Məhkəmə qərarları › İş №2(103)-3048/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3048/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3048/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X16 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, e-2(001)-784/2024 nömrəli qətnaməsindən cavadehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X7 (2 otaq y/s 28 kv.m – 4 və 7 nömrəli y/otaqları) və Cavabdeh (2 otaq y/s 35.6 kv.m – ü/s 63.2 kv.m) xüsusi mülkiyyətindədir.

2. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.

3. ünvan 3li məktubundan görünür ki, 07 avqust 2023-cü il tarixdə vəfat etmiş X7 əmlakına dair Bakı şəhəri 26 saylı notariat ofisində 27 oktyabr 2023-cü il tarixdə vərəsəlik işi açılmış və mərhumun vərəsələri: arvadı-X10 və qızları X8, X17 miras əmlakı qəbul etmişlər. Lakin mərhumun anası İddiaçı miras əmlakdan X3 xeyrinə imtina etmişdir.

4. Bakı şəhəri 27 saylı Notariat Ofisi tərəfindən verilmiş 27 fevral 2017-ci il tarixdə vəfat etmiş X6 adına açılmış vərəsəlik işindən görünür ki, İddiaçı, X18, X13, X14, X9 və X1 Yusib Qurban oğlundan miras qalmış əmlaklardan Cavabdeh xeyrinə imtina etmişlər.

5. Ölüm haqqında şəhadətnaməyə əsasən, X15 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 433 nömrə ilə qeyd edilmişdir.

6. Texniki İnventarlaşdırma və mülkiyyət hüquqularının qeydiyyat idarəsi tərəfindən verilmiş 05 iyul 2003-cü il tarixli FM seriyalı, 041363 nömrəli Qeydiyyat Vəsiqəsindən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 77 ünvanında yerləşən 9 otaqlı, 151.5 kv.m yaşayış sahəsi, 196.9 kv.m ümumi sahəsi olan 343A saylı fərdi yaşayış evi paylar üzrə X6 (A tikilisi), X7 (Q tikilisi) və X2 (B və D tikililəri) mülkiyyətindədir.

7. 30 avqust 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X4 vərəsəsi oğlu Cavabdeh miras əmlakı olaraq ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ona aid olan “A” tikilisi (4 otaq, ü/s 91.2 kv.m, /s 63.6 kv.m, yard/27.6 kv.m) qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsinixahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh anasıdır. Qeyd olunan fərdi yaşayış evi əvvəllər mərhum əri Yusub Məmmədova məxsus olmuş, o öldükdən sonra isə cavabdehin adına rəsmiləşdirilmişdir. Miras pay bölünərkən iddiaçı öz oğlu Cavabdeh xeyrinə imtina etmişdir. Mübahisəli mənzil 3 otaq olmaqla, otaqlardan biri daimi olaraq iddiaçının yataq otağı olmuşdur. Əri öldükdən sonra da iddiaçı həmin otaqda yaşamağa davam etmişdir. Lakin evi öz adına rəsmiləşdirən cavabdeh iddiaçını evdən çıxarmaq üçün əvvəlcə guya evi təmir edəcəyini bildirmiş və onun bütün əşyalarını həyətdəki 1 otaqdan ibarət tikiliyə yığmış və orada yaşamasını tələb etmişdir. İddiaçı bir müddət şəraitsiz evdə qaldıqdan sonra evə qayıtmaq istəsə də, cavabdeh ümumiyyətlə iddiaçının evə buraxmaqdan imtina etmişdir. Hazırda isə cavabdeh evi bağlayaraq ailəsi ilə birgə xaricə köçmüşdür. Bu səbəbdən də iddiaçı yaşayış sahəsindən istifadə hüququ olan evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, e-2(001)- 784/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Qətnamə onunla əsaslandırlmışdır ki, mübahisəli mənzil iddiaçının yaşayış yeri sayıldığından və cavabdehin onu həmin mənzilə buraxmaması səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olduğundan, bununla da o, yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunduğundan, iddia təmin edilərək, iddiaçı mübahisəli mənzilə, yəni ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4, qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 120-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, son illər cavabdehin və həyat yoldaşımın səhhətində ciddi problemlər yaranmış, anası daha sakit şəraitdə yaşamaq üçün həyətədə tikilmiş ayrıca evə köçmüş, açarını bağlayıb müvəqqəti yaşamaq üçün qızının evinə gedmişdir. Hal – hazıra kimi də həyətdə olan evin açarı iddiaçının özündədir. Yəni onun tərəfindən iddiaçının yaşaması üçün hər hansı maneə olmayıb. Sadəcə özü daha sakit şəraitdə yaşamaq üçün həyətdəki evə köçüb. 2023-cü ilin sonlarında səhhətində olan problem daha da ağırlaşmış və o, həyat yoldaşı ilə birlikdə müayinə və müalicə üçün Almaniyaya getməli olmuşdur. İddiaçı yaşlı qadındır, onun da səhhətində problemlər olduğuna görə tək başına mənzildə yaşaması mümkün deyildir, onun xüsusi qayğıya və köməyə ehtiyacı vardır. özbaşına evdə təhlükəsizlik qaydalarına riayət edə bilmir. Belə ki, birlikdə yaşadıqları dövrdə də dəfərlərlə qazı, suyu açıq vəziyyətdə qoyub.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixə kimi olan redaksiayada): Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.

20. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarı: 2001-ci ilin 01 sentyabrdan sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

21. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

27. İşin müəyyən olunmuş hallarına və yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmununa əsasən görə iddiaçının mübahisə predmeti olan mənzildən istifadə hüququ yaranmışdır, bu hüquq hazırda da mövcuddur və xitam verilməsi üçün hər hansı bir əsas mövcud olmamışdır.

28. Cavabdehin özü də apellyasiya şikayətində iddiaçının mübahisə predmeti olan mənzildən istifadə hüququnun olmamasını mübahisələndirmir. Apellyasiya şikayətinin dəlili kimi cavabdeh ona istinad edir ki, onun tərəfindən iddiaçının yaşaması üçün hər hansı maneə olmamış, sadəcə özü daha sakit şəraitdə yaşamaq üçün həyətdəki evə köçmüşdür. Şikayətin digər dəlili kimi qeyd olunur ki, iddiaçı yaşlı qadındır, onun da səhhətində problemlər olduğuna görə tək başına mənzildə yaşaması mümkün deyildir, onun xüsusi qayğıya və köməyə ehtiyacı vardır. özbaşına evdə təhlükəsizlik qaydalarına riayət edə bilmir. Belə ki, birlikdə yaşadıqları dövrdə də dəfərlərlə qazı, suyu açıq vəziyyətdə qoyub.

29. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər iddiaçının istifadə hüququnun mövcud olduğu yaşayıyş sahəsindən məhrui edilməsi üçün əsas ola bilməş və buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, e-2(001)- 784/2024 nömrəli qətnaməsindən cavadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, e-2(001)- 784/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar