Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3082/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilələrin ləğv edilməsi tələbi barədə iddiasına” dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Cavabdeh özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı MTK-nın buna səlahiyyəti olan nümayəndəsi MTK-nın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MTK ilə cavabdeh arasında sadə yazılı formqada bağlanmış xx.xx.2021-ci il tarixli “Əvəzləşdirmə müqaviləsinin” və xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri 35 saylı Notariat Ofisində bağlanmış müqavilənin ləğv edilməsi, 18 aya görə MTK tərəfindən cavabdehə kirayə haqqı olaraq ödənilmiş 16.200 manat, nəqliyyat xərci olaraq ödənilmiş 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi yardıma görə MTK-nın vəkilə ödədiyi xərcin əvəzi olaraq 1.500 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MTK-nın ödədiyi dövlət rüsumunun əvəzi olaraq 145 manat məbləğində pulun cavabdehdən MTK-nın xeyrinə tutulması, cavabdehin MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş binanın “F” blokunun, 8-ci mərtəbəsində yerləşən 7 saylı 82,10 kv.m-dən ibarət təmirli mənzildən, “F” blokunun 8-ci mərtəbəsində yerləşən 4 saylı 56,46 kv.m-dən ibarət təmirli mənzildən, “F” blokunda yerləşən 23 kv.m-dən ibarət təmirli qeyri-yaşayış sahəsindən (binanın Qarabağ küçəsinə baxan tərəfi) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində üçüncü şəxs kimi iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləni rəsmiləşdirmiş Bakı Şəhəri 35 saylı Notariat Ofisi, cavabdehin övladları – X3, X4 və X5 göstərilmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə MTK-nın qanuni təmsilçisi X6 ilə cavabdeh arasında 110 nömrəli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. İş üzrə tərəflər həmin müqavilə ilə şərtləşdirmişlər ki, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının icrası ilə bağlı cavabdeh özünə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, qəzalı vəziyyətdə olan 41 saylı binada yerləşən, sahəsi 70 kv.metr olan 20 saylı mənzili və həmin ünvanda yerləşən sahəsi 21 v.metr olan qeyri-yaşayış sahəsini sökülməsi üçün MTK-ya təhvil verir, MTK isə həmin sahələri sökərək, həmin ünvanda inşa edəcək yeni binanın “F” blokunun, 8-ci mərtəbəsində yerləşən 7 saylı 82,10 kv.m-dən ibarət təmirli mənzili, “F” blokunun 8-ci mərtəbəsində yerləşən 4 saylı 56,46 kv.m-dən ibarət təmirli mənzili, “F” blokunda yerləşən 23 kv.m-dən ibarət təmirli qeyri-yaşayış sahəsini binanın inşası bitdikdən sonra cavabdehə təhvil verəcək, cavabdehə məxsus köhnə sahələrin boşaldılması üçün MTK tərəfindən cavabdehə 300 manat ödəyəcək, yeni mənzillər və qeyri-yaşayış sahəsi təhvil verilənədək, yəni 18 ay ərzində MTK cəmi (500 + 400=) 900 manat məbləğində pulu hər ay cavabdehə ödəyəcək. Daha sonra, yəni xx.xx.2022-ci il tarixdə MTK ilə cavabdeh arasında 35 saylı Notariat Ofisində eyni şərtlər ilə başqa bir müqavilə bağlanmışdır. Cavabdehin övladları – iş üzrə üçüncü şəxslər Elnur Məmmədov, Elçin Məmmədov və Enfira Əliyeva qeyd edilən müqavilələrin bağlanmasında iştirak etməmişlər. Belə ki, cavabdeh, MTK-nın vəzifəli şəxslərini aldadaraq bildirmişdir ki, onun övladları ona etibarnamələr vermişlər. Cavabdeh bildirmişdir ki, həmin etibarnamələri, köhnə mənzilə və qeyri-yaşayış sahəsinə aid “Daşınmaz əmlakın dövlət reyestrindən” onun adına verilmiş "xxxx" MTK-ya təqdim edəcək. MTK cavabdehə inanaraq qeyd edilən müqavilələri bağlamış, cavabdehə kirayə haqqı olaraq 16.200 manat və nəqliyyat xərci olaraq 300 manat ödəmişdir. Lakin sonradan məlum olmuşdur ki, qeyd olunan şəxslər cavabdehə etibarnamə verməmişlər. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışlarda” qeyd edilmişdir, köhnə mənzil və qeyri-yaşayış sahəsi cavabdeh ilə üçüncü şəxslərin paylı mülkiyyətindədir. Göründüyü kimi, iş üzrə cavabdeh iddiaçı MTK ilə həmin müqavilələri bağlamaqla həm MTK-nı, həm də iş üzrə üçüncü şəxsləri aldatmış, MTK-nın və üçüncü şəxslərin hüquqlarını pozmuşdur. Eyni zamanda, qeyd olunmalıdır ki, bu hüquq pozuntusunun mövcud olduğunu təsdiq edən daha bir hal cavabdehin Rusiya Federasiyasında yaşayan və oranın vətəndaşı olan – iş üzrə üçüncü şəxs Elnur Məmmədovun iddiaçı MTK-ya qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırmasıdır. Belə ki, həmin işə baxılan zaman Elnur Məmmədov hüquqlarını təmsil etməsi üçün anası olan cavabdehə yalnız xx.xx.2023-cü il tarixdə etibarnamə vermiş, ondan əvvəl belə bir etibarnamənin mövcud olmasına dair hər hansı bir mötəbər sənəd və ya sübut olmamışdır. Göstərilənlərə görə də, MTK hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma görə vəkil xidmətinə görə 1.500 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 145 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə dair cavabdehin və iş üzrə üçüncü şəxslərin münasibəti barədə məlumat
4. Rayon məhkəməsinin iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə MTK tərəfindən ona verilmiş evinə köçmüşdür. Övladı olan Elnur Məmmədova çatası pay ilə bağlı məhkəmə qərarları mövcuddur. MTK-nın direktoru şəxsən Elnur Məmmədov ilə “COVİD-19 pandemiyası” vaxtı danışaraq demişdir: “hazırda pandemiya dövrüdür və ilk öncə ananla bacının evin verək daha sonra sən gələrsən sənə də ev verərik“. İddianın təmin olunması üçün heç bir sübut və dəlil yoxdur. Öz evi özünə verilmişdir. Oğluna isə iki otaq verilmişdir. Qanunsuz olaraq layihəni dəyişmiş, oğlunun evini 92 kv.m etmişdirlər. X7 isə MTK-nın işçiləri aldadıb başqa evə köçürmüşlər.
5. İş üzrə üçüncü şəxs olan Enfirə Əliyeva iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, özü də MTK ilə müqavilə bağlamışdır. Həmin müqavilənin onun anası olan cavabdeh ilə iddiaçı MTK arasında bağlanmış müqavilələrə aidiyyətı yoxdur. Hesab edir ki, iddia əsassızıdır.
6. İş üzrə digər üçüncü şəxslər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də, Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı MTK və cavabdeh iddia ərizəsində qeyd edilən müqavilənin şərtləri ilə razılaşaraq, onları könüllü və iradə ifadələrinə uyğun bağlamışlar. İddiaçı MTK iddia ərizəsində cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə notariat qaydada müqavilə bağlanmış, eyni tarixdə cavabdeh ona məxsus mənzili və qeyri-yaşayış obyektini söküntü məqsədi ilə iddiaçı MTK-ya təhvil vermiş, bununla bağlı da həmin tarixdə 098 №-li akt tərtib edilmişdir. Göründüyü kimi müqavilənin icrasından imtina olunmamış, onun şərtləri cavabdeh tərəfindən yerinə yetirilmiş, sökülməli olan mənzil iddiaçı MTK-ya təhvil verilmişdir. Müqavilənin ləğv edilməsi üçün əsas ola biləcək hallar, yəni müqavilə bağlandıqdan sonra onun şərtlərinin cavabdeh tərəfindən pozulması, bununla da iddiaçıya əhəmiyyətli zərər vurulması və iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması halları məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə olan halda qəbul edilməlidir ki, həmin müqavilələrin ləğv edilməsi və müqavilələrin şərtinə əsasən MTK tərəfindən cavabdehə ödənilmiş pul məbləğlərinin cavabdehdən tutularaq MTK-ya ödənilməsi üçün hüquqi əsaslar mövcud deyil. Buna görə də iddia tələbi əsaslı hesab edilib, təmin oluna bilməz. d) apellyasiya şikayəti və ona etiraz barədə məlumat
9. İddiaçı MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
11. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər.
12. Cavabdehin övladı – iş üzrə üçüncü şəxslərdən biri olan Enfirə Əliyeva apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatın məzmununa uyğun izahat vermişdir.
13. İddiaçı MTK-nın nümayəndəsi və cavabdehin digər övladları – iş üzrə üçüncü şəxslər Elçin və Elnur Məmmədovlar apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,0680 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərtəbəli binada, yaşayış sahəsi 56,1 kv.m., ümumi sahəsi 87,1 kv.m. olan 4 otaqdan ibarət 20 saylı mənzil üzərində cavabdehin və onun övladları olan üçüncü şəxslərin hər birinin mülkiyyət hüququ 1/4 hissədə olmuşdur.
16. İşdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı, xx.xx.2021 tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşməklə qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsü və bu ərazidə yeni yaşayış binalarının tikintisi iddiaçı MTK-ya həvalə edilmişdir.
17. İddiaçı MTK ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə sadə yazılı formada bağlanmış əvəzləşdirmə müqaviləsindən, habelə xx.xx.2022-ci il tarixdə bağlanmış və 35 saylı Notariat Ofisi tərəfindən rəsmilədşdirilərək, reyestrdə 3M-28 nömrə altında qeydiyyata alınmış müqavilədən görünür ki, onlar həmin müqavilə ilə şərtləşdirmişlər ki, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının icrası ilə bağlı cavabdeh özünə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, qəzalı vəziyyətdə olan 41 saylı binada yerləşən, sahəsi 70 kv.metr olan 20 saylı mənzili və həmin ünvanda yerləşən sahəsi 21 v.metr olan qeyri-yaşayış sahəsini sökülməsi üçün MTK-ya təhvil verir, MTK isə həmin sahələri sökərək, həmin ünvanda inşa edəcək yeni binanın “F” blokunun, 8-ci mərtəbəsində yerləşən 7 saylı 82,10 kv.m-dən ibarət təmirli mənzili, “F” blokunun 8-ci mərtəbəsində yerləşən 4 saylı 56,46 kv.m-dən ibarət təmirli mənzili, “F” blokunda yerləşən 23 kv.m-dən ibarət təmirli qeyri-yaşayış sahəsini binanın inşası bitdikdən sonra cavabdehə təhvil verəcək, cavabdehə məxsus köhnə sahələrin boşaldılması üçün MTK tərəfindən cavabdehə 300 manat ödəyəcək, yeni mənzillər və qeyri-yaşayış sahəsi təhvil verilənədək, yəni 18 ay ərzində MTK cəmi (500 + 400=) 900 manat məbləğində pulu hər ay cavabdehə ödəyəcək.
18. İşdə olan sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə notariat qaydada müqavilə bağlandıqdan sonra cavabdeh köhnə mənzili və qeyri-yaşayış sahəsini söküntü məqsədi ilə iddiaçı MTK-ya təhvil vermiş, bununla bağlı da həmin tarixdə 098 №-li akt tərtib edilmişdir. MTK isə qeyd edilən müqavilələrin şərtlərinə uyğun olaraq cavabdehə kirayə haqqı olaraq 16.200 manat və nəqliyyat xərci olaraq 300 manat ödəmişdir.
19. Daha sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı MTK iddia ərizəsi ilə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qeyd edilən müqavilələrin ləğv edilməsi, onun tərəfindən cavabdehə ödənilmiş kirayə haqqının və nəqliyyat xərcinin cavabdehdən tutularaq ona qaytarılmasını, müqavilədə qeyd edilən mənzillərdən və qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddia tələbinin əsaslandırılması hazırkı qətnamənin 3-cü bəndində qeyd olunub və apellyasiya şikayətinin əsasları ilə eynilik təşkil edir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər (maddə 385.2.). Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.).
22. Göründüyü kimi iddia ərizəsində qeyd edilən müqavilələrin iddiaçı MTK-nın bildirdiyi əsaslarla (MTK-nın cavabdeh tərəfindən aldadılması və cavabdehin digər paylı mülkiyyətçilərin (iş üzrə üçüncü şəxslərin) etibarnamələri olmadan müqavilə bağlamağa səlahiyyətli olmaması) ləğv edilməsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Müqavilənin ləğv edilməsi üçün əsas ola biləcək və Mülki Məcəllədə nəzərdə tutulmuş halların isə mövcud olmasını təsdiq edə biləcək sübutlar isə iddiaçı MTK tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. g) apelyasiyanın nəticəsi
23. Bu baxımdan qəbul edilməlidir: a) iddiaçı MTK ilə cavabdeh arasında bağlanmış mübahisəli müqavilələr ləğv oluna bilməz; b) həmin müqavilələrin ləğv edilməsi üçün əsas olmadığından MTK-nın həmin müqavilələr üzrə cavabdehə ödədiyi kirayə haqqı və nəqliyyat xərcləri cavabdehdən MTK-nın xeyrinə tutula bilməz; c) qeyd edilən tələblər təmin edilmədiyindən iddianın verilməsi üçün MTK-nın çəkdiyi xərclər cavabdeh aid edilə bilməz; d) Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur; e) MTK-nın apellyasiya şikayəti əsassızdır.
24. Apellyasiya baxışının nəticəsini nəzərə alan və MPM-in 384-cü maddəsinin tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğun, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan apellyasiya şikayəti rədd edilməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Çünki MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.