Məhkəmə qərarları › İş №2(103)-3143/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3143/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3143/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Məmməd oğunun, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və çəkilən xərclərin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-112/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra, iddiaçı) ilə Cavabdeh (bundan sonra, cavabdeh) xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşlar.

2. Tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşaqları vardır.

3. Tərəflərin arasında olan ailə münasibətləri faktiki olaraq pozulmuş, uşaq iddiaçının yanında qalır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı “aliment və çəkilən xərclərin bölünməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun yanında yaşayan xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 193 manat, 2023-cü ilin yanvar ayının 1-dən etibarən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması, uşağın 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması, uşağın doğulmasına, müalicəsinə, geyiminə, yaşamasına çəkdiyi xərclərin yarısını təşkil edən 25337 manat məbləğində pulun cavabdeh onun xeyrinə tutulması və ödənilmiş 267 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil omaqla, evlənmiş, həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş, bir ilə yaxın müddərdir ki, ayrı yaşayırlar. Lakin nikahları rəsmi qaydada pozulmamışdır. O, hamilə olan dövrdə cavabadeh onunla maraqlanmamış, hər hansı maddi və mənəvi dəstək göstərməmiş, hətta zəng edərək əhvalını belə soruşmamışdır. Uşaq doğularkən Bakı Kliniki Tibbi Mərkəzində COVİD19 xəstəliyindən müalicə olunmuş, vəziyyəti ağır olmuş, uşaq da ağır travmalarla doğulmuşdur. Cavabdeh onların vəziyyəti ilə yenə də maraqlanmamış, valideynlərinə sifariş edərək bildirmişdir ki, nikahlarını pozdurmaq istəyir, uşaq da ona lazım deyildir. Cavabdehin və onun valideynlərinin belə münasibətləri onda bir fikir formalaşdırır ki, həqiqətən də, onlar bu uşaqla maraqlanmırlar, bu uşaq onlara lazım deyildir. O, uşağı təkbaşına böyütməli olacaqdır. Cavabdeh uşağın saxlanılmasına hər hansı köməklik göstərmir, uşağı çətinliklə olsa da, təkbaşına saxlayır. Cavabdeh xx.xx.2021-ci il tarixdə ölkə ərazisini tərk edərək Almaniya Federativ Respublikasına getmişdir. Həmçinin, cavabdeh birgə nikahdan doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün könüllü surətdə aliment ödəməkdən də imtina edir. Ona görə də birgə nikahdan doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən məhkəmə qaydasında aliment tutulmalıdır. Bununla yanaşı, cavabdeh əlavə xərclərdə də iştirak etməldiir. Həmin xərclər Klinikalara ödənilmiş 2144,31 manat, uşağın gündəlik masajına, hovuzuna və müalicəvi idmanına ödənilən 1844 manat, dərmanlara, uşaq yeməyinə və bezinə çəkilmiş xərclər 3831,67 manat, uşaq üçün vanna 1000 manat, uşaq üçün yemək masası 1500 manat, yerimə arabası 1000 manat, musiqili yelləncək 1500 manat, uşaq çarpayısının oyuncağı 300 manat, uşaq arabası 4000 manat, uşaq üçün avtokreslo 1000 manat, mebel dəsti 15000 manat, uşaq üçün blender 600 manat, oyuncaqlar 200 manat, at oyuncağı 300 manat, uşaq çarpayısı “Lima" 5000 manat, uşaq çarpayısı "Alisa" 8.000 manat, müxtəlif növdə uşaq paltarları 1453,53 manat olmaqla, cəmi 48673,51 manat xərclərin də yarısı cavabdehdən onun xeyrinə tutulmalıdır. Bütün bunlarla yanaşı, hazırda azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektindəki 120/23 saylı evin 51-ci mənzilində kirayədə yaşayır və kirayə haqqı olaraq ayda 500 manat ödəyir. Həmin mənzildə 2022-ci ilin yanvar ayının sonlarından yaşayırlar. Bu günədək kirayə haqqı olaraq 2000 manat ödəmişdir və cavabdehdən də ödədiyi kirayə haqqının yarısı, yəni 1000 manat tutularaq onun xeyrinə verilməlidir. 6.Cavabdehin nümayəndəsi (vəkili) iddiaya yazılı etiraz verərək göstərmişdir ki, iddia ərizəsində iddiaçının uşaq doğularkən Covid-19 xəstəliyindən müalicə olunması, vəziyyətinin ağır olması, uşağın ağır travmalarla doğulması, cavabdehin onların vəziyyəti ilə maraqlanmaması, valideynlərinə sifariş edərək nikahın pozulmasını istəməsini deməsi, uşağın ona lazım olmaması, uşağın xərclərinni təkcə iddiaçının çəkməsi, barədə qeyd etdikləri həqiqəti əks etdirməyən məlumatlardır. Cavabdeh həm həyat yoldaşı, həm öz doğma qızı ilə hər dəfə maraqlanmış, hətta Almaniya Federativ Respublikasından təhsilini, işini yarımçıq qoyaraq qayıtmış və ailəsinin yanında olmuşdur. Ümumiyyətlə ailə qurulan andan tərəflər həyatlarını xarici ölkədə qurub yaşamağı planlaşdırmış, lakin iddiaçı öz həyat yoldaşına verdiyi sözlərə əməl etməyərək, cavabdehi yarı yolda qoymuş və onun yanına, xarici ölkəyə getməkdən imtina etmişdir. İstənilən valideynin vəzifəsi övladının bir fərd kimi sağlam şəkildə böyüməsinin təmin edilməsidir. Tərəflərin övladı heç bir travma ilə doğulmamışdır. İddiaçının bütün dərdi, istəyi və iddiası sırf maddiyyat üzərində qurulmuş və sübutu belə olmayan absurd şişirdilmiş rəqəmlərlə dolu və ən nəhayətində heç bəlkə də mövcud olmayan hansısa əşyalara xərclənən pul məbləğlərindən danışılır. Cavabdeh mənəviyyatı zəngin, savadlı və dövlət üçün əhəmiyyətli olan, övladını sevən işgüzar gəncdir. İddiaçının cavabdeh barədə öz övladını istəməməsi və ailəsini saxlamaması ilə bağlı dediyi hər sözü absurddur və həqiqət deyildir. Cavabdeh tərəfindən iddiaçıya hər cür maddi və mənəvi dəstək verilmiş, sadəcə iddiaçının ailəsinin imkanlı olması və valideynlərinin ailələrinə müdaxiləsi ilə bu gənc ailə faktiki dağılmışdır. Eyni zamanda, iddiaçının iddia ərizəsində bildirdiyi cavabdehin birgə nikahdan doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün könüllü surətdə aliment ödəməkdən imtina etməsi də tamamilə yalandır. Övladının saxlanması üçün cavabdeh əlindən gələni maddi və mənəvi yardımı edir və edəcəkdir, övladının saxlanılması üçün sabit pul məbləğində aliment ödəməsindən cavabdeh imtina etmir. Lakin, iddiaçının tələb etdiyi “xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqlarının 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulması” hissəsi ilə razılaşmır. Belə ki, cavabdeh tələbədir və heç bir gəliri yoxdur. İddiaçının isə maddi imkanı əladır, heç bir maddi yardıma ehtiyacı yoxdur, onun özünəməxsus avtomobili, iş yeri var. Hətta özünün dediyinə görə Nərimanov rayonu ərazisində yeni tikilidə ayda 500 manat ödəyərək kirayə qalacaq şəkildə imkanı və özünün deməsimə görə övladları üçün 48673,51 manat xərcləyəcək imkana sahibdir. Cavabdehin isə hər hansı bir gəlirinin olması ilə bağlı iddia tərəfi məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, qarşı tərəf iddia ərizəsində qeyd edir ki, cavabdeh uşaqlarınn yetkinlik yaşına çatanadək saxlanılması üçün könüllü surətdə uşaqlarının saxlanılması üçün çəkilmiş əlavə xərclərin yarısının ödənilməsində imtina etdiyi üçün cavabdehdən onun xeyrinə çəkilmiş xərclərin yarısı tutulmalıdır. Cavabdeh bu deyilənləri qəti surətdə qəbul etmir. Belə ki, tərəflər hazırda rəsmi evlidir və iddiaçı nikahın pozulmasını tələb etmir. İddiaçının hansı məntiqlə belə bir tələb irəli sürüldüyü onlara müəmmalıdır. Övladlarına əgər bu pullar xərclənsə belə bu bölgünün predmeti ola bilməz. Bundan əlavə burada yazılan əmlakların heç birinin mövcudluğundan, haradan və hansı qiymətə alınmasından, burada qeyd edilən fantastik şişirdilmiş məbləğlərdən onların ümumiyyətlə xəbələri yoxdur. Ola bilsin ki, həmin əşyalar və xərclər ümumiyyətlə yoxdur. Varsa belə qarşı tərəf bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Övladlarını saxlamaq valideynlərin borcudur, amma iddiaçı bu formada övladı biznes məqsədi, pul qazanmaq üçün istifadə etmiş və bu bir anaya yaraşmayan bir hərəkətdir. İddiaçı 10 aylıq övladı ilə ailəsini qorumaq əvəzinə haqsız pul qazanmaq eşqinə düşmüşdür.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-112/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən (Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 2266\2022 saylı, xx.xx.2022-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı nəzərə alınmaqla), iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyi xx.xx.2023-cü il tarixədək hesablanmaqla 193 (yüz doxsan üç) manat, xx.xx.2023-cü il tarixdən başlayaraq isə xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək ona qulluğa görə xx.xx.2022-ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, xx.xx.2021-ci il təvəllüdlü X1 doğumuna kimi çəkilmiş 638 manat xərcin yarısı olan 319 manat vəsait və məhkəmə xərcləri qismində İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və 167 manat dövlət rüsumunun ona aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimеntin tutulmаsı hissəsində qətnаmənin dərhаl icrа еdilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflərin ümumi uşağı doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququ vardır. Hazırda uşaq körpə olduğundan, onunla bağlı əlavə xərclər çəkildiyindən və qulluq göstərilməli olduğundan hazırkı halda iddiaçının həmin hüququ qismən təmin edilməklə, onların birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay müvafiq məbləğdə pul tutulmalıdır. Məhkəmə həmin aliment məbləğinin həddini müəyyən edərkən iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, habelə cavabdehin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödəməli olduğunu nəzərə alır və belə qənaətə gəlir ki, uşağın üç yaşına çatanadək xx.xx.2022-ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehdən də ödədiyi 2000 manat kirayə haqqının yarısı, yəni 1000 manat tutularaq onun xeyrinə verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məcəlləsinin 84-cü maddəsində hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad qarşı tərəfdən aliment tələb edə bilər. Hansı ki, məhkəmə tərəfindən cavabdehdən X1 üç yaşına çatanadək xx.xx.2022-ci il tarixdən hər ay 50 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Digər tərəfdən iddiaçının öz seçimi kirayə mənzil kirayələməsi və ona görə ödəniş etdiyi kirayə haqqının yarısını cavabdehdən tələb etməsi ilə bağlı xərcin ər-arvad arasında bölünməli olması ailə qanunvericiliyində nəzərdə tutulmamışdır. İddia tələbinin “xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqlarının doğulmasına, müalicəsinə, geyiminə, yaşamasına çəkdiyi xərclərin yarısının cəmi 25337 manat məbləğində pulun Cavabdeh tutulması” hissəsinə münasibətdə qeyd edilmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, uşağın müalicə xərcləri istisna olmaqla, digər uşağın geyiminə, oyuncaqlarına, paltarına görə çəkilmiş xərclər uşağın maddi təminat hüququnun təminatını yaxşılaşdırmağa xidmət etdiyindən və bu hüquq cavabdehdən yaşayış minimumundan az olmayan aliment tutulmaqla təmin edildiyindən, iddiaçı tərəfindən həmin xərclər çəkilərkən cavabdehdən uşağın saxlanılması üçün daha öncə məhkəmə qaydasında aliment tələbi olmadığından iddia tələbi qeyd olunan xərclərə münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin uşağın doğumuna kimi çəkilmiş xərclərə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş sənədləri ilə iddiaçı tərəfindən 639 manat xərc çəkdiyi müəyyən edilmiş və bu fakt iddiaçı tərəfindən sübuta yetirilmişdir. Hansı ki, uşağın müalicəsi üçün əlavə xərc tələb edilən uşaq ananın himayəsində olmaqla uşağın müalicəsi ilə bağlı qalan bütün qayğılar da iddiaçının üzərinə düşmüşdür. Buna görə də 638 manat xərcin yarısı olan 319 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfin məhkəməyə “Whatsap” yazışmasında qeyd edilən 1500 manat klinika ödənişinə münasibətdə qeyd edir ki, həmin yazışma sırf klinika xərcləri üçün 1500 manat ödənilməsini sübuta yetirmir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 44.3, 45.1, 75.1, 78.1, 78.2, 100.2, Azərbaycan Respublikası Konstitusiyasının 17.2, 34 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın tam təmin olunmalı olması və s. göstərilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz vermiş, etirazını birinci instansiya məhkəməsindəki mövqeyi ilə əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. 14 Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

18. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir.

19. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər.

21. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

24. AM-nin 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

25. AM-nin 84.1.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər.

26. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

28. AM-nin 85.1 və 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.

29. AM-nin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut tməlidir.

33. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır.

41. Qeyd edilməlidir ki, tərəflər arasında 13 yanvar 2021-ci il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan bir yetkinlik yaşına çatmayan uşaqların olması, ailə münasibətlərinin faktiki olaraq pozulması, uşağın iddiaçının yanında qalması işin mübahisə olunmayan hallarıdır.

42. Məhkəmə kollegiyası yoxlanılan hissədə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq ilkin olaraq qeyd edir ki, ailə qanunvericiliyinə əsasən - ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə isə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (bax: 24 və 25-ci bəndlər).

43. Göründüyü kimi, qanunverici hər bir halda deyil, yalnız buna zəruri vəsaitə malik olan ərin arvada maddi cəhətdən kömək etmək vəzifəsini müəyyən etmişdir.

44. İddiaçı qeyd edilən hissədə cavabdehdən hər ay 300 manat pul tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərək, pul vəsaitinin məbləğini 50 manat müəyyən etmişdir.

45. İddiaçı isə apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən daha artıq məbləğin təyin olunması istiqamətində məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, apellyasiya şikayətinin dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmır.

46. İddiaçı cavabdehdən ödədiyi 2000 manat kirayə haqqının yarısını təşkil edən 1000 manat tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının öz seçimi mənzil kirayə götürməsi və kirayə haqqının yarısını cavabdehdən tələb etməsi ilə bağlı xərcin bölünməli olması ailə qanunvericiliyində nəzərdə tutulmamışdır.

47. Birinci instansiya məhkəməsi iddianı yoxlanılan digər hissələrdə də rədd edərkən göstərmişdir ki, uşağın müalicə xərcləri istisna olmaqla, uşağın geyiminə, oyuncaqlarına, paltarına və s. bu kimi çəkilmiş xərclər uşağın saxlanılması ilə bağlı təminata xidmət etdiyindən və bu hüquq cavabdehdən yaşayış minimumundan az olmayan aliment tutulmaqla təmin edildiyindən, iddia tələbi qeyd olunan xərclərə münasibətdə təmin edilməməlidir.

48. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının tələb etdiyi həmin xərclərin əlavə xərc kimi cavabdehdən tələb olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin tərkibinə həmçinin uşağın yeməyi və s. analoji xərclərin qarşılanması daxildir.

49. Birinci instansiya məhkəməsi uşağın doğumuna kimi çəkilmiş xərclərə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ödəniş sənədlərinə ilə iddiaçı tərəfindən 639 manat xərcin çəkildiyi müəyyən edilmişdir. ondar artıq məbləğdə isə iddiaçı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi “Whatsap” yazışmasında qeyd edilən 1500 manat klinika ödənişinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, həmin yazışma sırf klinika xərcləri üçün 1500 manat ödənilməsini sübuta yetirmir.

50. İddiaçı həmçinin Ailə Məcəlləsinin 81-ci maddəsinə əsaslanaraq cavabdehin əlavə xərclərlə iştiraka cəlb olunmalı olmasını iddia etmişdir.

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

52. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

53. Bununla yanaşı, qeyd edilməlidir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar uşaqlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

54. Həmçinin qeyd edilməlidir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.

55. Göründüyü kimi, iddiaçı yoxlanılan hissədə cavabdehin qanunvericiliyin tələblərinə əsasən iştiraka cəlb edilməli olan əlavə xərclərlə bağlı tələbini əsaslandıra və sübut edə bilməmişdir.

56. Məhkəmə kollegyası bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının göstərdiyi xərclər, yəni uşağın yemək, paltar, oyuncaq, bez və s. bu kimi xərcləri Ailə Məcəlləsinin 81-ci maddəsinin təsiri altına düşməməklə, cavabdehin əlavə xərclərdə iştirak etməli olması kimi qiymətləndirilə bilməz.

57. Əksinə, iddiaçı yoxlanılan hissədə qeyd edilən normanın tələblərinə altına düşə bilən (xəstəliklə bağlı və s.) əlavə xərclərin mövcudluğu ilə bağlı məhkəmə hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.

58. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-112/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar