Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3157/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin diektoru X3 və MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-683/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1230.00 AZN (min iki yüz otuz manat) məbləğində pul vəsaitinin tutularaq, onun xeyrinə ödənilməsi, cavabdeh MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq (“10” may 2019-cu il) faktiki hesablaşma günü də daxil olmaqla hər gecikdirilimiş gün üçün 5% kompensasiya miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-683/2020 saylı, 23 oktyabr 2020-ci il qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilrərək, cavabdeh “X7 Təsərrüfatı” MMC-dən 1230.00 AZN (min iki yüz otuz manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir, bu səbəbdən, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-nin direktoru A.Məhəmmədov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-nin nümayəndəsi G.Aydəmirova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 2 saylı region üzrə X4 02.10.2019-cu il tarixli **********7 saylı məktubdan görünür ki, “xxxx” MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyiniz müraciətə 2 saylı region üzrə X6 tərəfindən baxılmış, araşdırma zamanı təqdim edilmiş izahatdan və sənədlərdən məlum olmuşdur ki, İddiaçı “xxxx" MMC tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilib. Bununla əlaqədar X1 qeydiyyatının EİS-ə baxış zamanı müəssisə arasında hər hansı əmək müqaviləsi bildirişinin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən “xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 maddəsi ilə 24.09.2019-cu il tarixli, ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Müəssisə ilə aralarında yaranmış mübahisəli hal ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında əmək münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirilməsə də, iddiaçı cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin olunmayan hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin ödənişin gecikdirilməsinə görə hər keçən gün üçün hesablanmış beş faiz məbləğində əldən çıxmış faydanın tutulması barədə dəlilinə dair sübut təqdim edilmədiyindən şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Kollegiya qeyd edir ki, rayon məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Belə olan halda aydın olur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-683/2020 saylı, 23 oktyabr 2020-ci il qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3157/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3157/2021
22.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver