Məhkəmə qərarları › İş №2(103)-3152/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3152/2023

19.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3152/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmək məzuniyyətlərinə görə pul əvəzinin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizami oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 fevral 2023-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh MMC arasında olmuş əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar hesablanmış xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin – 2.000 manat, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 1.000 manat, hazırki iddia ilə məhkəməyə müraciət etmək məqsədi ilə aldığı hüquqi yardıma görə ödədiyi 200 manat, iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya orqanına müraciət üçün çəkdiyi xərcin əvəzi olaraq 51 manat məbləğində pulu cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2021-ci il tarixədək cavabdeh MMC-də Nəqliyyat Şöbəsinin mexaniki vəzifəsində işləmişdir. O, MMC-nin rəhbərliyinin mövqeyini nəzərə alaraq ərizə ilə MMC-nin rəhbərliyinə müraciət edərək işdən azad olunmasını xahiş etmişdir. Tərəflər arasında əmək münasibətlərinə xx.xx.2021ci il tarixdə qəbul edilmiş 170 saylı əmrlə xitam verilmişdir. Əmrdə qeyd edilmişdir ki, Nəqliyyat Şöbəsinin mexaniki olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilsin və iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzi ödənilsin. Buna baxmayaraq iddiaçının istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə ödənilməli olan 2.000 manat MMC tərəfindən iddiaçıya ödənilməmişdir, halbuki, iddiaçı həmin məbləğin ona ödənilməsi ilə bağlı MMC-yə dəfələrlə müraciət etmişdir. MMC-nin vəzifəli şəxslərinin bu kimi qanunsuz hərəkətləri nəticəsində iddiaçı əsəb gərginliyi keçirmişdir. Bununla da iddiaçıya mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə MMC-dən onun xeyrinə 1.000 manat məbləğində pul tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün hüquqi yardım almış və bununla bağlı olaraq vəkillə müqavilə bağlayaraq 200 manat pul ödəmişdir. Daha sonra o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət etmək məcburiyyətində qalmış və həmin təşkilata 51 manat məbləğində pul ödəmişdir. b) cavabdeh tərəfin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh MMC-nin buna səlahiyyəti olan nümayəndəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddiaçı tərəfindən MMC-yə qarşı irəli sürülmüş iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

4. "xxxx" ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı bu kimi iddia ilə məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür.

5. Cavabdeh MMC məhkəmə baxışı iclasınin yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilsə də məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən də, Rayon Məhkəməsi işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) üçüncü şəxsin iddia tələbinə dair mövqeyi barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir

7. Həmin Xidmət məhkəmə baxışı iclasınin yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilsə də məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən də, Rayon Məhkəməsi işə Xidmətin nümayəndəsinin iştirakı olmadan baxmışdır. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdeh MMC arasında olmuş əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan iş dövrü üçün iddiaçının istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzi olaraq 2.000 manat, hazırki iddia ilə məhkəməyə müraciət etmək məqsədi ilə iddiaçının aldığı hüquqi yardıma görə ödədiyi 200 manat, iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət üçün iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 51 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsi qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC tərəfindən verilmiş "xxxx" ərizə əsassızdır. Belə ki, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə əmr MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmişdir. İddiaçı, əmri həmin tarixdə əldə etmiş olsa belə, Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməmişdir. Çünki o, iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına, xx.xx.2022-ci il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rayon Məhkəməsi icraatında olan hazırki mülki işin əmək mübahisəsi olmasını, cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə baxışı iclasına gəlməməsini nəzərə alaraq iş üzrə xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərardadla iş üçün əhəmiyyətli olan sübutların məhkəməyə təqdim edilməsi vəzifəsini cavabdeh MMC-nin üzərinə qoymuş və icra edilməsi üçün qərardadı MMC-yə göndərmişdir. MMC həmin qərardadı alsa da, icra etməmişdir. Eyni zamanda Rayon Məhkəməsi nəzərə almışdır ki, cavabdeh MMC, məhkəməyə ünvanlandığı "xxxx" ərizəsində iddiaçının istifadə etmədiyi əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilmədiyini inkar etməmiş, yalnız iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında olmuş əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan iş dövrü üçün iddiaçının istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzi olaraq 2.000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilən nəticəyə gəlmiş Rayon Məhkəməsi hesab etmişdir ki, MMC, istifadə edilməmiş əsas əmək məzuniyyətlərinə görə pul əvəzini iddiaçıya ödəməməsi səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, bu zaman hüquqi yardım almaq və mediasiya təşkilatına müraciət etmək qarşısında qalmışdır. İddiaçı, hüquqi yardım almaq üçün 200 manat, mediasiya təşkilatına müraciət etmək üçün isə 51 manat pul ödəmişdir. Yuxarıda qeyd edilən tələb əsaslı hesab edildiyindən, iddiaçının çəkdiyi xərclərin əvəzi də, cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən MMC-ya qarşı irəli sürülmüş iddianın “mənəvi zərərin əvəzi olaraq 1.000 manat pulun tutulması barədə” hissəsi sübuta yetmədiyindən bu tələb təmin edilə bilməz. e) apellyasiya şikayəti barədə məlumat

10. Cavabdeh MMC-nin buna səlahiyyətli olan nümayəndəsi MMC-nin adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunması hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan işə tez tələsik baxaraq, iddiaçının mövqeyindən çıxış etmiş, əsassız olan iddianı qismən də olsa təmin etmiş, MMC tərəfindən verilmiş "xxxx" ərizənin əsaslı olmasına əhəmiyyət verməmişdir. Eyni zamanda Rayon Məhkəməsi əsassız olaraq hesab etmişdir ki, əgər MMC "xxxx" ərizə vermişdirsə, deməli MMC tələb ilə razılaşır və tələbin yalnız müddətin keçməsi səbəbindən rədd edilməsini xahiş edir. Bundan başqa işə baxmış Rayon Məhkəməsinin iddiaçının istifadə etmədiyi məzuniyyətlərə görə iddiaçıya ödənilməli olan məbləğin 2.000 manat olması barədə mövqe də səhvdir. Belə ki, həmin məbləğ heç bir sənəd ilə sübuta yetmir. Rayon Məhkəməsi məbləğin hesablanması ilə bağlı ekspertiza təyin etməmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

12. Apellyasiya baxışının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilsə də, onlar apellyasiya baxışı iclasında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamış, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

13. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin özlərinin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) apellyasiya baxışının həddi barədə məlumat

14. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh MMC-nin apellyasiya şikayətinin məzmunundan isə görünür ki, MMC iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndir.

15. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

17. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, cavabdeh MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 179 nömrəli əmrdən görünür ki, həmin əmrlə MMC-nin Nəqliyyat Şöbəsinin mexaniki olan iddiaçı ilə bağlanmış "xxxx" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.

19. Həmin əmr həmçinin ona yönəldilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək olan iş dövrü üçün iddiaçının istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzi iddiaçıya ödənilsin.

20. İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış və "xxxx" MMC vasitəsi ilə sifarişli məktubla xx.xx.2022-ci il tarixdə göndərilmiş müraciətdən görünür ki, o, istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə 2.000 manat məbləğində pulun 5 iş günü ərzində ona ödənilməsini xahiş etmişdir.

21. Cavabdeh MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş "xxxx" ərizədən və Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, MMC, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan iş dövrü üçün iddiaçının istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin onun tərəfindən iddiaçıya ödənilməsini iddia etmir.

22. Yuxarıda artıq qeyd edildiyi kimi cavabdeh MMC məhkəmə baxışı iclasınin yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilsə də məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən də, Rayon Məhkəməsi işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Rayon Məhkəməsi icraatında olan hazırki mülki işin əmək mübahisəsi olmasını, cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə baxışı iclasına gəlməməsini nəzərə alaraq iş üzrə xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərardadla iş üçün əhəmiyyətli olan sübutların məhkəməyə təqdim edilməsi vəzifəsini cavabdeh MMC-nin üzərinə qoymuş və icra edilməsi üçün qərardadı MMC-yə göndərmişdir. MMC həmin qərardadı alsa da, icra etməmişdir.

23. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir (maddə 143.). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (maddə 144.).

24. İddiaçının müzakirə edilən tələbi istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin MMC tərəfindən ona ödənilməsi ilə bağlıdır. Bu qəbildən olan işlərlə bağlı, o cümlədən işçiyə ödənilməmiş pul vəsaitinin hansı məbləğdə olmasını sübutetmə yükü işinin deyil işəgötürənin, yəni hazırki halda cavabdeh MMC-nin üzərinə düşür. Lakin MMC sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir.

25. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən qəbul etdiyi qətnamə ilə iddiaçı ilə cavabdeh MMC arasında olmuş əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan iş dövrü üçün iddiaçının istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzi olaraq 2.000 manat pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəli əsassızdır.

26. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, iddia ilə məhkəməyə müraciət etmək məqsədi ilə iddiaçının aldığı hüquqi yardıma görə ödədiyi 200 manat, iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət üçün ödədiyi 51 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticə, əsaslıdır və apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəli də əsassızdır.

28. Belə ki, MPM-nin maddəsinin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.6.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).

29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqaviləd”ə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

30. İş materiallarından işə görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət üçün həmin təşkilata 51 manat məbləğində pul ödəmiş, cavabdeh MMC isə mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmişdir.

31. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdeh MMC-yə qarşı irəli sürülmüş “istifadə edilməmiş əsas əmək məzuniyyətlərinə görə pul əvəzini ödəməməsi barədə” tələb Məhkəmə tərəfindən əsaslı hesab edilmişdir. Odur ki, yuxarıda qeyd edilən və iddiaçı tərəfindən çəkilmiş xərclər cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməlidir.

32. Cavabdeh MMC işə baxmış Rayon Məhkəməsinə "xxxx" ərizə versə də, Rayon Məhkəməsi ərizəni əsassız hesab etmişdir. Cavabdeh MMC qətnamədən verdiyi apellyasiya şikayətində göstərir ki, Rayon Məhkəməsinin həmin ərizəyə verdiyi hüquqi qiymət əsassız olmuşdur.

33. Apellyasiya şikayətinin bu dəlilinin əsaslı olub-olmamasını müzakirə edən Məhkəmə iş materiallarına istinadən qeyd edir ki, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi barədə əmr MMC tərəfindən xx.xx.2021-ci il tarixdə verilmişdir. Həmin əmr iddiaçı tərəfindən elə həmin tarixdə qəbul edilmişdir.

34. Əmək Məcəlləsinin 296-cı maddəsinin dördüncü hissənin birinci cümləsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.).

36. İş materiallarından görünür ki, iddiaçı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına, xx.xx.2022-ci il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

37. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi MMC tərəfindən verilmiş "xxxx" ərizəni əsassız hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. i) apellyasiya baxışının nəticəsi

38. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

42. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

43. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 fevral 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar