Məhkəmə qərarları › İş №2(103)-309/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-309/2025

12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-309/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qızıl-ziynət əşyalarının geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2546/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2022-ci il tarixində nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur.

2. Azərbaycan Tibb Universitetinin X3 tərəfindən verilmiş epikrizə əsasən xəstə İddiaçı hamiləliklə bağlı xx.xx.2023-cü il tarixdə klinikaya qəbul olunmuş, xx.xx.2023-cü il tarixində çıxış etmişdir.

3. Tərəflərin nikahı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1868/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarındakı nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X2 onun himayəsinə verilməsi, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 100 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 750 əyarlı, dəyəri 6.000 manat olan 1 dəst komplektin və 750 əyarlı, dəyəri 1.800 olan nişan üzüyünün, ümumilikdə 7.800 manat dəyərində olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikaha daxil olduğu vaxtdan valideynlərinin mülkiyyətində olan ünvan 1 ünvanında yaşamışlar. Ona və cavabdehə məxsus bütün əşlar həmin ünvanda olmuşdur. Toy günü ona qayınanası tərəfindən 750 əyarlı dəyəri 6.000 manat olan 1 dəst komplekt (1 ədəd sep, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq) və 750 əyarlı dəyəri 1.800 manat olan nişan üzüyü hədiyyə edilmişdir (fotoşəkillər qoşmaya əlavə edildi). Övladının doğuşunda vaxtında əvvəl yaranmış problemlə bağlı müalicə məqsədilə o, xx.xx.2023-cü il tarixədək müvafiq tibb müəssisəsində olmuşdur. Müalicəni bitirdikdən sonra xx.xx.2023-cü il tarixdə övladı dünyaya gəldi və küveysə salındı. xx.xx.2023-cü il tarixdə o, müvafiq tibb müəsisəsini tərk edib evinə gəldikdə cavabdehin artıq oranı tərk etdiyi məlum oldu. Evə baxış keçirərkən qayınanasının toy günü ona hədiyyə etdiyi 750 əyarlı dəyəri 6.000 manat olan 1 dəst komplektin və 750 əyarlı dəyəri 1.800 manat olan nişan üzüyünün yerində olmadığı müəyyən edildi. Bunu aydınlaşdırmaq üçün dərhal qayınanası ilə əlaqə saxlamış, o da evi tərk edərkən cavabdehin onu götürdüyünü bildirmişdir (səs yazısı sübut kimi qoşmaya əlavə edildi). Bu əşyaların geri qaytarılması ilə bağlı mediasiya prosesində cavabdeh tərəflə danışıqlar aparsa da, heç bir nəticə əldə edə bilməmişdir. Qanunun tələbi üzrə iddiaçı olaraq o, xx.xx.2023-cü il tarixdə aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün Bakı 11 saylı mediasiya sessiyasına müraciət etmiş, qarşı tərəf ilkin mediasiya sessiyasında iştirak etdi, ancaq mübahisənin mediasiya vasitəsi ilə həllinə razı olmamışdır. Odur ki, 750 əyarlı, dəyəri 6000 manat olan 1 dəst komplektin və 750 əyarlı dəyəri 1800 manat olan nişan üzüyünün, ümumilikdə 7800 manat dəyərində olan qızılziynət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1868/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması, aliment və qızıl-ziynət əşyalarının geri alınması” tələbinə dair mülki iş üzrə “qızıl-ziynət əşyalarının geri alınması” barədə iddia tələbi ayrıca icraata ayrılmışdır.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(001)- 1868/2024 nömrəli qətnaməsi iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci ildə 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində 738 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, iddianın digər hissədə rədd edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2546/2024 nömrəli qətnaməsi ilə "qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia rədd edilmişdir.

9. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili cavabdehin anası ilə iddiaçı arasında olan səs yazısını əks etdirən diski məhkəməyə təqdim edərək, orada cavabdehin anasının hazırda mübahisə edilən 750 əyarlı, dəyəri 6.000 manat olan 1 dəst komplektin və 750 əyarlı dəyəri 1.800 manat olan nişan üzüyünü Cavabdeh götürdüyünü etiraf etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili sözügedən diskə münasibətdə səsin kimin səsi olduğunun bilinmədiyini, bəlkə də başqa şəxsin səsi olduğunu bildirmiş və qeyd edilən diskin sübut kimi qəbul edilməməsini xahiş etmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, sübut kimi təqdim edilmiş bir ədəd diskdə olan danışığın isə iddiaçıya və cavabdehin anasına məxsus olması ilə bağlı hər hansı bir sübut olmadığından, məhkəmə hesab edir ki, həmin diskdə istinad edilərək iddia tələbinin təmin edilməsi qanunsuzdur. İddiaçı qeyd edilən qızıl-ziynət əşyaları ilə bağlı nə iddia ərizəsində, nə də məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə yönəlmiş tutarlı sübutlar təqdim etməmişdir. Başqa sözlə, iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Hazırda iddiaçı toy günü ona qayınanası tərəfindən hədiyyə edilmiş 750 əyarlı dəyəri 6.000 manat olan 1 dəst komplekt (1 ədəd sep, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq) və 750 əyarlı dəyəri 1.800 manat olan nişan üzüyünü Cavabdeh birgə yaşadıqları ünvan 1 ünvanından gedərkən özü ilə aparmasını sübut edə bilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 225.1, 225.2, 225.3, 225.4, 225.5, 225.6-cı, Ailə Məcəlləsinin 34.1, 36.1, 36.3, 37.1, 37.2ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə, AİHM-nin “Avşar Türkiyəyə qarşı” qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarına, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin yaşadığı mənzili birinci kimin tərk etməsini, səsyazısında olan şəxsin kimliyinin dəqiqləşdirilməsini, məhkəmənin təşəbbüsü ilə ekspertizanın keçirilməsini aydınlaşdırmalıdır. Məhkəmə öz mövqeyində qızıl-zinyət əşyalarının mövcud olmasını təsdiq etsə də, iddia tələbini əsassız olaraq rədd etmişdir. İddiaçı tərəfindən iddiaçının qeyd olunan tarixdə tibb müəssisəsində olmasını təsdiqləyən arayış əlavə olunmasına və cavabdeh tərəfin bu hala etirazının olmamasına baxmayaraq məhkəmə bu halı sübut kimi qiymətləndirməmişdir. Bundan başqa, cavabdeh tərəfin nümayəndəsi yaşadıqları mənzili iddiaçıdan qabaq tərk etmələrini bildirsələr də, buna aid heç bir sübut təqdim etməmişdir. Ancaq bu hərəkətlərə məhkəmə öz qərarında hüquqi qiymət verməmişdir. Çünki bu halların aydınlaşdırılması işin düzgün həlli üçün vacib amillərdən biridir. Xəstəxanada müalicə şəraitində olan şəxs özü ilə niyə qızıl-zinyət əşyalarını aparsın? Hətta iddiaçının tibbi müəssisəsinə getdiyi vaxt tərəflər arasında münasibətdə heç bir problem olmamışdır. Tərəflər arasındakı mübahisə iddiaçının tibb müəssisəsində olduğu zaman başlamışdır. Cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsini də geri götürməsi qızıl-zinyət əşyalarının onda olmasına digər bir bariz nümunədir. Bundan başqa, yaranmış suallara cavab tapmaq üçün cavabdeh tərəfin məhkəmədə iştirakını tələb etsə də, məhkəmə təmin etməmişdir. Hətta əlavə olaraq tərəflərin övladı ilə bağlı müalicə xərclərini iddiaçının valideynləri qarşılayıb. Hal-hazırki vaxtda əlində olan sənədləri təqdim edir. Əlavə sənədlərə ehtiyac olsa sorğu vasitəsi ilə əldə etmək olar. Qeyd olunan işlə bağlı tərəfindən təqdim olunan səs yazısına cavabdeh tərəf etirazını bildirərək bu şəxsi tanımadıqlarını bildirmişdir. Ancaq məhkəmə səs yazısını göndərən şəxsin kimliyini araşdırmadan prosessual hüquq normasını pozmuşdur. Belə ki, təqdim olunan səs yazısında göndərən şəxsin əlaqə nömrəsi qeyd olunmuşdur. Məhkəmə bu sübut əsasında da səs yazısının kimliyini müəyyən edə bilərdi. Bundan başqa, qanunvericiliyin tələbinə görə qeyd olunan halın daha dəqiq araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Bu halda prosessual normanın pozuntusunun bariz nümunəsidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, ərizəyə qeyd olunanları təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iş materiallarına tərəfindən səs yazılarını əks etdirən disk və müvafiq tibbi arayış təqdim edilmişdir. Tərəflər arasında problem iddiaçı xəstəxanaya gedəndən sonra yaranmışdır. Belə ki, mart ayı ərzində uşağın küvəzə qoyulması ilə bağlı xərcləri də iddiaçının atası qarşıladıqdan sonra yaranmışdır. Mübahisə iddiaçının xəstəxanada olduğu dövrdə yaranmışdır. Eyni zamanda, iddiaçı xəstəxanaya getdikdən sonra cavabdeh evdə olub. Yəni əgər münasibətlər pozulsa idi tərəflər hər ikisi eyni vaxtda evi tərk edərdilər. Cavabdeh anası ilə birlikdə yaşamışdır. Cavabdeh tərəf bildirir ki, səs yazısında olan şəxs cavabdehin anası deyil. Bunu məhkəmə müvafiq ekspertiza keçirdərək müəyyən edə bilərdi. Səs yazılarının göndərildiyi nömrənin cavabdehin anasına məxsus olmasını müəyyən etmək mümkündür. Bundan başqa, birinci instansiya məhkəməsi icraatı zamanı dəfələrlə cavabdehin iştirakının təmin olunmasını xahiş etsə də, yalnız onun nümayəndəsi iştirak etdi və nümayəndə tərəfindən bəzi suallara cavab verilmədi. Hesab edir ki, cavabdeh məhkəmə iclasında iştirak edərsə ona verilmiş suallarla faktları müəyyənləşdirmək mümkündür. İddiaçı xəstəxanada olan dövrdə cavabdehin evi nə vaxt tərk etməsi araşdırılmalı idi. Tərəfindən birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilməsi məqsədi ilə “Getcontact” tətbiqindən çıxarış da təqdim olunmuşdu.

Tətbiq edilən hüquq

17. Azərbayan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

23. İşdən müəyyən olunur ki, tərəflər xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar, həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. İddiaçı doğuşla bağlı xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinə qəbul olunmuş, xx.xx.2023-cü il tarixində çıxış etmişdir.

24. İşdə olan fotoşəkillərdən iddiaçının cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğu təsdiq olunur.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri edir ki, ölkədə nikahdan öncə bəy və yaxud onun yaxın qohumları tərəfindən gəlinə nişan üzüyünün, toy mərasimindən əvvəl və ya toy mərasimində qızıl-zinət əşyalarından ibarət dəstin hədiyyə edilməsi adətdir. Bu hamıya bəlli olan haldır və sübuta ehtiyacı yoxdur. Cavabdeh tərəf də bu əşyaların mövcudluğunu inkar etməmişdir.

26. Qanunvericiliyin tələblərinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir və o, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. İş üzrə apellyasiya qaydasında araşdırma aparılarkən iddiaçı tərəfin sübut qismində təqdim edilmiş, iddiaçı ilə cavabdehin anası arasında “Whatsapp” tətbiqində yazışma zamanı sonuncu tərəfindən iddiaçıya göndərilmiş səsyazısı tədqiq edilmiş, yazıda “Eşidirsən mən nə deyirəm? Bura sənin heç bir qızılın gəlməyib. O da ona görə götürüb ki, ordan çıxanda gecə saat 3 idi, mənə dedi ki, ana, qapını bağlayıb açarı komendanta verəcəm. Mən də dedim ki, komendanta verirsənsə, gecə vaxtıdır, səhərin açılmağına hələ neçə saat qalıb, insanları bilmək olmaz, orda qiymətli bir şey qoyma ha. Gələndən sonra dedi ki, iki ədəd üzüyü, bir də əsas olan dəsti (naboru) götürüb gəlib. O qızıl yoxdur, Təhminə, elə bir şey yoxdur, sən gələn günü anan verən qızılı deyirsənsə, bunların içində yoxdur.” əks olunmuşdur.

28. Həmin yazışma iddiaçı tibb müəssisəsini xx.xx.2023-cü il tarixində tərk etdikdən sonra xx.xx.2023-cü il tarixində baş tutmuşdur.

29. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya göndərilən sözügedən səsyazısı (070)-961-15-47 mobil telefon nömrəsindən göndərilmiş, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş cavabdehin qohumluq məlumatlarına əsasən həmin nömrənin onun anası X1 adına rəsmiləşdirildiyi müəyyən edilmişdir.

30. Qeyd olunan sübutlar birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim edilsə də, işə baxan məhkəmə tərəfindən onlar tədqiq edilməmiş, müvafiq araşdırma aparılmamışdır.

31. O da qeyd edilməlidir ki, iddiaçı tərəfindən uşağın doğuşu ilə bağlı tibb müəssisəsinə gedərkən özü ilə qızıl-zinət əşyalarının götürülməsi ağlabatan və inandırıcı deyil.

32. Şərh olunanlar onu deməyə əsas verir ki, iddiaçı tibb müəssisəsində olduğu vaxt cavabdeh birgə yaşadıqları mənzili tərk etmiş, iddiaçı evə döndükdən sonra qızıl-zinət əşyalarının mənzildə olmadığını aşkar etmiş, bundan qısa müddət sonra cavabdehin anası (qayınanası) ilə əlaqə saxlamış, qızıl-zinət əşyalarının yeri barədə məlumat əldə etmək istəmiş, cavabdehin anası isə cavabdeh evi tərk edərkən qızıl-zinət əşyalarını götürdüyünü bildirmişdir.

33. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir.

34. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9410 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, qərardadda qeyd edilən zərgərlik məmulatlarının hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - 750 əyarlı İtalyan qızılından istehsal edilmiş, 32 qram çəkisi olan dəst (1 ədəd sep, 1 ədəd üzük, 1 cüt sırğa və 1 ədəd qolbaq) - 4.480,00 (32 qram x 140 man) manat, - 750 əyarlı İtalyan qızılından istehsal edilmiş 6 qram çəkisi olan brilyant qaşlı nişan üzüyü - üzərində olan brilyant qaşların karatı, qaşların sayı, keyfiyyəti və sair məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.

35. Göründüyü kimi, rəyə əsasən 750 əyarlı italyan qızılının bir qramı 140 manat olmaqla, çəkisi 32 qram olan dəstin dəyəri 4.480 manat müəyyən edilmişdir. Lakin 6 qram çəkisi olan brilyant qaşlı nişan üzüyünün üzərində olan brilyant qaşların karatı, qaşların sayı, keyfiyyəti və s. məlum olmadığından qiymətləndirməsinin aparılması mümkün olmamışdır. Kollegiya hesab edir ki, hazırki vəziyyətdə nəzəri hesablama yolu ilə, 1 qramı 140 manat olmaqla 6 qram üzüyün dəyərini 840 manat qəbul etmək olar.

36. Belə olan halda kollegiya iş materiallarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi 750 əyarlı italyan qızılından istehsal edilmiş 32 qram çəkisi olan dəstin və 6 qram çəkisi olan brilyant qaşlı nişan üzüyü cavabdehdən alınaraq iddiaçıya verilməli, onların qaytarılması mümkün olmadığı halda, dəyərini təşkil edən 5.320 manat (4.480+840=5.320) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2546/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 750 əyarlı italyan qızılından istehsal edilmiş 32 qram çəkisi olan dəst (1 ədəd sep, 1 ədəd üzük, 1 cüt sırğa və 1 ədəd qolbaq) və 750 əyarlı italyan qızılından istehsal edilmiş 6 qram çəkisi olan brilyant qaşlı nişan üzüyü, həmin əşyaların qaytarılması mümkün olmadığı halda onların dəyərini təşkil edən 5.320 manat (4.480 manat dəstin, 840 manat nişan üzüyünün dəyəri) məbləğində vəsait və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 33 manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar