Məhkəmə qərarları › İş №2(103)-3084/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3084/2023

20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3084/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “əmlak tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. O, eyni zamanda, Rayon Məhkəməsinə ərizə verərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə ərizənin təmin edilməməsini, apellyasiya şikayətinin isə qaytarılmasını qərara almışdır. İş üzrə cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsinin təmin edilərək, qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu, lakin cavabdehin faktiki olaraq yaşamadığı ünvana göndərilmişdir. Həmin ünvanda kirayə qalan şəxslər qətnaməni xx.xx.2022-ci il tarixdə alsalar da, qətnamənin onlar tərəfindən qəbul edilməsi barədə cavabdehə yalnız xx.xx.2023-cü il tarixdə məlumat vermiş, cavabdeh də elə həmin tarixdə ünvana gedərək qətnaməni götürmüşdür. Bundan əlavə nəzərə alınmalıdır ki, qətnamə qəbul edilən ərəfələrdə, cavabdeh, “Elektron Məhkəmə” İnformasiya Sistemindən və elektron kabinetdən məlumatsız olmuşdur. Daha sonra nəzərə alınmalıdır ki, qətnamə cavabdehin vəkilinin (nümayəndəsinin) elektron kabinetinə yüklənilsə də, cavabdehin bundan xəbəri olmamışdır, çünki qətnamə elan olunandan sonra cavabdeh ilə vəkilin münasibəti pozulmuş və vəkil ona qətnamə barədə məlumat verməmiş, qətnamədən apellyasiya şikayətinin hansı müddətdə verilməsini izah etməmişdir. Şikayətin dəlillərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli qətnamə Rayon Məhkəməsi tərəfindən poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Qətnamənin cavabdehin rəsmi ünvanına çatdırılması barədə işdə sənəd olmasa da, cavabdeh, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə qeyd etmişdir ki, həmin ünvanda kirayə qalan şəxslər qətnaməni xx.xx.2022-ci il tarixdə almışlar. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 134.1-ci maddəsinin mənasına görə, məhkəmə, məhkəmə sənədlərini, o cümlədən məhkəmə aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. MPM-nin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri işdə iştirak edən şəxslərə şəxsən və ya rabitə orqanları vasitəsi də verilə bilər. MPM-nin 146-cı maddəsinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd edilən prosessual normaların tələbləri baxımından müəyyən edilir ki, cavabdeh, ünvanın dəyişməsi barədə məhkəməyə vaxtında məlumat vermədiyi üçün məhkəmə qətnaməsi ünvan üzrə qəbul edildiyi vaxtdan cavabdehə çatdırılmış hesab edilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2022-ci il tarixli qətnamə xx.xx.2022-ci il tarixdə cavabdehin vəkili Vəkil2 e-kabinetinə yerləşdirilmişdir. Qərardaddan verilmiş şikayətdə qeyd edilir ki, qətnamə cavabdehin vəkilinin (nümayəndəsinin) elektron kabinetinə yüklənilsə də, cavabdehin bundan xəbəri olmamışdır, çünki qətnamə elan olunandan sonra cavabdeh ilə vəkilin münasibəti pozulmuş və vəkil ona qətnamə barədə məlumat verməmişdir. Məhkəmə qeyd edilən bu dəlili də əsassız hesab edir, çünki əgər cavabdeh öz vəkilinin (nümayəndəsinin) xidmətindən imtina etmişdirsə, o, bu barədə işə baxmış Rayon Məhkəməsinə məlumat verməli idi, lakin o, bunu etməmişdir. Bundan başqa qərardaddan verilmiş şikayətdə göstərilir ki, cavabdeh ilə vəkilin münasibəti pozulduğu üçün vəkil ona qətnamədən apellyasiya şikayətinin hansı müddətdə verilməsi barədə izah verməmişdir. Məhkəmə qeyd edilən dəlili əsassız hesab edir, çünki Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə, qətnamədən hansı qaydada və müddətdə şikayətin verilməsini qeyd etmişdir. Göründüyü kimi cavabdeh tərəfin qətnamənin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin məhz üzürlü səbəbdən ötürülməsi müəyyən edilmir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq iş üzrə qəbul etdiyi qərardadla cavabdeh verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəni təmin etməməkdə haqlı olmuşdur. Həmin qərardaddan cavabdehin verdiyi şikayətin dəlilləri əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 fevral 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar