Məhkəmə qərarları › İş №2(103)-3144/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3144/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3144/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli, 2(001)-7542/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli 2(001)-7542/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çəkilən xərcin və evin dəyərinin birgə nikahlarından olan uşaqlarının mənafeyi nəzərə alınmaqla tələb olunan 75000 manatından 70% olan 52500 manatın və məhkəmə xərclərinin tutulmasına dair iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli 2(001)-7542/2021 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil 02.02.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(001)-7542\2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli 2(001)-7542/2021 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli 2(001)-7542/2021 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli, 2(001)- 7542/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli 2(001)-7542/2021 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli 2(001)-7542/2021 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli, 2(001)- 7542/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli 2(001)-7542/2021 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil verdiyi şikayət təmin edilməmiş, şikayətin 2(001)-7542/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3.-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.4.-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. İstinad olunan normalardan müəyyən olunur ki, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddətin bərpa edilməsini xahiş edən tərəf zəruri prosessual hərəkətləri etməlidir. Yəni hazırkı halda apellyasiya şikayətini, dövlət rüsumunun ödənilməsi barədə sübutunu məhkəməyə təqdim etməli idi. İş materiallarından müəyyən olunur ki, Binəqədi rayon məhkəməsinin mübahisələndirilən qətnaməsini iddiaçının vəkili və nümayəndəsi 23.12.2021-ci ildə rəsmi qaydada almış, həmin qətnamədən apellyasiya şikayətini isə 02.02.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Rayon məhkəməsinin 03.02.2022-ci il tarixli qərardadı ilə həmin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından (şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüş, dövlət rüsumu düzgün ödənilməmişdir) geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi ilə bağlı vəsatət vermiş, müddətin ötürülməsini apellyasiya şikayətinin e-məhkəmə sistemində təsdiqlənmiş statusunda qalsa da, texniki problem səbəbindən vaxtında verilmədiyini bildirmişdir. Həmin vəsatəti verərkən də iddiaçının nümayəndəsi apellyasiya şikayətini və dövlət rüsumunun ödənilməsi barədə qəbzi vəsatətə əlavə etməmiş, bu əsasla rayon məhkəməsi vəsatəti təmin etməmişdir. Hazırda iddiaçı həmin qərardadın ləğv edilməsini xahiş edir və tələbini onunla əsaslandırır ki, rayon məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, şikayət verilməsi üçün prosessual müddət bərpa edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir: İddiaçı prosessual müddətin ötürülməsi ilə vermiş olduğu apellyasiya şikayəti məhkəmə tərəfindən geri qaytarılarkən, müddətin ötürülməsi ilə yanaşı, dövlət rüsumunun düzgün ödənilmədiyi də qeyd edilmişdir. Buna baxmayaraq, iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərkən, yenidən düzgün ödənilməmiş və artıq məhkəmə tərəfindən qiymət verilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etmiş, apellyasiya şikayətini isə ümumiyyətlə vəsatətə əlavə etməmişdir. Kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətə qiymət verilərkən, yalnız iddiaçının bildirdiyi kimi, texniki səbəblərdən apellyasiya şikayətini «Elektron məhkəmə» portalı vasitəsilə vaxtında göndərə bilməməsi deyil, şikayətin verilməsinə yönəlmiş sonrakı davranışları da nəzərə alınmalıdır. Belə ki, rayon məhkəməsinin qərardadında dövlət rüsumunun düzgün ödənilməməsi qeyd edilsə də, iddiaçı bu halı nəzərə almayaraq, 10.02.2022-ci il tarixdə ödənilmiş apellyasiya şikayətinin verilməsinə dair qəbzi deyil, səhv ödənilmiş dövlət rüsumuna dair qəbzi prosessual müddətin bərpası barədə vəsatətlə birlikdə yenidən məhkəməyə təqdim edir, bununla da apellyasiya şikayətinin verilməsinin uzadılmasına, prosessual qənaət prinsipinə cavab verməyən qərardadların qəbul edilməsinə səbəb olur, 10.02.2022-ci il tarixdə ödənilmiş apellyasiya şikayətinin verilməsinə dair qəbzi isə məhkəməyə yalnız məhkəmə tərəfindən prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməsinə dair 23.02.2022-ci il tarixli qərardad qəbul edildikdən sonra – 25.02.2022-ci il tarixdə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə qiymət verərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin etməməsi işin hallarına uyğun olmuşdur. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının nümayəndəsi apellyasiya şikayətinin texniki səbəblərdən vaxtında verilmədiyini bildirsə də, bu texniki səbəbin nədən ibarət olmasını və onun üzürlü hal kimi nəzərə alınmalı olmasını ümumiyyətlə əsaslandırmamışdır. Belə ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayətini özünün diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində elektron məhkəmə portalı vasitəsilə göndərməsinin gecikməsi özü-özlüyündə üzürlü hal kimi qiymətləndirilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunan bir aylıq müddəti ötürdüyündən, habelə vəsatətə baxılarkən müddətin üzürlü səbəblərdən buraxılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, müddətin bərpa edilməsinə dair vəsatətə yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edilmədiyindən, bu barədə qəbz yalnız qərardaddan verilən şikayətə əlavə olunduğundan birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli, 2(001)-7542/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar