Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-311/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı2 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən çıxarılma; müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1366/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti; birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı2 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-326/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı2 ilə Mahmudova (nikahdan sonra “Abbasova”) Arzu Nurəddin qızı xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 68 saylı evin 19 nömrəli mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. xx.xx.2018-ci il tarixli, F7-1100/i-18 nömrəli ipoteka müqaviləsi ilə X2 60.000 manat məbləğində kredit öhdəliyinin təminatı olaraq mənzil "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 (satıcının əvəzinə еtibarnamə əsasında İddiaçı2 imza etməklə) mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 68 saylı evin 19 nömrəli mənzilini 100.000 manata alıcı İddiaçı1 satmışdır. Həmin müqaviləyə əsasən alıcı 66.007 manat satıcıya, qalan 33.993 manatı isə kredit müqaviləsi üzrə X2 borcunun əvəzinə "xxxx" ASC-nin hesabına ödəyir. Satıcı xx.xx.2021-ci il tarixdən mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı2 isə eyni tarixli notarial təsdiqli ərizə ilə arvadı Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzili satmasına etiraz etmədiyini bildirmişdir.
5. Həmin mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
6. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı2 xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərti ilə üstünə faiz gəlmədən 30.000 manat borc pul vermişdir.
7. Kredit müqaviləsi üzrə öhdəlik tamamilə yerinə yetirildiyi üçün xx.xx.2021-ci il tarixli müqavilə ilə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilə köçürülmə və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onunla birgə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 1, 68-ci mənzildən çıxarılması, İddiaçı1 ünvan 2 ünvanına köçürülməsi, Cavabdeh1 8.800 manat kirayə haqqının, 1.100 manat mənəvi ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 10.000 manatın Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh1 və onunla birgə yaşayan İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 68, 19-cu mənzildən çıxarılması, İddiaçı1 ünvan 1 ünvanına köçürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakı razılaşdırdığı vəziyyətdə alıcıya verməli idi. Həmin tarixdən bu günədək cavabdeh ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamaqla mənzili təhvil verməkdən və mənzilə görə kirayə haqqını verməkdən imtina edirlər. Əmlak alınmasında məqsəd həmin əmlakı üçüncü şəxslərə kirayə verib gəlir əldə etmək olmuşdur. Cavabdeh mənzildə yaşadığından bunu etmək mümkün olmamış, cavabdeh özü mənzildən çıxana kimi ayı 400 manatdan kirayə haqqı ödəyəcəyinə dair aralarında şifahi razılıq əldə edilmişdir. Lakin keçən 22 ay ərzində cavabdeh nə mənzildən çıxmış, nə kirayə haqqı ödəmiş, gəlirdən məhrum etmiş və mənzilə ziyan vurmuşdur. Cavabdehlərin mənzildən istifadəsi nəticəsində mənzil aşınmaya məruz qalmış, mənzildə kommunal borclar yaranmışdır. Qeyd edilən faktlar maddi ziyanla yanaşı cavabdehin qeyri-səmimi münasibəti, əldə edilmiş həm rəsmi həm şifahi razılaşmalardan yayınması mənəvi ziyan vurmuşdur.
11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 1366/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia təmin edilmişdir.
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********74-05101-093037 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1-da yerləşən mənzilin mülkiyyətçisi İddiaçı1dur. Beləliklə, yuxarıda qeyd olunan tələblərə görə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ vardır.
13. Məhkəmə iddia tələbinin “İddiaçı1 ünvan 1 ünvanına köçürülməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mübahisə predmeti olan mənzilə qanunla nəzərdə tutulmuş qaydada hüququ olduğu üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməlidr.
14. İş materiallarından və məhkəmə iclasında müəyyən olunduğu kimi iddiaçının köçürülməsini tələb etdiyi mənzil tam mülkiyyət hüququ ilə İddiaçı1 mülkiyyətindədir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinə, İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu il tarixli “Marks Belçikaya qarşı” qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokoluna, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Birləşdirilmiş mülki iş üzrə:
16. İddiaçılar Cavabdeh1 və İddiaçı2 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli AN-1 N: ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin Girov müqaviləsi hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 68, 19 saylı mənzilinə dair İddiaçı1 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 və İddiaçı2 birgə nikah müddətində almışlar və bu barədə xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №li Çıxarış verilmişdir. Cavabdeh2 ortaq dostlarına görə tanımışdır. Təxminən 2020-ci il tarixində biznes işlərilə əlaqədar onun pula ehtiyacı olduğundan Cavabdeh2 müraciət etmişdir və qarşılıqlı razılıq əsasında xx.xx.2020-ci il tarixində ilkin olaraq 30.000 manat faizə pul almışdır. Onların arasında bağlanmış kredit müqaviləsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri 30 saylı Dövlət Notariat Ofisində qeydiyyata alınmışdır. Müqavilənin 2-ci bəndinə əsasən götürdüyü kredit xx.xx.2020-ci ildə qaytarılması nəzərdə tutulmuşdur. O zaman “Covid-19” olduğundan normal fəaliyyət göstərilməsi çətin idi. Ona görə işlərinin görülməsi üçün daha böyük məbləğə pula ehtiyacı oldudğundan o, təkrar Cavabdeh2 faizə pul verməsini xahiş etmişdir. O zaman Cavabdeh2 bildirmişdir ki, əgər daşınmaz əmlak girov qoyarsa ona faizə pul verə bilər. Ona görə o, həmin zaman həyat yoldaşı Cavabdeh1 ilə danışıb razılaşmışdır. Cavabdeh1 xəstə olduğundan ona etibarnamə vermişdir. O, yaşadığı mənzili girov qoyaraq, Cavabdeh2 adına sənədləşdirməklə pul götürülməsi razılığına gəlmişlər. Həmin vaxtı Cavabdeh2 bildirmişdir ki, kreditə pulu girov əsasında verəcəkdir. Eyni zamanda onlar razılığa gəlmişlər ki, götürülən pul qaytarıldığı təqdirdə, yenidən tərəflər arasında təkrar müqavilə bağlanacaq və mənzil ilkin sahibinə qaytarılacaqdır. Cavabdeh2 onu inandırmışdır ki, mənzilin qaytarılması ilə bağlı heç bir problem olmayacaqdır. Eyni zamanda qeyd edir ki, o, yalnız götürəcəyi 90.000 manat pulun müqabilində notarial qaydada sənədləşdirilməsinə razılıq vermişdir. Bu onunla izah olunur ki, onların yaşadığı mənzilin qiyməti götürəcəyi kreditdən iki dəfə bahadır. Belə ki, mənzilin qiyməti 180.000 manat dəyərində qiymətləndirilirdi. Lakin sonradan ona məlum olmuşdur ki, 50 saylı Notariat Ofisində onunla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində Girov müqaviləsi adı ilə “Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi” bağlamışlar. O zaman bunun səbəbini soruşduqda ona bildirilmişdir ki, guya bütün dünya bu formada müqavilə bağlamışdır. O, heç vaxt İddiaçı1 görməmişdir və mənzilin onun adına sənədləşdirilməsi barədə razılığa gəlməmişdilər. Həmin vaxtı o, Cavabdeh2 90.000 manat pul götürmüş və Elmar ona bildirmişdir ki, bir il müddətində ona verilmiş pulun əvəzində 120.000 manat pul qaytaracağı təqdirdə mənzili yenidən onların adına keçirəcək və o da razılıq vermişdir. O zaman o, məbləğ böyük olmasın deyə ilkin olaraq Elmardan götürdüyü 30.000 manat pulu qaytarmışdır. Nəzərə alınmalıdır ki, mənzil başqa şəxsin adına sənədləşdirilməsinə baxmayaraq, həmin mənzildə onun həyat yoldaşı üç övladı ilə birlikdə yaşamışlar. Lakin bir il müddətində faizə götürdüyü