Məhkəmə qərarları › İş №2(103)-3122/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3122/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3122/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 16.09.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 412/2021 saylı, 02 mart 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının dəyəri” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 16.09.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamə hər iki tərəfin verdiyi apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11693/2021 saylı, 16.11.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllə ilə nəzərdə tutulmuş forma və qaydaya (elektron qaydaya) əməl edilmədiyi üçün qeyrimümkün hesab edilərək mülki iş materialları geri qaytarılmışdır (qərardaddan kassasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir.) Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron qaydada apellyasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 27.12.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Qeyd edilən qərardaddan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayət Məhkəmənin 10.01.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1834/2022 saylı, 02.02.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, mübahisələndirilən 27.12.2021-ci il tarixli qərardad ləğv edilmiş və müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş müddətin bərpa edilməsi barədə ərizə yenidən təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verilmə müddəti bərpa edilmişdir. Sözügedən qərardaddan cavabdeh nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin axınını düzgün hesablamamış, yanlış olaraq iddiaçının apellyasiya şikayətini dəftərxanaya verərkən müddəti ötürmədiyi qənaətinə gəlmişdir. Halbuki, müddət qətnamə elektron kabinetə yerləşdirildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bitdikdən 6 gün sonra apellyasiya şikayətini dəftərxanaya təqdim etmişdir. Belə vəziyyətdə, apellyasiya şikayətinin dəftərxanaya verilməsi vaxtı üzrlü səbəb kimi nəzərdən keçirilə bilməz. Məhkəmə, həmçinin, nəzərə almalı idi ki, apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi elektron məhkəmə sistemdə yaradılmış elektron kabineti vasitəsilə məhkəmə icraatında iştirak etmişdir. Məhz bu səbəbdən, həmin qətnamənin iddiaçıya rəsmi qaydada verilməsi məhz qətnamənin elektron kabinetə yerləşdirildiyi 28.09.2021-ciil tarixdən hesablanmalı idi. Məhkəmə bu faktiki halları araşdırmamışdır. Cavabdeh tərəfindən verilən şikayət Məhkəmənin 10 mart 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya məhkəməsinə etiraz göndərərək şikayətin təmin edilməməsini, Məhkəmənin 02.03.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarından müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 16.09.2021-ci il tarixli qətnaməsi 28.09.2021-ci il tarixli məktubla tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. İş materiallarında olan poçt qəbzi (xəbərnamədən) görünür ki, iddiaçı tərəf qətnamənin surətini 04.10.2021-ci il tarixdə əldə etmiş (iş/vər.148) və 03.11.2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayətini dəftərxana vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, elektron məhkəmə sistemindən Məhkəmənin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddiaçının nümayəndəsi-vəkili Vəkil elektron kabinetinə yerləşdirilməsi müəyyən edilmir və buna dair sübut (çıxarış) nə iş materiallarında nə də ki, elektron sistemdə mövcud deyil. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, iddiaçı tərəfindən ilk dəfə apellyasiya şikayəti məhz elektron qaydada verilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsi tərəfindən 16.11.2021-ci il tarixdə qeyri-mümkün hesab edilmiş, həmin qərardad mübahisləndirilməmiş və qanuni qüvvəyə minmişdir. Hazırda da müddətin bərpa edilməsi səbəbi məhz əvvəl apellyasiya şikayətinin elektron qaydada verilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə uyğun olarq hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ilə hər kəsin hüquq və vəzifələri ilə bağlı məhkəməyə müraciət etmək hüququ təmin edilir. Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya nəzərə alır ki, iddiaçı ilkin apellyasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddət daxilində vermiş, şikayət yalnız müəyyən edilən formaya və qaydaya əməl etmədən verildiyinə görə geri qaytarılmışdır. Göstərilən pozuntular aradan qaldırıldıqdan sonra yenidən təqdim olunmuşdur. Belə olan halda, məhkəmə müdafiəsi hüququ konstitusiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası ilə müəyyən edilmiş ən mühüm insan hüquqlarından biri olduğunu və şəxsin bu hüququnun təmin olunmasının vaciblyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən müddətin buraxılmasının səbəbi üzrlü hesab edilməli, onun qətnamədən şikayət vermək hüququ məhdudlaşdırılmamalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-412/2021 saylı, 02 mart 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar