Məhkəmə qərarları › İş №2(103)-3143/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3143/2025

03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3143/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Xədicə Etibar qızına qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment borcunun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Xədicə Etibar qızına qarşı aliment borcunun silinməsi tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(008)-6930/2024 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3180/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən X5 ilə İddiaçı arasında nikahın pozulması, birgə nikahlarından olan 29 iyul 2014-cü il təvəllüdlü Hüseynli Yusif Hicran oğlu və 10 avqust 2015-ci il təvəllüdlü Hüseynli Nihad Hicran oğlunun X2 himayəsində saxlanılması, İddiaçı 31 mart 2021-ci il tarixdən etibarən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyinin 1nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin 05 avqust 2024-cü il tarixli cavab məktubu ilə müəyyən olunmuşdur ki, 29 iyul 2014-cü il tarixli doğum tarixli Hüseynli Yusif Hicran oğlu 27 dekabr 2021-ci il tarixindən müəssisəyə daxil olmuş və halhazırda müəssisədə tam dövlət təminatındadır.

3. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 27 sentyabr 2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3180/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar X3 5070 manat aliment borcunun olması müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 20 noyabr 2024-cü il tarixli 3-17-1/2-282299/2024 nömrəli soğuya cavab məktubunda qeyd olunmuşdur ki, Quliyeva (Hüseynova) Xədicə Etibar qızının sağlamlıq imkanları məhdud övladı Hüseynli Yusif Hicran oğluna Fondun keçmiş Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” müavinət, eyni zamanda adıçəkilən övladına qulluq etdiyi üçün ona 01 aprel2019-cu il tarixdən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir və hazırda ödənilir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından 29 iyul 2014-cü il tarixdə doğulmuş Hüseynli Yusif Hicran oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyinin 1 nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdiyi tarixdən (27 dekabr 2024 – 01 oktyabr 2024) cari tarixədək yığılmış 5220 manat aliment borcunun silinməsi, ödənilmiş 60 manat mediasiya xərci və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

6. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandıılmış və qeyd olunmuşdur ki, uşağın saxlanması üçün aliment tələbinə dair iddianın predmetini birgə nikahdan doğulmuş və valideynlərdən birinin yanında qalan uşağın saxlanması üçün digər valideyndən vəsaitin tutulması, obyektini isə tutulmalı olan aylıq aliment məbləği təşkil edir. Aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi məhkəmə tərəfindən müyyən olunduqda isə bu hal aliment öhdəliklərinə xitam verilməsi üçün əsasdır. əgər aliment alan tərəf (cavabdeh) uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşağın himayəsində olduğu valideynin üzərinə düşmürsə bu zaman hansı aliment məbləğinin ödənilməsindən və hansı əsasla iddiaçıdan aliment borunun ödənilməsi tələb edilir? Eyni zamanda əldə etdiyi məlumata əsasən cavabdehin özü rəsmi olaraq əmək faəliyyəti ilə məşğuldur.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(008)- 6930/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

8. Qətnamə onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi hazırda uşaqların saxlanılması üçün hazırki İddiaçı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa 175 manat sabit pul məbləğində alimentin tutulması barədə Sabunçu Rayon Məhkəməsinin 2(008)-3180/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli qüvvədə olan qətnaməsi mövcuddur. İddiaçı 29 iyul 2014-cü il tarixdə doğulmuş övladı Hüseynli Yusif Hicran oğlunun 27 dekabr 2021-ci il tarixindən Sosial Xidmətlər Agentliyinin 1 nömrəli 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdirilməsindən xəbərdar olmuş və işin araşdırılan hallarından da göründüyü kimi İddiaçı bir uşağın saxlanması üçün aliment öhdəliklərini yerinə yetirsə də, xx.xx.2014-cü il təvəllüdlü Hüseyinli Yusif Hicran oğluna münasibətdə onun dövlət himayəsində olmasını əsas götürərək bu günə kimi aliment ödəməmişdir. Yəni İddiaçı aliment öhdəliklərinə xitam verilməsi ilə bağlı məhkəmə qətnaməsi olmadığından hazırda qüvvədə olan məhkəmə qətnaməsi əsasında onbdan bir uşağın saxlanması üçün hesablanmış aliment borcunun silinməsi barədə iddiası təmin oluna bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmənin mövqeyindən belə qənaətə gəlmək olar ki, iddiaçı və cavabdehin birgə nikahlarından olan övladları Hüseynli Yusif Hicran oğlunun maksimum normal şəraitdə yaşamasını və böyüməsini dövlət təmin etmir. Halbuki sözügüden uşağ tam olaraq dövlət təminatında olmaqla əlavə olaraq uşağa baxmadığı halda cavabdehə dövlət tərəfindən müavinət və təqaüd ayrılır. Məhkəməyə təqdim olunmuş sübutlardan və işin digər hallarında açıq-aşkar bəlli olur ki, aliment alan şəxsin maddi yardıma ehtiyacı tam olaraq dövlət tərəfindən qarşılanır. Qətnamədə qeyd edilir ki, məhz iddiaçı aylıq 200 manatı ona görə ödəyib ki, o bir uşağa münasibətdə aliment borcunu ödəməlidir və Sosial xidmət müəssisəyə yerləşdirilən övladına aliment ödəməli deyil və həmin uşağa aid hissədə onsuz da yığılmış aliment borcu silinməlidir. Təəssüf ki, məhkəmə formal mülahizələrə yol verərək uşağın deyil məhz cavabdehin mənafeyi nöqteyi nəzərindən çıxış etmişdir. Belə ki, 1 uşağa münasibətdə aliment məbləği 175 manatdır və məhkəmə isə qeyd edir ki, iddiaçı 200 manat ödəniş edir. Nəzərə alınsa ki, aliment hesablanması tarixi 31 mart 2021-ci il tarixidir və övladları Hüseynli Yusif Hicran oğlunun sözügedən sosial xidmət müəssəsinə isə 27 dekabr 2021-ci il tarixində yerləşdirilmişdir. Və iddiaçı həmin dövrlərdə belə aliment borcunu maddi vəziyyəti ilə əlaqədar heç biray tam icra edə bilməmişdir. Məhkəmənin isə bu halları iddiaçının bilərkdən 200 manat ödəməsi kimi qələmə vermişdir. Ümumiyyətlə məhkəmədə alimentin tutulmalı olduğu tarixdən cari tarixədək iddiaçı tərəfindən ödənilən aylıq alimentin miqdarı barəsində məlumatı olmamışdır. Ehtimal ki, məhkəmə həmin aylıq 200 manat ödənişi tərəfindən son 3-4 ayda iddiaçının ödədiyi ödəniş qəbzi əsasında müəyyən etmişdir. Bu da öz növbəsində çox yanlış yanaşmadır, son ayların ödəniş qəbzləri əsasında ümumi aliment müddəti ərzində iddiaçının həyata keçirdiyiaylıq ödənişlərin müəyyən edilməsi tamamilə əsassızdır. Məhkəmə iddiaçı və cavabdehin birgə nikahlarından olan övladı Hüseynli Yusif Hicran oğlunun 27 dekabr 2021-ci il tarixində 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə daxil olmuş və hal-hazırda müəssisədə tam dövlət təminatında olması hissəsinə və eləcədə sözügedən uşağa baxmadığı halda, cavabdehə uşağa baxmaq adı altında əlavə olaraq 100 manat müavinət və 200 təqaüd alması hissəsinə hüquqi müstəvidə qiymət verməmişdir. Əlavədə olaraq qeyd olunan uşağa görə iddiaçıdan yığılmış aliment borcunun tələb edilməsi heç bir hüquq normasına, heç bir məntiqə sığmır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

16. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: ... alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli, 04/2023 nömrəli qərardadı: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. ... Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. ... Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.”

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb olunduğundan, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

21. Hazırkı mübahisənin predmetini icra sənədi üzrə yaranmış aliment borcunun silinməsi təşkil edir.

22. Mübahisənin düzgün həlli üçün Ailə Məcəlləsinin 2 normasının təhlil olunması zəruridir: 106.5 və 107.2-ci maddələri.

23. Ailə Məcəlləsinin 107.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcuddursa, maddənin məzmununda “aliment ödəməli şəxsin iddiası üzrə” sözləri qeyd olunduğundan işə mülki mühakimə (iddia icraatı) icraatı qaydasında baxılmalıdır. Həmin hallar aşağıdakılardır: məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə.

24. Lakin hazırkı mübahisə üzrə qeyd olunan hallar mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsi bu iş üzrə tətbiq oluna bilməz.

25. Ailə Məcəlləsinin 106.5-ci maddəsi isə icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər birinin onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək imkanını nəzərdə tutur.

26. Həmçinin, qeyd etmək lazımdır ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən alimentin məhkəmənin qətnaməsində göstərilən miqdarına uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcları müəyyən etmək icra məmurunun vəzifəsi kimi nəzərdə tutulmuşdur.

27. Hazırkı mübahisənin məzmununu da məhz məhkəmənin qətnaməsinə əsasən tutulmalı olan borcun silinməsi (müəyyən edilməsi) təşkil edir. Buna görə də bu borcun müəyyən olunması icra məmurunun səlahiyyətindədir və iddia ərizəsində göstərilən hallar icra məmuru tərəfindən araşdırılmalıdır.

28. Məhkəmə kollegiyası həmçinin, onu da qeyd edir ki, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 27 sentyabr 2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3180/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar X3 5070 manat aliment borcunun olması müəyyən edilmişdir. Yəni, aliment borcunun müəyyən edilməsi ilə bağlı icra məmurunun qərarı mövcuddur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli, 04/2023 nömrəli qərardadında şərh olunan hallar hazırkı işlə eyniyyət təşkil etməsə də, həmin qərardada əsasən gəlinən nəticə ondan ibarət olmuşdur ki, əgər mübahisə məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdədirsə, borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilməlidir.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qismən təsdiq edilməklə qətnamənin ləğvinə əsas verir. Buna görə də şikayət qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(008)- 6930/2024 nömrəli qətnaməsindən cavabdeh X1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 2(008)- 6930/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Quliyeva (Hüseynova) Xədicə Etibar qızına qarşı aliment borcunun silinməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, aliment borcunun silinməsi barədə ərizə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar