Məhkəmə qərarları › İş №2(103)-3119/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3119/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3119/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hümbət qızına qarşı cehiz əşyalarının geri qaytarılması və hüquqi yardım üçün ödənilmiş 300 manat pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hümbət qızına qarşı cehiz əşyalarının və digər əmlakların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər tərəfindən apellyasiya şikayətləri verilmiş, məhkəmənin eyni saylı, 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətlər müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət məhkəmənin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə gödərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.10.2021-ci il tarixli 2(103)-10999/2021 saylı qərardadı ilə şikayət üzrə apelyasiya şikayət vermə müddəti ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən 16.11.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Məhkəmənin 17.11.2021-ci il tarixli qərardadı ilə ərizə Azərbaycan Respublikası MPM-nin 133.3-cü maddəsinin tələblərinə əməl etmədən, yəni ərizəyə apellyasiya şikayəti əlavə edilmədən verildiyindən geri qaytarılmışdır. 25 noyabr 2021-ci il tarixində cavabdehin nümayəndəsi qətnamədən şikayət vermişdir. Məhkəmə 29.11.2021-ci il tarixli qərardadla şikayəti şikayət vermə müddətinin ötürülməsi və müddətin bərpası barədə ərizənin verilməməsi səbəbindən geri qaytarmışdır. Cavabdeh1 nümayəndəsi yenidən 07.12.2021-ci il tarixdə məhkəmənin 03 sentyabr 2021-ci il tarixli 2(004)-1150/2021 saylı qərardadından şikayət verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 09.12.2021-ci il tarixli qərardadı ilə ərizə Azərbaycan Respublikası MPM-nin 133.3-cü maddəsinin tələblərinə əməl etmədən, yəni ərizəyə qərardaddan apellyasiya şikayəti əlavə edilmədən verildiyindən geri qaytarılmışdır. 29.12.2021-ci il tarixdə cavabdehin nümayəndəsi qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə çıxarılmış məhkəmə qətnaməsi müdafiə etdiyi şəxs Cavabdeh1 əvvəlki nümayəndəsi və vəkili X1 elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdehə təqdim edilməmişdir. Cavabdeh qətnamə qəbul edildikdən sonra həmin nümayəndənin xidmətlərindən imtina etmişdir. Qətnamə digər cavabdeh X2 poçt vasitəsi ilə çatdıqdan sonra cavabdeh 23.07.2021-ci il tarixdə qətnamənin surətini ondan götürmüşdür. Hesab edir ki, cavabdeh qətnaməni almadığından ondan şikayət verilməsi müddətini ötürməmişdir. Odur ki, qətnamədən şikayət verilməsi üçün prosessual müddət bərpa edilməlidir. Məhkəmənin 28 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə çıxarışdan görünür ki, cavabdehin nümayəndəsi Vəkil2 qətnaməni 12 iyul 2021-ci il tarixdə almışdır. Cavabdehin ikinci nümayəndəsi Nümayəndə1 proses iştirakçısı kimi Elektron İnformasiya Məhkəmə Sisteminə 14 sentyabr 2021-ci il tarixdə daxil edilmiş, həmin tarixdə də qətnamə onun elektron kabinetinə yerləşdirilmişdir. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya nəzərə alır ki, iş materiallarından görünür ki, məhkəmənin mübahisələndiriln qətnaməsi cavabdehin nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşirilmiş, eyni zamanda Cavabdeh2 Hümbət qızının iş materiallarında göstərilmiş ünvanına göndərilib. Cavabdehin nümayəndəsi və vəkili buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət verməklə faktiki olaraq qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürdüyünü etiraf etmiş, lakin müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və bərpası üçün hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayət vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Brumaresku Rumıniyaya qarşı iş üzrə 28.10.1999-ci il tarixli qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Ryabıx Rusiyaya qarşı iş üzrə 24.07.2003-cü il tarixli qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.12.2006-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsinin 13.02.2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə isə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan vəziyyət hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla ərizəni təmin etməməkdə haqlı olmuşdur. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1150/2021 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar