Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3088/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 109431 manat əsas məbləğ, 32829 manat əldən çıxmış fayda və vurulmuş mənəvi ziyana görə 10.000 manat kompensasiyası olmaqla cəmi 152.260 manat məbləğində pulun tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbində göstərir ki, cavabdeh X3 ilə 12.12.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 17.02.2005-ci il təvəllüdlü Gülzar və 30.01.2009-cu il təvəllüdlü Mədinə adlı uşaqları vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.10.2011-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-136/2012 saylı, 21.02.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırda Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Sabunçu Rayon Məhkəməsinin 05.03.2012-ci il tarixli, 2(008)- 339/2012 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay cəmi 174 manat məbləğində aliment tutulması qət edilmişdir. Mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olmuş və həmin ev 2018-ci ildə dövlət ehtiyacları üçün satın alınma layihəsinin təsirinə düşmüşdür. Bu zaman cavabdehlə aralarında razılıq əldə olunmuşdur ki, qeyd olunan evin dövlət ehtiyacları üçün satın alınması ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması, müqaviləyə əsasən ödəniləcək pulun götürülməsi və həmin vəsaitin onun adına bank hesabı açılaraq həmin hesaba köçürülməsi ilə bağlı cavabdehə etibarnamə verir, sonuncu isə evin alqı-satqısından əldə ediləcək pul vəsaitindən aliment borcunu çıxdıqdan sonra qalan məbləği onun adına bank hesabı açaraq həmin hesaba köçürdəcəkdir, eyni zamanda keçmişdə, gələcəkdə və həmin vaxt mövcud olan ailment borclarını ondan tələb etməyəcəkdir. Hətta bu barədə Cavabdeh etibarnamə almaq üçün Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisinin adına ünvanladığı və notarial qaydada təsdiq olunmuş 09.07.2018-ci il tarixli ərizəsində öhdəlik götürmüşdür. Bundan sonra, 09.10.2018-ci il tarixdə tərəfindən cavabdehə etibarnamə verilmişdir. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavininin 03.05.2021-ci il tarixli, 814/01 №-li məktubuna və 01.11.2018-ci il tarixli AN-İ №0731334 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı verdiyi etibarnamə əsasında X3 ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında 01.11.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və 109.431 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh ona çatası 109.431 manat pul vəsaitini alsa da, bugünədək öhdəliyini icra etməmiş, pul vəsaitini ona verməmiş, eyni zamanda alimentdən imtina etməmişdir. 2018-ci ildə (hansı ki, həmin ildə cavabdeh pul vəsaitini almışdır) Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi müvafiq olaraq 9,75%, 10%, 11% və 13 % təşkil etmişdir. Hesab edir ki, cavabdeh qaytarmalı olduğu 109431 manat məbləğində pulu 3 il ərzində əsassız özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, cavabdeh 109431 manat məbləğində pulu onun adına depozit hesabı açdıraraq əmanət qoymağına dair öhdəlik götürmüşdür və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoyduğu halda, artıq 3 il müddət ərzində minimum 10 % olmaqla həmin məbləğdən (109431 10% = 10943 x 3 il = 32829 manat) 32.829 manat gəlir əldə edəcəkdi. Cavabdeh bu qanunsuz hərəkətləri ilə onu əldə edə biləcəyi gəlirdən məhrum etmişdir. Cavabdehin öhdəliklərini pozması onun mənəvi iztirablar keçirməsinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, cavabdeh dəfələrlə pulu qaytaracağına söz versə də, hər dəfəsində onu aldatmış və müxtəlif bəhanələrlə pul vəsaitini ödəməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 54716 (əlli dörd min yeddi yüz on altı) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, cavabdeh özü iddiaçıya çatası pul məbləğini onun adına bank hesabı açaraq həmin hesaba köçürməyi öhdəlik götürmüşdürsə, deməli həm qanunvericiliyin tələbi baxımından, həm də öhdəliyə əsasən iddia tələbinin «əldən çıxmış faydanın ödənilməsi» hissəsi tam əsaslıdır, sübut olunur. Bu səbəbdən, həmin tələb də məhkəmə tərəfindən təmin edilməli idi. Cavabdeh 109431 manat məbləğində pulu iddiaçının adına depozit hesabı açdıraraq əmanət qoymağına dair öhdəlik götürmüşdür və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoyduğu halda, artıq 3 il müddət ərzində minimum 10 % olmaqla iddiaçı həmin məbləğdən (109431 10% = 10943 x 3 il = 32829 manat) 32.829 (otuz iki min səkkiz yüz iyirmi doqquz) manat gəlir əldə edəcəkdi. İşə baxan məhkəmə tərəflər arasındakı razılaşmanın şərtlərinin (öhdəliyin) cavabdeh tərəfindən icra edilmədiyini təsdiq etsə də, iddiaçıya ödənilməli olan pul vəsaitinin hamısının deyil, yarısının cavabdehdən tutulmasını qət etmiş, bu mövqeyini isə ümumiyyətlə əsaslandırmamışdır. Bundan başqa, məhkəmə öz qətnaməsində iş materiallarında olan və onların məhkəməyə sübut kimi təqdim etdiyi 09.10.2018-ci il tarixli etibarnaməyə ümumiyyətlə münasibət bildirməmiş, əksinə qərəzli olaraq cavabdeh tərəfindən təqdim olunmuş 09.07.2018-ci il tarixli etibarnaməyə istinad etmişdir. Halbuki, 09.07.2018-ci il tarixli etibarnamə ilə hər hansı bir rəsmiləşdirmə aparılmamış, cavabdeh tərəfindən iddiaçının adından müqavilə bağlanarkən məhz 09.10.2018-ci il tarixli etibarnaməyə əsasən bağlanmış və pul vəsaiti də məhz həmin etibarnaməyə əsasən cavabdeh tərəfindən alınmışdır. Cavabdeh isə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, məhkəmə tərəfindən araşdırma tam aparılmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə əsaslı vəsatət təqdim edilsə də, həmin vəsatətləri təmin etməmişdir. Məhkəməyə vəsatət verildi ki, iddiaçıya məxsus olan evin (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi) alqı-satqı müqaviləsi ilə bağlı sənədləşmələrin məhkəməyə təqdim edilməsi üçün Yasamal rayon İcra Hakimiyyətinə sorğu verilsin. Lakin təəssüflər olsun ki, məhkəmə həmin vəsatəti heç bir əsas gətirmədən rədd etdi. Vəsatətin verilməsində məqsəd o idi ki, cavabdeh tərəfindən verilmiş məbləğ müəyyən edilsin, həmçinin həmin məbləğin iddiaçıya məxsus olan evin ölçüsünə görə uyğun olub-olmadığı müəyyənləşdirilsin. İddiaçıya məxsus olan evin reyesterdə qeydə alınmış ölçülərinə görə həmin məbləğ verilməməli idi. Məbləğin o qədər yüksək olaraq müəyyən edilməsinə səbəb iddiaçı məhkum olduqdan sonra (2009-cu ildən sonra) cavabdehin həmin fərdi yaşayış evində öz şəxsi vəsaiti hesabına müəyyən artırma işləri aparılmışdır. Məhz söküntü zamanı Komissiya tərəfındən həmin artırılmalar nəzərə alınmışdır. Bu məqamın araşdırılması üçün məhkəməyə vəsatət verilsə də, məhkəmə tərəfındən iddia təmin edilməmişdir. İkinci məqam ondan ibarətdir ki, əslində iddiaçıya düşən məbləğ 35.000 manatdır. Həmin məbləğdə də iddiaçıya Binəqədi rayonu ərazisində yerlşən fərdi yaşayış evi alınmış, həmin evə dair sənədlər də məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə qətnaməsində bu məqamı da nəzərə almamış, müqavilədə göstərilən məbləğin yarısını iddiaçının xeyrinə tutmaqla kifayətlənmişdir. Məhkəmə iclasında İddiaçı öz apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdilər. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, 21, 359.3, 385.1, 386.1, 425, 390.1, 1091, 1092, 442, 449.1, 21, 443.4-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına; eləcə də Mülki Prosessual Məcəllənin 119.1, 217.4-cü maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 12.12.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.10.2011-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Sabunçu Rayon Məhkəməsinin 05.03.2012-ci il tarixli, 2(008)-339/2012 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 17.02.2005-ci il təvəllüdlü X4 və 30.01.2009-cu il təvəllüdlü X1 analarının yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay cəmi 174 manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan 09.07.2018-ci il tarixli etibarnamədən görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İddiaçı X2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq verilən məbləğin 50% hissəsinin bağışlanmasını, notariat kontorunda nümayəndəsi olmağı, əvəzindən razılıq ərizəsi yazmağı və digər hüquqi hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi T.Yusifova ünvanlanmış 09.07.2018-ci il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, cavabdeh, iddiaçının mülkiyyətində olan ev söküldüyü üçün onun razılığı ilə verdiyi etibarnaməsinə əsasən əldə etdiyi məbləğin 50%-nə adına ev alacağına və ya bank hesabına keçirəcəyinə, qalan məbləğə iddiaçının istəyi ilə öz adına ev alacağına, ev aldıqdan sonra yaranmış bütün aliment borclarını tələb etməyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavininin 03.05.2021-ci il tarixli, 814/01 saylı məktubuna və 01.11.2018-ci il tarixli AN-İ №0731334 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı verdiyi etibarnamə əsasında Cavabdeh ilə Yasamal rayon İcra Hakimiyyəti arasında 01.11.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və 109431 manat kompensasiya ödənilmişdir. ...Tərəflər arasında bağlanmış razılaşmanın şərtlərinə cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərini yerinə yetirməyən cavabdehdən razılaşmada nəzərdə tutulduğu kimi, əldə olunmuş məbləğin, yəni 109431 manatın yarısını təşkil edən 54716 manatı tələb etməkdə haqlıdır. Odur ki, cavabdehdən 54716 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməldir. Bununla yanaşı, iddia tələbi bank uçot dərəcəsini əsas götürməklə əldən çıxmış fayda qismində tələb olunan pulun ödənilməsi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi hissələrində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbi həmin hissələrdə kifayət qədər əsaslandırılmamış və sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə.442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə.443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə.448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə.778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə.778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə.779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə.782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə.782.2. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən, yəni iddianın təmin edilməyən 54715 manat hissəsində ləğv edilməsi və həmin hisssədə də iddianın təmin edilməsi üçün əsas olsa da, lakin cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. İddiaçının apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdehin apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, iddianın təmin edilməyən 54715 manat hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 782.1- maddəsi nəzərdən keçirilə bilər. İddia ilə bağlı faktiki hallar həmin normanın dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia 109431(yüz doqquz min dörd yüz otuz bir) manat hissəsində tam haqlı sayılır. İkincisi, hazırki mübahisənin yaranmasına səbəb tərəflər arasında yaranmış tapşırıq münasibətləri bağlı olmuşdur. Belə ki, tərəflər 12.12.2004-cü il tarixdə rəsmi nikah bağlamış, Sabunçu Rayon Məhkəməsinin 05.03.2012-ci il tarixli, 2(008)-339/2012 saylı qətnaməsi ilə nikah pozulmuş, 17.02.2005-ci il təvəllüdlü X4 və 30.01.2009-cu il təvəllüdlü X1 cavabdehin yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıdan hər ay cəmi 174 manat sabit pul məbləğində aliment alınması qət edilmişdir. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.10.2011-ci il tarixli hökmü ilə CM-nin müvafiq maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdeh Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Tahir Yusifova ünvanlanmış 09.07.2018-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində göstərmişdir ki, iddiaçının mülkiyyətində olan ev söküldüyü üçün onun razılığı ilə məhkumun etibarnaməsinə əsasən əldə etdiyi məbləğin 50 % onun adına ev alacaq və yaxud bank hesabına keçirəcək, 50% qalan məbləği məhkum İddiaçı Əli oğlunun istəyi ilə öz adına ev alacaq, öz adına ev aldıqdan sonra keçmişdə, gələcəkdə və hal-hazırda olan aliment borclarını tələb etməyəcək, göstərdiklərini öz imzası ilə təsdiq edir. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınmasına başlanılmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin (cavabdehlə birgə nikah dövründə əldə edilməsi mübahisələndirilmir)dövlət ehtiyacları üçün Yasamal Rayon İcra Hakimiyyətinə alqı-satqı müqaviləsinə əsasən satılması və digər hərəkətləri etməsi ilə bağlı cavabdehə Penitensiar Xidmətin 6 saylı X6 tərəfindən 09 oktyabr 2018-ci il tarixdə təsdiq olunan 268 reyestr nömrəli etibarnamə vermişdir. Məhz bu etibarnamə əsasında cavabdeh sözügedən evin alqı-satqısı zamanı iddiaçını təmsil etmiş və Yasamal rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında 01.11.2018-ci il tarixdə fərdi yaşayış evinin alqı-satqı müqaviləsi bağlanmış və iddiaçıya 109431 manat kompensasiya ödənilmişdir. Ancaq cavabdeh bu tapışırığın icrası nəticəsində nəinki əldə olunanların hamısını, ümumiyyətlə hansısa məbləği iddiaçıya verməmişdir. Düzdü, yuxarıda qed olunan Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Tahir Yusifova ünvanladğı 09.07.2018-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində cavabdehin üzərinə götürdüyü öhdəlik Mülki Məcəllənin 405 və 406-cı maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır. Çünki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır(MM.m.405.1.)Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin(MM.m.406.1). Yəni, qeyd olunan ərizədə cavabdehin göstərdiyi şərtlərə dair iddiaçının cavabdehlə razılığı olmamış, eləcə də həmin ərizə hansısa müqavilənin forma tələblərinə də cavab vermir. Buna baxmayaraq cavabdeh heç həmin ərizədə göstərdiklərinə də əməl etməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən işdə olan 09.07.2018-ci il tarixli etibarnaməni(bax.i.v.41) əsas götürmüşdür. Belə ki, həmin etibarnamədə iddiaçı cavabdehə... fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq verilən məbləğin 50% hissəsinin bağışlanmasını, notariat kontorunda nümayəndəsi olmağı, əvəzindən razılıq ərizəsi yazmağı və digər hüquqi hərəkətləri etməyi etibar etmişdir. Əvvəla, qeyd olunduğu kimi cavabdeh iddiaçını bu etibarnamə əsasında təmsil etməmiş, yəni fərdi yaşayış evinin alqı-satqısı və kompensasiyanın alınması bu etibarnamə əsasında yerinə yetirilməmişdir. İkncisi, bu etibarnamədə “fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq verilən məbləğin 50% hissəsinin bağışlanmasını,.. etibar edirəm” qeyd olunması alınan kompensasiya məbləğinin yarısının iddiaçıya qaytarılmaması üçün əsas ola bilməzdi. Çünki, qeyd olunan məbləğdə kompensasiyanın cavabdehə “bağışlanması”(əslində tərəflərin aliment borcunun əvəzinə görə həmin məbləğdə kompensasiya ilə əvəzləşdirilməsi barədə danışıqlar aparmaları işdən bəlli olur) üçün sonuncu tərəfindən iddiaçının yaranmış aliment borcu ilə əlaqədar aktiv və real hərəkətlər edilməsini tələb edirdi. Başqa sözlə tərəflər arasında yaranmış aliment borcu ilə əlaqədar bütün mühüm şərtlər barəsində tələb olunan formada razılığa gəlinən saziş(müqavilə)bağlanmalı idi. Ancaq cavabdeh kompensasiyanı tam aldıqdan sonra nəinki belə bir saziş bağlamaq arzusunda olmuş, heç icra sənədi üzrə iddiaçının yaranmış aliment borcunu ödəmiş olması ilə bağlı hansısa addım da atmamışdır. Ona görə də 109.431(yüz doqquz min dörd yüz otuz bir) manatın tam təmin olunmaması, yəni 54715(əlli dörd min yeddi yüz on beş) manatın rədd edilməsi hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Göstərilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, hazırki iddia üzrə mübahisə predmeti olan kompensasiya məbləğinin tam həcmdə iddiaçıya qaytarılmasının təmin edilməsi o demək deyil ki, cavabdehin satılması (sökülməsi) ilə əlaqədar komensasiya alınmış fərdi yaşayış evi ilə bağlı hansısa hüquqları olduğu halda buna görə iddiaçıdan kompensasiya (apellyasiya baxışı zamanı təqdim edilmiş qətnamənin surətindən görünür ki cavabdehin həmin evə istifadə hüququ tanınmışdır) və ya bu hüquqlarının pozulması nəticəsində ona dəyən zərərin əvəzini, eləcə də yığılmış aliment borcunu tələb edə bilməz. Çünki, bu cür tələblər hazırki icraat çərçivəsində olmadığından onlara baxılıb həll edilməsi də mülki prosessual qanunvericiliyin tələblərinə zidd olardı. Ona görə də cavabdehin ayrı icraatda məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcuddur və tükənməmişdir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan sui-istifadə etməyin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı. Apellyasiya instansiya məhkəməsi iddia tələblərinin digər hissələrinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissələrdə gəlinən qənaət həm işin hallarına, həm də tərəflərin bərabər mənafeyinə uyğun olmuşdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni 54715(əlli dörd min yeddi yüz on beş) manatın alınmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə də iddia təmin edilməli; Cavabdeh 54715(əlli dörd min yeddi yüz on beş) manat da alınmalı, cəmi 109.431(yüz doqquz min dörd yüz otuz bir) manat olmaqla İddiaçı verilməli; Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni 54715(əlli dörd min yeddi yüz on beş) manatın alınmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə də iddia təmin edilsin. Cavabdeh 54715(əlli dörd min yeddi yüz on beş) manat da alınsın, cəmi 109.431(yüz doqquz min dörd yüz otuz bir) manat olmaqla İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3088/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3088/2022
24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver