Məhkəmə qərarları › İş №2(103)-3137/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3137/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3137/2021 19.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3692/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Bakı şəhəri 6 və 9 saylı Notariat Ofislərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2008-ci ildə 9 saylı Notariat Kontorunda tərtib və təsdiq edilmiş ipoteka və borc müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri 6 saylı Notariat Kontorunda tərtib olunmuş imza təsdiqi və mənzilin ipotekaya qoyulmasına razılıq barədə ərizələrin etibarsız hesab edilməsi, vəkilin xidmətlərinə görə ödənilmiş 200 manatın cavabdehlərdən və Maraqlı şəxs müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3692/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi baədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı1 bildirdi ki, digər məhkəmə proseslərində iştirakı təmin edilməyib. Evdən çıxarılma barədə iddia tələbi irəli sürüləndə məlumatı olub. Halbuki əvvəldən gedən bu proseslərin heç birindən xəbəri olmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, məhkəmə proseslərindən iddiaçıların məlumatı olmayıb. İpoteka predmeti birgə nikah dövründə əldə olunduğundan ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Vərəsələr vərəsə paylarını almalıdırlar. Şəxsin subay və ya evli olması notaruis tərəfindən müəyyənləşdirilməli idi. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs bildirdi ki, müqavilələrin etibarsız sayılması üçün əsas yoxdur. O, Asifə heç nə verməmişdir. Xuramana isə şəxsən əldən-ələ borc vermişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştiriak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadın baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı müqavilənin etibarsızlığına əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddia tələbini məhkəmə araşdırması zamanı tədqiq etmiş və ipoteka müqaviləsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin iradə ifadəsinə uyğun bağlandığını müəyyən etmişdir. Bundan başqa, iddia tələbindən göründüyü kimi iddiaçılar İddiaçı1 ilə Maraqlı şəxs arasında arasında xx xxxx 2008-ci il tarixdə bağlanmış ipoteka və borc müqavilələrini mübahisələndirmişlər.Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Digər tərəfdən iş materiallarında olan məhkəmə sorğusuna 9 saylı notariat ofisindən xx.xx.2020-ci il tarixli 2153 nömrəli cavab məktubuna əlavə edilmiş Maraqlı şəxs ilə İddiaçı1 arasında rəsmiləşən mübahisəli ipoteka müqaviləsi ilə bağlı əlavə edilən sənədlərin surətindən göründüyü kimi X1 və iddiaçılar İddiaçı3, İddiaçı4 Bakı şəhəri, Ə.Hüseynov küçəsi, 28 saylı evin İddiaçı1 tərəfindən girov qoyulmasına etiraz etməməsi barədə xx.xx.2008-ci il tarixdə ərizə ilə 6 saylı dövlət notariat ofisinə müraciət etmişdir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən ipoteka və borc müqavilələri və ipotekaya qoyulmasına razılıq ərizələri qanunvericliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən iddia tələbi təmin edilməməlidir. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İkincisi, iddiaçı şikayətində qətnamənin qanunsuz və əsassız olduğunu bildirsə də, bu qanunsuzluğun nədən ibarət olması yaxud əsassızlığın nədə ifadə olunması barədə şikayətində heç bir dəlil göstərməmişdir. Apellyasiya baxışında da nə istədiyini və bu tələblə nəyə nail olmaq istədiyini məhkəmənin diqqətinə aydın şəkildə çatdırmaq istəməmişdir. Belə ki, qeyd olunan müqavilələr artıq başqa işlər üzrə məhkəmə icraatının predmeti olmuş və Maraqlı şəxs iddiası təmin olunaraq İddiaçı1 onun xeyrinə 40000(qırx min) manat tutulmuş və ipoteka predmetinin də açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 29103)-2327/2019 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İşdən həmçinin görünür ki, hazırki iddiaçıların ipoteka predmeti olmuş evə istifadə hüquqlarının itirilməsi və evdən çıxarılmalarına dair də Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli 2(004)-8210/2018 nömrəli qətnamə çıxarılmışdır. Göründüyü kimi, hazırki iddianın açıq-aşkar əsassız olması iş materialları ilə tam təsdiq olunur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3692/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar