Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3119/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə QƏTNAMƏSİ (Açar sözlər: mediasiya, barışıq sazişinin təsdiq edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Ərizəçi İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, Maraqlı şəxs Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs Cavabdeh cəlb olunmaqla) mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı işi üzrə 17 mart 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci ildə nikah bağlanmış və bu nikahdan X7, X9, X8 doğulmuşdur.
2. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən və sahəsi 51 kv.m olan mənzil (bundan sonra – mübahisəli mənzil) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq olunmuşdur.
4. Barışıq sazişinin şərtlərinə əsasən X10 uşaqlar yetkinlik yaşına çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər bir uşaq üçün 167 manat olmaqla ümumilikdə 501 manat aliment ödəməyi (3-cü bənd), birgə nikah dövründə İddiaçı adına Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş CL-EE000324534 nömrəli kredit üzrə bütün ödənişləri ödəməyi (5-ci bənd) öhdəsinə götürmüşdür. Tərəflər razılaşmışlar ki, mübahisəli mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq və əldə olunan məbləğ 55% İddiaçı, 45% məbləğ isə Cavabdeh olmaq şərti ilə bölünəcək, mənzil satılana qədər İddiaçı həmin mənzildə yaşayacaq, mənzil satılaraq tərəflər arasında yuxarıda qeyd olunmuş şəkildə bölündükdən sonra tərəflər bir-birinə qarşı heç bir əmlak iddiası etməyəcək, mənzildə mövcud olan bütün əşyalar (məişət əşyaları) İddiaçı qalacaq (6-9-cu bəndlər).
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahda doğulmuş uşaqların analarının yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, uşaqları yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 167 manat, cəmi 501 manat sabit pul məbləğində aliment tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Cavabdeh (bundan sonra – maraqlı şəxs) ilə aralarında bağlanmış barışıq sazişinin 3, 5 6-9-cu bəndlərində əks olunmuş müddəaların məcburi icrası üçün barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, iş üzrə maraqlı şəxslə razılığa gələrək, müvafiq olaraq “Mediasiya haqqında” Qanununa uyğun olaraq qarşılıqlı razılaşma əsasında barışıq sazişi imzalamışlar. Lakin barışıq sazişi şərtləri iş üzrə maraqlı şəxs tərəfindən qismən pozulmuş və barışıq sazişi üzrə öhdəliklərinə əməl etməmişdir. Belə ki, iş üzrə maraqlı şəxs tərəfindən müvafiq olaraq, barışıq sazişinin 3-cü bəndi pozulmuş, 2022-ci ilin oktyabr ayından ümumilikdə 501 manat aliment ödəməyi öhdəsinə götürsə də, buna əməl etməmiş, həmin tarixdən məhkəmə qətnaməsində çıxarılan dövr, yəni xx.xx.2023-cü il tarixinə olan aliment ödənilməmiş qalmışdır. Digər tərəfdən maraqlı şəxs barışıq sazişinin 5-9-cü bəndlərinə də əməl etmir və icrasından boyun qaçırır. Hansı ki, sazişin həmin hissədə icrası üçün 6 ay vaxt müəyyən edilmişdir. Ərizəçi evin alınmasına alıcı tapıb, sənədləri alqı-satqı üçün hazırlamış, lakin son anda maraqlı şəxs məlum olmayan səbəbdən barışıq sazişinin icrasından imtina etmişdir.
8. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə 10 fevral 2023-cü il tarixdən başlayaraq maraqlı şəxsdən aliment tutulması qət edilmişdir. Ərizəçi isə barışıq sazişinin 3-cü bəndində qeyd edildiyi kimi 2022-ci ilin oktyabr ayından sözügedən qətnamə qəbul edildiyi tarixədək olan dövr ərzində razılaşdırılmış alimentin tutulması barədə şərtin təsdiq olunmasını xahiş edir.
9. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, maraqlı şəxs barışıq sazişində razılaşdırılmış mənzillə bağlı fikrini sonradan dəyişmişdir. Belə ki, o, barışıq sazişində qarşı tərəflə sözügedən mənzilin satılması ilə bağlı razılıq əldə etsə də, hazırda mənzili satmaq fikrindən daşınmışdır və niyyəti həmin mənzili satmayaraq, gələcəkdə övladlarının xeyrinə mənzildən imtina etməkdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-793/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) ərizə təmin edilmişdir.
11. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Mediasiya haqqında” Qanun) 34.1-ci, 34.3-cü, 34.4-cü, 34.5- ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci, 355-23.2-ci, 355-24-cü, 355-25.1-ci, 355-25.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ərizənin rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri belə əsaslandırılmışdır ki, eyni predmetlə, yəni 09 sentyabr 2023-cü il tarixli barışıq sazişi ilə bağlı məsələyə maraqlı şəxsin iddia ərizəsi əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsində tərəflərin iştirakı ilə baxılmış, həmin vaxt ərizəçi maraqlı şəxsin bütün iddialarını, yalnız nikahın pozulması halı istisna olmaqla, digər iddiaları tamamilə qəbul etmişdir. Tərəflər həmin məhkəmədə əmlak bölgüsü məsələlərini qaldırmamağı birlikdə qərara almışlar. Nəticədə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qanuni, düzgün, obyektiv və əsaslı qətnaməsi qəbul olunmuşdur. Qeyd olunan qətnamədə 09 sentyabr 2023-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş bütün məsələlər müzakirə olunmuş və onlara hüquqi qiymətlər verilmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində alimentin məhkəməyə müraciət edildiyi-qətnamənin qəbul edildiyi tarixdən, yəni 10 fevral 2023-cü il tarixdən tutulması da qərara alınmış, qətnamə qanuni qüvvəsini almışdır. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verməmiş, onunla tamamilə razılaşmışdır. Beləliklə, MPM-in 153.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6076/2023 nömrəli mülki iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, ərizə rədd olunmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin bağladıqları barışıq sazişinin təsdiq edilməsi, onun müddəalarının mücərrədliyi və məcburi icrasının qeyri-mümkünlüyü baxımından yolverilməzdir. Belə ki, barışıq sazişinin şərtləri tərəflərin öz iradəsindən asılı edilərək, gələcəkdə həyata keçiriləcək öhdəliklərə aid edilmiş və öz iradələri vasitəsi ilə yerinə yetirilmədiyi təqdirdə öhdəliklərin icra üsulu və mülki məsuliyyət həddi müəyyən edilməyərək, məcburi icra qaydası (barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri) müəyyən edilməmişdir. Qeyd edilənlərdən əlavə olaraq, barışıq sazişi bağlanıldıqdan sonra tərəflər arasında məhkəmə prosesi olmuş və barışıq sazişi müzakirə edilməyərək, sazişdə müəyyən edilən məsələlərə qismən münasibət bildirilmişdir.
16. İddianın verilməsinə səbəb mənzillə bağlı barışıq sazişində olan şərtlərin könüllü yerinə yetirilməməsi olmuşdur. Bu hissədə sazişdə qeyd edilmişdir ki, “mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq”. Göründüyü kimi, burada ən mücərrəd ibarələr “ən yüksək qiymət təklif edilən alıcıya” və “hər iki tərəfin razılığı” olmuşdur ki, bunların da daxilində “razılıq” ifadəsi bir tərəfin əmlakın satılmasına razılıq verməmə hüququnu vermişdir. Ən yüksək qiymətin kim tərəfindən və hansı qaydada müəyyən edilməsi, habelə əmlakın hansı qaydada satılması təsbit edilməmişdir. Sazişin digər şərtində birgə nikah dövründə alınmış mənzildə mövcud olan bütün əşyaların (məişət əşyalarının) İddiaçı qalması əks edilsə də, əşyaların göstəriciləri, adları, dəyəri və sair fərqləndirici xüsusiyyətləri sazişdə təsbit edilməmişdir. Nikahın pozulması, uşağın kimin yanında qalması və alimentə aid məsələlər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz həllini tapdığından, artıq sazişin bu hissəsi ümumiyyətlə əhəmiyyətini itirmişdir.
17. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Qanunun 3.1, 3.3, 33.1, 33.2, 33.3, 33.4, 34-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 881-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
a. Kassasiya instansiyası məhkəməsindəki icraat
18. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2024-cü il tarixli, 2(102)-695/2024 nömrəli qərarı (X3 (məruzəçi), X2 və X5 ibarət tərkib) ilə kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6076/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
20. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunası barədə mövqeyini MPM-in bu cür ərizələrin rədd olunması əsaslarını müəyyən edən 355-26-cı maddəsi ilə deyil, barışıq sazişinin şərtlərinin qeyri-müəyyən və icra oluna bilməyən olduğu, həmçinin sazişin məcburi icra qaydasının (barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələrinin) müəyyən edilmədiyi ilə əsaslandırmışdır. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, barışıq sazişinin təsdiq olunması barədə ərizəyə etirazında cavabdehin nümayəndəsi onun şərtlərinin qeyri-müəyyən və ya icrası qeyri-mümkün olduğuna istinad etməmiş, etirazını onunla əsaslandırmışdır ki, maraqlı şəxs barışıq sazişində razılaşdırılmış mənzillə bağlı fikrini sonradan dəyişmiş, hazırda mənzili satmaq fikrindən daşınmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış sazişin icra edilməmə səbəbi onun qeyri-müəyyənliyi ilə bağlı olmamış, sadəcə maraqlı şəxs onu icra etməkdən birtərəfli imtina etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsini, həmçinin onunla əsaslandırmışdır ki, o, evin alınmasına alıcı tapıb, müvafiq sənədləri alqı-satqı üçün hazırlamış, lakin son anda cavabdeh məlum olmayan səbəbdən barışıq sazişinin icrasından imtina etmişdir. Maraqlı şəxs ərizənin bu dəlilinə ümumiyyətlə münasibət bildirməyə zərurət görməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, mediasiya prosesi çərçivəsində barışıq sazişinin imzalanması ilə tərəflər həmin sazişin predmeti olan məsələlər üzrə mübahisəni öz aralarında məhkəmədən kənar həll etdiklərindən və qanunun tələbinə əsasən həmin saziş, bir qayda olaraq, imzalandığı andan qüvvəyə mindiyi üçün eyni tərəflər arasında nikahın pozulması barədə məhkəmə mübahisəsində tərəflərin həmin məsələləri təkrar müzakirə etməsinə ehtiyac da qalmır. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, barışıq sazişi bağlanıldıqdan sonra tərəflər arasında məhkəmə prosesi olmuş və barışıq sazişi müzakirə edilməyərək, sazişdə müəyyən edilən məsələlərə qismən münasibət bildirilmişdir. Eyni zamanda mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişinin məcburi icrasının təmin edilməsi qanunla müəyyən edilir və MPM-in XLVİİ Fəsli (355-23-355-26-cı maddələr) ilə tənzimlənir. Bu baxımdan barışıq sazişində onun məcburi icrasının təmin edilməsi qaydasının əks olunmasına zərurət yoxdur və ya bu hal, ərizənin rədd olunması üçün əsas ola bilməz. Tərəflər arasında bağlanmış sazişin mənzildə mövcud olan bütün (adından, dəyərindən və sair fərqləndirici xüsusiyyətlərindən asılı olmayaraq) məişət əşyalarının ərizəçiyə qalması barədə şərtinin qeyri-müəyyən olduğu barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi də anlaşılan deyildir. Sazişin aliment şərtinə münasibətdə qeyd olunmalıdır ki, ərizəçinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, ərizəçi sazişin bağlandığı 2022-ci ilin oktyabr ayından aliment tutulması barədə qətnamənin qəbul edildiyi tarixədək olan dövr ərzində razılaşdırılmış alimentin tutulması barədə şərtin təsdiq olunmasını xahiş edir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəflərin alimentə aid məsələsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz həllini tapdığını qeyd edərək, sazişin bu hissəsinin ümumiyyətlə əhəmiyyətin itirdiyi barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, MPM-in 355-26-cı maddəsi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olduğu halda onun hissəvi təsdiq olunmasını da mümkün hesab edir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnaməsi iş materiallarına və tətbiq edilməli olan prosessual hüquq normalarına uyğun əsaslandırılmamışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
21. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni predmetlə, yəni 09 sentyabr 2023-cü il tarixli barışıq sazişi ilə bağlı məsələyə maraqlı şəxsin iddia ərizəsi əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsində tərəflərin iştirakı ilə baxılmış, həmin vaxt ərizəçi maraqlı şəxsin bütün iddialarını, yalnız nikahın pozulması halı istisna olmaqla, digər iddiaları tamamilə qəbul etmişdir. Tərəflər həmin məhkəmədə əmlak bölgüsü məsələlərini qaldırmamağı birlikdə qərara almışlar. Nəticədə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsi qəbul olunmuşdur. Həmin qətnamədə 09 sentyabr 2023-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş bütün məsələlər müzakirə olunmuş və onlara hüquqi qiymətlər verilmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində alimentin məhkəməyə müraciət edildiyi-qətnamənin qəbul edildiyi tarixdən, yəni 10 fevral 2023-cü il tarixdən tutulması da qərara alınmış, qətnamə qanuni qüvvəsini almışdır. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verməmiş, onunla tamamilə razılaşmışdır. Beləliklə, MPM-in 153.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
24. Apellyasiya baxışında iştirak edən maraqlı şəxs və onun nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq barışıq sazişi bağlandıqdan sonra evin satılması ilə bağlı maraqlı şəxsin fikrinin dəyişdiyini, evin satılmasına razı olmadıqlarını, eyni zamanda həmin evdə ərizəçi və birgə nikahdan olan uşaqlarının yaşamasına etirazının olmadığını, həmçinin barışıq sazişindən sonra aliment ödənilmədiyi bildirilmiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər.
25. Apellyasiya baxışında iştirak edən ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, ərizədə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq qarşılıqlı razılıq əsasında barışıq əldə olunduğu, lakin maraqlı şəxs tərəfindən həmin sazişin şərtlərinin qəsdən icra olunmadığı, özünün 300 manat əmək haqqı aldığı, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyi, maddi dəstəyə ehtiyacının olduğundan evi satmaq istəsə də, maraqlı şəxsin buna imkan vermədiyi, evin satılmaması üçün sazişdən kənar əlavə şərtlər irəli sürdüyü, eləcə də maraqlı şəxs tərəfindən sazişə uyğun olaraq bu günədək aliment ödənilmədiyi qeyd olunaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər.
Tətbiq edilən hüquq
26. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27.1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 28.9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Maddə 29.33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Maddə 30.33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 31.34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 32.34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 33.34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Maddə 355-23.1. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunundamüəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26- cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
Apelyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. İlkin olaraq qeyd edilməlidir ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2012-ci ildə nikahın bağlanması, həmin nikahdan iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulması, birgə nikahda doğulmuş uşaqların analarının yanında saxlanılması, maraqlı şəxsdən xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 167 manat, cəmi 501 manat sabit pul məbləğində alimentin tutulması işin mübahisə olunmayan hallarıdır.
32. Eyni zamanda, Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə ərizəçi və maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində özündə həmçinin aşağıdakı göstərilən şərtləri ehtiva edən barışıq sazişi təsdiq olunmuşdur: - X10 uşaqlar yetkinlik yaşına çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər bir uşaq üçün 167 manat olmaqla ümumilikdə 501 manat aliment ödəməyi (3-cü bənd), birgə nikah dövründə İddiaçı adına Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş CL-EE000324534 nömrəli kredit üzrə bütün ödənişləri ödəməyi (5-ci bənd) öhdəsinə götürmüş, tərəflər həmçinin razılaşmışlar ki, mübahisəli mənzil (birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən, sahəsi 51 kv.m olan mənzil) bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq və əldə olunan məbləğ 55% İddiaçı, 45% məbləğ isə Cavabdeh olmaq şərti ilə bölünəcək, mənzil satılana qədər İddiaçı həmin mənzildə yaşayacaq, mənzil satılaraq tərəflər arasında yuxarıda qeyd olunmuş şəkildə bölündükdən sonra tərəflər bir-birinə qarşı heç bir əmlak iddiası etməyəcək, mənzildə mövcud olan bütün əşyalar (məişət əşyaları) İddiaçı qalacaq (6-9-cu bəndlər).
33. Ərizəçi barışıq sazişinin qeyd edilən bəndlərində göstərilən müddətlərin başa çatmasına başmayaraq maraqlı şəxs tərəfindən üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsini əsası gətirərək, sazişin həmin bəndlərinin məcburi icrasını tələb etmişdir.
34. Belə ki, “Mediasiya haqqında” Qanuna əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.
35. Həmçinin, MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
36. İşin hallarından və qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və tərəflər arasında müəyyən edilmiş müddətdə könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Eyni zamanda Saziş mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda Sazişin məhkəmə tərəfindən təsdiqindən imtina olunur (MPM, maddə 355-26.1).
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 01\2024 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Qanunun 1.0.7-ci maddəsində və “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. - Həmin qərarda həmçinin qeyd olunur ki, məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir.
38. Göründüyü kimi, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxaraq, müvafiq prosessual əsasları yoxlayır və bunun əsasında, barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
39. Məhkəmə kollegiyası kassasiya instansiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunan göstərişlərini də nəzərə alaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, həmçinin aşağıdakıları qeyd edir.
40. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan maraqlı şəxsin dəlillərindən biri barışıq sazişindən sonra tərəflər arasında nikahın pozulması barədə Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-110/2023cü il tarixli qətnaməsinin mövcüd olması, həmin qətnamə ilə barışıq sazişində nəzərdə tutulmuş bütün məslələrin həll olunduğu və qeyd olunan qətnamənin qanuni qüvvəyə mindiyi göstərilmişdir.
41. İlkin olaraq qeyd olunmalıdır ki, mediasiya prosesi zamanı bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən, tərəflər aralarında olan nikahın pozulmasına və qaldırılacaq iddiaya etiraz etməyəcəklərini öhdəlik kimi üzərlərinə götürmüşlər.
42. Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
43. Belə olan halda isə müəyyən olunur ki, tərəflər ailə münasibətlərini davam etdirməmək barədə qarşılıqlı razılıq əldə ediblər, lakin qanunvericliyin məcburi tələbinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olduğundan nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət olunmuşdur.
44. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahda doğulmuş uşaqların analarının (ərizəçinin) yanında qalmaları müəyyən edilmiş, Cavabdeh (maraqlı şəxs) xx.xx.2023-cü il tarixdən başlayaraq, uşaqları yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 167 manat, cəmi 501 manat sabit pul məbləğində aliment tutulmuşdur.
45. Ərizəçi hazırki ərizəsində, eləcə də izahatlarında də açıq-aydın göstərmişdir ki, maraqlı şəxs xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş barışıq sazişində uşaqların yetkinlik yaşına çatana kimi, 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər bir uşaq üçün 167 manat olmaqla ümumilikdə 501 manat aliment ödəməyi üzərinə öhdəlik kimi götürmüş, lakin həmin müddətdən sonra hər hansı aliment ödənişini həyata keçirməmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə müvafiq alimentin ödənilməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Belə olan halda isə, sazişin qeyd edilən bəndinin məcburi icrası həyata keçirilməli, icra zamanı maraqlı şəxsdən 2022ci ilin oktyabr ayından 10 fevral 2023-cü il tarixədək olan dövr üzrə alimentin tutulması həyata keçirilməlidir.
46. Maraqlı şəxsin mövqeyindən də görünür ki, o, sazişlə müəyyən olunmuş 2022ci ilin oktyabr ayından etibarən müvafiq alimenti ödəməmişdir.
47. Göründüyü kimi, ərizəçi sazişin qeyd edilən hissədə məcburi icrasını tələb etməkdə haqlı olmuş, bundan imtina üçün əsas müəyyən edilmir.
48. Apellyasiya şikayətinin əsas dəlili kimi göstərilmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mövcudluğu isə vəziyyəti dəyişdirmir. Aydındır ki, qeyd edilən qətnamənin mövcudluğu da nəzərə alınmaqla, sazişin qeyd edilən bəndinin icrası 2022-ci ilin oktyabr ayından 10 fevral 2023-cü il tarixədək olan dövr üzrə həyata keçiriləcəkdir.
49. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni sazişin digər bəndlərinin təsdiq olunması hissədə təmin etməkdə də haqlı olmuşdur.
50. Belə ki, işin hallarından və maraqlı şəxsin mövqeyindən açıq aşkar müəyyən edilir ki, sonuncu üzərinə müvafiq öhdəliklər götürdüyü halda, onların könüllü icrasından boyun qaçırır.
51. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsini, həmçinin onunla əsaslandırmışdır ki, o, evin alınmasına alıcı tapıb, müvafiq sənədləri alqı-satqı üçün hazırlamış, lakin son anda maraqlı şəxs məlum olmayan səbəbdən barışıq sazişinin icrasından imtina etmişdir.
52. Maraqlı şəxs izahatlarında mübahisəli mənzili satmaq fikrindən daşındığını eiraf edir və bunu müxtəlif arqumentlərlə əsaslandırmağa (məsələn, mənzilin uşaqlarına qalması, onun satışından əldə olunacaq pul vəsaitinə yeni mənzilin alınmasının mümkün olmaması və s.) çalışır. Lakin, həmin dəlillər özü özlüyündə barışıq sazişinin könüllü icrasıqndan imtina üçün qanuni əsas sayıla bilməz.
53. Maraqlı apellyasiya şikayətində Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuni qüvvəsini almasını, həmin qətnamə ilə Sazişdə göstərilən məsələlərə hüquqi qiymət verilməsini, bu səbəbdən də hazırki iş üzrə icraata MPM-nin 153.2.2-ci maddəsinə əsasən xitam verilməli olmasını və s. göstərsə də, həmin dəlillər işin halları və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır.
54. Beləliklə, aydın olur ki, tərəflər könüllü surətdə mediasiya vasitəsilə müvafiq barışıq sazişi bağlamış, lakin maraqlı şəxsin sonradan fikrini dəyişməsi səbəbindən onun tərəfindən sazşin icra olunmasından əsassız birtərəfli qaydada imtina olunmuşdur.
55. Göründüyü kimi, maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini əsaslandıra və sübut edə bilməmiş, barışıq sazişinin (və ya onun bir hissəsinin) təsdiq edilməsindən imtinaya dair qanuni əsasların mövcud olmasına ilə bağlı məhkəməyə hər hansı mötəbət sübut təqdim edə biməmiş, məhkəmə baxışı zamanı da belə hallar müəyyən olunmamışdır.
56. Hazırki icraat zamanı barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması halı da müəyyən olunmamışdır (maraqlı şəxs bu halı sübuta yetirə bilməmişdir).
57. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Mülki Məcəllənin 16.1 və 5.3-cü mad).
59. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
60. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
61. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Ərizəçi İddiaçı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs Cavabdeh cəlb olunmaqla) mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı işi üzrə 17 mart 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.