Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3053/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: alimentin tutulması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 1014/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X10 və xx.xx.2017-ci il tarixdə X8 doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayır və birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında qalır. Onların rəsmi əmək münasibətlərində olması müəyyən edilmir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə ailə qurmuş, birgə nikah dövründə 2 uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşamış, lakin sonradan cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Uşaqları azyaşlı olduğuna görə heç bir yerdə işləyə bilmir. Lakin, o, ailənin dağılmasını istəmir, bu səbəbdən də nikahın pozulmasını deyil, ancaq aliment tələbi ilə məhkəməyə müraciət edir. Azyaşlı uşaqlarının yetkinlik yaşma çatana qədər gündəlik təlabatları, sağlamlıqları və ümumiyyətlə cəmiyyətə layiqli bir insanlar kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Lakin onun maddi imkanı buna yol vermir. Bütün öhdəliklər onun üzərinə düşür. Halbu ki, uşaqların saxlanılması üçün onların tələbatlarını ödəmək bir valideyin kimi cavabdehin də üzərinə düşür. Cavabdeh hazırda fərdi sahibkarlıqla məşğuldur və qazancı yüksəkdir. Cavabdeh Bakıxanov qəsəbəsində yerləşən Egemen kişi geyim dükanını işlətməklə orada ticarətlə məşğul olur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1014/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2015ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X7 hər ay hər bir uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. (hakim X9)
5. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, cavabdehin də iddia tələbini qəbul etdiyini, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməlidir.
6. Məhkəmə alimentin tutulma müddətinə münasibətdə qeyd etmişdir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hesablanmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 78-ci, 81-ci, 85-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1014/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 1014/2025 saylı qətnaməsinin “qət etdi” hissəsində “xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X7 hər ay hər bir uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin.” kimi yazılmış yanlışlığın “xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin.” kimi oxunması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin ölkə üzrə yaşayış minimumu normasına uyğun hər ay hər uşaq üçün 246 manat, cəmi 492 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə faktiki olaraq ayrı yaşasa da, iddiaçı və övladları ona məxsus mənzildə valideynlərinin yanında yaşayırlar. O, uşaqların gündəlik tələbatlarını ödəmək üçün kifayət qədər vəsait xərcləyir. Övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində müəyyən edilən aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləği ilə uyğunluq təşkil etmir. Övladları orta məktəbdə təhsil alırlar və onlara sərf olunan məsrəflər artmamışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da yüksək dərəcədə dəyişdirilməmiş və cari ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. O, övladları ilə həmişə maraqlanır, uşaqların bütün qayğılarını, ehtiyacını o çəkir, diqqət və qayğı göstərir (onların əlavə maddi tələbatlarını ödəyir). Bundan başqa, onun himayəsində yaşlı valideynləri də var, onların da qayğılarını, ehtiyaclarını o çəkir. Bundan başqa, öhdəlik kimi kredit müqaviləsi də (10.000 manat məbləğində) vardır. Bu səbəbdən alimentin bu həcmdə müəyyən olunması ona çox çətinliklər yaradır. Alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinə uyğun təyin edilməsi mütləq əsas kimi qəbul edilməlidir. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş məbləğ yaşayış minimumu normasına uyğun deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatı
12. Məhkəmə iclasında İddiaçı qızı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
15. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-cü il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
19. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Həmçinin qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin, yəni tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq digər halların, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması vəzifəsini qoymuşdur. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır.
20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir; 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır; 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamə alimentin məbləği hissəsində mübahisələndirildiyindən, qətnamə məhz həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi bu sahəni tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında bağlanmış nikah pozulmamışdır. Lakin onlar birgə təsərrüfat aparmırlar. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar yetkinlik yaşına çatmamışdır və faktiki olaraq iddiaçının yanında qalırlar. Onların arasında uşaqlara alimentin ödənilməsi barədə saziş yoxdur. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan aliment tutulmasına etiraz etmir, lakin tutulmuş alimentin məbləği ilə razılaşmır. Belə ki, cavabdeh öz mövqeyi ilə bağlı onun himayəsində yaşlı valideynlərinin, ödəməli olduğu kredit öhdəliyinin olmasına, habelə məhkəmə tərəfindən tutulmuş alimentin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumundan yüksək olmasına istinad edir.
26. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə olunmuş məlumata əsasən cavabdehin rəsmi əmək münasibətlərində olması müəyyən edilmir. İddiaçı iddia tələbində cavabdehin geyim mağazası işlətdiyini və maddi vəziyyətinin hər uşaq üçün 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində alimentin ödənilməsi üçün kifayət etdiyini bildirsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilmir. Cavabdehin fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyata alınması isə özü-özlüyündə ondan daha yüksək məbləğdə alimentin tutulması üçün əsas ola bilməz. Belə ki, bu halda da onun daha yüksək məbləğdə aliment ödəmək üçün aylıq gəlirə malik olması sübuta yetirilməlidir.
27. Məhkəmə kollegiyası 2 uşağın saxlanılması üçün cavabdehdən hər ay 600 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, cavabdehdən tutulan alimentin məbləği nəinki iddia tələbinin irəli sürüldüyü 2024-cü ildə (235 manat), hətta hazırda, yəni 2025-ci ildə (246) ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən də yüksəkdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin ailə və maddi vəziyyətini, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2025-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri və cavabdehin ondan hər ay hər uşaq üçün 246 manat məbləğinə alimentin tutulmasına razılığını nəzərə alıb, uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas götürüb, belə qənaətə gəlir ki, cavabdehdən birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 246 manat, ümumilikdə 492 manat məbləğində aliment tutulmalıdır.
29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, birinci instansiya məhkəməsi isə ümumiyyətlə hər ay hər uşaq üçün cavabdehdən tutulacaq alimentin məbləğinin 235 manat miqdarında müəyyən edilməli olması qənaətinə gəlmiş, hətta dövlət rüsumunun məbləğinin müəyyən edilməsi zamanı da hesablamanı məhz 235 manat əsas götürülməklə aparmışdır. Buna baxmayaraq, qətnamənin nəticə hissəsində iddianı tam təmin edərək, cavabdehdən hər ay hər uşaq üçün 300 manat, ümumilikdə 600 manat sabit pul məbləğində aliment tutmuşdur. Bundan sonra müvafiq qərardadla qətnamədə buraxılmış yanlışlığı düzəltsə də, bu məsələyə yenə də toxunmamışdır.
30. Məhkəmə alimentin tutulmasının başlanğıc tarixinə münasibətdə qeyd edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
31. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, sabit pul məbləğində aliment tutularkən onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Bu baxımdan 2025-ci il üzrə ölkə üzrə müəyyənləşdirilmiş minimum əmək haqqı məbləği 400 manat olduğundan, tutulmalı olan alimentin miqdarı isə 246 manat həddində müəyyən edildiyindən cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 (246:400) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
33. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin bir il ərzində məcmusu (iddia qiyməti) 5.904 manat (246 x 2 x 12 = 4.632) olduğundan, ödənilməli olan dövlət rüsumu 79,04 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Eyni zamanda, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.
34. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə (300-246=54 x 2 = 108 x 12 = 1.296 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1014/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı ödəməkdən azad edildiyi 79,04 (yetmiş doqquz manat, dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.