Məhkəmə qərarları › İş №2(103)-3078/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3078/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3078/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin azaldılması; alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “alimentin artırılması tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(005)-929/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2663/2021 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 175 manat miqdarında aliment tutularaq X7 verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə isə alimentin miqdarı dəyişdirilmiş, cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment və 300 manat miqdarında əlavə xərcin Cavabdeh ödənilməsi qət edilmişdir.

3. Cavabdeh və X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli sürücülük xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən “icraçı” X10 “Sifarişçi” Cavabdeh müəyyən etdiyi uşağı məktəbdən götürmək, gəzməyə aparmaq, yeməyini hazırlamaq və yedizdirmək, dərslərini təkrarlatmaq, uşağın əlavə məşğələlərinə aparmaq və digər xidmətləri həyata keçirmək və s. vəzifələri, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsini yerinə yetirməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh və X5 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış dayə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə görə “icraçı” X5 “Sifarişçi” Cavabdeh müəyyən etdiyi uşağı məktəbdən götürmək, gəzməyə aparmaq, yeməyini hazırlamaq və yedizdirmək, dərslərini təkrarlatmaq, uşağın əlavə məşğələlərinə aparmaq və digər xidmətləri həyata keçirmək və s. vəzifələri, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsini yerinə yetirməyi öhdəsinə götürmüşdür.

5. “X12” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 39 nömrəli arayışda qeyd olunur ki, X8 xx.xx.2023-cü il tarixdən təsviri incəsənət studiyasında (ödəniş hər ay 70 manat) və rəqs studiyasında (ödəniş hər ay 60 manat) tədris kursu keçir.

6. xx.xx.2023-cü il tarixli, 88 saylı müqaviləyə əsasən “X18 Klubu” valideynin müraciəti əsasında X6 şahmat dərsinə qəbul etmək, həftədə 2 dəfə 3 saat, 4 həftə ərzində 8 dərs 12 saat dərs keçməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə aylıq ödəniş 60 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq 220 manat müəyyən edilməsini xahiş etmişdir.

8. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməməsi, alimentin miqdarı artırılaraq 235 manat müəyyən edilməsi və 835 manat miqdarında əlavə xərclərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment tələbi ilə bağlı icra sənədi tərəfindən tam olaraq icra edilmişdir. Hazırki vəziyyətdə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı həddindən artıq coxdur və onu ödəmək iqtidarında deyil. Övladının səhhətində heç bir problem yoxdur, ona əlavə xərc kimi 300 manat alimentin müəyyən edilməsi doğru deyildir. Hesab edir ki, hazırki vəziyyətdə müəyyən edilmiş alimentin həcmi azaldılaraq ölkə üzrə müəyyən edilmiş 220 manat məbləğində aliment müəyyən edilməlidir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda qüvvədə olan aliment miqdarı və əlavə xərclər uşağın saxlanması üçün kifayət etmir. Həmçinin, 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, sonuncu qətnamənin qəbul edildiyi 2022-ci ildən bugünə qədər keçən müddət ərzində uşağın saxlanması üçün sərf edilən əlavə xərclər də artmışdır. Belə ki, hazırki ərizəyə əlavə edilən "X12’’ tərəfindən verilən arayışa əsasən təsdiq edilir ki, birgə nikahdan dünyaya gələn övladı X8 01,10.2023-cü il tarixdən təsviri incəsənət studiyasında (ödəniş 70 manat aylıq) və rəqs studiyasında (ödəniş 60 manat aylıq) tədris kursu keçir. Hazırki ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən təsdiq edilir ki, X8 “X18 klubu”nda şahmat dərslərində iştirak edir və aylıq ödənişi 60 manat təşkil edir. Həmçinin, hazırki ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən təsdiq edilir ki, X8 “X18 klubu"nda məktəb dərslərinin hazırlığı kursuna gedir və aylıq ödənişi 200 manat təşkil edir. Bundan əlavə, hazırki ərizəyə əlavə edilən sürücülük xidmətlərinin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən təsdiq edilir ki, övladının hazırlıq, şahmat rəqs, gimnastika kimi dərslərə gedibgələ bilməsi üçün aylıq ödənişi 700 manat təşkil edən sürücülük xidmətindən istifadə edilir. Həmçinin işlədiyinə görə qızının evdə tək başına qalmaması üçün, məktəbdən götürüb, evə gətirib, yeməyini yedizdirib əlavə məşğələlərə yalnız getməməsi üçün dayə üçün də 400 manat ödəniş edir. Bundan əlavə, gimnastika və ingilis dili üçün də əlavə məşğələyə də qoymuşdur. Gimnastika aylıq 80 manat, ingilis dili isə aylıq 100 manat təşkil edir. Göründüyü kimi, birgə nikahdan dünyaya gəlmiş X3 aylıq əlavə xərcləri (70+60+60+200+700+400+80+100) 1670 manat təşkil edir. Bu səbəbdən həmin xərclərin yarısı, 835 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Həmçinin, aylıq ödənilən aliment məbləği 193 manatdan artırılaraq, 235 manat məbləğində müəyyən edilməlidir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2024-cü il tarixli 2(005)-929/2024 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) ilk iddia rədd edilmiş, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment, qətnamə ilə müəyyən edilən 300 manat miqdarında əlavə xərc olduğu kimi saxlanılmaqla, yəni 235+300 manat = cəmi 535 manatın tutularaq Cavabdeh ödənilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumun məbləği olan 30 manat pulun cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə İddiaçı uşağa görə gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilmişdir. Lakin İddiaçı ilk iddia tələblərini uşağın ümumiyyətlə xəstə olmaması ilə əsaslandırır, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə görə qətnamə qəbul olunan zaman xx.xx.2007-ci il təvəllüdlü X1 olan problemlə əlaqədar əlavə xərclərin tutulmasına zərurət olması müəyyən edilmişdir. Belə olan halda İddiaçı uşağın heç vaxt ağır xəstə olmaması və buna görə əlavə xərclərin tutulması barədə mülahizələri əsassızdır. Belə ki, o, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə məhkəmənin gəlmiş olduğu nəticəsini mübahisələndirir.

13. Məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması ilə bağlı daha artıq vəsait sərf etməsi müəyyən edilmədiyindən, eyni zamanda həmin xərcdən tam azad olunma və ya azaldılması uşağın mənafeyinə və “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipininə zidd olduğundan ilk iddia rədd və qarşlıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İlk iddiaçının «alimentin azaldılması və ya əlavə xərclərin çəkilməsindən azad olunması» ilə bağlı tələbi təmin oluna bilməz, belə ki, ilk iddiaçı maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olması və ya özünün əmək qabiliyyətinin olmaması, uşağın əvvəllər çəkilmiş xərclərinə artıq ehtiyacın olmamasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Sübutlarla əsaslandırmağı halda İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2624/2022 nömrəli qətnaməsi ilə təyin olunan əlavə xərc məbləğinin ödənilməsinə maddi imkanın olmaması barədə formal mülahizələri əsasında onun uşağa görə tutulan əlavə xərclərdən azad edilməsi yolverilməzdir.

14. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

15. Məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikasında ümumi orta təhsildən başqa təhsilin digər pillə və səviyyələri icbari xarakter daşımır. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsil seçim xüsusiyyətinə malikdir. Əlavə və ya peşə təhsili, eləcə də ali təhsil daha çox fərdin maddi vəziyyəti ilə bağlıdır. Valideynlər ümumi orta təhsil istisna olmaqla uşağın təhsilin digər pillə və səviyyələrində təhsil almasını təmin etməyə borclu deyildir. Ümumi orta təhsil istisna olmaqla uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bu səbəbdən də İddiaçı tutulan əlavə xərc məbləğinin artırılması üçün qanuni əsaslar mövcud deyil və qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 58.4, 58.5, 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 112.1, Uşaq Hüquqları haqqında Qanuna, Mülki Prosessual Məcəllənin 112.1, 119.1, 119.2-ci maddələrinə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, 300 manat əlavə xərc tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəflərin maddi vəziyyətini dəqiq müəyyən etməmişdir. Onun üzərində əlavə xərcin saxlanılması onun maddi imkanı olmadığı halda məhkəmə həmin pulun məcbur ödənilməsini təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh işləyir və maddi durumu normaldır, onun tərəfindən ölkə üzrə ödəniləcək aliment məbləği uşağın saxlanması üçün kifayətdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

22. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

23. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

24. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə yalnız İddiaçı apellyasiya şikayəti həddində - əlavə xərcə aid hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı 300 manat miqdarında əlavə xərc tutulmuşdur.

34. İddiaçı hazırkı tələbində uşağın səhhətində heç bir problem olmadığından əlavə xərcin tutulmasına zərurət olmadığını bildirir.

35. Göstərilən qətnamə ilə müəyyən edilmişdir ki, uşağın xəstəliyi ilə bağlı mütəmadi xərclər çəkilir, iddiaçı yetkinlik yaşına çatmayan uşağının KRX diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsi səbəbindən xüsusi bağçada təlim-tərbiyə edilməsi zərurətinin olduğunu bildirir, həmin bağça üçün 600 manat ödəniş edir. İş materiallarına əlavə edilmiş xəstəliyə dair müxtəlif analizlərdən, ödəniş qəbzlərindən görünür ki, azyaşlının müalicəsi üçün iddiaçı tərəfindən mütəmadi xərclər çəkilir.

36. Kollegiya qeyd edir ki, iddiaçı uşağın artıq tam sağaldığını qeyd etsə də, uşağın müalicəsi ilə əlaqədar hər ay əlavə xərcin ödənilməsinə zərurətin olmamasını sübut edə bilməmişdir.

37. Buna görə də məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olması və ya özünün əmək qabiliyyətinin olmaması, uşağın əvvəllər çəkilmiş xərclərinə artıq ehtiyacın olmamasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir, sübutlarla əsaslandırmağı halda İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə təyin olunan əlavə xərc məbləğinin ödənilməsinə maddi imkanın olmaması barədə formal mülahizələri əsasında onun uşağa görə tutulan əlavə xərclərdən azad edilməsi yolverilməzdir.

38. Kollegiya iddiaçının apellyasiya şikayətini əsassız hesab edir, verilmiş şikayət məhkəmənin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-929/2024 nömrəli iş üzrə 01 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar