Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3059/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 dekabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qətnaməsi (İş № 2(011)- 3300/2021) ilə ondan cavabdehin xeyrinə 1 uşağın – 05.11.2004-cü il təvəllüdlü Günayın yetkinlik yaşına kimi saxlanılması üçün tutulan 175 manat sabit pul məbləğində alimentin azaldılaraq 120 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 08.10.2015-ci il tarixli qətnaməsi (İş № 2(011)-7636/2015) ilə hazirki iş üzrə İddiaçı hazırki iş üzrə Cavabdeh xeyrinə 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan təxminən 3 il sonra Cavabdeh iddiası əsasında Xətai Rayon Məhkəməsi 2(011)-3300/2021 saylı iş üzrə qəbul etdiyi 20.04.2021-ci il tarixli qətnamə ilə tutulmalı olan alimentin məbləğini artıraq 175 manat sabit pul məbləğində müəyyən etmişdir. Qətnamə 08.06.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı həmin alimenti ödəyir. İddiaçı, bir valideyn kimi uşağını saxlamağa borclu olduğunu bilir. Lakin hazırda, iddiaçı, yaranmış maddi çətinliyi ilə bağlı 175 manat məbləğində alimenti ödəyə bilmir. Belə ki, İİ qrup əlilliyə görə iddiaçıya əvvəl 259,78 manat məbləğində pensiya ödənilirdi. Lakin 31.05.2021-ci il tarixdən pensiyanın ödənilməsi DSMF tərəfindən kəsilmişdir. Səhhətindəki problemlərə görə iddiaçını heç bir yerdə işə götürmürlər. Bundan başqa iddiaçı 26.11.2009-cu il tarixdə ikinci dəfə nikaha daxil olaraq yeni ailə qurmuş və həmin nikahdan onun 2 övladı doğulmuşdur –01.04.2009cu il təvəllüdlü Orxan və 17.06.2017-ci il təvəllüdlü Aysu. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, ondan cavabdehin xeyrinə 1 uşağın yetkinlik yaşına kimi saxlanılması üçün tutulan 175 manat sabit pul məbləğində alimentin azaldılaraq 120 manat məbləğində müəyyən edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.12.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh nikahda olmuşlar. Nikahdan onların 1 övladları var – 05.11.2004-cü il təvəllüdlü Günay. Onların münasibətləri əvvəllər normal olsa da, daha sonra pozulmuş və onlar ayrılmışlar. Xətai Rayon Məhkəməsinin 08.10.2015-ci il tarixli qətnaməsi (İş № 2(011)-7636/2015) ilə nikahın pozulması, nikahın pozulmasından sonra uşağın hazırki iş üzrə Cavabdeh yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki iş üzrə İddiaçı Cavabdeh xeyrinə hər ay 108 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra Cavabdeh iddiası əsasında Xətai Rayon Məhkəməsi 2(011)- 3300/2021 saylı iş üzrə qəbul etdiyi 20.04.2021-ci il tarixli qətnamə ilə İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan alimentin məbləğini artıraq 175 manat sabit pul məbləğində müəyyən etmişdir. Hazırda iddiaçı alimentin məbləğinin azaldırlaraq, 120 manat məbləğində müəyyən edilməsini xahiş edir. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, alimentin məbləği azaldılmalı deyil. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı bildirir ki, o hazırda işləmir, bir sıra xəstəlikləri var. Başqa gəliri yoxdur, həmçinin başqa nikahdan iki övladı daha var. Bu səbəbdən cavabdeh 175 manat məbləğində aliment ödəyə bilmir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Xətai Rayon Məhkəməsinin 08.10.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə hər ay 108 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmış və hazırki işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman, yəni 2021-ci ildə uşaqla üçün yaşayış minimumu artıq 175 manat təşkil etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, iddiaçının təklif etdiyi 120 manat məbləğdə alimentin müəyyən edilməsi uşağın artmış tələbatlarını təmin etməyəcək. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstə olması, işləməməsi, başqa nikahdan da iki övladının olması cavabdeh ilə nikahdan doğulmuş uşağını ümumiyyətlə saxlamaqdan, saxladıqda isə uşağın əvvəlki təminat səviyyəsində saxlamaqdan azad etmir. O, sağlamlıq imkanlarına uyğun işdə işləməli və uşağı, uşağın əvvəlki təminat səviyyəsində saxlamalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3059/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3059/2022
22.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver