Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3082/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3082/2023 (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1150/2023 saylı 30 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə 24 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə Cavabdeh faktiki nikah münasibətlərindən xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü X4 doğulmuşdur.
2. Tərəflər ayrılmış və məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin və uşaqların xəstəliyi ilə əlaqədar əlavə xərcin cavabdehdən alınaraq İddiaçı1 xeyrinə ödənilməsi qət edilmişdir.
3. Hazırda İddiaçı2 yetkinlik yaşına çatmışdır. Hazırda iddiaçılar cavabdehdən əmək qabiliyyəti olmayan iddia edilən yetkinlik yaşına çatmış övlad-İddiaçı2 xeyrinə aliment ödənilməsi tələb edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladı İddiaçı2 xeyrinə hər ay 300 manat miqdarında alimentin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 xx.xx.2003-cü il tarixdə doğulmuşdur. Valideynləri faktiki nikah qurmuş, sonradan ayrılmışlar. Anası uşağın saxlanılması üçün 18 yaşınadək aliment almışdır. Anası xəstəlikdən əziyyət çəkdiyi üçün işləyə bilmir və övladlarını saxlamaqda əziyyət çəkir. Ona görə də alimentin tutulması üçün məhkəməyə müraciət etmişlər.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1150/2023 saylı 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı1 verilməsi, qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsi, 34-cü maddəsi, Ailə Məcəlləsinin 80.1, 80.2, 81.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı1 apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.
9. İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş və izahatında göstərmişdir ki, rəsmi iş yeri yoxdur, fəhlə işləyir və daha artıq alimenti ödəməyə imkanı yoxdur. Həmçinin, başqa bir nikahdan da 2 uşağı var və ailəni dolandırmaqda çətinlik çəkir.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 17, 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 14 .Maddə 34, 4-cü hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 80.1.Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.
16. Maddə 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
17. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun:
18. Maddə 2. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. İddiaçı tərəfindən qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iş materiallarında olan Masallı RİHB-nin Qarğalıq Ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 936906 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2003-cü il tarixdə Masallı rayon Dəlləkli kəndində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçı1dır.
28. Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 211258 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003- cü il təvəllüdlü X5 atası Cavabdeh hesab edilmişdir.
29. Sabunçu Rayon Məhkəməsinin 2(008)-10023/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmənin xx.xx.2012-ci il tarixli 2(008)-6614/2012 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment və uşaqların xəstəliyi ilə əlaqədar 100 manat əlavə xərc alınaraq İddiaçı1 xeyrinə ödənilməsi qət edilmişdir.
30. DSMF-nin Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 090882 saylı vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi İddiaçı2 18 yaşadək xəstə uşaqdır.
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 anandangəlmə skolioz diaqnozu qoyularaq üçüncü dərəcəli əlillik dərəcəsi verilmişdir, məhdud əmək qabiliyyətlidir.
32. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilib ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.
33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin daimi iş yeri və gəliri yoxdur, həmçinin, himayəsində başqa övladları da var. Bu səbəbdən hazırki maddi və ailə vəziyyəti apelyatorun tələb etdiyi həcmdə alimenti ödəməyə imkan vermir. Lakin cavabdeh birinci instansiya məhkəməsində 50 manat məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir.
34. Beləliklə, kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq alimentin miqdarını düzgün müəyyən etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
36. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
38. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1150/2023 saylı 30 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova