Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3079/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair ilk iddia ərizəsi və iddiaçı Cavabdeh oğluna İddiaçı qızına qarşı “əmlak və zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə üzrə (Açar sözlər: cehiz, əmlak və zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov İkram Sabir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qızının iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “cehiz və s. əşyalarının qaytarılması” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “zinət və s. əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-539/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Tərəflər 01 iyul 2022-ci il tarixdə nikaha daxil olmuşlar. Daha sonra tərəflər arasında münasibətlər korlanmış, nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddia ərizəsində əmlakların cavabdehdən alınıb ona qaytarılmasını xahiş edir, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh isə ilkin iddianı qismən qəbul edərək ərizədə qeyd edilmiş əmlakların bir qisminin onda olduğunu etiraf edir və həmin əmlakların ondan alınıb iddiaçıya verilməsinə etiraz etmir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qarşılıqlı iddia ərizəsi ilə dəyəri 579,96 manat olan “Samsung Galaxy A32” markalı mobil telefonunun, ona hədiyyə olunmuş 585 əyyar, 6 qramlıq dəyəri 450 (dörd yüz əlli) manat olan qızıl kişi üzüyünün, 8 qramlıq dəyəri 550 (beş yüz əlli) manat olan qızıl sep kulonla birlikdə natura şəklində ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı alınıb ona qaytarılmasını xahış edir, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) isə bu əşyaların onda olmadığını bildirir.
Birinci instansiya məhkəməsində icraat
2. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “cehiz və s. əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan və iddia ərizəsində sadalanan cehiz əşyalarının, nikah dövründə hədiyyə olunan ona məxsus geyim əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin ödənilməsi (ümumi dəyəri 21.790 manat) və ödənilmiş 157 manat dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İlkin iddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 01 iyul 2022-ci ildə rəsmi nikaha daxil olmuşdur. Evləndikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, ev 171-ə köçərək, orada yaşamışdır.Təxmini olaraq bir ay sonra ailədə yaranan ona qarşı güvənsizlik və ona qarşı söylədiyi iyrənc böhtanın ardından o, avqust ayının sonlarında valideynlərinin yaşadığı evə geri qayıtmışdır. Hal-hazırda nikahın pozulması ilə bağlı iddia qaldırmış və 2(001)-6362/2022 saylı mülki iş Binəqədi Rayon Məhkəməsində hakim İlkin Əliyevin icraatındadır. Gəlin köçərkən ona valideynləri tərəfindən hədiyyə olaraq alınmış cehiz əşyalarının cavabdehin yaşadığı evə aparmış və orada qalmaqdadır. Ailə qurduqları an mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Belə ki, Cavabdeh xeyli müddət keçdikdən sonra evdə yaranan pul itkisinə görə ona qarşı şər, böhtan ataraq evdəkilərin fikrini təsdiq etmişdir. Bu barədə özlərinə dəfələrlə etmədiyini bildirsə də, ona qarşı etimad göstərməmiş və öz fikirlərindən yayınmamışdır. Belə olduğu təqdirdə o, evi tərk edərək, valideynlərinin yaşadığı evə təzədən qayıtmışdır. Valideynlərinin yaşadığı evə geri döndükdə heç bir pal-paltar və ya avadanlıq apara bilməmiş və sonda bu kimi problemləri həll etmək üçün məhkəməyə müraciət edərək, məhkəmə qaydasında tələb etməyi qərara almışdır. O, evdən qovulduğu zaman toy vaxtı valideynləri tərəfindən hədiyyə olaraq alınmış cehiz əşyaları, yəni – mebellər: şıfoner 6 qapılı, taxt, 2 ədəd tumbalar, termo+oturacaqları, balaca xalça oval, kamod, 6 ədəd stol, divan+2 kreslo, 2 ədəd lüstur, 2 ədəd qoşa jurnalnı-cəmi dəyəri 7700 manat, 2.5 m və 3.5 m ölçülərdə xalça-400 manat+100 manat, zal və yataq otağı üçün pərdələr-dəyəri 1000 manat, 160 sm-lik televizor-2000 manat, “Bosch” markalı qabyuyan maşın-1100 manat, “Bosch” markalı elektrik soba-800 manat, dəyəri 600 manat olan 1 dəst taxt döşəyi, 1 dəst taxt yorğanı, 4 ədəd balış və göy rəngli yay pakrıval, 2 ədəd balışüzü-50 manat, 6 ədəd çay dəsmalı-40 manat, 5 ədəd əl-üz dəsmalı -70 manat, 2 ədəd “qətvə”-40 manat, 5 ədəd pastel dəsti-400 manat, 4 ədəd süfrə-270 manat, ütü stolu+pol vedrəsi-100 manat, çəhrayı rəngli balışüzü ilə birlikdə tək nəfərlik pakrıval, “Hofmann” markalı ətçəkən maşın -200 manat, “Hofmann” markalı şirəçəkən maşın-100 manat, “Tefal” markalı ütü-150 manat, “Philips” markalı tozsoran-350 manat, qırmızı rəngli blender dəsti-180 manat, toster-70 manat, 4 dəst “Karaca” markalı qazan dəsti-300 manat, “Karaca” markalı servis dəsti-160 manat, 132 predmet servis dəsti-1000 manat, 2 ədəd ayaqlı qəndqabı-20 manat, 6 ədəd ağ rəngli boşqab -30 manat, dördbucaq qara qırmızı güllü boşqablar-40 manat, yarım xrustal ləpə qabı-50 manat, güllər+kukla+7 ədəd toy diskləri180 manat, 24 parça göy rəngli boşqab dəsti-200 manat, bıçaq dəsti nabor zenmarka-60 manat, 12 ədəd çamadan qaşıq dəsti-400 manat, 7 ədəd Zen nabor dəsti- 120 manat, 3 ədəd padnos dəsti-50 manat, Arten home boz rəngli qəfədan-60 manat, 6 ədəd Lav bakal dəsti-10 manat, 6 ədəd Lav armudu stəkan-30 manat, 12 ədəd ağ rəngli mürəbbə qabı-20 manat, çamadan pakrıval-400 manat, Madame coco yorğanı-170 manat, 6 ədəd ayaqlı və 6 ədəd ayaqsız olmaqla 12 ədəd xrustal bakallar-250 manat, 6 ədəd Bagema bakalı-60 manat, 6 ədəd çaynı nabor- 100 manat, 2 ədəd xrustal “lodka”-150 manat, xrustal külqabı 70 manat, qara rəngli çaynik-20 manat, 2 ədəd konfet qabı+ 1ədəd meyvə qabı (3lü bogema)-300 manat, 2 ədəd 4bucaq xrustal qənd qabı-50 manat, 1 ədəd xrustal güldan150 manat, 3 ədəd xrustal meyvə vazı-500 manat, xrustal ağzı qapaqlı mürəbbə qabı-100 manat, 2 ədəd səbət konfet qabı -150 manat, 1 ədəd lepkalı ağ meyvə qabı-50 manat, 2 ədəd güllü bulud-40 manat, 3 ədəd ağ lepkalı şirniyyat qabı-120 manat, 6 parça “Galaxy” markalı granite qazan dəsti-300 manat, 7 ədəd ağ rəngli mətbəx naboru- 120 manat, 3 ədəd saxlama qranit qab-100 manat, 2 ədəd borcam şüşə qab-50 manat, paltar dəstləri:- göy rəngli dəst kostyum, 1 ədəd qırmızı uzun don, 1 ədəd mavi uzun don, 2 ədəd qara qısa don, 4 ədəd şalvar, 1 ədəd yupka, 3 ədəd ayaqqabı, 4 ədəd çanta, altpaltarları+üst paltarları, 1 ədəd boz rəngli vilur don, koftalar, qış paltarları+yay paltarları, 2 ədəd botinka, kitablar, hamam dəsti, gecə paltarları və 1 ədəd tulum gəlin köçdüyü mənzildə qalmışdır. Cehiz əşyalarının ümumi dəyəri 21.820 manat təşkil edir.
4. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı ilə o, xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Evləndikdən sonra iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi 171 saylı evə gəlin köçmüş və onlar orada yaşamışlar. İddaçının tələbində göstərdiyi televizor və geyim əşyaları istisna olmaqla, cehiz əşyaları gəlin köçdüyü Bakı şəhəri,Binəqədi rayonu,28 May qəsəbəsi, İzlivnoy küçəsi 171 saylı evdədir. Tələb olunan əşyalardan geyim əşyalarını evi tərk edib gedərkən özü ilə aparmışdır. Həmin əşyaları aparması faktı həyətdə aparılan kamerə çəkilişində öz əksini tapmışdır. Digər tərəfdən, iddiaçı gəlin gələrkən cehiz əşyası kimi televizor gətirməmişdir. Onun qeyd etdiyi “LG 65” markalı televizoru ailə həyatı qurmamışdan əvvəl "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsinə əsasən aylıq 99.00 manat ödənilməklə, ümumi dəyəri 1.889,99 manat olmaqla, almışdır. Bundan başqa, iş üzrə iddiaçı iddia tələbində irəli sürdüyü mebel dəsti, pərdə, qab yuyan, elektrik soba, taxt döşəyi, taxt yorğanı 4 ədəd balınc pakrıval, balış üzü, çay dəsmalı, əl-üz dəsmalı, qətvə, pastel dəsti, süfrə, ütü stolu, döşəmə vedrəsi, şirəçəkən maşın, ütü tefal, tozsoran, blinder dəsti, toster, karaca qazan, karaca servis dəsti, servis dəsti, ayaqlı qənd qabı, boşqab dəsti, güllü boşqablar, ləpə qabı, bıçaq dəsti, qaşıq dəsti, padnos dəsti, qəfədan, mürəbbə qabları, yorğan, xrustal bakal, külqabı, çaydan, meyvə qabı, konfet qabı, lepkalı meyvə qabı, güllü bulud, şirniyyat qabı, digər şüşə qab bu gündə də, iddiaçının gəlin gəldiyi mənzildədir. İddiaçının gəlin gətirdiyi əmlak siyahısında mebellə bağlı hissədə mebelin dəyərini 7.500 manat müəyyən etsə də, həmin mebelin dəyərinin 4.400 manatını o, ödəsə də, qalan 3.100 manatını satıcıya ödəməmişdir. Bu günə qədər mebeli satan şəxslər iddiaçı tərəfindən telefonlarını söndürdükləri səbəbindən qalıq borcla bağlı onları narahat edirlər. Eyni zamanda, iddiaçının əmlak tələbi ilə bağlı pərdəyə gəldikdə isə, pərdənin dəyəri 1.500 manat təşkil edir, lakin pərdəni satan şəxslər onu onlara rəğmən 1.000 manata iddiaçıya satmalarına baxmayaraq, həmin əmlakın dəyəri ödənilmədiyindən, pərdənin sahibləri onları bu günə kimi ödənişin edilməsi ilə bağlı narahat edirlər.
5. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı “əmlak və zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı olan “cehiz əşyalarının qaytarılması” tələbinə dair ilkin iddianın tamamilə rədd edilməsi, onun qarşılıqlı iddia üzrə İddiaçı qarşı “əmlak və qızıl zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin tam həcmdə təmin edilərək, ona məxsus dəyəri 579,96 manat olan “Samsung Galaxy A32” markalı mobil telefonunun, ona hədiyyə olunan 585 əyyar, 6 qramlıq dəyəri 450 (dörd yüz əlli) manat olan qızıl kişi üzüyünün, 8 qramlıq dəyəri 550 (beş yüz əlli) manat olan qızıl sep kulonla birlikdə natura şəklində İddiaçı alınıb ona qaytarılması, bu mümkün olmadıqda isə, həmin əşyaların real bazar dəyərininin-1.579,96 (min beş yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə o, xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Evləndikdən sonra iddiaçı Bakı şəhəri, Binəqədi rayonu,28 May qəsəbəsi, İzlivnoy küçəsi 171 saylı evə gəlin köçmüş və onlar orada yaşamışlar. İlkin iddia üzrə iddiaçının tələbində göstərdiyi cehiz əşyaları gəlin köçdüyü Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi 171 saylı evdədir. Tələb olunan əşyalardan geyim əşyalarını evi tərk edib gedərkən özü ilə aparmışdır. Həmin əşyaları aparması faktı həyətdə aparılan kamerə çəkilişində öz əksini tapmışdır. İlkin iddia üzrə İddiaçı evi tərk edib gedərkən ona məxsus dəyəri 579,96 manat olan “Samsung Galaxy A 32” markalı mobil telefonu, atasının dostu Yasin müəllimin ona toyda hədiyyə etdiyi 585 əyyar, 6 qramlıq, dəyəri 450 manat olan qızıl kişi üzüyünü, yaxın tanışı Sona xanımın toyda ona hədiyyə etdiyi 585 əyyar, 8 qramlıq dəyəri 550 manat qızıl sepi kulonla birlikdə özü ilə aparmışdır. Bununla da ilkin iddia üzrə İddiaçı evi tərk edib gedərkən ona məxsus ümumi dəyəri 1.579 (min beş yüz yetmiş doqquz )manat təşkil edən telefonunu və qızılzinət əşyalarını da özü ilə aparmışdır. Beləliklə də hesab edir ki, ilkin iddianın əsassız və qanunsuz olduğu üçün tamamilə rədd edilməsi, onun iddiasının isə əsaslı və qanuni olduğu üçün tam həcmdə təmin edilməsi həm qanuni, həm əsaslı, həm də ədalətli olardı.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-539/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, 171 nömrəli evdə olan 6 qapılı şifoner, taxt, 2 ədəd tumbalar, termo+oturacaqları, balaca xalça oval, kamod, 6 ədəd stol, divan+2 kreslo, 2 ədəd lüstur, 2 ədəd qoşa jurnalnı, 1 ədəd 3.5 m ölçüdə xalça, zal və yataq otağı üçün pərdələr, “Bosch” markalı qabyuyan maşın, “Bosch” markalı elektrikli soba, 1 dəst taxt döşəyi, 1 dəst taxt yorğanı, 4 ədəd balış və göy rəngli yay pakrıvalı, 6 ədəd çay dəsmalı, 5 ədəd əl-üz dəsmalı, 2 ədəd qətvə, 5 ədəd pastel dəsti, 2 ədəd skater, ütü stolu+pol vedrəsi, çəhrayı rəngli balışüzü ilə birlikdə tək nəfərlik pakrıval, “Hofmann” markalı ətçəkən maşın, “Hofmann” markalı sokçəkən maşın, “Tefal” markalı ütü, “Philips” markalı tozsoran, qırmızı rəngli blender dəsti, toster, 4 dəst “Karaca” markalı qazan dəsti, “Karaca” markalı servis dəsti, 132 predmet servis dəsti, 2 ədəd ayaqlı qətdan, 6 ədəd ağ rəngli boşqab, 4bucaq qara qırmızı güllü boşqablar, yarım xrustal ləpə qabı, güllər+kukla, 24 parça göy rəngli boşqab dəsti, bıçaq dəsti nabor zenmarka, 12 ədəd çamadan qaşıq dəsti, 7 ədəd Zen nabor dəsti, 3 ədəd padnos dəsti, Arten home boz rəngli qəfədan, 6 ədəd Lav bakal dəsti, 6 ədəd Lav armudu stəkan, çamadan pakrıval, Madame coco yorğanı, 6 ədəd ayaqlı və 6 ədəd ayaqsız olmaqla, 12 ədəd xrustal bakal, 6 ədəd Bagema bakalı, 6 ədəd çaynı nabor, 2 ədəd xrustal “lodka”, xrustal külqabı, qara rəngli çaynik, 2 ədəd konfet qabı+ 1ədəd meyvə qabı (3lü bogema), 2 ədəd 4bucaq xrustal qənd qabı-, 1 ədəd xrustal güldan, 3 ədəd xrustal meyvə vazı, xrustal ağzı qapaqlı mürəbbə qabı, 2 ədəd səbət konfet qabı, 1 ədəd lepkalı ağ meyvə qabı, 2 ədəd güllü bulud, 3 ədəd ağ lepkalı şirniyyat qabı, 6 parça “Galaxy” markalı granite qazan dəsti, 7 ədəd ağ rəngli mətbəx naboru, 3 ədəd saxlama qranit qab, 2 ədəd borcam şüşə qabın Cavabdeh alınaraq İddiaçı verilməsi; qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində əmlakların hamısının cavabdehdə olduğunu bildirərək, həmin əmlakları cavabdehdən tələb etsə də, onların hamısının cavabdehdə olduğu barədə və eləcə də əmlakların dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə ilkin iddia üzrə Cavabdeh iddia ərizəsində qeyd edilmiş əmlakların bir qisminin onda olması barədə etirafını nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia qismən təmin edilməlidir.
9. Eyni zamanda məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsində qeyd edilən dəyəri 579,96 manat olan “Samsung Galaxy A32” markalı mobil telefonunun, 585 əyyar, 6 qramlıq dəyəri 450 (dörd yüz əlli) manat olan qızıl kişi üzüyünün, 8 qramlıq dəyəri 550 (beş yüz əlli) manat olan kulonla birlikdə qızıl sepin qarşılıqlı iddia üzrə cavabdehdə olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə qarşılıqlı iddianın tələbi sübuta yetirilmədiyindən təmin edilməməsi qənaətinə gəlmişdir.
10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 225.2, Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
11. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qətnamədən apellyasiya şikayətini verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-539/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi hissəsində sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticə etibarılə səhv, qismən: əsassız, qanunsuz və tam ədalətli olmayan qətnamə qəbul etmişdir. Konstitusiyasının 127-ci maddəsini tələbini də, pozmuş, hazırkı mülki işə qərəzli, ədalətdən uzaq, tərəflərin hüquq bərabərliyini pozmaqla, faktlara rəğmən və qanuna “söykənməyərək”, formal və subyektiv mülahizələrə “müvafiq” baxmışdır. Birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən tətbiq edilməli maddi hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Konstitusiyanın normaları ümumiyyətlə tətbiq edilməmiş, tətbiq edilən normalar isə səhv təfsir edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə də, yumşaq desək, “göz yumulmuşdur”. Başqa sözlə, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbində göstərdiyi onun özünə məxsus “Samsunq Galaxy A32” markalı mobil telefonun, hədiyyə edilmiş zinət əşyaları hissədə araşdırmadan düzgün nəticəyə gəlməmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən öz tələblərinin və əsası kimi istinad etdiyi hallar sübut edilsə də, məhkəmə, Mülki Prosessual Məcəlləsinin həmin normasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur, çünki, qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Xüsusilə, Konstitusiyada və digər normativ aktlarda mülkiyyət hüququ ilə bağlı normalara riayət edilməmişdir. Başqa sözlə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olsa da, prosessual qanunvericiliyin həmin normasının tələbini pozmuşdur.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə etiraz etdiyini bildirərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-539/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam həcmdə təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qarşılıqlı iddiaya aid hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
20.152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
21. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 22.225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 23.34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
24.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 26.Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 27.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 28.Baxılan mülki işdə mübahisələndirilən hal mübahisə predmeti olan əşyaların üzərində qarşılıqlı iddia üzrə iddiaçının faktiki sahiblikdən məhrum olub-olmaması və qarşılıqlı iddia üzrə cavabdehin həmin əşyalara faktiki sahiblik edib-etməməsidir.
29. Qeyd edilən mübahisələndirilən hallar üzrə sübut etmə yükünü qarşılıqlı iddia üzrə iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əşyalardan məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (əşyaların iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçəcəkdir.
30. Mülki işin materiallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı mübahisə predmeti olan əşyaların qarşı tərəfdə olmasına istinad etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Halbuki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-539/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: İkram Şirinov Elşən Kazımov