Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3071/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-5599/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və Cavabdeh Gürcüstan Respublikasının vətəndaşlarıdırlar və xx.xx.2012-ci il tarixində Gürcüstan Respublikasında nikahlarını rəsmiləşdirmişlər.
2. Birgə nikahdan xx.xx.2012-ci il tarixində Bakı şəhərində X5 doğulmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat 3 . İddiaçı Cavabdeh qarşı aliment tələbinə dаir iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2011-ci ilin noyabr ayında faktiki nikaha daxil olmuş, rəsmi nikahları isə xx.xx.2012-ci ildə Gürcüstan Respublikasının Mülki X2-Samqori Xidmətində MN№417489 saylı nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Oğlu Suraxanı rayonu 3 saylı doğum evində anadan olmuş, yaşadıqları ərazi üzrə 8 saylı X1 Poliklinika şöbəsində qeydiyyata alınmışdır. Hazırda oğlu 74 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. Bir neçə ay bundan öncəyədək oğlu ilə bərabər iddia ərizəsində qeyd olunan ünvanda yaşamışlar. Son vaxtlar ailədaxili narazılıqlar yaranmış və tez-tez mübahisələr baş vermişdir. Sonuncu dəfə cavabdeh onu oğlu ilə bərabər yaşadıqları evdən çıxararaq bir daha evə buraxmamışdır. Hazırda övladı onunla bərabər yaşayır. Bir ana kimi onun bütün qayğıları, tələbatları onun tərəfimdən ödənilir. Cavabdeh övladının maddi vəziyyəti ilə maraqlanmır və onlara heç bir yardım göstərmir. Uşağı ilə bərabər valideynlərinin evinə köçmüşdür. Uşaq böyüyür, təbii ki, tələbatları da artır. Bir ana kimi o, övladının ali təhsilli, savadlı olması üçün əlindən gələni edir. Məktəb hazırlıqları, geyimləri və digər xərcləri üçün müəyyən qədər vəsait tələb olunur. Bütün bunları çatdırmaq isə tək ana olaraq ona həddindən artıq çətindir. O, qohumlarının dəstəyi və köməyi ilə dolanır.
5. Cavabdeh iddiaya etiraz verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, tərəflər Gürcüstan Respublikasının vətəndaşlarıdır və daimi yaşayış yerləri Gürcüstan Respublikasıdır. Tərəflər xx.xx.2012-ci il tarixdə Gürcüstan Respublikasında nikaha daxil olmuşlar və el adəti ilə toyları Gürcüstan Respublikasının Marnueli rayonunun Araflı kəndində olmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 adlı bir övladları var. Hal-hazırda Gürcüstan Respublikası Rustavi Şəhər Məhkəməsinin Mülki İşlər Kollegiyasında iddiaçının ona qarşı nikahın pozulması, yetkinlik yaşına çatmamış övladın yaşayış yerinin müəyyən edilməsi, valideyn hüququndan və öhdəliyindən məhrum etmə tələbinə dair məhkəmə işi davam edir. Nikahın pozulmasına səbəb xəyanət edilməsidir. Mediasiya prosesinin tətbiqi ilə bağlı təklif almamış və ona bu barədə xəbərdarlıq gəlməmişdir. Həmçinin, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasında qeydiyyatsız yaşayaraq, Azərbaycan Respublikasının müvafiq qanunlarını pozur.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 5599/2022 saylı qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddianın qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir.
7. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehdən cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan daha artıq məbləğdə aliment tutulmasını zəruri edən halları əsaslandırmamışdır. İddia tələbi yalnız ümumi şəkildə uşağın xərclərinin qarşılanması, onun maddi tələbatlarının təmin edilməsinin çətinliyi ilə əsaslandırılmışdır ki, məhkəmə də məhz bu halları nəzərə alaraq, alimentin 193 manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 27-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2-ci maddələrinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 234.2.1, 439.1, 439.2, 440.1, 443.0.4, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 9.4 –cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və cavabdehdən iddiaçının xeyrinə 100 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dünyada baş vermiş pandemiya ilə əlaqədar uzun müddət Gürcüstan Resppublikasına gedə bilmədiyi üçün Azərbaycan Respublikasında qalmışdır. Burda daimi iş yeri tapmaga məcbur olsa da, bir nəticə əldə edə bilməmişdir. Heç bir yerdə işləmir və 100 manatdan artıq məbləğin ödənilməsi bugünkü vəziyyəti və maddi imkanları fonunda qeyri-realdır və ağlabatan deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment təyin edilərkən sabut pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, hazırda qolunun zədələnməsi ilə bağlı işləyə bilmir və qazancı yoxdur. Gürcüstan Respublikasında iddiaçının alimentlə bağlı tələbi yoxdur.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin burada evi və şəxsi avtomaşını var. O, artıq bir neçə aydır ki, valideynlərinin evində yaşayır, üç aydan bir ölkəni tərk edib qayıdır. Gürcüstan Respublikasında alimentlə bağlı məhkəmədə tələbi yoxdur.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
18. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir..
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 443.0.4. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda, işlərə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırki işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən həmin hissədə mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası cavabdehin heç bir yerdə işləməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. Birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən haqlı olaraq həmin dövr üçün qanunvericiliklə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləği, habelə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzrərinə düşdüyünü diqqətəlayiq hal kimi nəzərə almışdır.
25. Nəzərə alınmalıdır ki, artıq həmin məbləğ artmış və hazırda 220 manat təşkil edir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilməsi və qətnamədə göstərilən dəlillərin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillərinə münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaması və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməməsi halları müəyyən edilmir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
28. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
29. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 5599/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.