pulu qaytara bilmədiyi üçün, Elmarla görüşmüş və bildirmişdir ki, onun ona qaytaracağı pulun üzərinə əlavə 10.000 manat verəcəyini bildirməklə bir qədər gözləməsini xahiş etmişdir. O zaman Elmar onunla razılaşmışdır. Lakin hazırda ona məlum olmuşdur ki, mənzilin formal sahibi İddiaçı1 məhkəməyə müraciət edərək “mənzildən çıxarma və mənzilə köçürülmə”sini tələb etmişdir. Ona görə o, təkrar Cavabdeh2la görümüş və bildirmişdir ki, mənzil onun həyat yoldaşının Cavabdeh1 adınadır və həmin mənzil birgə nikah dövründə almışlar. Cavabdeh1 və övladları daimi həmin mənzildə yaşamışlar. Mənzilin alqı-satqısını o, etibarnamə əsasında həyata keçirmiş və həyat yoldaşı evi girov qoyaraq pul götürməyini bilməmişdir. Həmin vaxtı Cavabdeh2 onu şantaj etmiş və bildirmişdir ki, mənzilə görə 140.000 pul verəcəyi təqdirdə mənzili ona qaytaracağını bildirmişdir. Cavabdeh2 ondan götürdüyü 90.000 manat pula görə ondan faiz olaraq 50.000 manat pul tələb etmişdir. O, onun tələbi ilə razı olmamışdır. İşin məhkəmə prosesində olmasını o zaman onlara bildirməmişlər və məhkəmə tərəfindən ona məhkəmə prosesinə dəvət edilməyi barədə bildiriş göndərilməmişdir. O, iş üzrə məhkəmə qənaməsi qəbul ediləndən sonra bilmişdir ki, Elmar və onun adına da sənədləşdirmə aparılmış İddiaçı1 onları aldatmışdır. Bir daha bildirir ki, onunla Elnur Hüseynovun arasında bağlanmış müqavilə şərtlə bağlanmışdır. Belə ki, onun arvadının adına olan mənzil barədə bağladığı müqavilə həqiqi alğı-satqı müqaviləsi olmamışdır. Bunu həm iş üzrə formal İddiaçı1, həm də həmin müqavilənin bağlanmasında iştirak etmiş şəxs təşəbbüsçüsü Cavabdeh2 bilirdilər. Lakin onların danışığına əsasən Hüseynov onların mənzilini öz adına Reyestr Xidmətində qeydiyyatdan keçirməməli idi. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh2 təkidi ilə İddiaçı1 onların mənzillərini Resyesrt Xidmətində xüsusi mülkiyyət kimi öz adına qeydiyyatdan keçirmişdir. Onun bu hərəkəti qanunsuzdur. Göründüyü kimi tərəflər arasında mövcud olmuş münasibətlər alğı-satqı müqaviləsini tənzimləyən maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun deyil. İlkin olaraq qeyd edir ki, alğı-satqı müqaviləsində göstərilən 90.000 manat məbləğ mənzilin dəyərini əks etdirmir. Həmin məbləğ məhz tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinin məbləğinə uyğun gəlir. Belə ki, onun tərəfindən iddiaçıdan borc götürməsi barədə razılığa gəldiklərini təsdiq edir. Ona görə də qeyd olunan faktiki halları nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi, əslində mövcud kredit münasibətlərini pərdələmək üçün bağlanmış girov müqaviləsidir. Beləliklə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqdlər əslində tərəflərin real iradə ifadələrini əks etdirməmişdir. Bu faktlar aşağıda qeyd olunan faktiki hallar ilə təsdiq olunur. Belə ki, alğı-satqı müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi) ki, tərəflər arasında alğı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq iddiaçı bir dəfə də olsun mənzilə baxmamış və mənzildə kimlərin yaşamasını bilməmişdir. xx.xx.2021-ci il tarixli Müqavilə bağlanarkan, onunla Cavabdeh2 arasında bir neçə dəfə faizə pul götürməsi halları mövcud olmuşdur. O, Cavabdeh2 götürdüyü borcu qaytarmadığı üçün Cavabdeh2 təkidi ilə mənzildən çıxarma və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun şəxsi borcuna görə ailə üzvlərinin mənzil hüquqları pozulmamalıdır. Eyni zaman da o, dəfələrlə Cavabdeh2 borcunu qayataracağını bildirmiş, lakin Elmar mənzilin onların adına olmasından istifadə edərək götürdüyü borcun əvəzində 50.000 manat pul istəməsi qanunsuzdur.
18. Cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, hazırki iddia tələbi qanunsuz və əsassız olmaqla yanaşı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(007)- 1366/2024 saylı qətnaməsinin icrasını uzatmaq və ləngitmək məqsədi ilə verilmişdir. İddia tələbində qeyd olunduğu kimi o, cavabdehlərlə 2021-ci ilin 06 aprelində alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakı razılaşdırdığı vəziyyətdə alıcıya, yəni İddiaçı1 təhvil verməli idi. Göstərilən müddətdə mənzil ona təhvil verilmədiyi üçün İddiaçı1 “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mübahisəyə baxılan müddətdə məhkəmə tərəfindən dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər məhkəməyə gəlməkdən imtina etmişlər. Buna görə də, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 1150/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1, onunla birlikdə yaşayan İddiaçı2 və digər ailə üzvləri İddiaçı1 məxsus ünvan 3 ünvanından çıxarılması, İddiaçı1 ünvan 3 ünvanına köçürülməsi, Cavabdeh1 8800 manat kirayə haqqı, 1100 manat mənəvi ziyan və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra Cavabdeh1 Nadir qızı məhkəməyə ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğvini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1366/2024 saylı qərardadı ilə Cavabdeh1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-1150/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilərək işə mahiyyəti üzrə baxılması üçün yenidən təyin edilmişdir. Lakin bu müddətdə də adı çəkilən şəxslər məhkəmə iclaslarına gəlməmiş, nə də ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Onlar vaxt və zaman qazanmaq üçün qeyd olunan qətnamədən apellyasiya şikayəti verib hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Qeyd etdiyi kimi İddiaçı1 adı çəkilən şəxsləri tanımamış və onlar arasında hərhansı bir borc münasibətləri olmamış və ya onlarla hər-hansı bir kredit müqaviləsi bağlamamışdır. Cavabdeh1 Nadir qızı və İddiaçı2 isə müqavilə ilə tanış olduqdan sonra öz razılıqları ilə müqaviləni imzalamışlar. Bununla da, xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 68 saylı evin 19 nömrəli mənzilini İddiaçı1 satmışdır. Mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Onu da qeyd etmək istəyir ki, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili satmaq istəyir və İddiaçı2 arvadı Cavabdeh1 həmin ünvanda yerləşən mənzili satmasına etiraz etmir. Lakin İddiaçı2 iddia ərizəsində ilk öncə həyat yoldaşı ilə danışıb razılaşdığını sonra isə həyat yoldaşının olanlardan məlumatının olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçıların öz bildirdikləri fikirlər elə bir-birini tamamlamır. İddiaçılar iddia ərizəsində məhkəmə prosesinə dəvət edilmədiklərini və məlumatları olmadığını qeyd etmələrinə baxmayaraq, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-1366/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, “cavabdehlərə məhkəmənin bütün iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər”. Hazırki iddia tələbi əsassız olmaqla yanaşı iddia tələbi üzrə müddət ötürüldüyü üçün təmin edilməməlidir. Belə ki, iddiaçılar xx.xx.2024-cü il tarixində iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Lakin daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2021-ci ildə imzalanmışdır. Bundan əlavə yuxarıda qeyd olunanlara və iş materiallarındakı sənədlərə əsasən aydın olur ki, iddiaçıların iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsində olarkən məlumatları olub. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixində e-2(007)-1150/2023 saylı qiyabi qətnamə çıxararaq Cavabdeh1, onunla birlikdə yaşayan İddiaçı2 və digər ailə üzvləri İddiaçı1 məxsus ünvan 3 ünvanından çıxarılması, İddiaçı1 ünvan 3 ünvanına köçürülməsi, Cavabdeh1 8800 manat kirayə haqqı, 1100 manat mənəvi ziyan və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 xeyrinə tutulmasını qət etmişdir. Bununla da, iddiaçıların sözügedən mübahisədən vaxtında məlumatları olmuşdur. Göstərilənlərə əsasən İddiaçı2 və Cavabdeh1 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı “alqı-satqı müaqviləsinin girov müqaviləsi hesab edilməsi”nə iddia tələbi əsassız olmaqla yanaşı, eyni zamanda verilmiş iddia tələbi üzrə iddia müddəti də keçdiyindən iddianın rədd olunması barədə Qətnamə çıxarılmasını xahiş edir.
19. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 326/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia tələbi rədd edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə plenum qərarında qeyd olunan zəruri hallara riayət olunmaqla bağlanmışdır. Belə ki, qanunda nəzərdə tutulmuş formaya uyğun notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Digər hal gərəkli razılığın verilmiş olmasıdır, hansı ki tərəflər öz iradə ifadələri ilə Notariat Ofisində borcun qaytarılma müddəti də müəyyən edilməklə kredit müqaviləsi bağlamışlar. Plenum Qərarında qeyd olunan müqavilənin etibarlılıq şərtlərindən biri də əqdi bağlayan şəxslərin anlaqlı olmasıdır. Məhkəmə araşdırması zamanı tərəflərin müqavilə bağlayan zaman anlaqsız olmasına şübhə doğuran, yaxud sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.
21. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir.
22. Həmçinin məhkəmə iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddiaçılar tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir. Hazırki halda iddiaçılar xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişlər. Göründüyü kimi iddiaçılar tərəfindən “alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür.
23. Bundan başqa, iddiaçılar alğı-satqı müqaviləsinin Girov müqaviləsi hesab edilməsini xahiş etmişlər. Tələbin bu hissəsinə də münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin olunmamalıdır. Belə ki, iddiaçılar müqaviləni xx.xx.2021-ci il tarixdə bağlamışlar və hər iki tərəfdə alğı-satqı müqaviləsinin surəti olmuşdur, İakin iddiaçılar 2021-ci ildən 2024-cü ilədək nə Notariat Ofisinə, nə də məhkəməyə müqavilənin dəyişdirilməsi və ya ləğvi ilə bağlı müraciət etməmişlər.
24. İddiaçılar iddia ərizəsində tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin, əslində mövcud kredit münasibətlərini pərdələmək üçün bağlanmış girov müqaviləsi olduğunu və əslində tərəflərin real iradə ifadələrini əks etdirmədiyini qeyd etsələr də, 3 ildən çox müddət ərzində əqdi mübahisələndirməmişlər. Yalnız İddiaçı1 istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etdikdən sonra hazırki iddiaçılar alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi tələbi ilə məhkədə iddia qaldırmışdılar. Həmçinin məhkəmə dəfələrlə hazırlıq iclası təyin etməsinə baxmayaraq iddiaçılar gəlib məhkəmə iclasında iştirak etməmişlər və hüquqlarını müdafiə etməmişlər. Bununla da məhkəmə iddiaçıların sadəcə yaşadıqları mənzildən çıxmamaları üçün, məhkəmədə süni şəkildə tələblər qaldıraraq icradan yayınmaları məqsədi daşıdığı qənaətinə gəlir.
25. İş materiallarından göründüyü kimi cavabdeh İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edib iddia müddətinin iddiaçılar tərəfindən ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
26. Qeyd olunanlarla yanaşı məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan Plenum Qərarına əsasən iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir və cavabdehin ərizəsi ilə tətbiq edildiyindən, hazırki mülki iş üzrə iddia müddəti Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən ötürülmüş hesab edilməlidir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 338, 340.1, 340.2, 354.2, 404.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.1, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
28. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 1366/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əslində mövcud kredit münasibətlərini pərdələmək üçün bağlanmış girov müqaviləsidir. Lakin məhkəmə prosesində iştirak etmədiyi üçün göstərilən hallar barədə məhkəməyə heç bir məlumat verilməmiş və işə baxan məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Beləliklə, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqdlər əslində tərəflərin real iradə ifadələrini əks etdirməmişdir. Bu faktlar aşağıda qeyd olunan faktiki hallar ilə təsdiq olunur. Belə ki, alqı-satqı müqaviləsinin mahiyyəti ondan ibarətdir ki alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi) ki, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq iddiaçı bir dəfə də olsun mənzilə baxmamış və mənzildə kimlərin yaşaması bilməmişdir. xx.xx.2021-ci il tarixli Müqavilə bağlanarkan, onunla Elnur Hüseynov arasında bir neçə dəfə faizə pul götürməyi halları mövcud olmuşdur. Cavabdeh2 götürdüyü borcu qaytarmadığı üçün Cavabdeh2 təkidi ilə mənzildən çıxarma və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halı nəzərə almamışdır.
30. Birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-326/2025 nömrəli qətnaməsindən iddiaçılar Cavabdeh1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
31. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olmaqla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı1 bir neçə ildir mənzilin mülkiyyətçisi olmasına baxmayaraq bir gün də olsun mənzildə olmamış və mənzildə yaşamamışdır. Müqavilənin bağlandığı andan etibarən illər ərzində mənzili təhvil almaq üçün Cavabdeh1 tələb etməmişdir. Məhkəmə bu halı nəzərə almamışdır. Nizami Rayon Məhkəməsi işə baxarkən bağlanmış müqavilənin əsl niyyətinin nədən ibarət olmasını, gizli sövdələşmənin mövcud olmasını araşdırmamışdır. Müqavilə bağlanan zaman tərəflərin iradə ifadələrinin həqiqi olub-olmamasını müəyyən etməmişdir. İş üzrə mülkiyyətçinin Cavabdeh1 olması, alğısatqı müqaviləsinin onun yoldaşına səlahiyyətlərin ötürülməsinə dair etibarnamə əsasında baş verməsi iddia tələbində əks olunmasına baxmayaraq, məhkəmə etibarnamə əsasında müqavilənin bağlanmasının mümkünlüyünü araşdırmamışdır. İş materiallarında etibarnaməni qeyd etməmişdir. İddia tələbində müqavilənin bağlanmasını və hüquqiliyini təsdiq edilməsini əks etdirən bütün dəlillərin Cavabdeh2 izahatından asılı olaraq araşdırılmalı olmasına baxmayaraq, məhkəmə cavabdehin məhkəməyə çağırılması üçün addımlar atmamışdır. Məhkəmə prosessual hüquq normalarının tələblərinə əməl etməmiş və iş üçün əhəmiyyət kəsb edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən kredit müqaviləsinin ləğv edilməsini əsaslı araşdırmamış və bunun alğı-satqı müqaviləsi ilə əlaqəsini və yalnız alğı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh2 30.000 manat verilməsini aydınlaşdırmamışdır. Rərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq iddiaçı bir dəfə də olsun mənzilə baxmamış və mənzildə kimlərin yaşamasını bilməmişdir. Bu hal onu təsdiq edir ki, xx.xx.2021-ciil tarixli alğı-satqı müqaviləsi formal xarakter daşıyıb və əslində onların arasında bağlanan müqavilə girov müqaviləsi olmuşdur. Məhkəmə iddia tələbində qeyd edilən aşağıdakı halları tam, obyektiv və hərtərəfli aydınlaşdırmadan iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir: a) İddia tələbində mübahisələndirilən alğı-satqı müqaviləsinin Cavabdeh2 təzyiqi və aldatması halında bağlanması və tərəflər arasında pul münasibətlərinin olması faktının tərəflər arasında məcburiyyət üzündən olmasını təsdiq edir. b) İddiaçı Cavabdeh1 alğı-satqı prosesində şəxsən iştirak etməməsi səbəbləri və etibarnamənin həmin evin alğı-satqısı narazılıq məqsədilə verilib-verilməməsini tam aydınlaşdırılmamışdır. c) İddiaçı2 və Cavabdeh2 arasında şifahi qaydada razılaşdırılan pul münasibətlərinin digər şəxslər tərəfindən təsdiq edilməli olduğu halda, həmin şəxslərin məhkəməyə dəvət edilməməsi. d) cavabdeh İddiaçı1 06 aprel 2021-ci il tarixli müqavilə bağlandıqdan sonra heç bir şifahi və ya yazılı qaydada tələb irəli sürmədən Məhkəməyə müraciət etməsi, həmçinin yalnız xx.xx.2023-cü il tarixli Nizami Rayon Məhkəməsinin qiyabi qətnaməsinin icraya yönləndirildikdən sonra aldandığının aşkar etməsi faktını aydınlaşdırmamışdır. Məhkəmə alğı-satqı müqaviləsinin bağlanmasına verilmiş razılıq sənədinin verildiyi tarix və notariat kontorunda xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Həmin müqavilə əslində Girov müqaviləsidir.
32. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3545/2025 nömrəli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı1 nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, hazırki iddialar məqsədli şəkildə irəli sürülmüşdür. Belə ki, tərəflər arasında 2020-ci ildə alğı-satqı müqaviləsi bağlanılmışdır. Tərəf dörd il gözlədikdən sonra bu müqavilənin etibarsızlığını iddia edir. Qeyd etdiyi kimi, alğı-satqı baş verib və pul da ödənilib. Məqsədli şəkildə nikah pozulmuş, buna baxmayaraq onlar nikah pozulsa da birlikdə yaşamağa davam etmişlər. Apellyasiya şikayətinin əsaslarından biri kimi mənzilin dəyəri qeyd edilsə də, bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı mövcuddur. Bundan başqa, həmin dövr pandemiya səbəbi ilə mənzillərin alğı-satqısında bazarda durğunluq var idi. Cavabdeh2la İddiaçı1 bir-birini tanıyırlar. Cavabdeh2 İddiaçı1 belə bir mənzil olduğunu, satıldığını bildirib. İddiaçı1 isə evi alıb. İddianı o səbəbdən iki il sonra qaldırıb ki, İddiaçı2 Cavabdeh2la bir birini tandığı üçün bildirib ki, onsuz da onlar kirayə yaşayacaqlar, bu səbəblə həmin evdə kirayə qalsınlar. İddiaçı isə gözləməsinə baxmayaraq nə kirayə haqqı ödənilib, nə də evdən çıxıblar. Cari iş üzrə iddia müddəti tətbiq edilməlidir.
35. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə (birləşdirilmiş iş üzrə iddiaçılara) rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, hipertoniya xəstəliyindən əziyyət çəkdiyini, ambulator müalicə aldığını bildirmiş və ağır xəstə olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
37. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarı: Yalan əqd aşağıda sadalanan əlamətlərə malikdir: - pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir; - pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur; - pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Belə ki, bəzi hallarda pərdələnən əqdin tərəfi pərdələyən əqddə iştirak etməsə də, sonuncu əqd ilə gizlədilən məqsəddən məlumatlı olur və onun bağlanmasına yardım edir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir. Qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər. Burada diqqətə alınmalı olan əsas məsələ isə odur ki, pərdələnən müqavilə tərəflərin həqiqi iradə ifadəsini əks etdirsə də, yalnız mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdiyi təqdirdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola və həmin əqdə dair qaydalar müvafiq olaraq məhkəmə tərəfindən tətbiq edilə bilər. Bu baxımdan, müvafiq mübahisələr üzrə məhkəmə təcrübəsində daşınmaz əşyanın alğı-satqı müqaviləsi üzrə tərəflərin müqavilə bağlanarkən heç də müqavilə predmeti olan daşınmaz əşyanın qarşı tərəfin mülkiyyətinə keçirilməsi ilə bağlı hüquqi niyyətinin olmadığı, əslində bu müqavilənin onlar arasında mövcud olan gerçək borc münasibətlərinin təminatı məqsədilə bağlandığı müəyyən edildiyi halda, həmin təminat xarakterli müqaviləyə (pərdələnən müqaviləyə) ipoteka müqaviləsinin qaydalarının tətbiqi mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı işdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1366/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edildiyindən, eyni zamanda birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-326/2025 nömrəli qətnaməsi ilə iddia təmin olunmadığından, Cavabdeh1 və İddiaçı2 hər iki qətnaməni bütövlükdə mübahisələndirdiyindən, hər iki qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.
42. İşdən müəyyən olunur ki, İddiaçı2 ilə Mahmudova (nikahdan sonra “Abbasova”) Arzu Nurəddin qızı xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşlar, xx.xx.2016cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 68 saylı evin 19 nömrəli mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi ilə X2 60.000 manat məbləğində kredit öhdəliyinin təminatı olaraq mənzil "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 (satıcının əvəzinə еtibarnamə əsasında İddiaçı2 imza etməklə) mənzili 100.000 manata alıcı İddiaçı1 satmışdır. Müqaviləyə əsasən alıcı 66.007 manat satıcıya, qalan 33.993 manatı isə kredit müqaviləsi üzrə X2 borcunun əvəzinə "xxxx" ASC-nin hesabına ödəyir. Satıcı xx.xx.2021-ci il tarixdən mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı2 notarial təsdiqli ərizə ilə mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
43. Bundan başqa, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı2 xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərti ilə üstünə faiz gəlmədən 30.000 manat borc pul vermişdir. Kredit müqaviləsi üzrə öhdəlik tamamilə yerinə yetirildiyi üçün xx.xx.2021-ci il tarixli müqavilə ilə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilmişdir.
44. Məhkəmə kollegiyası ilk növbədə birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı2 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi” tələbinə qiymət verilməsini məqsədəmüvafiq hesab edir.
45. Həmin iş üzrə iddiaçılar xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi, həmin müqavilə əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 68, 19 saylı mənzilinə dair İddiaçı1 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.
46. İddiaçılar tələblərini belə əsaslandırırlar ki, xx.xx.2021-cı il tarixli alğı-satqı müqaviləsi formal xarakter daşımış və əslində Cavabdeh2 tərəfindən İddiaçı2 verilmiş 90.000 manat məbləğində borcun təminatı qismində girov müqaviləsi olmuşdur. Beləliklə, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi əslində mövcud kredit münasibətlərini pərdələmək üçün bağlanmış girov müqaviləsidir.
47. Məhkəmə kollegiyası bu tələblər bağlı qeyd edir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər.
48. Hazırki işdə isə iddiaçılar tərəfindən Cavabdeh2 ilə İddiaçı2 arasında 90.000 manat məbləğində borc müqaviləsinin mövcudluğu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmin borc müqaviləsinin mövcudluğu sübut edildiyi təqdirdə xx.xx.2021-cı il tarixli alğı-satqı müqaviləsinin sözügedən borc müqaviləsinin pərdələnməsi məqsədilə bağlanılıb-bağlanılmamadığına hüquqi qiymət verilə bilər.
49. Əksinə, işdən görünən odur ki, xx.xx.2021-cı il tarixli alğı-satqı müqaviləsi bağlanarkən mənzilin dəyərinin 33.993 manatı kredit müqaviləsi üzrə X2 borcunun əvəzinə "xxxx" ASC-nin hesabına ödənilmişdir.
50. Müqavilə bağlandıqdan sonra isə İddiaçı2 tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 30.000 manat məbləğində borc ödənilmiş və həmin kredit müqaviləsinə xitam verilmişdir.
51. Belə ki, Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə saat 14:26 da mənzilin alğı-satqı müqaviləsi çap edilmiş, bundan sonra 30 saylı Notariat ofisində həmin tarixdə saat 15:57-də 30.000 manat məbləğində borcun qaytarılması barədə müqavilə rəsmiləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, mənzilin satılmasında məqsəd "xxxx" ASC-yə 33.993 manat və Cavabdeh2 30.000 manat məbləğində borcların ödənilməsi olmuşdur.
52. Bundan başqa, Cavabdeh2 90.000 manat məbləğində borcun götürülməsi üçün ona 30.000 manatın qaytarılması da ağlabatan deyil. Belə ki, həmin məbləğ qaytarılmadan 60.000 manat məbləğində əlavə borcun götürülməsi və həmin borcun da notarial qaydada rəsmiləşdirilməsi (30.000 manat məbləğində borcun götürülməsi barədə müqavilə kimi) daha məntiqlidir.
53. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı2 iddia tələbləri əsassızdır və tələblər əsassız olduğundan müqavilənin mübahisələndirilməsi üçün hər hansı müddətin tətbiq edilibedilməməsinə qiymət verilməsinə zərurət yoxdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə tələb təmin edilmədiyindən İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 68 saylı evin 19 nömrəli mənzilinin mülkiyyətçisi kimi tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, alğısatqı müqaviləsinə əsasən mənzilin satıcısı xx.xx.2021-ci il tarixdən mənzili onun faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir.
55. Şərh olunanlara əsasən məhkəməsi kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamələrin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 1366/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 2(007)-326/2025 nömrəli qətnamələri dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri şikayətləri verən şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: