiq edən hər hansı sübut mövcud deyil. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə bağlanmış əmək müqavilələrinə isə xeyli müddət əvvəl xitam verilmişdir. Lakin buna baxmayaraq, onların xeyrinə də əmək haqqı tutulmuşdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, verilən suallara cavab olaraq bildirmişdir ki, X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən əmək müqaviləsi olmadan iddiaçılar əmək fəaliyyətinə cəlb edildiyi üçün Cavabdeh MMC-nin inzibati qaydada cərimə edilməsi barədə qərar onlar tərəfindən mübahisələndirilməmişdir.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin və iddia müddətinin tətbiqinə dair ərizəyə qarşı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən X9 MTK barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarını əsas götürmüşdür. Belə ki, iddiaçılara əmək müqaviləsi bildirişi təqdim edilməmişdir. İddiaçılar iddia tələbini irəli sürərkən də işdən çıxarılmasından xəbərsiz idilər. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi həmin şəxslərlə əmək müqaviləsinə xitam verilməsini bildirsə də, bununla bağlı heç bir sənəd təqdim edə bilməmişdir. Daha sonra qarşı tərəf iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verərkən iki işçi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi də əlavə etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən bu hal onlara məlum olmadığından iddia ərizəsinə dəqiqləşdirmə verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və İddiaçı1 münasibətdə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda verilən suallara cavab olaraq bildirmişdir ki, mülki iş materiallarında İddiaçı3 cavabdehin işçisi olmasına dəlalət edən heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. İddia tələbində hüququnun pozulduğu vaxtdan 1 illik müddət nəzərə alınaraq əmək haqqının ödənilməsi xahiş olunur. X9 MTK barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarı Cavabdeh MMC tərəfindən mübahisələndirilməmiş və cərimə məbləği ödənilmişdir. Qətnamənin icrası mərhələsində anlaşmazlıq yaşanmaması üçün qətnamədə ödənilməli olan əmək haqqı məbləği konkret göstərilməlidir, sadəcə hesab edir ki, məcburi dövlət sosial ödənişlərin tutulmasının nəzərə alınması ilə bağlı qeyd göstərilə bilər. Aylıq 300 manat əmək haqqının tələb edilməsi, minimum əmək haqqı məbləği kimi 300 manatın nəzərdə tutulması ilə bağlıdır. Ölkə Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı ilə tələbdə göstərilən müddət aralığında minimum əmək haqqı məbləği 250 manat olmuş, yalnız xx.xx.2022-ci il tarixdən 300 manat məbləğində müəyyən edilmişdir.

20. Məhkəmə iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini qəbul etməmiş və pandemiya zamanı məhdudiyyətlər tətbiq olunduğu vaxt onlara işçi kimi icazələrin verilməsi elektron portalda qeydiyyata salındıqları üçün sms bildiriş göndərmədən evdən çıxmaqlarının mümkün olduğunu bildirərək, apellyasiya şikayətinin ona münasibətdə təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. İddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs zorla işlədilə bilməz. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir; 2-4-cü maddəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır; 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 6-maddənin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir; 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 157.1-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi və prossesual hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı3 ilə cavabdeh arasında yaranmış münasibətlərin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməyərək, öz mövqeyini düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Digər iddiaçılara münasibətdə isə ödənilməli olan məbləğ düzgün hesablanmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı3 aid hissədə ləğv edilməli, digər iddiaçıların xeyrinə tutulan pulun məbləği hissəsində isə dəyişdirilməlidir.

30. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığını müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə tələbin hüquqi əsası və işin faktiki halları araşdırmalıdır.

31. Yuxarıda sadalanan qanunvericilik normaları da işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün onlar arasında əmək müqaviləsinin bağlanmasını və müqaviləyə istinadən tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsini zəruri şərt kimi göstərmişdir. Eyni zamanda, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin də prosedur qaydası qanunvericiliklə tənzimlənməklə qeyd edilən halları özündə cəmləşdirən əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmalıdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri və işin halları baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 aralarında bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh cəmiyyətlə əmək münasibətlərində olmuş və onların əmək müqavilələrinə müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə tərəflərin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçılar İddiaçı4 və İddiaçı5 ilə cəmiyyət arasında isə əmək müqaviləsinin bağlanması öz təsdiqini tapmır.

33. Lakin nəzərə alınmalıdır ki, X17 Xidmətinin Bakı şəhər İdarəsi cavabdeh cəmiyyət tərəfindən Əmək Məcəlləsinin aidiyyəti müddəalarının tələblərini pozaraq, iddiaçılar İddiaçı5 və İddiaçı4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini, İddiaçı1 və İddiaçı2 isə əmək haqqının ödənilmədiyini müəyyən etmiş və bu hərəkətləri AR İXM-nin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirərək, bu barədə inzibati xəta haqqında protokol tərtib etmiş və onun əsasında verilmiş inzibati tənbeh vermə haqqında qərarla cavabdeh cəmiyyətin rəhbəri barəsində 4.000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərar cavabdeh cəmiyyət tərəfindən mübahisələndirilməmişdir.

34. Bununla belə, məhkəmə qeyd edilən inzibati xəta haqqında protokol və qərarı, bu sənədlərin mübahisələndirilməməsini, habelə iddiaçılar İddiaçı5 və İddiaçı4 ilə cavabdeh cəmiyyət arasında mülki hüquqi müqavilələrin rəsmiləşdirilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsə də, bu şəxslərlə cavabdeh cəmiyyət arasında etibarı ilə cavabdeh cəmiyyətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Bu səbəbdən həmin münasibətlər əmək münasibətləri hesab edilməlidir.

35. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, həmin inzibati xətanın törədilməsi faktı bir sıra şəxs, o cümlədən İddiaçı1 və İddiaçı2 tərəfindən təsdiq edilmiş və bu barədə inzibati xəta haqqında protokollarda müvafiq qeyd aparılmışdır. Bu da öz növbəsində əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, İddiaçı1 qeyd edilən vaxt cəmiyyətdə olmasını təsdiq edir.

36. Eyni zamanda, İddiaçı1 ilə cavabdeh cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə tərəflərin təşəbbüsü əsası ilə xitam verilsə də, bu barədə onun məlumatlı olması, onlara bu barədə əmrin, əmək kitabçasının, habelə son haqq-hesabın verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Hər bir halda, həmin sənədlər mövcud olsa idi, cavabdeh onları ən pis halda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə birlikdə apellyasiya şikayətinə əlavə etmiş olardı.

37. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə qeyd edilən tarixdə xitam verilməsinə baxmayaraq, cavabdeh cəmiyyət tərəfindən onlara bu barədə hər hansı məlumat verilməmiş və həmin vaxt onunla cavabdeh cəmiyyət arasında cavabdeh cəmiyyətin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranmışdır. Bu səbəbdən həmin münasibətlər də əmək münasibətləri hesab edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı5, İddiaçı4 və İddiaçı1 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi cavabdeh cəmiyyətlə əmək münasibətlərində olmuşlar (İddiaçı2 isə həmin vaxt cavabdeh cəmiyyətin rəsmi işçisi olmuşdur), bu səbəbdən bu hissədə apellyasiya şikayətinin dəlilləri, habelə cavabdehin mövqeyi (işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh tərəf İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı3 cəmiyyətin deyil, podratçı şirkətin işçiləri olduğunu bildirmişdir, i.v. səh.73) əsassızdır.

38. Məhkəmə kollegiyası əmək haqqının ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 cavabdeh cəmiyyətdə işləmələrinə baxmayaraq, onlara 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi əmək haqqının ödənilmədiyini iddia edirlər və həmin dövr üçün ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ödənilməsini tələb edirlər. Buna baxmayaraq, həmin dövrdə aldıqları əmək haqqı barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmirlər. Cavabdeh cəmiyyətdə qeyd edilən dövr üçün bu iddiaçılara hər hansı məbləğdə əmək haqqının ödənilməsini təsdiq edən sübut (ən azı əmək haqqının verilməsinin imza ilə təsdiq edilməsini əks etdirən adi dəftər və sair) təqdim edə bilmir. Hər bir halda, İddiaçı2 həmin vaxt cavabdeh cəmiyyətlə rəsmi olaraq, yəni əmək müqaviləsinə əsasən əmək münasibətlərində olmuşdur. Bu baxımdan ən azı ona əmək haqqının ödənilməsini təsdiq edən sənədləri (əmək haqqı kartı və bank hesabı barədə məlumat, habelə əmək haqqının ödənilməsini təsdiq edən hesabdan çıxarış və sair) təqdim edə bilərdi. Lakin təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, həmin dövr üçün iddiaçılara əmək haqqı ödənilməmişdir. Bu da həmin dövr üçün ödənilməli olan əmək haqqının cavabdeh cəmiyyətdən tutulmasını şərtləndirir, eyni zamanda apellyasiya şikayətinin dəlillərini bu hissədə də əsassız olduğunu təsdiq edir.

39. Lakin həmin dövr üçün minimum aylıq əməkhaqqının məbləği 250 manat təşkil etmiş və bu məbləğ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən yalnız 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hesablamanı 300 manat məbləği üzrə aparmaqda haqlı olmamışdır. Hesablama məhz həmin dövr üçün mövcud olan minimum aylıq əməkhaqqının məbləğinə uyğun, yəni 250 manat üzrə aparılmalıdır.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

41. Artıq müəyyən edildiyi kimi, iddiaçılar İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, o, 2021-ci ilin sentyabr ayına kimi digər iddiaçılar kimi cavabdeh cəmiyyətlə əmək münasibətlərində olmuşdur. Bununla belə, iddiaçılar öz əmək funksiyalarını yerinə yetirdikləri dövrdə əmək haqqı almamışlar. Belə olan halda, onların öz əmək fəaliyyətlərini davam etməsi və əmək haqqının ödənilməsinin təkidlə tələb etməməməsi bilavasitə iş yerinin itirilməsi təhlükəsi, habelə cavabdeh cəmiyyətlə yaranmış münasibətlər çərçivəsində bu məbləğin ödəniləcəyinə inanmaları və güvənmələri ilə bağlı olmuşdur. Bu baxımdan cavabdeh cəmiyyətin əmək haqqının ödənilməməsi mövqeyində olmasını iddiaçılar yalnız 2021-ci ilin oktyabr ayında müəyyən etmişlər. Bu da öz növbəsində onların məhz 2021-ci ilin oktyabr ayında X17 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmələri ilə öz təsdiqini tapır. Bununla belə, məhkəmə kollegiyası onların cavabdeh cəmiyyətin əmək haqqının qəti olaraq ödəməməsi mövqeyində olmasını və bununla da bu hüquqlarının pozulmasını 2021-ci ilin oktyabr ayında müəyyən etməmələrini, mübahisədən əvvəl mediasiya təşkilatına isə 2022-ci ilin sentyabr ayında müraciət etmələrini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçılar əmək haqqının tələb edilməsi üçün 1 illik müddəti ötürməmişdilər. Mövcud vəziyyətdə iddia müddətinin başqa qaydada hesablanmaqla ötürülmüş hesab edilməsi əsassız olaraq iqtisadi baxımdan daha güclü tərəf olan (işəgötürənin) cavabdeh cəmiyyətin mövqeyindən çıxış edilməsi və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməklə, gələcəkdə belə sui-istifadə hallarının geniş yayılmasına rəvac verir.

42. Məhkəmə kollegiyası İddiaçı3 xeyrinə həmin dövr üçün əmək haqqının tutulması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Bu baxımdan İddiaçı3 onunla cavabdeh cəmiyyət arasında əmək münasibətlərinin yaranmasını (olmasını) sübut etməli idi. Buna baxmayaraq, hər hansı sübut təqdim edə bilməmişdir. İş materiallarında olan sənədlərin (hətta cavabdeh tərəfindən inzibati xətanın törədilməsi ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokollarda bu faktı təsdiq edən şəxs kimi) hər hansı birində onunla bağlı hər hansı məlumat mövcud deyil. Bu da ona aid hissədə apellyasiya şikayətinin əsaslı olmasını təsdiq edir və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməklə iddianın rədd edilməsini şərtləndirir. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi bu halı təsdiq edən hər hansı sübut olmadan, ehtimal olunur ki, digər iddiaçılarla birlikdə əziyyət çəkib gəldiyinə görə onun da cavabdeh cəmiyyətlə əmək münasibətlərində olması qənaətinə gəlmiş və onun xeyrinə qeyd edilən dövr üçün əmək haqqı tutmuşdur.

44. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən 3.300 manat məbləğində maddi ziyanın tutularaq İddiaçı3 ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalqa, iddia həmin hissədə rədd edilməli, eyni zamanda, qətnamə cavabdehdən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 xeyrinə tutulan əmək haqqının (maddi ziyanın) məbləği hissəsində dəyişdirilməli, cavabdehdən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi (11 ay) olan dövr üçün ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının əvəzi olaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 hər birinin xeyrinə 2.750 manat məbləğində pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia üzrə iddia qiyməti hər iddiaçıya münasibətdə ayrı-ayrılıqda müəyyən edilməlidir. Hər bir iddiaçının xeyrinə tutulmalı olan məbləğ (250 x 11 = 2.750) 2.750 manat təşkil etdiyindən, bu məbləğ də 5.000 manatdan aşağı olduğundan hazırki qətnamədən kasasiya şikayəti verilə bilməz.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-483/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi qismən, yəni cavabdeh "xxxx" MMC-dən 3.300 manat məbləğində maddi ziyanın tutularaq İddiaçı3 ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-483/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-dən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 xeyrinə tutulan əmək haqqının (maddi ziyanın) məbləği hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən 2020-ci ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına kimi (11 ay) olan dövr üçün ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının əvəzi olaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 hər birinin xeyrinə 2.750 (iki min yeddi yüz əlli) manat məbləğində pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar