Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3142/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı “X1 Evi-Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında (“Park Azure” yaşayış kompleksində) yerləşən iddiaçı “X1 Evi-Uşaq Bağçası” MMC-nin otaqlarına yuxarı mərtəbədə yerləşən, Cavabdeh aid olan 363 nömrəli mənzildən su axıdılması nəticəsində vurulmuş real zərərin (təmir-bərpa xərcinin) əvəzi kimi 10.342 manat, əldən çıxmış faydanın (bağçanın xidmətindən istifadə edən uşaqların sayının azalmasının) əvəzi kimi 20.210 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, real zərərin əvəzi kimi 10.342 manat, əldən çıxmış faydanın əvəzi kimi 10.105 manat, cəmi 20.447 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.2021-ci ildə iddiaçıya aid olan otaqlara su axma baş verib. Bu hal mübahisə doğurmur. İki hal mübahisə predmetidir: su axmanın səbəbi və zərərin məbləği. Belə ki, cavabdeh hesab edir ki, su axmanın mənbəyi onun mənzilinə aid deyil, zərərin məbləği isə şişirdilib. Su axmanın səbəbi barədə: Su axmanın səbəbinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 3 dəfə ekspertiza keçirilib. 1-ci rəydə, yəni xx.xx.2022-ci il tarixli 10/1783 nömrəli rəydə qeyd olunub ki, su sızmanın bağçanın əsas dəhliz hissəsində baş verdiyi və həmin hissənin üstündə binanın blokunda olan su boruları keçən şaxtanın yerləşdiyi, cavabdehə məxsus mənzildən halhazırda su sızma halı baş vermədiyi nəzərə alınaraq cavabdehə məxsus mənzilin su sistemində nasazlıq olmadığı müəyyən edildi (cild 1, iş v. 133). 2-ci rəydə, yəni xx.xx.2022-ci il tarixli 10/6295 nömrəli rəydə qeyd olunub ki, cavabdehin mənzilinin su sistemində nasazlıq olub-olmadığının müəyyən edilməsi üçün həmin mənzilə baxış keçirilməsi zəruri olmuş, lakin cavabdehin mənzilinin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamış, bu səbəbdən su sızmanın texniki səbəbinin, həmçinin cavabdehə məxsus mənzilin su-kanalizasiya xəttlərində nasazlıqların olub-olmadığının müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş v. 167). 3-cü rəydə, yəni xx.xx.2023-cü il tarixli 10/1509 nömrəli rəydə qeyd olunub ki, cavabdehə məxsus mənzilin su və kanalizasiya xəttlərinin gizli şəkildə olduğu və su sisteminin görünən hissələrində hər hansı qüsurun mövcud olmadığı müəyyən edilmişdir. Həmin mənzilin su sistemində nasazlıqların olub-olmamasının müəyyən edilməsi üçün eksperiment keçirilmiş və su sistemində nasazlığın olmadığı müəyyən edilmişdir (cild 1, iş v. 191). Yuxarı mərtəbədən aşağı mərtəbəyə su axmasının iki səbəbi ola bilər: 1) sukanalizasiya sistemindəki nasazlıq; 2) sudan nəzarətsiz istifadə. Su-kanalizasiya sistemində nasazlıq müəyyən edilmədi. Lakin ekspert rəyi əvvəllər belə nasazlığın olmadığını təsdiq etmir, rəydən görünür ki, baxış zamanı nasazlıq müəyyən edilmədi. Nəzərə alınmalıdır ki, əvvəllər mövcud olmuş nasazlıq mənzilə baxış keçirilənə qədər aradan qaldırıla bilər. Cavabdehin mənzili iddiaçıya aid oaln sahənin bilavasitə üstündə yerləşdiyinə, su axmanın başqa mənbədən (qonşunun mənzilindən və ya binanın ümumi istifadədə olan hissəsindən) baş verdiyini təsdiq edən sübut olmadığına görə, hesab olunur ki, su cavabdehin mənzilindən axıb. Bunun səbəbi isə ya əvvəllər mövcud olmuş nasazlıq və ya sudan nəzarətsiz istifadə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, su axma nəticəsində vurulmuş zərərə görə məsuliyyəti cavabdeh daşıyır. Zərərin məbləği barədə: Zərərin əvəzi kimi tələb olunan məbləğin tərkibinə iki məbləğ daxildir: 1) real zərər, yəni təmir-bərpa işlərinə çəkilmiş xərc; 2) əldən çıxmış fayda, yəni otaqlara su axması nəticəsində bağçanın xidmətindən istfadə edən (ödəniş edən) şəxslərin sayının azalması. Real zərər barədə: Real zərərin məbləğinin müəyyən edilməsi üçün 3 dəfə ekspertiza təyin olunub və ekspertizanın aprılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilib. 1-ci ekspert rəyində, yəni xx.xx.2022-ci il tarixli 10/1783 nömrəli rəydə qeyd olunub ki, iddiaçının otaqlarının hal-hazırda təmirli olduğu nəzərə alınaraq zərərin məbləğinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı (cild 1, iş v. 133). 2-ci ekspert rəyində, yəni xx.xx.2022-ci il tarixli 10/6295 nömrəli rəydə də eynisi qeyd olunub. 3-cü ekspertiza apellyasiya icraat zamanı təyin olunub. Həmin qərardadla ekspertin qarşısında belə sual qoyulub ki, fotoşəkillərdəki və videodiskdəki təsvirlərə əsasən, iddiaçının otaqlarının su axmış hissələrinin təmir-bərpası üçün tələb olunan xərcin ümumi məbləği nə qədərdir? Lakin ekspert ekspertiza aparmaqdan imtina edib, imtinanı onunla əsaslandırıb ki, həmin sual üzrə tədqiqat aparılması mümkün deyil. Göründüyü kimi, su axmadan sonra iddiaçı otaqlarda təmir işləri apardığına görə ekspertizanın keçirilməsi mümkün deyil, o cümlədən fotoşəkillərdəki və videodiskdəki təsvirlərə əsasən tədqiqat aparılması mümkün deyil. Lakin bu hal iddianın rədd edilməsinə əsas ola bilməz, çünki zərər vurulması faktı təsdiq olunur. Ona görə də zərərin məbləği "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatı əsas götürülməklə müəyyən edilməlidir (cild 1, iş v 70). Həmin qiymətləndirmə təmir işlərinə qədər aparılıb, qiymətləndirici təmirə qədər otaqlara baxış keçirib, habelə su axmış hissələrin vəziyyətini əks etdirən foroşəkillər çəkilib. Bu hesabata görə real zərərin məbləği 10.342 manat təşkil edir. Məhkəmə Mülki Məcəllənin 21 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi real zərərin əvəzi kimi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Əldən çıxmış fayda barədə: İddiaçı əldən çıxmış faydanı belə əsaslandırır ki, uşaq bağçasının su basma baş vermiş korpusu avqust ayında fəaliyyət göstərmədiyinə görə iddiaçıya 20.210 manat zərər vurulub. Belə ki, uşaq bağçasında bir uşağın orta aylıq xidmət haqqı 470 manat təşkil edir. Avqust ayı istisna olmaqla əvvəlki beş ay ərzində orta aylıq uşaq sayı 58 nəfər, avqust ayında 12 nəfər olmuşdur, 3 nəfər isə illik ödəniş etmişdir. Bu hesabla əldə çıxmış faydanın məbləği 20.210 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin məbləğin yarısının – 10.105 manatın tutulması qət edib. Bu tələb iki səbəbdən əsassızıdr. Birinci, bağçanın xidmətlərindən istifadə edən uşaqların sayı barədə ciddi qeydiyyat-uçot sənədləri yoxdur, ona görə də iddiaçının xidmətlərindən istifadə edən uşaqlarını sayının avqust ayında azaldığı iddiaçının özünün verdiyi məlumatlara əsasən müəyyən edilə bilməz. İkinci, əgər avqust ayında bağçanın xidmətindən istifadə edən uşaqların sayı azalmışdırsa, bunun səbəbinin məhz subasma olması təsdiq olunmur. Uşaqların sayı müxtəlif səbəblərdən azala bilər. Məsələn, nəzərə alınmalıdır ki, insanlar ən çox avqust ayında istirahətə gedir, o cümlədən müəssisə, idarə və təşkilatlarda çalışan işçilər ən çox avqust ayında məzuniyyət hüququndan istifadə edirlər. İstirahət edən valideynlərin uşaqlarını bağçaya gətirməməsi mümkündür. Ona görə də məhkəmə Mülki Məcəllənin 21ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə əldən çıxmış faydanın əvəzi kimi 10.105 manatın tutulmasına aid hissədə ləğv edilməli və həmin tələb təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-32/2023 nömrəli qətnaməsi qismən - əldən çıxmış fayda kimi 10.105 manat tutulmasına aid hissədə ləğv edilsin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə tələb təmin edilməsin. Ümumilikdə 20.447 manat tutulması barədə göstəriş qətnamədən xaric edilsin. Qətnamə qalan hissədə, yəni real zərərin əvəzi kimi 10.342 manat tutulmasına aid hissədə və məhkəmə xərclərinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3142/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3142/2024
26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver